DAMƏT SALMANOĞLUNUN YAZILARI

Xarı bülbülüm
 
Deyirəm, İlahi, nə gözəl andır,
Gül gülü çağırır, bülbül bülbülü.
Vətənin hər yanı cənnətməkandır,
Güllərin şahıdır xarıbülbülü.
 
Dirilir, dirçəlir, boy atır hər an,
Səsini eşitcək vətən himninin.
Maraqla axtarar hər onu görən,
Bu nazlı gözəlin dərin sirrini.
 
Yoxdur gözəlliyi başqa güllərdə,
Məskəni Şuşanın sinəsindədir.
Boyunu görsətməz başqa ellərdə,
Hər zaman öz doğma binəsindədir.
 
Alınmaz qalanın adın eşidən,
Xarıbülbül deyə anır adını.
Boyunu oxşayar hər səhər tezdən,
Dağların küləyi gözəl “qadının”.
 
Adın Azərbaycan andı olacaq,
Ey Cıdır düzünün bəzəkli qızı.
Şəhidlər qanıyla suvarılaraq,
Oldun Qarabağın unudulmazı.
 
 
Ürəyim
 
Soyuyub havalar, qış havasıdı,
Həsrətdən buz tutub donur ürəyim.
Hələ ki, gec deyil, tez yetiş barı,
Gəl isit könlümü, sönür ürəyim.
 
Gəl silək hicranın göz yaşlarını,
Unudaq həyatın kədər-qəmini.
Sevgi dənizində batıraq, gülüm,
Yelkəni dərd olan nəhəng gəmini.
 
Günlərim, aylarım yaman tez keçir,
Sanki qaçır məndən, zaman tələsir.
Sənli ümidlərim yadlaşır hər gün,
Qəlbimdən çıxmağa güman tələsir.
 
Bu qərib aləmdə kimim var axı?
Sən oldun həyatda arzu-diləyim.
Gözümün nurusan, – desəm az olar,
Ay mənim köksümdə vuran ürəyim.
 
 
Getmə
 
Gecələr yuxuma gəlirsən hərdən,
Səmada parlayan bir ulduz kimi.
Məsum baxışınla seyr edib məni,
Qaçıb yox olursan dəcəl qız kimi.
 
Elə ki, istədim tutum əlini,
Qaçıram arxanca çata bilmirəm.
Sən məni həyatda tuta bilirsən,
Mən səni yuxumda tuta bilmirəm.
 
Süzdürüb gözünü, çatıb qaşını,
Atırsan ruhumu odlara, gülüm.
Yetim uşaq kimi boynumu büküb,
Həsəd aparıram yadlara, gülüm.
 
Qoy sənli röyalar təsəllim olsun,
Nə olar, gəlmisən bir daha getmə,
Barı, yuxularda zülm etmə mənə,
Gecədən bir addım sabaha getmə.
 
Şeh məhəbbəti
 
Bir söylə, sən niyə beləsən axı?
Tez küsüb-inciyən, bir az da çılğın.
Gah gülür gözlərin sevinc içində,
Gah da fikirlisən, kədərli, dalğın.
 
Bəlkə, ruhlarımız min illər öncə,
Yaşayıb birlikdə can deyə-deyə.
Atdığın hər addım yad gəlmir mənə,
Doğmasan, əzizsən, bilmirəm niyə.
 
Gəl, gülüm, qəlbimin sultanı sən ol,
Ay, mənim ruhumun ruh məhəbbəti.
Qəlbimə məlhəmdir bircə gülüşün,
Ömür çiçəyimin şeh məhəbbəti.
 
 
Qadın
 
Dünya böyüklükdə dərdin var sənin,
Bahar arzuların boran, qar sənin,
Təkliklə baş-başa qoydu yar səni,
Dərdinə sarılıb yaşayan, qadın.
 
Qüssəni, kədəri qəlbinə əkib,
Əlçatmaz sevginin yükünü çəkib.
Qaməti əyilib, qəddini büküb,
Dərdinə sarılıb yaşayan qadın.
 
Dəfn edib qəlbində öz fəryadını,
Bilmədi bir ömür sevinc dadını.
Qoruyub saxladı təmiz adını
Dərdinə sarılıb yaşayan qadın…
 
 
Gənclik qatarı
 
Qəlbimin gözüylə axtardım səni,
Baxdım dörd bir yana tapa bilmədim.
Dedilər vağzaldan təzə ayrılıb,
Yüyürdüm arxanca çata bilmədim.
 
Çılğın xəyalları, gənc ümidləri,
Sən mənim qəlbimdən qoparıb getdin.
Dünəni bu günə xatirə edib,
Ömrümdən gəncliyi aparıb getdin.
 
Aman da vermədin vidalaşmağa,
Ey qatar, bu sənin ədalətindir.
Gizlincə aparan gəncliyi məndən
Bəlkə də, sən deyil ədavətindir.
 
İndi bu vağzalda sənin yerində
Qocalıq qatarı gözləyir məni.
Gənclikdən yadigar xatirələrim
İndi bu qatarda izləyir məni.

İlkin mənbə: edebiyyatqazeti.az

Müəllif: Damət SALMANOĞLU

DAMƏT SALMANOĞLUNUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru