BƏXTİYAR ABBAS İNTİZARIN YAZILARI

SAHİBSİZ İTLƏ SÖHBƏT
(hekayə)
Ay Allahın heyvanı, nə meymunluq edirsən, keçirsən o yan-bu yanıma? Yalvarıram, üzünü sürtürsən ayağım altına. Zorla özünü soxuşdurursan mənə ki, sahib çıxım sənə.
İncimə məndən, daha insanlar meymunluq edəndə sənçün “şükürlər” deməliyəm. Səni başa düşürəm, noolar, sən də məni başa düş. Xanımağa səndən iyrənir və qorxur. Hələ qısqana da bilər. Başımda iki cüt, bir tək tük qalıb. Sənə həyətimə götürüb həyatıma zəhər qata bilmərəm.
Sənə verəcək artıq çörəyim də yoxdur. Hökumət mənə maaşı qəpiklə, çörəyi qramla verir. Zorla günü günə, ayı aya calayıram.
Çox yalmınma mənə, a yetim. Göynətmə məni. Yadıma əmi yanında böyümüş yetim Elzanı düşdü. O da sahibsiz idi. Oğlu olan bütün analara yalmınırdı ki, kimsə onu evinə gəlin götürsün.
Ay Allahın heyvanı, mən səndən betər yetiməm. Keçən il SOCAR-da vakansiyadan test imtahanında 20-dən 19 bal yığdım, işə qəbul etmədilər. Amma sahibli olan,13 bal yığan işə götrüldü, nə olsun ki, mənim ali təhsilim var idi, heç onun orta ixtisas təhsili yox idi.
Əl çək məndən, a yazıq. Haqqım ola-ola məhkəmə mənə vəsaitim olmadığı halda belə vəkil vermədi. Amma 8 evdən 22403 manat çırpışdıran oğruya vəkil veriblər.
Əl çək məndən. Sənə kömək edərdim Yaradan xatirinə, amma gücsüzəm. Bağışla məni. Sənə olsa-olsa məsləhət edə bilərəm. Mənə yaxşı qulaq as. Həyat təcrübəmdən bir-iki misal deyim.
İşsiz olan günlərimdə eşitdim ki, “Nurgün” şirkəti anbardar vakansiyası üzrə müsabiqə keçirir. Bütün sənədləri yığıb qaçdım düz ora. Bir yerə 12 vakant var idi. Lider oldum. Baş mühəndis köməkçisi yaxınlaşıb dedi ki, sən qalıbsən, qalır bir zəng. Deputat olmasa da,heç olmasa bir məktəb direktoru bizə zəng etsin. Heç kimi tapa bilmədim. İkinci nəticəsi olan zənglə qəbul olundu. Yox bu sənlik olmadı.
İkincini deyim. Bir istehsal sahəsinə növbə rəisi vakansiyası var idi. Müdir müavini sənədlərinə baxıb dedi:
-əfsus, kimliyində doğum yerin yetərli deyil. Amma bir çıxış yolun var. Sən yalandan boynuna al ki, “yeraz”san. Baban guya erməni əlindən dağı aşıb qaçanlardan olub…
Üzümü döndərib çıxıb getdim. Sən də üzünü döndərib get. Dilim duzludur, məni işə salma…
MÜƏLLİF:BƏXTİYAR ABBAS İNTİZAR
27.11.2022.

BƏXTİYAR ABBAS İNTİZARIN YAZILARI



“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru