KƏNAN HACININ YAZILARI

ƏDƏBİ VƏ ƏBƏDİ SÖZÜN ÜFÜQÜNDƏ

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan jurnalistikasının zaman-zaman parlaq imzaları olub və o imzalar məktəbə çevrilib, jurnalistikaya yeni stil, manera, üslub yenilikləri gətiriblər, jurnalistikanın üfüqlərini genişləndiriblər. Biz bu imzaları oxuya-oxuya qələmimizi bərkitdik, sözə vicdan işi kimi baxdıq, o insanlar bizə Sözün Aliliyini və müqəddəsliyini anlatdılar. Biz bu əqidəylə yetişdik – Söz Ana kimidir, Vətən kimidir, ona xəyanət etmək olmaz.

İyirmi beş ildir ki, mətbu cameənin içindəyəm, az müddət deyil. Zaman-zaman sözə xəyanət edənləri, qələmə dönük çıxanları da gördük, bəzilərinin əqidəsini dəyişərək müxtəlif cəbhələrdə xırdalana-xırdalana kirə çıxdığının da şahidi olduq… Zamanın ələyində qılçıq kimi qalanlar da oldu. Amma çox az sayda qələm sahibləri oldu ki, onlar heç vaxt yazdığı sözə arxa çevirmədi. Belə insanlardan biri də unudulmaz Akif Şahverdiyevdir. Bu qəbil insanlar haqqında heç vəchlə keçmiş zamanda danışa bilmirəm. Onlar bütün zamanlara aiddir.

Akif müəllim mütəvazi insan idi, zəngin ömür yolu keçmişdi, jurnalistikanın inkişafında böyük xidmətləri olmuşdu. Yüzlərlə yazının, onlarla kitabın müəllifi olmuşdu. Yazıçı kimi də qələmini sınamışdı, hekayələr, povestlər, şeirlər müəllifi idi. Çoxşaxəli yaradıcılığa malik idi. Ali məktəb tələbələri üçün “Azərbaycan mətbuat tarixi” dərsliyini yazmışdı. Mətbuatımızın tarixini yazmış bir alim, pedaqoq nədənsə layiqincə qiymətləndirilmədi. Ömrünün son illərində sanki həyatdan küskün görünürdü. Ara-sıra tədbirlərdə, yolda rastlaşırdıq, həmişə jurnalistikanın indiki durumundan gileylənirdi, yana-yana danışırdı. Səhhətində problemlər yaranmışdı, onunla bağlı içimdə bir narahatlıq hissi kök salmışdı, “özünüzü qoruyun, siz bizə çox lazımsınız” deyirdim. Eləcə gülümsəyirdi, bu ağrılı təbəssüm içimi sızladırdı.

Sonuncu dəfə telejurnalist dostum Namiq Qurbanın çəkdiyi Dharmendra-Məhəbbət Elçisi” filminin təqdimat mərasimində görüşdük. “Pullman” otelində keçirilən təqdimat mərasiminə ölkənin tanınmış mədəniyyət xadimləri toplaşmışdı. Mən bir az tez gəldiyimdən foyedə bir-iki nəfərdən başqa bir kimsə yox idi. Birdən gözüm sağ tərəfdəki divanda tək oturmuş Akif müəllimə sataşdı, yaxınlaşıb salamlaşdım. Az sonra Azərbaycan mətbəxinin mütəxəssislərindən olan Milli Kulinariya Mərkəzinin Prezidenti Tahir Əmiraslanov da bizə qoşuldu. Xeyli söhbətləşdik.Akif müəllimin əməlli-başlı kefi açılmışdı. Səhhətiylə maraqlandım. “İndi yaxşıyam, şükür” dedi. Doğrudan da çox gümrah görünürdü. Yadımdadır, Tahir müəllim səhhətiylə bağlı ona bəzi məsləhətlər də verdi. Onun şux görünüşü içimdəki narahatlığı sovuşdurdu. Yaradıcılıqla bağlı suallar verdim, dedi əlimdə bəzi yazılar var, onların üzərində işləyirəm. Ən yaxşı dərman yazmaqdır, dedim. Gülümsədi, “doğrudan da elədir, yazanda dincəlirəm”- dedi.

Heç vaxt ağlıma gəlməzdi ki, bu, bizim Akif müəllimlə son görüşümüz olacaq. Güzəran qayğılarına başım qarışdığından bir müddət ondan xəbət tuta bilmədim. İsti yay günlərindən birində ağır xəbər daş kimi sinəmə dəydi. Taledən növbəti zərbəni almış uşaq kimi xəlvətə çəkilib ağlamaq istədim. Ürəyimi boşalda bilmədim, bütün yaxşı insanların itgisi ürəyin yükünü bir az da ağırlaşdırır…

Yazıçı Gülər Eldarqızının onun haqqında kitab yazdığını eşidəndə sevindim. Taleyin işinə baxın ki, mən uzun müddət bu kitabın əlyazmasını oxumağa macal tapa bilmədim. Onun haqqında yazacaqlarım da beynimin bir köşəsində məni incidirdi, özümü onun ruhu qarşısında günahkar sayırdım. Bu yazını sübh çağı yazıram. Pəncərədən səmaya boylanıram, dan yeri çəhrayı ilə qırmızının qarışığına boyanıb. Bu əsrarəngiz rəng qovşağı Günəşin doğmasını müjdələyir. Masa arxasına keçib kompyuterimi yandırıram və… Akif Şahverdiyevi xatırlayıram.

Ədəbi və Əbədi Sözün üfüqlərində onun imzası hər zaman görünəcək və ürəyimizi isidəcək.

Ruhuna salam olsun, Sözün qasidi! 

Müəllif: Kənan HACI

KƏNAN HACININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru