NAMİQ BAĞIRLININ YAZILARI

Müstəqil Azərbaycanın fədaisi Həbib Səlimov

     Həbib bəy Səlimov Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə də Azərbaycanın azadlığı uğrunda böyük şücaətlər göstərən fədailərdən biridir.

             O, 1881-ci il 8 fevral tarixində İrəvan şəhərində anadan olmuşdur. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında almış, daha sonra elə həmin şəhərdə gimnaziyaya daxil olmuşdur. Həbib bəy 1900-cü ilin avqustunda könüllü şəkildə 156-cı Yelizavetpol (Gəncə) süvari alayında 14 ay  xidmət etmiş, unter-zabit rütbəsi almışdır. 1902-ci ildə Tiflisdə süvari hərbi məktəbini bitirən Həbib bəy Üçüncü Qafqaz Atıcı Batalyonunda podporuçik vəzifəsində xidmət etmişdir. 1905-ci ildə batalyon komandirinin köməkçisi, 1907-ci ildə elə həmin hərbi hissədə üçüncü rota komandiri təyin olunan Həbib bəy Səlimov  həmin ilin sentyabr ayında “Müqəddəs Vladimir”  ordeni ilə təltif olunmuşdur. O, 1908-1910-cu illərdə Beşinci Qafqaz Atıcı Batalyonunun tərkibində Culfa sərhədlərində xidmət etmiş, xüsusi tapşırıqla Tehrana göndərilmişdir. 1912-ci ildə kapitan rütbəsi almış və Peterburqda  Baş Qərargahın Nikolayev Hərbi Akademiyasını bitirmişdir.

             Azərbaycan  Xalq Cümhuriyyəti qurulduqdan sonra polkovnik-leytenant Həbib bəy Səlimov ölkəyə qayıtmış və milli Azərbaycan Ordusunun formalaşdırılmasında da böyük tarix xidmətləri olmuşdur. O, ilk olaraq Milli Orduda Dəftərxana rəisi vəzifəsində çalışmışdır.

            1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa başlayanda hərbi təcrübəsinə və biliyinə görə bu korpusun qərargah rəisi təyin edilmişdi.

Həmin tarixlərdə bolşevik-daşnak birləşmələrinə qarşı qızğın döyüşlərdə Gəncə-Bakı istiqamətində dəmir yolu xətti boyunca irəliləyən Cənub qrupunun komandiri H.Səlimovun təşkilatçılığı və igidliyi layiqincə qiymətləndirilmiş, Azərbaycan hökuməti tərəfindən ona polkovnik rütbəsi verilmişdir. Türkiyədə çıxan “Böyük hərbdə Bakı yollarında. 5-ci Qafqaz piyada firqəsi” kitabında türk polkovniki Rüştü bəy Həbib bəy haqqında yazırdı: “Cəsur, döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş azərbaycanlı zabitləndəndir”.

Həbib bəy Səlimovun vətən qarşısındakı xidmətlərinin daim yüksək dəyərləndirildiyini 1919-cu il fevral ayının 26-da Müdafiə nazirliyinin 31 saylı əmrinə əsasən, general-mayor hərbi rütbəsi verilməsi də təsdiq edir. Qeyd edək ki, General Həbib bəy Səlimov əslən Litva tatarı olan, general-leytenant Məmməd bəy Sulkeviçdən sonra Azərbaycan Milli Ordusunda Baş Qərargah Akademiyasını bitirmiş ikinci general idi. Bir müddət sonra Həbib bəy Səlimov Azərbaycan ordusunun  Baş  Qərargahının rəisi kimi yüksək vəzifəni icra etmiş, Azərbaycanın Qarabağa erməni separatçılarına və  Ermənistandan gəlmiş quldur dəstələrinə qarşı döyüşməyə göndərdiyi ordunun komandanı olmuşdur.

1919-cu ilin iyul ayında briqada generalı Həbib bəy Səlimovun rəhbərliyi ilə Muğanda və Lənkəranda Azərbaycan milli hökumətini tanımaqdan boyun qaçıran malakan və rus-erməni silahlı qüvvələri darmadağın edilmişdir. Uğurlu hərbi əməliyyatlar nəticəsində qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil vermişdir. Muğan və Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddət ərzində vali təyin edilmişdir.

            Sovet Rusiyasının Azərbaycan torpaqlarında işğalçılıq planına uyğun olaraq 1920-ci il mart ayının 22-də Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq istəyən daşnaklar Əsgəran keçidini ələ keçirməyə cəhd göstərdilər. Son dərəcə təhlükəli vəziyyətin yarandığını nəzərə alan hökumət artıq hərbi yürüşlərdə kifayət qədər təcrübə toplamış general Həbib bəy Səlimovun komandanlığı altında Yuxarı Qarabağa güclü əsgəri qüvvə göndərdi. Bu qüvvə işğalçı erməni dəstələri ilə 12 gün amansız vuruşmalardan, qanlı döyüşlərdən sonra daşnak ordusunu darmadağın etdi və erməni generalı Dəli Qazar öldürüldü. Həbib bəyin sərkərdəlik məharəti nəticəsində Azərbaycan əsgəri özünün ən şanlı vuruşlarından birini də zəfərlə başa çatdırmağa nail oldu. Tarixə “Əsgəran müharibəsi” kimi düşmüş bu savaş Vətən yolunda silaha sarılan qorxmaz türk oğlunun qarşısını heç bir qüvvənin almağa qadir olmadığını düşmənlərimizə bir daha sübut etdi. 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Həbib bəy Səlimov Naxçıvanın hərbi komissarı olmuşdur.

Azərbaycanda  aprel  çevrilişindən  sonra bütün  Zaqafqaziyanı  ələ  keçirməyə  çalışan sovet  Rusiyası  bu  məqsədlə  həm diplomatik vasitələrdən  istifadə  edir, həm də guya ermənilərlə azərbaycanlılar  arasında  millətlərarası toqquşmalara yol verməmək adı  altında  hərbi əməliyyatlar üçün yeni planlar işləyib hazırlayırdı.  Rusiya  rəhbərliyinin  tövsiyələrinə əməl edən 11-ci ordunun komandanı Levandovski bunu bəhanə gətirərək “Azərbaycanın Gürcüstan və Ermənistanla sərhədlərinin mühafizəsi haqqında” 1920-ci il may ayının 18-də 58 saylı əmr verir. Əmrin 4-cü bəndinə əsasən 11-ci ordunun 32-ci diviziyasının rəisi Şteygerə Naxçıvan-Cülfa-Ordubadı ələ keçirmək  üçün  həmin  məntəqələr  mayın 25-də güclü dəstələr göndərmək tapşırığı verildi. Lakin sovet  hakimiyyəti  əleyhinə  Gəncə, Qarabağ  üsyanları  ilə  əlaqədar bu dəstələrin göndərilməsi işi bir qədər ləngidi. Naxçıvanda isə həmin dövrdə vəziyyət həddən artıq ziddiyətli idi. Müstəqil Azərbaycan tərəfdarları ilə 11-ci ordunun yaxınlaşdığını duyduqca fəallaşan bolşevikpərəst qüvvələr arasında qarşıdurma günbəgün artırdı. Yerli bolşeviklər və AKP (b) MK Azərbaycan İnqilab Komitəsinin Naxçıvana göndərdikləri kommunistlər qrupu əhali arasında sovetləşmə  təbliğatı aparırdılar. Ancaq hələ ki, bölgədə vəziyyətə Naxçıvan Milli Komitəsi nəzarət edirdi və Türkiyə əsgərlərinin kiçik bir dəstəsi ilə Xəlil bəy də burada idi. Ermənilərin bölgə üçün ciddi  təhlükə yaratdığını görən   Türkiyə Bəyazid  diviziyası iyunun sonunda 9 min nəfərlik  qoşunla  Naxçıvan-Cülfa-Ordubad  istiqamətində  hərəkətə başladı və artıq iyulun 2-də 3 min nəfər Naxçıvan-Şahtaxtı rayonuna daxil oldu. Ancaq Şahtaxtı stansiyasından Naxçıvan dəstəsinə komandanlıq edən Kəlbalı xanın 14 və 16 iyul 1920-ci ildə general  Həbib bəy Səlimova göndərdiyi məlumatlardan aydın olur ki, türklərin gəlişi də vəziyyəti o qədər düzəltməmiş, yerli əhalidən  təşkil  edilmiş  hərbi  dəstələrdə  nizamsızlığı  sonadək aradan qaldırmaq  mümkün  olmamışdı.  Məhz  bu  vəziyyətdən  istifadə  edən  və  özünün  hərbi hazırlıq işlərini müəyyən qədər başa çatdıran 11-ci ordu  hissələri isə  iyulun 28-də Gorus, Şahbuz və Cəhridən  keçərək  Naxçıvana  daxil  oldu. Naxçıvan  inqilab  komitəsi yaradıldı.  Bu vaxt  Həbib bəy İranda idi. O, 1920-ci il  iyulun 19-da Naxçıvan şəhər general-qubernatoru  tərəfindən 14 günlüyə Təbriz  şəhərinə ticarət  məsələləri  ilə  məşğul  olmaq üçün  göndərilmişdir.

            Vətən qarşısında bu qədər xidmətləri  olmağına  baxmayaraq General Səlimov bolşeviklərin  nəzərində  quldur  dəstəsinin başçısı idi və onun barəsində Fövqəladə Komissiyasının (ÇK) əməkdaşı  Qubinin raportunda aşağıdakılar göstərmişdi: “Səlimovun təşkilatı barədə tərəfimdən yığılan arayışlar nəticəsində aşağıdakılar aydın olmuşdur. General rus hərbi xidmətinin Baş Qərargahının sürətləndirilmiş buraxılışının keçmiş podpolkovnikidir. Azərbaycan hökumətində general olmuşdur.  Hazırda ingilislər tərəfindən yardım edilən dəstə yaratmışdır.  Dəstənin  fəaliyyət sahəsi Araz çayıdır.  Dəstə  ağqvardiyaçı quldur  dəstələrin  tör-töküntülərindən və  şahsevənlərdən  ibarətdir. Komanda  heyəti  ağqvardiyaçı zabitlər, ruslar, gürcülər və ermənilərdən ibarətdir.  Dəstənin təşkilatlanması aparılmışdır: ermənilərin və Gürcüstanın hücuma keçəcəyi halda onlar Bakı-Tiflis dəmir yolunu kəsəcəklər. Təşkilat işlərində Ənvər Paşanın hələlik heç bir iştirakı və ümumi işbirliyi yoxdur. General  Səlimov  müsavat  hökuməti  dövründə  Xəlil  Paşa  ilə (türk xadimi)  münaqişəyə görə  müsəlmanlar  arasında  məşhur  deyil.”

             Qubin guya Səlimovun ifadəsi əsasında belə nəticə çıxarmışdı: “Azərbaycanda iki üsyançı təşkilat fəaliyyət göstərir, biri Tiflisdə, digəri Bakıda. Onların məqsədi birgə üsyan qalıdrmaqdır. Vəsaitin bir hissəsi Bakıdakı kapitalistlər tərəfindən, bir hissəsi Vrangelin Tiflis və Batumdakı nümayəndəsi tərəfindən buraxılır. Silahı qaçaqmal yolu ilə Batumdan və Gürcüstandan general Səlimov gətirir və o, Tiflis təşkilatı ilə əlaqələrə malik olmaqla Bakı quberniyasında, Cavad qəzasında İran quldurlarına və Muğan sakinlərinə arxalanaraq, Bakıda bir neçə agenti olmaqla, burjuaziyanın və digər şübhəli elementlərin şəxsində iş aparır”.

            Beləliklə, Həbib bəyin həbsi üçün ilkin materiallar toplanmışdı və artıq çıxarılması nəzərdə tutulan qərarın qarşısını almaq mümkün deyildi. 

Həbib bəy Səlimov  barəsində açılan cinayət işi protokolundan: “Səlimov Həbib Yusif oğlu, 39 yaş, 1881-ci il fevralın 8-də Naxçıvan şəhərində  anadan olub…Bitərəfdir…  Mülki təhsilini  müəllimlər  seminariyasında,  hərbi  təhsilini  Baş  Qərargahın  məktəbində  alıb… 1914-cü ilə qədər  Kozlovski alayında podpolkovnik rütbəsinədək xidmət edib… Fevral burjua inqilabına qədər cəbhədə diviziyada adyutant olub… Oktyabr inqilabına qədər Petroqradda Baş Qərargahın  Nikaleyvsk  Akademiyasında oxuyub (7 mart 1918-ci ilə qədər) sonra onu birinci dünya  müharibəsi  cəbhələrinə göndəriblər… Almaniya-Türkiyə qüvvələrinə qarşı döyüşmək üçün Türkiyə cəbhəsindəki  qüvvələrin  tərkibində olub. Əvvəllər mühakimə edilməyib…”.

Həbib bəy yuxarıda göstərilən səbəblərdən dolayı bolşeviklərlə işləməkdən imtina etdiyi üçün 1920-ci ilin 1 sentyabrında həbs edilir və elə həmin ilin dekabr ayının 30-da saat 10:30-də bolşeviklər tərəfindən güllələnilir. Amansız  repressiya  caynağından, təəssüf ki, Həbib bəy də xilas ola bilmir… 39 il – qısa bir ömür sürməsinə baxmayaraq Səlimovun Azərbaycan dövləti qarşısında  böyük  xidmətləri  olmuş,  Azərbaycan  torpaqlarını  düşmən tapdağından azad etməkdə,  ordunun  formalaşmasında  misilsiz  xidmətlər  göstərmişdir.

MÜƏLLİF: NAMİQ BAĞIRLI

Namiq Bağırlı

Quba şəhərində “Soyqırımı Memorial

Kompleksi”nin Elmi araşdırmalar,

ekspozisiyası və fond şöbəsinin mütəxəssisi.

Mob: +994506097097

namiq-bagirli@mail.ru

NAMİQ BAĞIRLININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru