dr.zarifbabayeva@yahoo.com

XXI ƏSR BACARIQLARININ FORMALAŞDIRILMASI

Hazırda ölkəmizdə də geniş start götürmüş STEAM təlim metoduna keçid təhsil müəssisələrini dərindən düşündürən məsələlərdəndir. Məlumdur ki, bütün yenilik­lə­rin tətbiqi və nailiyyəti onun düzgün istifadəsindən, ixtisaslı kadr potensialın­dan birbaşa asılıdır. Bunun üçün aktuallıq qazan­mış yeni metodun səmərəli öyrədilməsi, müsbət nəticələrin alınması, nəhayət yeni məhsul yaradıl­ma­sına qədərki inkişaf yolunu düzgün müəyyənləşdirmək zəruridir. Ali və orta təhsil müəssisələri bunun üçün potensiallı kadrların yetişdirilməsi, tədris üçün uyğun kabinə və mər­kəz­lə­rin yaradıl­masını qarşıya məqsəd kimi qoymuş və bu istiqamətdə işlər davam etdiril­mək­­dədir. İndi əsas məqsəd STEAM metodundan istifadəni cəlb­e­dici hala keçirmək üçün uyğun avadan­lıq­larla kabinə və mərkəzləri zəngin­ləşdirmək, öyrənən­lə­rin marağını bu sahəyə çəkmək üçün maraqlı təcrübələrin təqdimatının keçiril­mə­sidir.

STEAM müəllimi – müasir müəllim simasıdır. Məşhur bir kəlamda deyilir:“Gələcək çoxdan gəlib. Sadəcə o, düzgün payla­şıl­ma­yıb”.  Bu­nu belə də açıqlamaq olar: gələcəyi vaxtında görən­lər üçün gələ­cək bu gün­­dən qurulur. Yeni texniki vasi­tə­lər, internet dövründə yaşayan, fəaliyyət göstərən mütəxəssis, təhsilalanlar bu gün aldıqları biliklərin inteq­ra­si­yası ilə dizayn, mühən­dislik bacarıqlarının inkişaf etdi­ril­məsini ma­raq­la qəbul edir. Həmyaşıdla­rı­nın etdikləri maraqlı işləri, “ENACTUS” “Start-UP”, “STEM Azərbaycanda” və s. layihələri rəğbətlə qarşıla­yan bu gün­kü gənc­lik – Niyə bu mənim ağlıma gəlmədi? – Mən ondan daha yaxşısını edə bilə­rəm­mi? – ideyalarının ardınca getməklə yeni layihələrə doğru hədəf götürməli­dir­lər. Bu günün öyrənənindən başlıca tələblər: İdeya verə bilən şagird yetiş­dirməli, İs­teh­sal düşüncəli şa­gird­lərə şərait yaradılmalı, İdeyanı şagird, tələbə sinfə gətir­mə­li­dir. Ən sadə məh­sulun yaradılması STEAM təhsilinin əsas prin­sip­lərindəndir. Bü­tün bunlarla yanaşı, öyrədən və öyrənənlərdən gözlənilən tələblər və bacarıqlar da vardır:

STEAM şagird bacarıqlarına – qarşıya çıxan problemli istiqamətlərin müəyyən edilməsi, təyin edilmiş problemin həlli üçün yeni biliklərin öyrənilməsindən daha çox, araşdırma, tədqiqatçılıq, fərqli xəyalların məhsulu olan təkliflər irəli sürmək və s. daxildir.

STEAM müəllim bacarıqlarına – istiqamətverici olmaq, STEAM ilə əlaqədar seminar və layihələrdə iştirak etmək, dünyada gedən yenilikləri izləyib fəaliyyətinə daxil etmək, ən müasir texnologiya və təlim proqramlarından istifadə bacarıqlarına sahib olmaq, STEAM tədbir və layihələri təşkil etmək və s. ibarətdir. Bütün fənlərin tədrisində STEAM metodundan yararlanmaq təd­risdə, öyrənəndə yaradıcılıq, tədqi­qatcılıq bacarığı, problem həlletmə bacarıqları formalaşdı­ra­caqdır. Elmi bilik­lə­ri, anlayışlarla ilk dəfə tanış olduqda və yuxarı siniflərə qalxdıqca şagirdlər çətinlik çəkməsin deyə təlim prosesini həm intellektual, həm də əyləncəli hala gətirmək üçün STEAM metodunun imkanlarından istifadənin əhəmiyyəti dərsin daha maraqlı və cəlbedici edir.

STEM nədir? – sualına müxtəlif izahlar onun hərtərəfli mahiyyətini ortaya çıxarır. STEM (Elm, Tex­nologiya, Mühəndislik, İncəəsənət, RiyaziyyatTəhsili – Dünyanın bir çox öl­kə­sinin kurikulumlarına daxil olan, nəzəri bilikləri praktikaya, məh­sula və innovativ ixtiralara çevirməyi hədəfləyən, tələbələrin elm, tex­nologiya, mühəndislik və riyaziyyat kurslarında öyrəndikləri mə­lu­matları görmələrini təmin edən təhsil yanaşmasıdır. STEM təhsili istehsal və ixtira, fərqlilik və yaradıcılıq, bilik və bacarıqları təmin etməyi hədəf­lə­yir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu baca­rıq­lar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asan­lıqla uyğun­laşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir.

STEM Təhsili dünyada məktəbəqədər təhsildən ali təhsilə qə­dər bütün təhsil prosesini əhatə edən fənlərarası yanaşma kimi qəbul edilir. STEM Təhsilə keçid üçün nümunəvi təkliflər irəli sürülür: STEM Təhsil Mərkəzlərinin yaradılması, tədqiqatların aparılması, müəllimlərin hazırlan­ması, STEM üzrə kurikulumların yenilənməsi, məktəblərdə lazımi mühitin yaradılması üçün kurs materiallarının təmin edilməsi kimi mövzular diqqətdə saxlanılmalıdır. STEAM təhsili şagirdlərin araşdırma, müzakirə və tənqidi düşün­cələrini inkişaf etdirmək üçün elm, texnologiya, mühən­dis­lik, incəsənət və riyaziyyatı birləşdirən bir tədris və öyrənmə yanaşması olub, şagirdlərə real dünya problemlərinə yaradıcı həll yolları axtaran maraq dolu öyrənənlər olmağa imkan yaradır. STEAM şagirdlərə universitet təhsilində, karyerala­rın­da və həyatlarında uğur qazanmaq üçün la­zım olan bacarıq­ları inkişaf etdirməyə kömək edir. Araşdırmalar göstərir ki, yaradıcı proqramlara qatılan şagirdlər qabaqcıl düşüncəyə, stresslə mübarizə bacarıqlarına, özünü dərkə sahib olur, komanda işində, ünsiyyətdə, liderlikdə, mo­ti­va­siya və sosial münasibət­lər­də, yaşadıqları cəmiyyətlə əlaqələr qurmaqda güclü bacarıqlar formalaşdırırlar. STEM təhsil metodu – düşünülənin əksinə şagirdlərdə sadəcə akademik bacarıqları möhkəmləndirmir, onların hərtərəfli inkişafına kömək edir. Məsələn:

  • Toxunaraq öyrənmə – STEM tədris metodunda məlumatlar  vizual, audio üsulla yanaşı, kinestatik (toxunaraq öyrənmə) və sosial öyrənmə vasitələri ilə də ötürülür;
  • Yaradıcılıq – Yaradıcılıq insanı di­gər canlılardan fərqləndirən ən asas bacarıq hesab edilir və STEM təhsil modeli tədris zamanı şagirdlərdə yaradıcılıq bacarığını inkişaf etdirməyə şərait yaradır. «Biz övladlarımıza onlardan daha ağıllı olan maşınlarla (robot) rəqabət aparmağı öyrədə bilmərik, onları maşınlardan fərqləndirəcək nəsə öyrət­mə­liyik. Yalnız bu üsulla onların 30 il sonra mövcud olma, sağ qal­ma şansları olacaq» – kimi düşünək.
  • Səhvlərdən öyrənmə – Tədris zamanı şagirdlərin kiçik miq­yas­lı təcrübələr zamanı əldə edilən nəticələri müşahidə edib, ortaya çıxan səhvləri araşdırma və təcrübələrin düzgün aparılmasına şərait yaranır.
  • Tənqidi təfəkkür – STEM tədrisi zamanı dərslər qruplar for­ma­sında müzakirə üzərinə qurulduğundan şagirdlər komanda işinə münasibət bildirir, öz arqumentlərini əsaslandırır, öyrəndikləri bilikləri müzakirə, analiz-sintez etmə imkanı qazanırlar.
  • Ünsiyyət bacarığı – Dərslər adətən eksperimentin və ya layi­hənin nəticəsi ilə bağlı hesabat və ya təqdimat ilə yekunlaşır.
  • Liderlik – STEM dərsləri daha çox layihə əsaslı və qrup işləri formatında təşkil edildiyindən qrup üzvləri liderlik funksi­yasını da yerinə yetirir, qrupa/ la­yihəyə rəhbərlik edir, qərarlar alır,  liderlik bacarıqları inkişaf edir.
  • İş mühitinə hazırlıq – STEM təhsil metodunun əsas məqsədi şagirdləri gələcək iş mühitinə hazırlamaqdır və bütün bu bacarıqlar şagirdləri səmərəli insan resursu ola­raq tutacaqları mövqelərə hazırlayır.

Hər sahədə olduğu kimi, təhsil sahəsinə gətirilən yeniliklərin tətbiqi də müəyyən prob­lem­lər­lə üzləşir. STEAM metodunun təhsil sahəsində tətbiqinin aşmalı olduğu baryerlər də var­dır: Məsə­lən, maddi resursların baha olması və insan resursu çatışmazlığını qeyd etmək olar. STEM dərs­lərinin tədrisi yüksək araşdırma, müşahidə, sinif idarəsi bacarığına sahib peşəkarlar tələb edir.

İnformativ Məlumatlar – xeyriyyə tədbirləri

  • Uşaqlar üçün protez əllər minlərlə dollara başa gəlir və istifadə müddəti azdır. 3D çap sayəsində 40$-dan da aşağı büdcə ilə protez hazırlamaq mümkündür! www.enablingthefuture.org kimi təşkilatlar protezləri  hazırlayır və pulsuz  paylayırlar.
  • Müxtəlif əlillik növləri olan uşaqların digər uşaqlarla eyni səviyyədə oynaya bilmələri üçün Microsoft, X-Box üçün, xüsusi coystik yaratdı. “Makers Making Change” əlilliyi olan insanlar üçün xüsusi qurğular hazırlayan beynəlxalq könüllülər təşkilatıdır.
  • Star Wars və Avengers kimi filmlərdə istifadə olunan rekvizitlərin əksəriyyəti 3D çap olunmuşdur.
  • 3D Systems Amerika Kulinariya İnstitutu ilə əməkdaşlıq edərək, şirniyyatları və yeməkləri 3D çap edən, ChefJet Pro 3D printerinin hazırlanmasında iştirak etmişdir.

Dizayn əsaslı öyrənmənin əsasında dizayn düşüncəsi dayanır. Dizayn düşüncəsi konsepsiyası lik dəfə XX əsrin ikinci yarısında Amerikalı iqtisadçı Herbert Simon tərəfindən hazırlanmışdır. Dizayn düşüncəsi hazırda müxtəlif problem və məsələlərin həllində istifadə olunan kifayət qədər  təsirli bir metodologiya kimi geniş yayılmışdır. Dizayn düşüncəsi optimal axtarılan zaman analitik və texniki vasitələrlə yanaşı, yaradıcı vasitələrin istifadəsini zəruri edən metodologiyadır.

Bəs dizayn düşüncəsini necə formalaşdırmalı? Buraya aşağıdakı fəaliyyətlər daxildir:

  • Tinkering fəaliyyəti; Maker fəaliyyətləri; Konstruksiya; Dekonstruksiya fəaliyyətləri.

STEAM kabinə və mərkəzlərinin qurulub istifadəyə veril­məsi üçün praktik təlim mühitlərinin yaradılması da mühüm şərtlərdəndir:

  • Planlaşdırma mühiti – şagirdlərin STEAM öyrənmə layihəsini və iş planlaşdır­masını düzgün tərtib etmələri üçün otaq;
  • İnteqrasiya mühiti – şagirdlərin üzərində işlədikləri layihənin inkişafı üçün ehti­yac olan məlumat bazasının olduğu və texnologiyalardan rahat istifadə edə biləcəkləri otaq;
  • Təqdimat mühiti – şagirdlərin STEAM layihələrini kollektivə təqdim etmək üçün, layihə ətrafında müzakirə və yeni qərarlar qəbul etmələri üçün mübadilə otağı;
  • Tədqiqat mühiti – şagirdlərin kəşf edərək öyrəndiklərinin təşviq edildiyi, STEAM layihələri ilə əlaqədar gözləntilərin artırıldığının izləndiyi, laboratoriya işlərinin həyata keçirildiyi, müəllimlərin öyrənənləri düzgün istiqamətləndirə biləcəyi, avadanlıqlarla təmin olunmuş otaqlar;
  • Əməkdaşlıq mühiti – şagirdlərin STEAM layihələri, layihənin nəticələri ətrafın­da şagirdlər­a­ra­sı müzakirəyə imkan yaradan, hesablamaların aparıldığı, çatış­maz­lıqların müəyyənləşdirilib həlli yollarının dəqiqləşdirilə biləcəyi otaq;
  • Yaradıcılıq mühiti – şagirdlərin təhsil müəssisələrində həyata keçirdikləri  STEAM layihələri çərçivəsində araşdıraraq əldə edə biləcəkləri, yeni məhsul­ların yaradılmasına imkan verən tasarım və ya kəşf otağı.

Artıq məktəbə­qə­dər təhsil yaş qrupundan yuxarı siniflərə qədər STEAM-ə uygun təhsil verilməsi zərurətə çevrilmişdir. Artıq dünyanın inkişaf etmiş bir çox təhsil müəssisələrində NASA-da STEAM tə­lim­çi­si təhsili almış təcrübəli, kreativ yaradıcılıq potensialına malik təh­sil çalışanları və bu istiqamətdə uzman­laş­mış və təcrübəli müəllim, alim, metodist, texnologiyalardan üstün istifadə imkan­la­rına malik mü­təxəssislər çoxluq təşkil edir. Bundan başqa, bəzi ölkələrdə STEAM ilə əlaqədar olaraq elm, kodlama, robo­totexnika və avtomat­laş­­dırma təlimini özündə birləşdirən təhsil də verilmək­də­dir. Müasir dunya energetika sahəsində də müxtəlif kəşflər, yeni­lik­lər, fərqli üsul­lardan, alternativ enerji resurslarından istifadənin müxtəlif sahələrini işlənməkdədir. Hazırda energetikanın qarşısında duran ən vacib problem­lər­dən biri enerji ehtiyatla­rın­dan səmərəli isti­fadə etməklə, iqtisadiy­ya­tın bütün sahələrinin və əhalinin həm indi, həm də gələcəkdə enerjiyə olan tələbatını lazımi səviyyədə ödə­mə­sini təmin et­məkdən ibarətdir. Bunun üçün də yenilklərdən faydalanmaq, dünya təcrübəsindən müqayisəli istifadə, tənqidi-məntiqi təfəkkürün inkişafı, təh­sil­alanların sərbəstliyi nəzərdən qaçırılmamalıdır. STEM təhsili istehsal və ixtira, bilik və bacarıqları təmin etməyi hədəf­lə­yir. STEM təhsili almış şəxslərin iş dünyasına daxil olduqları zaman bu baca­rıq­lar sayəsində iş həyatının tələb etdiyi keyfiyyətlərə asan­lıqla uyğun­laşa və ölkənin iqtisadi inkişafına töhfə verə biləcəkləri gözlənilir. Komputer Dəstəkli Dizayn: komputer texnologiyalarını tətbiq etməklə obyektlərin dizaynıdır. Mühəndislyin dizayn mərhələləri: Mühəndislərin hər hansı məhsulun istehsalı mərhələsində istifadə etdiyi 6 addımlıq proses: Sual, Müzakirə, Dizayn, Qur­maq, Test və Təkmilləşdirmə. Ümumiyyətlə, STEAM metodu və perspek­tivləri haqda danışdıqda, xəyal, ideya, dizayn üçün də sərbəstliyə yer verilməlidir.

Naxçıvan Muxtar Respublikası ali məktəbləri arasında Naxçıvan Dövlət Universiteti hər zamankı kimi bir ilkə daha imza atdı. Universitet rəhbərliyinin xüsusi təşəbbüsü və qayğısı ilə bu ildən  ilk olaraq Təbiətşünaslıq fakültəsinin III kurs “Biologiya müəllimliyi” ixtisasında STEAM fənninin tədrisinə başladıq. Yeni metodun tədrisi tələbələr tərəfindən xüsusi həvəslə qarşılanmış və müvəffəqiyyətlə davam etir. Tələbələrə xəyal qurmağı, ideya irəli sürüb onları məhsula çevir­mək vərdişləri aşılamağa göstərdiyim cəylər ilk bəhrələrini göstərdi: Sərbəst iş kimi tələbələrə verdiyim praktik tapşırıqlar içərisində çox maraqlı işlər diqqətimizi çəkdi. Bu işlər STEAM metodu sayəsində həm biologiyanın tədrisində, eləcə də müxtəlif sahələrdə yaradıcılığa, kreativliyə şərait yaradılacağını, yeni kəşflərə yol açılacağını vəd edir.

       Artıq əksər ixtisaslarda STEAM fənninin tədrisinə başlamaq zərurət təşkil edir. Digər ixtisas tələbələri hətta özləri yaxınlaşıb bu metodun tədris fənni kimi salınmasını xahiş etməyə başlamış­lar. Lakin fənnin tədrisi üçün yetərincə kadr potensialı məsələsi də problemlər sırasındadır. Oturub uyğun təlimlərə dəvət gözləməkdənsə fənn müəllimləri özləri maraqlanıb müxtəlif Vebinar, konfrans və təlimlərə qoşulmaq, təcrübə mübadiləsi etməklə potensiallarını artıra bilərlər. 2 ildən artıq müddətdə şəxsi səylərimlə bir çox layihələrə, təlimlərə qoşularaq, internetdə müxtəlif ölkələrin təcrübəsini öyrənərək bu semestr tələbələrdə STEAM metoduna xüsusi həvəs, sevgi yarada bildim. Yeniliklərdən xəbərdar olaq ki, gənc nəslin dünya standartları səviyyəsində yetişdirməyə imkanlarımız yüksəlsin.

       Güman edilir ki, gələcəyin peşələrini STEAM metodu və onun nailiyyətləri formalaş­dıra­caq­dır. Çünki artıq hazırda yaşadığımız Dünya yenilik, fərqlilik, kreativ və sürətli təfəkkürlərin məhsulları ilə inkişafa qədəm qoymuşdur.

Müəllif: Zərövşən BABAYEVA

Naxçıvan Dövlət Universitetinin professoru, Əməkdar müəllim.

ZƏRÖVŞƏN BABAYEVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru