SÜLEYMAN RÜSTƏMİN YAZILARI

Yarası lalətək açılan mənəmSÜLEYMAN RÜSTƏM

Süleyman Rüstəmin yaradıcılığında cənub mövzusu


“O gün gələcək, Araz çayının 2 yerə böldüyü xalq birləşəcək, bütöv,vahid Azərbaycan olacaqdır”. Bu sözləri 1986-cı il aprel ayının 11-də Azərbaycan Politexnik İnstitutunda S.Rüstəmin 80 illiyinə həsr olunmuş Yubiley tədbirində çıxışı zamanı şair ümidlə söyləmişdir.


Azərbaycan ədəbiyyatında cənub mövzusu dedikdə, ilk olaraq, gözlərimiz önünə xalq şairi Süleyman Rüstəm gəlir. Hərçənd, bu mövzuda çox ədibimiz əsərlər yazıb. Lakin, bu mövzuya ən çox müraciət edən, şeirlər silsiləsi yaradan məhz S.Rüstəm olmuşdur. Bu mövzunu onun qədər ürək ağrısı ilə, poetik notlarla yazan ikinci bir ədib yoxdur, desək, yəqin ki, yanılmarıq. Geniş oxucu cənublu bacı-qardaşlarımız, ədiblərimiz, eləcə də şəhərlərimiz haqqında məlumatı demək olar ki, ustad sənətkarın şeirlərindən öyrənirdi. Həqiqətən də, S.Rüstəmin Cənub mövzusunda yazdığı əsərlər sirri açılmamış xəzinədir. Əsərlərilə tanış olduqda belə bir nəticəyə gəlmək olur ki, ədibin şah rejimi zamanı soydaşlarımıza mənfi münasibəti necə idisə, o, bu gün də İranda mövcud olan mollakratiya rejimindəki münasibətlə eynilik təşkil edir.


Ömrü boyu cənub həsrətini, cənub ağrısını qəlbində gəzdirən şair hər zaman öz müqəddəs arzusunu dilə gətirərdi:
 

Bir arzum da var dünyada,

Bir gün məni salıb yada.

Kitabımı Arazdakı körpü üstdən assınlar,

Gənc nəsillər unutmasın bu şarin şərtini:

Tez köçərsəm bu dünyadan baş daşıma yazsınlar

İki yerə parçalanmış ürəyimin dərdini.


II Dünya müharibəsi illərində İranda, Cənubi Azəbaycanda olan S.Rüstəm  qəddar şah rejiminin ölkədə törətdiyi fəlakətlərin acı nəticələrin gözləri ilə görmüş, milli zülmə, istibdada qarşı geniş xalq kütləsinin etiraz səsini dinləmiş, imperializm əleyhinə mübarizənin canlı şahidi olmuşdur.


Cənub mövzusu şairin yaradıcılığında sanki ikinci nəfəs açmışdır. Şairin bu mövzuda şeirlərini diqqətlə oxuyanda görürsən ki, onun etiraz dolu hayqırtıları həm o taydakı, həm də bu taydakı rejimə qarşı yönəlib. O dövrdə belə səviyyədə şeirlər yazmaq böyük cəsarət, hünər və iradə tələb edirdi. Lakin, S.Rüstəm öz həyatını təhlükəyə ataraq, bir vətəndaş kimi, xalqının mübariz oğlu kimi bu prosesdə geridə qalmadı. “O tay, bu tay”, “O sahil, bu sahil”, “Bakılı, Təbrizli”, “Vətənin birliyi”, “Bütöv millət” və s. terminləri həm dilimizin əzbəri oldu, həm də beyinlərimizə, şüurmuza nüfuz elədi.


Məhz, ədib ikiyə parçalanmış ürəyinin dərdini, cənub həsrəti, vahid vətən məhəbbəti ilə gözlərindən riqqət ilə gilə-gilə yaşın gəlməsini bu mövzuya həsr etdiyi əsərlərinə kövrək notlarla köçürürdü. Təsadüfi deyildir ki, S.Rüstəm haqlı olaraq, o taylı, bu taylı Azərbaycanın böyük şairi adlandırılır. Arazın o tayında qanına qəltan edilən cənublu soydaşlarımızın qəlbində sağalmaq bilməyən yaraların acısını duyan şair bir zaman onlarla Xudafərində görüşlərini xatırlayır, Vətən torpağının tapdaqda olması ilə barışa bilmirdi:
 

Tapdaq altındadır Vətən torpağı,

Hələ sağalmayıb sinəmin dağı.

Qardaş həsrətilə hər bahar çağı,

Yarası lalətək açılan mənəm!


S.Rüstəmin cənub mövzusunda yazdığı əsərlərinin şahı məncə, “Təbrizim” dir. Şair burada Azərbaycanın qədim paytaxtlarından biri, inqilablar beşiyi, elm, mədəniyyət, sənətkarlıq mərkəzi olan, hüsnünə, gözəlliyinə baxmaqdan doymaq mümkün olmayan gözəl Təbrizə xitab edir. Təbrizə öz dərin, sonsuz, məhəbbətini bildirən şair ürək sözlərini, duyğularını ustalıqla dilə gətirir:
 

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Sən çıxdın qarşıma duzla, çörəklə,

Bağından dərdiyin güllə, çiçəklə,

İkiyə bölünməz saf bir ürəklə,

Təbrizim, Təbrizim, aman, Təbrizim,

Yox olsun başından duman, Təbrizim!


Qəlbi nisgildən sızlayan şair Təbrizlə görüşündən hədsiz dərəcədə sevinc duyduğunu, gözəlliyindən vəcdə gəldiyini, eyni zamanda Təbrizin başında qara dumanın olmasından rahatsızlığını ifadə edirdi.


Təbrizin şanlı qəhrəmanlıq tarixini xatırladan şair şeirdə vətənin birliyi, bölünməzliyi ideyasını, bütöv Azərbaycan ideyasını oxucuya daha dolğun şəkildə çatdırır. Şeirdə dilimizin zənginliyi, bir-birindən təsirli ifadə vasitələri böyük ustalıqla seçilmişdir:


Ağlasan ağlaram, gülsən gülərəm,

Yaşasan yaşaram, ölsən ölərəm,

Varımı səninlə yarı bölərəm,

Gəl bir də üzündən öpüm, Təbrizim!

Başına gül-çiçək səpim, Təbrizim!


Cənub mövzusunda yazmaqla, Azərbaycan poeziyasına yeni bir poetik çələng bəxş edən S.Rüstəm digər şeirlərində də cənub dərdini, nisgilini böyük ürək ağrısı ilə təsvir edirdi. Hər dəfə şeirlərində qəlbində çiçəklənən yaranı, o sahildə keçirdiyi xoş günlərini, orada gəzdiyi bağları, qoxladığı çiçəkləri, gəzərək söz qoşduğu elləri, mahnıları oxunduğu Ərk qalasını, qana dönmüş ürəyində qalmayacaq arzu-kamı, könüllərdə mütləq günəşin doğmasını, qəmli zindanların işıqlandıqlarını böyük ustalıqla, poetik ifadələrlə qələmə almışdır. Araz qırağına gəlib həsrətlə o tayı seyr edən şair ürək sözlərini misralara köçürərək təsəlli tapırdı:
 

Ömür keçdi, hicran quşu can evimdən köçmədi,

Arazından iki qardaş yan-yana su içmədi.

Heç özüm də bilmədim ki, necə oldu qardaşım,

Ayrılıqdan, dərd əlindən ürəyimiz şişmədi!

Qan qardaşım, gül üzünə bir də baxım doyunca,

Bəlkə bir də bu yerlərdən mənim yolum düşmədi!
 


“Ucan durnaların lələklərindən, hicran məktubları asılan mənəm”- deyən şair bir an belə ümidini itirmirdi. Təbrizlə görüşəcəyi günü intizarla gözləyirdi:
 

Mənin təlaşımı sanmayın hədər,

Səbəbsiz deyildir bu dərd, bu kədər,

Təsəlli taparam bəlkə bir qədər

Ürəyi yaralı Təbrizi görsəm.


“Qəfəsdən qurtulmuş yaralı şirəm” – deyən S.Rüstəm bu həsrətə, bu amansız  ayrılığa son qoyulmasını dünyaya çar çəkirdi:
 

Süleymanam, dözümlüyəm firqətə,

Zaman gərək son versin bu həsrətə.

Ürəyim bir xəritədir, xəritə

Orda əziz vahid Vətən özü var.
 

Vüsal həsrətilə alışıb-yanan şair bu vüsala yetməyin bir yolunu tapa bilməməsi üçün üzüllürdü:
 

Qardaşımın həyatını düşünürəm səhər, axşam,

Vüsalına yetmək üçün hələ bir yol tapmamışam.

Qan qardaşım zindandadır, mən bu tayda azad quşam,

Sən dərdə bax, gözlərinə görünməyə üzüm yoxdur!
 



“Vüsal həsrəti” şeiri çoxdan yazılsa da sanki bu gün İranda azadlıq mübarizəsinə qalxan cənublu bacı-qardaşlarımızın etiraz dalğasını uzaqgörənliklə təsvir edirdi:


Qəflətdən oyanmış görürəm sizi,

Dağ kimi dayanmış görürəm sizi.

Al qana boyanmış görürəm sizi,

Dərdiniz dərdimdir, yaranız yaram


“Niyə quşlar kimi qanadım yoxdur. Niyə o sahilə uça bilmirəm?”- deyən şair azadlığın bayrağını ürəkdən öpərək, haqq yolunda canlarından keçməyi bacaran soydaşlarımzı şeirlərində mübarizəyə səsləyirdi:


Səttarxanın bayrağını qəlbindən asan,

Millətinin şöhrətini günəşə yazan.

Əli qanlı cəlladların qəbrini qazan

Ağ günləri salamlayan sən deyilmidin,

Alnı açıq o qəhrəman sən deyilmidin?


S.Rüstəmin cənublu ədiblərlə yazışmaları da diqqət çəkir. Ədibin Şəhriyar, Səhənd, Cavad Heyəti və digərlərinə şeirlə müraciətlərində S.Rüstəm cənub ağrı-acısını onlarla bölüşür, bu yolla azacıq da olsa könül rahatlığını tapırdı. Xüsusilə, Şəhriyarla şeir dilində məktublaşması oxucuda böyük maraq doğurur:


İgid, şanlı bir millətin oğlusan,

Adlı-sanlı br millətin oğlusan.

Səttarxanlı bir millətin oğlusan,

Ayrı deyil, anan, anam, Şəhriyar,

Qan qardaşın Süleymanam, Şəhriyar!


Şair bu azadlıq savaşında Təbrizdə qara matəm çadralara bürünmüş cənublu ana-bacılarımızın, qız-gəlinlərimizin fədakarlığını da qururla qələmə alırdı:


Ürəyimə sığmayır Təbrizin qanlı yası,

Əksilmir küçələrdən coşan insan dalğası,

Qeyrətə bax, qeyrətə, nümayişdə çadrası-

Al qanına boyalı bacılarımı gördüm!


Bu gün Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə ayağa qalxan, mübarizə aparan, çadralarını atan ana-bacılarımızın təsviri deyilmi? S.Rüstəm şeirlərində nə qədər həsrətdən, intizardan söz açsa da heç bir zaman ümidini itirmirdi. Vusal həsrətinə son qoyulacağının ümidi ilə yazıb yaradırdı:


Mən ümidsiz deyiləm, könlüm ümid məskənidir,

Xoş vüsal arzulu şeirimdə qızıldan yeri var.

Şeirə həsrətlilərə şeir oxumaqçün ucadan,

Bir qarış olsa da, Təbrizdə Süleyman yeri var.


Əsərlərində Təbrizli gözəlləri də vəsf etməyi unutmayan şair qəlbindəki xoş hiss və duyğuları dilə gətirirdi.


Hər gün məni gözlər, bilirəm, gözləri yolda

Gəl-gəl-deyərək əlləri nərgizli gözəllər.

Təbrizdən uzaqsan, bilirik, qəm yemə, Rüstəm

Xatırlayacaqdır səni təbrizli gözəllər!


Ayrılıq yollarının həsrətini intizarla çəkən şairin bu mövzuda yazdığı qəzəllər də maraq kəsb edir. Gözündə əbədi canlı bir şəkil kimi həkk olan sevgili cananına qovuşmağın həsrətini yaşayan, məhəbbətin dolaşıq macərasına qərq olan şairin “Bu gecə” qəzəli onun ürək ağrısını, həmçinin, həsrətini poetik boyalarla təsvir edən sənət incisidir.


Gəlmədi məclisimə, sevgili canan, bu gecə,

Can evimdən elə bildim ki, köçüb can bu gecə.

Çox düşündüm səni, sənsizliyə dözmür bu könül,

Çəkdi qəm ordusunu üstümə hicran bu gecə.

Gəlmiş olsaydın əgər məclisə, təbrizli gözəl,

Ayağın altda kəsərdim neçə qurban bu gecə.

Nə deyim, mən nə deyim ayrılığın baisinə,

Qaldı sənsiz, gözü yollarda Süleyman by gecə!


S.Rüstəmin 1940-cı ildə işıq üzü görən “Qaçaq Nəbi” pyesində də ədib çox incəliklə, ustalıqla cənub məsələsinə toxunmuşdur. Arazın o tayında-cənubda soydaşlarımızın öz ev-eşiklərindən zorla çıxarılmaları haqqında Şahın fərmaişini  canfəşanlıqla, qəddarlıqla yerinə yetirməyə çalışan ərbabla Qaçaq Nəbi arasındakı dialoq xüsusi diqqət çəkir. Ərbabın Qaçaq Nəbiyə xitabən “Arazın o tayının dərdi səninçün azlıq edir ki, hələ bu tərəfə də əl uzadırsan?…”- dediyi sözlərini eşidən


Qaçaq Nəbi əsəbi halda ona tutarlı cavab verir:”Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin də o baş, bu başı olmaz. Bunu sırğa elə, as qulağından…”. 84 illik ömrünü cənub həsrəti, cənub dərdi ilə yaşayan şair bu dünyadan nigaran köçdü. Özünü o taylı, bu taylı vətənin şairi hesab edən Süleyman Rüstəm bütöv, vahid Azərbaycan sevdalısı idi. Şair “Vəsiyyət” şeirində məzarı üstünə gül-çiçək əvəzinə, Arazdan gətirilmiş su səpilməsini vəsiyyət edirdi:


Su səpin qəbrimə, dincəlim bir az,

Təzədən başlayım, sonra söhbəti.

Sizdən bir ricam da, dostlar budur, bu-

Kürdən yox, Arazdan gətirin suyu.

Arzuma bələddir bu torpaq anam,

O yaxşı bilir ki, mən Süleymanam.


Bəli, xalq şairi Süleyman Rüstəm bütün varlığı ilə, qəlbən vahid, bütöv Azərbaycanın olacağı günə inanırdı. O, inanırdı ki, tezliklə, cənublu bacı və qardaşlarımız istibdaddan, zülmdən qurtulacaq, azadlığa, müstəqilliyə qovuşacaqlar. Bu onların əlahəzrət haqqıdır.


Bu gün İranda zülmkar mollakratiya rejiminə qarşı aparılan azadlıq mübarizəsində cənublu bacı-qardaşlarımız öndə gedir. Artıq ox yayından çıxmışdır. İnanırıq ki, onlar haqq etdikləri azadlığa, müstəqilliyə, hürriyyətə nail olacaqlar. Onların haqqları qorunacaq. Biz bütöv bir millət olaraq,  onların bu haqq davasında yanlarındayıq.


Ümid edirik ki, tezliklə, ölməz ustad sənətkarımız, xalq şairi Süleyman Rüstəmin ruhu rahatlıq tapacaq, şad olacaqdır.


PS. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Bağdat Amreyevi qəbul edərkən demişdi:”Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin, bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çox sayılı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənlərini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.


Əlbəttə ki, dövlət başçısının bu fikirləri Arazın o tayında yaşayan 40 milyona yaxın soydaşımıza da şamil olunur. Ustad şair özü demişkən: “Gün o gün olacaq, o gün gələcək, bəşər dincələcək, həyat güləcək”.


Müəllif: Qafar ƏSGƏRZADƏ

Əməkdar jurnalist, pedaqogika

üzrə fəlsəfə doktoru, dosent

İlkin mənbə: modern.az

QAFAR ƏSGƏRZADƏNİN YAZILARI

SÜLEYMAN RÜSTƏMİN YAZILARI


MUSTAFA MÜSEYİBOĞLU -70

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru