Məni qınamayın, elə bil bu kampaniyaya başımıza bəla kəsilmiş COVID «müəllim» rəhbərlik edir. Çünki hər yanda qoşa adımlayırlar. Keçən dəfə vətəndaşlar məmura zibil atmışdı. Yaxşı da cavablarını aldılar. İndi də məmurlar vətəndaşa zibil atıblar. Özü də elə belə sıradan, sıravi vətəndaşa yox, xalqın şair oğlu, əzabkeş, cəfakeş, yerindən-yurdundan, allı-güllü uca dağlardan, qozlu-qozatlı geniş bağlardan didərgin düşərək, gəlib badamsız-filansız alçaq, dar, boz düzənliyə sığınmış, qəlbi qırıq, ruhu əzik, vətəndə vətənsiz el sənətkarı, üzləşdiyi bütün məhrumiyyətlərə aldırmadan xalqının söz yaddaşının keşiyində mərdi-mərdanə dayanan Adil Cəfakeşə…
Adil Cəfakeş özü vəziyyəti belə qiymətləndirir və ünü yetən hamıdan kömək istəyir: “Aidiyyəti qurumlara səslənirəm. Mənə qarşı təzyiqlər, hədələr, təhdidlər davam edir. Qorxudan sığındığım bu üstümə zibil tökülən komada yaşaya bilmirəm. Xahiş edirəm, təhlükəsizliyimi təmin edin. Ailəm çox ağır durumdadır”.

ADİL CƏFAKEŞ HAQQINDA
Adil Cəfakeş — Azərbaycan aşığı, Azərbaycan Aşıqlar və Azərbaycan Yazıçılar birliklərinin üzvüdür.
HƏYATI
Adil Cəfakeş 1966-cı ildə Laçın rayonunun Şeylanlı kəndində anadan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirsə də, hələ uşaq yaşlarından saza-sözə könül verib. Bu el sənətkarının indiyə qədər üç kitabı (“Bir ağı de, ay ana”, “Yolçu, hara gedirsən?”, “Ağam Alıdı”) işıq üzü görüb. Adil Cəfakeş aşıqlığı öz həmkəndlisi aşıq Mehbalıdan öyrənib. Aşıq Mehbalı qədim havalara, Qarabağın ustad aşıqlarına yaxşı bələd sənətkarlardandır. Adil Cəfakeş “Ağbaba gülü”, “Sarıtorpaq”, “Zəngəzur gözəlləməsi”, “Dərvişi”, “Dərbəndi” kimi saz havalarını ustadından əxz edib. Aşıq Mehbalı təxminən 61 yaşında, 1992-ci ilin mayında Laçının işğalı zamanı itkin düşüb.
Adil Cəfakeş həm yaradıcı aşıq, həm sazbənddir. Musiqi duyumu qüvvətli olduğundan bir neçə saz havası da yaradıb. O, yaşı çox olmasa da, Qarabağ aşıq mühitinin Laçın qolunu təmsil edən ustad aşıqlar haqqında kifayət qədər bilgiyə malikdir. Məsələn, mən onun vasitəsilə ilk dəfə Aşıq Səlim, Aşıq Cəfərqulu, Aşıq Ələmşah və başqaları haqqında müəyyən məlumat əldə etmişəm. Yəni aşıq Mehbalının ustadı öz babası Aşıq Səlim, onun ustadı isə Aşıq Cəfərqulu olub. Aşıq Cəfərqulunun yaratdığı bir neçə saz havası (“Zəngəzur gözəlləməsi”, “Sarıtorpaq”) dövrümüzə qədər gəlib çatıb. Aşıq Adil Cəfakeşin dediyinə görə, bu havalardan “Sarıtorpaq”a bəzən “Sarıqaya” da deyirlər. Onu da qeyd edək ki, Aşıq Cəfərqulunun ustadı Laçının Kamallı kəndindən olan Aşıq Ələmşahdır. Deyilənə görə, Aşıq Ələmşah çox təbli aşıq olub. O, Aşıq Ələsgərlə dostluq edib. Təəssüflər ki, bu ustad aşığın yaradıcılığı vaxtında toplanıb yazıya alınmadığından itib-batıb. Bu el sənətkarından dövrümüzə bir yadigar hava (“Ağbaba gülü”) qalıb. Bu hava haqqında bir rəvayət bu günlərə qədər laçınlılar arasında dolaşmaqdadır. Rəvayətə görə, bu saz havası Ağbaba dağının ətəyində yaradılıb.
Aşıq Ələmşahın ustadı isə Aşıq Həşimdir. Bu sənətkar da zəngin yaradıcılığa malik olsa da, onun ədəbi irsindən heç nə qalmayıb.
AMEA Folklor İnstitutunun buraxdığı “Qarabağ musiqi folkloru” (xalq mahnıları, təsnif və rəqslər) diskində Adil Cəfakeş və onun şəyirdi Təşəkkül Əmrəliyevin ifalarında iki qədim saz havası (“Ağbaba gülü”, “Zəngəzur gözəlləməsi”) yazıya alınıb.
Adil Cəfakeş hazırda Laçın rayonu Şəlvə kənd uşaq musiqi məktəbində sazdan dərs deyir.
SƏNƏT ŞƏCƏRƏSİ
Aşıq Həşim – Aşıq Ələmşah – Aşıq Cəfərqulu – Aşıq Səlim – Mehbalı – Adil Cəfakeş.
Adil Cəfakeşin Təşəkkül Əmrəliyev, Rəfael Alməmmədov, Nasir Alxasov, Ağa Quliyev kimi istedadlı şəyirdləri var.
KİTABLARI
“Bir ağı de, ay ana”;
“Yolçu, hara gedirsən”;
“Ağam Alıdı”;
“Azmışam öz içimdə”.
Böyük Allaha bir pərdə daha yaxın olan bu insanın sualına gəlin birlikdə cavab tapmağa çalışaq:
– Şair AYB və AAB kimi iki mötəbər qurumun üzvüdür, şairdir, aşıqdır, sazbənddir, müəllimdir, ustaddır, laçınlıdır, azərbaycanlıdır, köçkündür… İndi ona zibil atanların cavabını kim verməlidir, AYB, AAB, şairlər, aşıqlar, ustalar, şəyirdlər, laçınlılar, azərbaycanlılar, yoxsa köçkünlər?!
Düzü, neçə gündür mən də fikirləşirəm, hələ doğru-dürüst bir qərara gələ bilməmişəm ki, nə şiş yansın, nə kabab. Ancaq düşünməyə dəyər. Siz də düşünün, ən azı yaxın keçmişdə gözümüzün önündə baş verən nümunələr var.
Zaur Ustac,
şair-publisist
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ