VÜSAL HƏTƏMOVUN YAZILARI

Tank şəhidimiz…

Kobra ləqəbli polkovnik Xeyrulla İbrahimov…

2005-ci ildə Gəncədə N saylı hərbi hissədə komandirimiz idi. Biz zabit kimi bir aylıq artilleriya kurslarına gəlmişdik. Zabit olaraq şəxsi heyətlə işləməyimiz üçün bizə verdiyi bir çox dəyərli tövsiyələr sonrakı hərbi həyatımızda çox önəm kəsb etdi. Hətta onun bəzi tövsiyələri sonralar mülki işimdə də çox karıma gəlirdi.

Ondan bir sitat: “Elə öyrənin ki, əsgər sizdən heç vaxt çox bilməsin, yəni gecə-gündüz öyrənin, yoxsa ki əsgərin gözündə yarıtmaz zabit kimi qalacaqsınız.”

44 günlük Vətən müharibəsində isə…

Tale elə gətirdi ki, Polkovnik Xeyrulla İbrahimov müharibədə də bizim böyük komandirimiz, Bakı korpusunun artilleriya komandiri oldu. Onun bu vəzifədə olması mənim kimi bir çox onu tanıyan döyüşçülərimizi sevindirirdi – sükan etibarlı əllərdə idi..!

Şəhid haqda qısaca vikipedik məlumat: “Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Xeyrulla İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin, dayaq məntəqələrinin məhv edilməsi zamanı fərqlənib. Etmənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında “Kobra” ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi pul ödənişi belə təyin edilmişdi. Xeyrulla İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub… Xeyrulla İbrahimov 1992–1994-cü illrdə Birinci Qarabağ müharibəsində də iştirak etmiş, Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşmış, 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanmışdır.” (https://az.wikipedia.org/wiki/Xeyrulla_%C4%B0brahimov )

Xeyrulla İbrahimov təxris olsa da, Vətən müharibəsinə könüllü yazılmışdı. Yaxınları deyirdi ki, Xeyrullanın həyat yoldaşı ağır xəstəlik ucbatından rəhmətə getdiyi üçün çox nisgilli idi, özünə heç cür yer tapa bilmirdi. Xeyrullaya demişdilər ki, yaşlı adamsan, sənin üçün orduda – özü də müharibə zamanı – xidmət çox çətin olacaq. O isə bildirmişdi ki, onsuz da həyat yoldaşımdan sonra özümə yer tapa bilmirəm. Mənim üçün bu həyat çox çətindir…

Oktyabrın ortaları idi. Tugdan Böyük Tağlara doğru yaxınlaşırdıq. Döyüş əməliyyatlarımız uğurlu gedirdi. Sevincimiz hədsiz idi. Lakin..

Eşitdiyimiz xəbər bizi çox sarsıtmışdı. Düşmən Polkovnik Xeyrulla İbrahimovu tank əleyhinə idarə olunan raketlə (TƏİR – KORNET) vurmuşdu.

Bəli, pusquda gizlənmiş düşmən zirehli maşın əvəzinə insana qarşı TƏİR Ssilahından istifadə etmişdi. Amma onsuz da düşmən Xeyrullanı güllə ilə öldürə bilməzdi. Həmişə öz aramızda qibtə ilə “Şvasneqr” dediyimiz Xeyrulla, sözün əsl mənasında, tank idi. Biz inanmırdıq ki, ona güllə bata bilər.

Mərhumun bədəni iki yerə bölünmüşdü…

Amma bu gün sənin ruhun şaddır, sən bölünmüş müqəddəs bədəninlə Qarabağı Azərbaycana birləşdirə bildin! Sən bölünmüş müqəddəs bədəninlə bölünmüş torpağımızı toplaya bildin! Sən bölünmüş müqəddəs bədəninlə səpələnmiş, pərakəndə qalmış arzularımızı tamlaşdırıb birləşdirə bildin! Ruhun şad olsun, Tank ŞƏHİDİMİZ!

Müəllif: Vüsal HƏTƏMOV

VÜSAL HƏTƏMOVUN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru