ALƏM KƏNGƏRLİNİN YAZILARI

ALƏM KƏNGƏRLİ

Aləm Qulu oğlu Əkbərov 6 aprel 1957-ci ildə Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

EHSAN

Payızın üz qarsıyan sazaqlı günləri arxada qalmaqda idi. Saat təqribən beş olardı. Bir azdan dan yeri qızaracaq, kənd-kəsək gözünü ovuşdura-ovuşdura yuxudan ayılacaqdı…

Göyüş kişi Alabaşın gur səsinə yuxudan oyandı. Gecələri yuvasında rahat yatıb səsini çıxarmayan, heç nəyə məhəl qoymayan itin birdən-birə belə hay-küy salması Göyüş kişini çox təəccübləndirdi. Yaşlanıb heydən düşmüş, ömrünü bu həyətin keşiyini çəkməklə başa vurmağa hazırlaşan Alabaş gündə üç dəfə yalını yeyib yatar, cınqırını belə çıxarmazdı.

Kənddə kimə desəydin ki, Alabaş Saymazın balasıdır, heç kim inanmazdı. Çünki Saymaz sağlığında elə bir ad çıxarmışdı ki, indi də xatirələrdə yaşayırdı. Hələm-hələm itlər onun qabağına çıxa bilməzdi. Çıxsa da zəngiltiləri kəndi bürüyərdi. Dəfələrlə olmuşdu ki, qonşu kəndlərdən gəlib mərc ilə it boğuşduranları da Saymaz həmişə kor-peşman yola salmışdı. Çox vaxt kəndin qoyun sürüsünü təkbaşına qorumuşdu, qurda-quşa yem eləməmişdi. Odur ki, Göyüş kişi zirəklik edib hələ Alabaş anasının qarnında olanda onu behləmiş, çoban Bayram da kişi kimi söz vermişdi ki, Saymazın bir balası səninkidir. Elə də olmuşdu. Saymaz balalayanda hər gün göz-qulaqda olan Göyüş kişi özünü hamıdan qabaq yetirmiş və küçüyün birini götürüb aradan çıxmışdı. Alabaş böyüməyinə böyümüşdü, amma Saymaza cəkməmişdi… Alabaşa pis baxılmamış, ağzı yeməyə çatana kimi qoyun südü ilə bəslənmişdi. Anasından fərqli olaraq o, çöldə-bayırda böyüməmişdi, həyətdən qırağa çıxmamış, canavarlarla üz-üzə gəlməmişdi. Bir tikə çörəyə qane olaraq zəncirli taleyi ilə barışmışdı. Qarşısına hansısa bir it çıxsa, yəqin ki, quyruq bulayar, yaltaqlanar, boğuşmaqdan imtina edərdi.

Əkin-biçinə ziyan vurmasın deyə, Göyüş kişi Alabaşı ilin üç fəsli zəncirdə saxlayar, yalnız qış gecələri açıb buraxardı. Alabaş hər il havaların soyumasını və həyət azadlığını böyük səbirsizliklə gözləyərdi. Göyüş kişi hər dəfə zənciri açmaq üçün ona yaxınlaşanda it sevincindən qabaq ayaqlarını yerə döyər, quyruq bulayar, tullanıb-düşərdi. Alabaşın şıltaq hərəkətlərinə tamaşa edəndə istər-istəməz adamın könlü açılardı.

Həyətə kənar şəxs gələndə yalandan iki ağız “hav” eləyib səsini kəsən itin indi susmaması Göyüş kişini çaşdırdı. Fikirləşdi ki, yəqin həyətə tülkü girib. Çünki, Alabaşın qeyrətə gəlib, birdən-birə belə “tufan” qoparması görünməmiş hal idi.

Göyüş kişi hər gün səhər tezdən durub tövləyə baş çəkər, arvadı çay hazırlığı görənə qədər həyətdəki xırda-para işləri görərdi. Alabaşın dayanmadan hürməsi onu bu gün yataqdan tez qaldırdı. Köhnə pencəyini çiyninə atıb tuman-köynəkdə həyətə çıxdı. Hasar qapısının arxasından Mais kişinin oğlu Dilavərin səsi gəlirdi:

-Qonşu! Ay qonşu!

Dilavər üz-gözündən zəhrimar yağan, adamlıqdan kənar, işi-gücü olmayan, avaranın biri idi. Üstəlik, fırıldaqçı və dələduz kimi də ad çıxarmışdı. Bu adam yağlı vədlərlə təkcə uşaqları deyil, hətta böyükləri belə aldadıb, pullarını ələ keçirərdi. O gün olmazdı ki, qapılarına şikayətə gəlməsinlər. Bir-iki dəfə kənd cavanları onu möhkəmcə əzişdirsələr də xeyri olmamışdı. Adam olmaq istəmirdi ki, istəmirdi. Kənddə heç kim onunla münasibət qurmazdı. Elə Göyüş kişinin də iti-qurdu görməyə gözü var idi, Dilavəri yox. Odur ki, onunla üz-üzə gələndə ya yolunu dəyişər, ya da ki, özünü görməməzliyə vuraraq salam-kalamsız yanından ötüb keçərdi.

Dilavər istər sifət quruluşuna, istərsə də xasiyyətinə görə atası ilə birə-bir eyni idi. Mais kişi 27 yaşda nə idisə, Dilavər də indi o idi. Elə bil o getmişdi, yerində bu bitmişdi. Mais kişinin kənd adamları arasında hörmət sahibi olmaması, daima ara qarışdırması, çuğulluq etməsi, ev yıxmağa meyilli olması bütünlüklə oğul balasına keçmişdi.

Görünür, Alabaş da Dilavərin yaramaz adam olduğunu hiss etdiyindən, dayanmadan hürürdü. Göyüş kişinin düşməni həyətə gəlsəydi, bəlkə də səsini çıxarmazdı. Ancaq indi dişlərini qırcıyıb Dilavərə tərəf elə dartınırdı ki, deyirdin bəs ya zəncir qırılacaq, ya da zəncir bağlanan mıx yerindən çıxacaq. Qonşular belə, bu mənzərəni görsəydi, heyrətlənər, gözlərinə inanmazdılar.

Göyüş kişi itə acıqlanaraq, onu susudurdu. Sonra yaxınlaşıb, yavaşca qapını açdı. Bir söz demədən Dilavərin gözlərinə baxaraq, belə erkən nə üçün gəldiyinə cavab gözlədi. Dilavər titrək səslə dedi:

-Göyüş əmi, atam öldü.

Göyüş kişi duruxsa da, cavabı çox yubatmadı:

-Yaxşı, get, gəlirəm.

Dilavər gedən kimi it yuvasına girdi. Kişi evə girib arvadını yavaşca dümsüklədi:

-Dur, Xalidə. Bəsdir yatdın.

Arvadı özünə gəlib, soruşdu:

-A kişi, nə tez durmusan? Olmaya yuxunu qatışdırmısan?

-Yox, Alabaş oyatdı. Mais rəhmətə gedib, – deyə kişi cavab verdi.

-Pah, böyük şey olub. Ölüb ölüb da. Sənə nə? Onlar ki, xeyrə-şərə yarayan adam deyillər. Yadındamı, şəhid Azərin qəbrini qazmağa çağırdılar, iki kişidən biri gəlmədi?

Göyüş kişi haqlı sözə hökmlə cavab verdi:

-Yaxşı, yaxşı! Az danış. Hamı eyni cür ola bilməz ki. Hərənin öz adı var.

-Onda heç olmasa bir stəkan çay iç, get, – arvadı canıyananlıq etdi.

-Yox, yox. Çay qaçmır ki. Yubanmayım, ayıbdır. Camaat adama nə deyər? Sən heyvanları çölə ötürüb, toyuqların dənini verərəsən. Mən külüngü götürüm, gedim.

Göyüş kişi qonşunun həyətinə girəndə ağlaşma səsi eşitmədi. Sonra külüngü bayıra qoyub evə daxil oldu. Mais kişinin cəsədi dəmir çarpayının üstündə idi. Qızı atasının böyründə oturub sakitcə göz yaşı tökürdü. Dilavər və anası Gülzar arvad isə yerdən əyləşib mızıldansalar da, yanaqları qupquru idi.

Əslində Mais kişi uzun müddət yataq xəstəsi olduğundan, evdəkiləri bezdirmiş, canlarını boğazına yığmışdı. Mais kişi ölümü ilə özünü işgəncə və ağrılardan qurtarmaqla bərabər, şirin yuxuya həsrət qalan ailə üzvlərinin canına da bir rahatlıq gətirəcəkdi. Görünür, elə ona görə də evdəkilər hay-həşir salmaqda həvəsli görünmürdülər. Gəlin isə ümumiyyətlə ağlamır, yüyürərək yan-yörəyə əl gəzdirir, evdə səliqə-sahman yaradırdı. Sağlığında qayınatasının qulluğunda dursa da, altına qab aparmağı Dilavər ona yasaq eləmişdi.

-Camaata demisiz? – Göyüş kişi Dilavərdən soruşdu.

-Hə. Qohum-qonşuların hamısı bilir, – deyə, Mais kişinin qızı Çiçək cavab verdi.

Çiçək salamlı-kəlamlı, mehriban, gülərüz bir qız idi. Hamı da xətrini çox istəyirdi. Elə bil heç bu evin uşağı deyildi. Ərə getməsə də, istəyəni yetərincə idi. Di gəl ki, el qınağından çəkinərək bir nəfər də bu qapıya elçi göndərməzdi.

Çiçəkdən fərqli olaraq, anası Gülzar arvad tam başqa bir adam idi. O, heç kimlə get-gəl eləməz, kəlmə kəsməz, bütün günü evə qapanıb oturardı. Bilmək olmurdu ki, qaş-qabağının açılmamasına səbəb nədir: əri ilə oğlunun bəd xasiyyəti, yoxsa günü-gündən yaşlanan qızının evdə qalması? Oturub-durduğu bir nəfər yox idi ki, dərdindən xəbər tutsun. Gülzar arvad haqqında hərə öz fərziyyəsini dilə gətirərdi. Əsl həqiqətdə isə həyatdan küskünlüyü­nün əsas səbəbini özündən və Allahdan başqa heç kim bilmirdi. Bəlkə bilsəydi, bir də indicə dünyasını dəyişən əri bilərdi. O da ki, bildiyini özü ilə goruna aparacaqdı.

Aradan xeyli vaxt keçmişdi. Hava işıqlansa da, qonşulardan, kənd adamlarından qapını açıb içəri girən yox idi. Bayaqdan taxta kətildə oturub gözləyən Göyüş kişi vəziyyəti başa düşüb Dilavərə dedi:

-Gecdir, beli götür, gedək. Mən külüng gətirmişəm.

Birlikdə iki nəfər üz tutdular qəbiristanlığa. Dilavər beli əlində tutsa da, külüng ağır olduğu üçün Göyüş kişi onu çiyninə atmışdı. Dilavər elə şeyləri başa düşən deyildi ki, külüngü kişidən alıb, beli ona versin. Elə bil, onun deyil, Göyüş kişinin atasının qəbrni qazmağa gedirdilər. Əslində bu çətin işdə 75 yaşlı Göyüş kişiyə heç bir rol yaraşmırdı. Necə deyərlər, canı sulu olsa da, yaş öz sözünü deyirdi.

Gəlib qəbirsanlığa çatdılar. Göyüş kişi Dilavərin babasının məzarına işarə edib dedi:

-Allah rəhmət eləsin, bunu da biz qazmışdıq.

Sonra onun böyüründəki boş yeri göstərib:

-Burdan qazacağıq, – dedi.

Torpağın üst qatını bel ilə götürüb kənara atır, bərkə çıxan yerləri külünglə yumşaldırdılar. Bu minvalla bir az qazmışdılar ki, beş-altı adamın əllərində bel onlara tərəf gəldiyini gördülər. Dilavər bilmədi, sevincindən nə etsin. Qarnına sancı dolmuşdu ki, qəbri axşama kimi qazıb qurtara bilməyəcəklər. Sən demə, camaat səhər mal-heyvanı çölə ötürməyə çıxanda xəbər tutub ki, qəbir qazmağa qonşulardan təkcə Göyüş kişi gedib. Sabah ağsaqqalın üzünə baxa bilsinlər deyə, yığışıblar ki, onun köməyinə getsinlər.

Qəbri hazırlayıb, meyidi gətirmək üçün birlikdə geri döndülər. Həyətdə Dilavərin qayınatası, Mais kişinin küsülü olduğu böyük qardaşı və bir də kənd mollası meyidi kəfənləyib, onları gözləyirdi. Qəssab Yaqub həm də aşbazlıq etdiyindən ocaq qalayıb ət dolu qazanı üstünə qoymuşdu ki, ehsan günortaya hazır olsun.

Tabutu çiyinlərinə alıb səssiz-səmirsiz yola düzəldilər. Xəstəlik Mais kişini əridib “çöpə” döndərdiyindən tabut ağır deyildi.

Mərhumu dəfn etdikdən sonra molla dedi ki, ölü sahibləri onları bu ağır məqamda tək qoymadığınıza görə sizə təşəkkür edir. Hər birinizdən zəhmətinizi halal etməyi və günorta ehsan süfrəsinə təşrif buyurmağınızı xahiş edir. Qonşular bir ağızdan “halal xoşu olsun”, dedilər. Sonra isə gəldikləri kimi də dinməz-söyləməz geri qayıtdılar. Üst-başlarını qaydaya salmaq üçün hərə öz evinə getdi.

Günorta ehsan vaxtında hazır olsa da, yeməyə gələn olmadı.

Axşama yaxın Dilavərin arvadı əlində bir qab yeməklə Göyüş kişigilə gəldi. Qabı Xalidə arvada uzadıb dedi:

-Ehsandır. Xahiş edirəm, götürün. Qabı sonra qaytararsınız.

Xalidə arvad tərəddüd içərisində bir söz demədən ehsanı aldı. Sonra fikirli halda qabı tut ağacının gövdəsindəki oyuq yerə qoyub, toyuqlara yem gətirmək üçün təndirəsərə getdi. Geri qayıdan zaman gözlərinə inanmadı. İt dartınaraq ayağı ilə ağacdan yerə saldığı ehsana elə daraşmışdı ki, sanki, uzun müddət ac saxlanılmışdı.

Alabaş indiyə kimi belə dadlı yemək yediyini xatırlamırdı.

MÜƏLLİF: ALƏM KƏNGƏRLİ

ALƏM KƏNGƏRLİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru