HHH

Hacan  Hacısoy  “Üç  Yarpaq”da

GETDİN…

Getdin… Bu fanidə tək qoydun məni,
Bu necə ayrılıq, necə gedişdi?
Gözüm baxa-baxa itirdim səni,
Dünyanı dəyişdin, dünyam dəyişdi…

Yox, yox muradına çatmadı ölüm,
Heç yana keçmədi canfəşanlığı.
Getdin, bu gedişlə sənsə ay gülüm,
Mənə doğma etdin qəbristanlığı.

Bu müqəddəs məkan oldu məskənin,
Yenə də həmd olsun uca Allaha.
Hər gün görüşünə gəlirəm sənin,
Evimin biri də burdadır daha…

<<<HACAN HACISOY “ÜÇ YARPAQDA”>>>

Sənin yoxluğun

Son mənzil adlanan bu yolu tanı, –
Bu yolnan geriyə qayıtmaq olmur.
Mənzil də nə mənzil… burda yatanı,
Heç bir vasitəylə ayıltmaq olmur.

Yoxluğa dirənir hər ömrün sonu, –
Tanrının qoyduğu qanunlar haqdı.
Yoxluq – ağ kəfəndən geyinib donu,
Əbədi torpağa tapşırılmaqdı.

Bu elə hüzndü, ölçüsü yoxdu,
Könül param-parça, qəlb şırım-şırım.
Torpağın qucağı yaman soyuqdu,
Mən səni torpağa necə tapşırım?

Dözmək mümkün deyil belə sınağa,
Ruhum bu məqamla barışarmı heç?
Mən necə tapşırım səni torpağa,
İnci də torpağa qarışarmı heç!?

Həsrəti zulummuş könül sevənin,
Neynim, dil içəri qoya bilmirəm.
Heç vaxt varlığından doymadım sənin,
İndi yoxluğundan doya bilmirəm!

Düşdüm burulğanın dərinliyinə,
Aləmi titrədən bir olayam mən.
Durmuşam yanaşı, çiyin-çiyinə,
Sənin yoxluğunla qol-qolayam mən!

Keçəcək sən olan dünyaya uyğun,
Hər günüm-gündüzüm, hər gecəm daha.
Bir “ayrı dünya”dır sənin yoxluğun,
Bu “ayrı dünya”nı sevəcəm daha.

Bir var bir yox ilə olacaq yekdil,
Müdam duaçınam neçəki sağam.
Nə dilim, nə könlüm usanan deyil,
Ruhuna hey rəhmət oxuyacağam!

<<<HACAN HACISOY “ÜÇ YARPAQDA”>>>

GƏLMİRSƏN…

Bilirəm geriyə yol yoxdu daha,
Ancaq umudumu üzə bilmirəm.
Ehtiyac duyulmaz şərhə, izaha –
Sənsizlik dərdinə dözə bilmirəm.

Anladım dözümün nə olduğunu,
Bütün əzalarım sənə gəl deyir.
Tək bir görüş üçün, – biləsən bunu,
Necə də burnumun ucu göynəyir!

Vaqiə görürəm sanki yuxuda,
Qurumaz yaramın qaysağı hələ.
Ömür-gün yoldaşı itirmək! – bu da,
Ömür-gün itirmək deməkdir elə!

Səndən ayrılalı ötürəm dil-dil,
Yaşayır xatirən qoyduğun izdə.
Dəyişib yerini hər şey elə bil,
Xaos yaranıbdı mənzilimizdə.

Hər tərəfdə nisgil – dərd var, ələm var,
Yer tapa bilmirəm vallah özümə!
Qeydinə qaldığın bütün əşyalar,
Sənin gözlərinlə baxır üzümə.

Həsrətin sükutla durub bəs-bəsə,
Könlümün simini çəkir tarıma.
Evdə əlin dəyən hər nə var isə,
Köz olub yapışır barmaqlarıma.

Tapılmaz halımı duyub hiss edən,
Bu lal-kar mühitdə otur-dur indi.
Uzun illər boyu bizi isidən,
Otaqlar nə yaman soyuqdur indi.

Həsrətdir bağrımın başını didən,
Məhəl qoyan yoxdu umdu-küsdümə.
Bizi qayğı ilə əhatə edən,
Divarlar yeriyib gəlir üstümə!

Sinəmin altında yuva salıb qəm,
Kəsilmir arası ahu-zarın da.
Gözümün işığı azalıb, bahəm,
Azalıb şöləsi çıraqların da.

Yoxluğun haqlayıb gör məni harda,
Bu boşluq qəlbimi hey yandıracaq.
Divar saatı da yatıb divarda,
Elə bil zamanı dayandıracaq.

Çəkilib üstümdən qayğın, keşiyin,
O ağ günlərimin rəngi qaralıb.
Dəyişib səhmanı evin-eşiyin,
Hər şey necə qərib bir görkəm alıb.

Qəribin gözləri yol çəkər hər an,
Adəti darıxıb qəribsəməkdi.
Mən də darıxıram, aman, əl-aman,
Sən isə GƏLMİRSƏN, bu nə deməkdi!?..

Bu dünyanı sənə görə sevirdim,
İnnən belə hər şeydən üz çevirdim.
Görən sənə ürəyincə nə verdim?..
Ürəyimə dərd olubdu, gəlmirsən.

Payız gəlib, xəzan dəyib gülümə,
Ölümünlə şərəf verdin ölümə!
Qar ələnib, dolu yağıb çölümə,
Daxilimə qor dolubdu, gəlmirsən.

Zalım fələk yer qoymadı seçimə,
El yığıldı heyran qaldı köçümə.
Damarımda donan qanım içimə
Qətrə-qətrə sorulubdu, gəlmirsən.

Bircə anda puça döndü umudlar,
Sədd çəkildi, məhdudlaşdı hüdudlar.
Sən gedəndə tutqun idi buludlar,
Daha ruzgar durulubdu, gəlmirsən.

Sinə gərək tab gətirə bu dağa,
Yönün, səmtin yaman düşüb uzağa.
Gəlişinə kim qoyubdu qadağa,
Möhür necə vurulbdu, gəlmirsən.

Heç nə çıxmır yandırmaqdan, yaxmaqdan,
Ya su olub, göz yaşıtək axmaqdan.
Gecə, gündüz yollarına baxmaqdan,
Baxışlarım yorulubdu, gəlmirsən.

Ocağımız halallığa ortaq, tən,
Harda olsan tələsərdin evə sən.
İndi səni bu ocağa gətirən
Yollar hara burulbdu, gəlmirsən?

Dünya fani… Olmaz onun mərd işi,
Dərk edilməz, anlaşılmaz gərdişi,
Yarı yolda qoymaq imiş vərdişi,
Qurğu belə qurulubdu, gəlmirsən.

Arxan ilə baxan neçə nalan var,
Nə mənası, axı sən ki, gəlmirsən.
Neçə-neçə gözü yolda qalan var,
Ancaq yenə gəlmirsən ki, gəlmirsən!..

Müəllif: Hacan Hacısoy

YZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ