FİRUZ MUSTAFANIN YAZILARI

ZƏLİHƏ kimdir?

Amma söhbətin qəhrəmanı tanınmış musiqişünas Firudin Şuşinskidir.

Arada boş vaxtım olanda”ciddi” yazılarımla bərabər, qarmaqarışıq xatirələrimi, habelə müxtəlif qovluq və çantalarda sistemsiz halda toplanıb üst-üstə, yan-yana qalaqlanmış fotolarımı səliqəyə salmağa çalışıram. Bir çox fotoların bilavasitə “iştirakçısı”, bəzilərininsə “seyrçisi” olmuşam. Bir neçə dəfə həmin fotolarla bağlı xatirələrimi yazıb paylaşmış, dərc etdirmişəm.

Budur, həmin “silsilədən” yenə bir nümunə…

Tanıyanlar bilir, Firudin Şuşinski (Şuşalı) xarakteri etibarilə ziddiyyətli bir adam idi. Yorulmaz musiqi tədqiqatçısı və subyektiv baxışlı, şən və qəzəbli, zarafatcıl və ciddi, dostcanlı və dostlardan tez-tez küsən bir adam idi. “Olimp”in yaxınlığındakı “rəssamlar binası”nın həndəvərində yaşayanlar onu yaxşı tanıyırdı. Çox vaxt damağında qəlyan və başında qaragül dərisindən (buxara) papağı olardı. Qamətli, enlikürəkli, sarışın bir kişi idi.

Yaxın-doğma adamlar ona hörmət əlaməti olaraq “Firudin bəy” –deyə müraciət edərdi. Əslində görünüşündə doğrudan da bir “bəyzadəlik” hiss olunardı. Amma aşırı zarafatyana söhbətləri, atmacaları da vardı. Üzeyir bəyin, Seyid Şuşinskinin, Səməd Vurğunun, Mircəfər Bağırovun “gizli sevgiləri” barədə dinləyicilərinin çoxunun maraağına səbəb olan söhbətlər edərdi.

O vaxt (80-lərdə) mən “Azərbaycan gəncləri” qəzetində köşə yazıları ilə çıxış edir (“Şənbədən-şənbəyə”, “Həftənin mozaikası” və s.), Az.Tv-də isə verilişlər (“İlğım”, “İdrak” və s.) aparırdım. Elə Firudin Şuşinski ilə də bu redaksiyalarda rastlaşırdım.

Maraqlı əhvalatlar danışardı. Orasını da deyim ki, danışıqlarında baş verən hadisələri öz üslubuna uyğun dəyişməyi, vəziyyətə uyğun olaraq üstünə qoymağı və üstündən götürməyi vardı. Arada Marksdan, Lenindən və digər klassiklərdən misal çəkməyi də olardı. Soruşanda ki, bunu o məçhur adamlar harada yazıblar, ciddi tərzdə deyərdi: “Bunları yazmayıblar, şifahi deyiblər…”

“Azərbaycan gəncləri” qəzetində daha çox Tofiq Mütəllibov və Şahmar Əkbərzadə ilə zarafatlaşardı.

Bir dəfə Moskvadan gəlmişdi. Məşhur qəlyanı damağında, papağı da başında idi.

Şöbə müdiri, şairTofiq Mütəllibov dedi:

-Firudin, çoxdan idi görünmürdün, haralarda idin? –Sonra bir az susub əlavə etdi- Soyuq yerlərdən gələnə oxşayırsan…

Onsuz da həmişə bir az burnunda danışan Şuşinski öskürı-öskürə dedi:

-Sən yaman çoxbilmişsən Tofiq, haradan bildin ki, Moskvada, soyuq yerdə idim?

Hazırcavab şair tez dilləndi:

-Öskürməyindən bilinir ki…

Hamı güldü.

Firudin bəylə çox vaxt musiqiçilərlə bağlı “radikal” yazılarına görə mübahisə edən şair-publisist Şahmar Əkbərzadə söhbətə bir az “ciddi axar” vermək məqsədilə soruşdu:

-Firudin, oralarda kimi gördün?

-Harada?-deyə, Şuşinski dilləndi.

-Moskvada… Necə yəni harada?

Şuşinski əlindəki çubuqla qəlyanını eşə-eşə dedi:

-Moskvada bolluqdur, ucuzluqdur.

Kimsə soruşdu:

-Məsələn, nə? Nə ucuzdur?

Tədqiqatçı qəyanının çubuğunu kənara qoyub bığını sıqallaya-sığallaya dedi:

-Məsələn, dondurma çox ucuzdur… Bir də, zad… zad…

Şahmar gülüb dedi:

-Nə zad-zad salmısan? Yoxsa arxiv bəhanəsi ilə yenə Jukovun qızının yanına getmişdin?

Şuşinski bığaltı gülüb dedi:

-Sənin də bilmədiyin şey yoxdur.

Mənim dilim dinc durmadı, soruşdum:

-Jukovun hansı qızını deyirsiz?

Firudin Şuşinski bir az duruxub dedi:

-Kimə nə dəxli var bunun? Şahmar, sən də söz tapmadın də danışmağa…

Mən haradasa oxumuşdum ki, məşhur sərkərdənin üç qızı var. Onlardan birini –Moskvadakı Hüquq institutunda çalışan Era Qriqoryevna Jukovanı isə o vaxtlar çalışdığım Fəlsəfə və Hüquq İnstitutunun bəzi əməkdaşları şəxsən tanıyırdılar və işgüzar-istedadlı bir xanım olduğunu, marşal Vasilevskinin oğluna ərə getdiyini deyirdilər. Marşalın digər qızları isə deyəsən jurnalist, publisist idi…

Bir az ordan-burdan danışandan sonra Firudin bəy üzünü Şahmara tutub dedi:

-A dəli Çəmənli, sabah bu cavan oğlanı-Firuzu, bir də Tofiqi götürüb gələrsən bizə… Axşamdan yaxşı piti qoyacam.

Dəqiqliyi sevən Tofiq Mütəllibov tez dilləndi:

-Mən sabah Təhsinlə görüşməliyəm, gələ bilməyəcəm… Təklifinə görə sağ ol, Firudin…

Mən də kitabxanaya gedəcəyimi bildirdim.

Şahmar mənə göz vurub dedi:

-Sən heç bilirsən bu köhnə kişinin necə zəngin arxivi, kitabxanası var?.. –Sonra köhnə dostuna sarı dönüb onu arxayın saldı:- Yaxşı, Firudin sabah günorta mən Firuzla sizdə…

Sabahısı gün Şahmarla vədələşdiyimiz yerdə görüşüb “köhnə kişinin” mənzilinə getdik. Məşhur “rəssamlar evində” yerləşən mənzil bir növü yarızirzəmi idi. Otaqlar çox səliqəli idi. Divarlar məşhur adamların portreti ilə bəzənmişdi. Mizin üstündə qədim potefon, müxtəlif ölçülü vallar, cürbəcür musiqi alətləri vardı.

Amma piti hələ hazır deyildi. Əvəzində ev sahibi bizi çiçəklərdən dəmlədiyi ətirli çaya qonaq etdi…

Söhbətarası Şahmar mənə astadan dedi ki, bu evi Firudina vaxtilə dostu, Bakı meri Əliş Ləmbəranski verib… Özü də çoxlarının subay hesab etdiyi “köhnə kişi” polyak bir qadınla evlidir, Məhəmməd adlı istəkli bir oğlu da var.

Biz xudahafizləşib ayrılmaq istəyəndə Firudin Şuşinski qovluqların içindən bir şəkil çıxarıb dedi:

-Bu yaxınlarda sizə bir yazı gətirəcəm, orada bu şəkli verərsiniz.

Doğrusu, bilmirəm yazı nə zaman dərc olundu, amma şəkil indiyəcən qalmaqdadır. Fotonun arxasında yazılıb: “Şövkət Ələkbərova, Firudin Şuşinski, türk müğənnisi Zəlihə”.

Zəlihə kimdir? Zənnimcə bu, Müzeyyen Senar ola bilər. Həmin gözəl xanımı musiqi xiridarları daha yaxşı tanıya bilər.

Mənbə:Firuz Mustafa

p.s.

Saytlar və digər media vasitələri yazını dərc edə bilər.

18.12.2021.

MÜƏLLİF: FİRUZ MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru