CABİR NOVRUZUN YAZILARI

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

CABİR NOVRUZ

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

GEDƏCƏYƏM SÖZLƏR 
KİMİ ÇİYİNLƏRDƏ

Mənə sözün ixtiyarın verdi Yaradan,
Dedi: – sənə ilham, qələm qoy kömək olsun.
Məni başa düşmədilər bu zəmanədə,
Axı başa düşmək üçün baş gərək olsun.

Durub dövrə yalvarmadım, üz tutmadım, yox,
Külək hansı səmtə əsdi ora əsmədim…
Şair haqdan yaranıbdır, utanmadım, yox,
Gündə-gündə özümə bir allah gəzmədim…

Öz inamım, öz məsləkim oldu həmişə,
Öz sevincim, öz kədərim, öz qəmim oldu.
Söz şairə əqidədir, yoldur həmişə,
Sözə xain çıxanlara söz qənim olsun…

Anam getdi o anamı eylədi əvəz,
Bacım getdi şeir mənə bir bacı oldu.
O mənimçin könüllü həbs, könüllü qəfəs,
Həm əzabım, həm də əsil əlacım oldu…

Pulsuz oldum, amma ruhsuz yaşamadım mən,
Söz dövlətim, söz ziynətim, söz daşım oldu.
Ölüm ömür yoldaşımı aldı əlimdən,
Poeziya mənə ömür yoldaşı oldu…

Zalım, nankor zəmanənin yaxşısı, pisi,
Aşkar hopdu, çökdü mənim sətirlərimə.
Elə bil ki, vəcdə gəlib Tanrının özü,
Öz əlini çəkdi mənim sətirlərimə…

Əsla bitib, tükənmədi söz əmanətim,
Yollarıma gecə-gündüz o tutdu məşəl.
Amma məni duymadılar bu zamanədə,
Yəqin ayrı zamanədə başa düşərlər…

Ürəklərə toxum səpdim vermədi səmər,
Ha çağırdım yatan kütlə sanma ayıldı…
Söz sayıldı vecsiz, cəfəng sərsəmləmələr,
Köhnə, cındır ibarələr şeir sayıldı…

Nə qədər ki, ruh yaşayır, can var bədəndə,
Dəyişməzdir şeirim, fikrim, əqidəm, səsim…
İstəmirəm bu dünyadan bir gün köçəndə,
Qara kütlə tabutumun dalınca gəlsin…

Başsız qoyun sürüləri dünyada nə çox,
Qoy iki-üç qanan adam ötürsün məni…
Qoymazsınız, qoymazsınız balalarım, yox,
Çirkin əllər tabutumu götürsün mənim…

Gec-tez sona çatacaqdır ömür nağılım,
Gedəcəyəm bu dünyadan şeir dilimdə…
Gedəcəyəm ən birinci oğullarımın,
Bir də, bir də sözlərimin çiyinlərində…

Müəllif: Cabir NOVRUZ

CABİR NOVRUZUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru