GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

 İşğaldan otuz il sonra

        İki min ikinci il olardı. Günü, ayı, fəsli dəqiq yadımda qalmayıb. Bakıda şadlıq evlərindən birini işlədən tanışımın yanına getmişdim. Qapıya yaxınlaşanda həmin şəxsi harasa tələsən gördüm. Gözləyib, gözləməyəcəyimə qərar vermək üçün nə vaxt qayıdacağını soruşdum. O, sualımı yarıda saxlayıb dedi: “İçəridə kabinetlərin birində Altay bölgəsindən BŞBPİ –nə ezam olunmuş iki polis nahar edir. Get yanlarına, həm çörək ye, həm də onlarla söhbət elə. Ola bilsin ki, səni maraqlandıran hansısa suala cavab tapdın”. Mən onun dediyi kimi də etdim. Təqribən 27-28 yaşlarında olan polislər tək deyildilər, müdirlə ortaq tanışımız da kabinetdə idi. Mən də nahar süfrəsinin arxasında əyləşdim. Onların mənə xitabən səsləndirdikləri ilk cümləni olduğu kimi yazmağı özümə borc bilirəm: “Bakıya ezam olunmazdan əvvəl bizi mərkəzə – Barnaula çağırıb bərk-bərk tapşırdılar ki, siz Azərbaycana gedirsiniz, son dərəcə ehtiyatlı olmalısınız, orada başınızı da kəsə bilərlər”. Mən çox sakit halda, xaricilərin yanında emosiyalarımı bacardığım qədər gizlətməyə çalışıram, soruşdum:

– Bəs siz gəlib burada nə gördünüz?

– Tamam əksini, – deyə cavab verdilər. 

        Dünyada bu kimi ictimai fikirləri kimlər formalaşdırır və formalaşdırmaqda maraqlıdır?

        1988-ci il hadisələrindən sonra ak. A. D. Saxarov, Q. Starovoytova və başqalarının həyəsızcasına Bakıdan Qarabağ ermənilərinə müstəqillik tələb etmələri o vaxta təsadüf edirdi ki, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlı çöllərdə yaşayırdı. Bir ovuc erməni separatçılarının qeydinə qalan mənfur siyasi qüvvələr Azərbaycanın düşdüyü çıxılmaz vəziyyət barədə düşünmək belə istəmirdilər. Bu adamlar Ermənistanın da dostu deyildilər, sadəcə, iradəsinə tabe olduqları beynəlxalq təşkilatın quluna çevrilmişdilər. Belələri üçün öz vətəni, özgə vətəni deyə məfhum yoxdur, dağıdıcılıq, pozuculuq missiyası var. Həm də dağıdıcı ideologiya-nın sahibləri təslim etmək naminə sıralarını durmadan böyüdürlər.

        Həmin illərdə ünvanını bilmədiyim yerlərdən Azərbaycana heç nəyə yaramayan yardımlar göndərilirdi.

        Xatırladım ki, Altay polisləri Bakıda olduqları müddətdə, baxmayaraq ki, qarşılayan tərəfin belə bir mükəlləfiyyəti yoxdur, pulsuz yeyib-içirdilər.  

        O vaxt V. Putin hakimiyyətə təzə gəlmişdi.

        20 yanvar, 1990-ci il gülləbaranını, Xocalı qətliamını, evindən, dədə-baba yurdundan qaçqın düşmüş bir milyon insanın acınacaqlı vəziyyətini görmüş biri kimi mənim də suallarım antisovet mövqeli Qorbaçov, dağıdıcı Yeltsin hakimiyyətindən sonra ölkəyə başçılıq edən Putin barəsində idi.

        Altay bölgəsindən gəlmiş polislər mənimlə açıq söhbət etməkdən çəkinmədikləri üçün səmimi danışırdılar. Onların Vladimir Vladimiroviç haqqında fikirlərinin ümumi məcmuu təxminən belə idi: “Putinin hakimiyyətə gəlməsi ölkədə vəziyyəti qısa müddətə sabitləşdirdi və Yeltsinin dağıdıcı fəaliyyəti zamanı baş alıb gedən korrupsiyaya, ölkə sərvətlərinin talanmasına son qoydu. O, milli maraqları qoruyub ön plana gətirdi. Putin hakimiyyəti dövründə iqtisadi stabillik və dinamik inkişaf əldə olundu”.         

        Əcnəbi polislər Putin haqqında öz qənaətlərində haqlı idilər. Əgər iqtisadi sabitliyə, dinamik inkişafa nail olmasaydı, bu gün Rusiya Ukrayna və onun timsalında bütün güc dövlətlərilə müharibə apara bilməzdi. Müharibənin başlanma səbəblərinə diqqət yetirək.

        Əlbəttə, Rusiya Ukrayna ilə mənim versiya hesab etmədiyim səbəblərdən də döyüşə bilər.

        Görəsən, Rusiya Ukrayna və onu silahla təchiz edən ölkələrlə döyüşür, ya SSRİ-nin dağılmasına rəvac verən müdhiş ideologiya ilə? Əgər məhvedici ideologiya ilə mübarizə aparırsa, müharibəni uduzsa belə qalib dövlətdir. Bu o deməkdir ki, V. Putin ölkəsinin maraqlarından üstün heç bir ideologiya tanımır.

        Müharibə təhlükəsizliyin təmin olunması məqsədilə də aparıla bilər. Rusiya öz milli təhlükəsizliyini qorumaq üçün sərhəd dövlətlərinin təhlükəsizliyini təmin etmək fikrindədir. Bu ölkələrdən biri də Ukraynadır. Zahirən belə görünür ki, Ukraynanın tərəfdaşları çoxdur, əslində, tərəfdaş kimi çıxış edənlərin heç biri tərəfdaş deyil. Ukraynanı silahla təchiz etmək hələ bu dövlətlə tərəfdaş olmaq anlamına gəlmir. Onlar alışan tonqalın üstünə çırpı atırlar ki, müharibə uzansın və Rusiya zəifləsin. Buradan belə çıxır ki, Rusiyanın zəiflədilməsi Ukraynanın məhvindən keçir. Tanış mənzərədir.

        Gözümün önünə ayaqlarında qaloş, başında rəngi solmuş yaylıq, kürəyində uşaq şələsi,  hiddətindən gözləri bərəlmiş, əlini sual işarəsi olaraq gicgahına dayamış, aclıq və susuzluqdan yerə çökmüş evsiz-eşiksiz Xocalı sakini – ahıl bir qadın gəlir. Təsvir vicdanı olan insanın ürəyini parçalayır. Amma bu ideologiyanın müəllifləri əməllərindən çox məmnundurlar. Axı hələ də Qarabağda mülki azərbaycanlıların bu və ya digər şəkildə qanı axıdılır. Bu gün özlərini Ukraynaya tərəfdaş kimi sırıyan bəzi ölkələr dünən Ermənistanın yanında idi, onlar hələ də oralarda vurnuxur, işğalçı dövləti elə müdafiə edirlər ki, ədalətin üzərinə ömürlük kölgə salırlar. Bu ona bənzəyir ki, güllə yarası almış hamilə qadının halına acımaqdansa, güllə atanın tüfənginə növbəti cinayət üçün patron yerləşdirməyə çalışırlar. Məsələn, ABŞ-ın, Fransanın, İngiltərənin Azərbaycan xalqının iradəsinə zidd münasibətləri bu mənada təəssüf doğurur. 

        Qarabağ münaqişəsini SSRİ-ni böyrü üstə aşıran ideologiya yaratdı, Ermənistanın silahlan-masını özgə vəsaiti hesabına təmin olundu ki, nəticədə bir milyona yaxın qaçqın-köçgün işsiz, evsiz-eşiksiz qaldı. Otuz ildən sonra Azərbaycan höküməti ədaləti bərpa etməyə çalışır, işğalçı ideologiyanın müəllifləri səs-səsə verirlər ki, amandır, öz torpaqlarınızı silahlı separatçılardan  təmizləməyin. Nədir-nədir, bu bizim siyasətimizə uyğun gəlmir.  

        Mən Ukraynanın da, Rusiyanın da, Qarabağda tez-tez minaya düşən həmvətənlərimin də halına acıyıram, amma B. İ. Oleynikin “Qaranlıq knyazı” kitabından bir cümləni xatırlatmaqdan savayı əlimdən heç nə gəlmir. Müəllif Qarabağa, Sumqayıta, Bakıya, Oşa, Fərqanəyə, Tiraspola, Tiflisə, Tsxinvaliyə işarə edərək yazır: “İnanın, mən son dərəcə səhv etmək istəyərdim, amma ssenari hər yerdə eyni və həmindir: faciə baş verir…”

Müəllif: Göyərçin KƏRİMİ

AYB-nin üzvü

GÖYƏRÇİN KƏRİMİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru