“HAYLA GƏLƏN VAYLA GEDƏR…”

(hekayə)

Telman maşını Azneft meydanında saxlamışdı. Kürdəmirə gedəcəkdi. “Həm ziyarət, həm də ticarət!” fikrilə yola düşməyə tələsmirdi. Fikirləşirdi ki, üzü Əli Bayramlıya, Hacıqabula gedən olsa, götürər. Heç olmasa benzin pulu çıxar. O, əlindəki açarları fırlaya-fırlaya var-gəl edirdi. Onun “Jiquli”sinin arxasında, qənşərində on-on beş maşın dayanmışdı. Bu vaxt 30-35 yaşlarında bir qadın, 20-25 yaşlarında bir qız və 8-9 yaşlarında bir oğlan uşağı “Jiquli”yə yaxınlaşıb baxdılar. Sonra:

-Bu maşının sahibi kimdir? – deyə xəbər aldılar.

Telman maşının onunku olduğunu söylədi. Əyninə cinsi şalvar geyinmiş, qədd-qamətli, tökmə bədənli qız yaxın gəlib:

-Bizi Neftçalaya aparıb-gətirə bilərsən? – deyə soruşdu.

Telman saata baxdı. Dördə on dəqiqə işləyirdi. Neftçalaya gedib-gəlmək və orada azı bir saat ləngimək ən aşağısı beş-altı saat çəkəcəkdi. Sonra Bakıdan Kürdəmirə maşın sürmək onu üzüb əldən salardı. Odur ki dedi:

-Yox, bacı. Bunun üçün vaxt lazımdır.

Şalvarlı qız:

-Əvəzini lazımınca ödəyəcəyik, qorxub eləmə, – dedi.

Telman onları başdan eləmək, bir növ qorxutmaq üçün:

-Elə isə sizdən 500 manat alacağam, – dedi.

Şalvarlı qız gözlərini süzdürüb əlini yellədi:

-Otur maşına. Getdik.

Orta yaşlı qadın oğlan uşağı ilə arxa oturacaqda, cinsi şalvarlı qız Telmanın yanında əyləşdi. Qız gözlərinə gün eynəyi vurdu. Telman özünü itirdi:

-A bacı, necə yəni getdik?! Axı mən…

-Demirsən 500 manat, beş yüz manatına dur da…

Maşın tərpəndi. Şıx çimərliyini keçəndən sonra uşaq mürgü­lə­mə­yə başladı. Qızla qadın söhbətə başladılar. Onlar özlərini həd­din­dən artıq sərbəst aparırdılar. Telmanın varlığını hiss etmirlərmiş kimi açıq-saçıq danışır, kişi söyüşləri yağdırırdılar. Telmanın “Ji­quli”, “Moskviç”, yeri gəldikcə “Volqa” maşınlarını ötüb keçməyi onları sevindirirdi. Arxada oturmuş qadın:

-Hər maşın ötdükcə alacağın haqqın üzərinə on manat gələ­cək. Bir kişiliyini göstər görək.

Telman yaman yerdə axşamlamışdı. Onlardan xatasız ötüşmə­yə­cəyini bilirdi. Hər maşın ötdükcə 500 manatın üzərinə qiyabi surətdə 10 manat artırırdılar. Neftçalaya çatanadək üzünü görmədiyi 500 manat artıb 600 manat oldu. Maşını iki mərtəbəli bir evin yanına sürdürdülər.

Cinsi şalvarlı qız – yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan gözəl maşından düşüb darvazaya yaxın­laşdı. Darvaza dəmiryol relslərinin üzərində qərar tutmuşdu. Qız əlini qapının zənginə uzatdı. O saat darvazanın sol tərəfindəki xırda qırmızı lampa yandı. Qız o biri düyməni basdı. Qapı avtomatik açıldı. Yəni relsin üzərində sürüşüb sol tərəfə çəkildi. Arxadakı qadın maşını içəri sürməyi tapşırdı. Telman deyilənə əməl elədi. Darvaza öz-özünə bağlandı. Hündürboylu, qarışın bənizli, saçlarına dən düşmüş 45-50 yaşlarında nəhəng gövdəli bir kişi gələnlərin qabağına çıxdı. Onlarla səmimi görüşüb, içəri dəvət etdi. Telmanı da evə çağırdılar.

Stolun üstü dərhal yemək-içməklə doldu. Şahlara layiq süfrə açılmışdı. Yupyumru yanları cinsi şalvara güclə yerləşən qız güz­gü­nün qabağına keçib yanaqlarına azca pudra sürtdü, kiçik əl çantasını açıb “Malboro” siqareti çıxarıb damağına qoydu. Hamı süfrə başına keçdi. Nəhəng gövdəli kişi üzünü Telmana tutaraq:

-Cavan oğlan, nə içəcəksən? – deyə soruşdu.

Onlardan alacağı beş yüz, altı yüz manat artıq Telmanı maraq­landırmırdı. Bayaqdan, maşın Bakıdan çıxandan heç 30 kilometr belə getməmişdən sarısını udmağa başlamışdı.

-Mən … mən… içməyəcəyəm. Yol getməliyəm.

Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız əlini yelləyərək, özünə arxayın halda:

– Gör nəyin fikrini çəkir. Qaqaş, heç nədən çəkinmə. Ürəyin nə istəyirsə iç, – dedi.

-Axı sükan arxasındayam. Hələ Kürdəmirə gedəcəyəm.

-Dedim ki, iç!

Yupyumru yanları cinsi şalvarı dağıdan qız artıq əmr etməyə başlamışdı. Telman heç Qaradağa çatmamışdan maşını saxlayıb onları düşürmək istəmişdi. Amma mənliyinə sığışdırmamışdı. Kişi tüpürdüyünü yalamaz. Söz vermişdi. Maşını candərdi sürürdü. Yolda maşın saxlatdırıb əyləşən, sonra isə sürücünü soyan, öldürən, maşını qaçıran adamlar, xüsusən qadınlar haqqında o qədər eşit­mişdi ki. Onlar bir-bir Telmanın yadına düşür, düşdükcə də daha artıq xoflanırdı. Nə isə, keçənə güzəşt deyərlər. Heç olmasa, öldürməyələr. Bir çətən külfəti var. Öz bəlandır çək, bax burada deyirlər. Artıq tamah, doğrudan da, baş yararmış!

-Nə fikrə getmisən?! Sənə demədilər ki, iç!..

Bunu orta yaşlı, badamı gözlü qadın dedi. Amma öz aramız­dır, hər ikisi yaraşıqlıdır. Düz biçimli qıçları, adamın canını alan gözləri var.

-Araq içəcəyəm.

-Bax belə! Adam qurd ürəkli olar!

Heyf belə gözəllikdən. Pis yola düşüblər. Onların küçə qadını olmalarına Telmanın şəkk-şübhəsi yox idi. Ancaq hələlik belə bir şey hiss edilmirdi. Kişi bayaq yalnız görüşəndə onların əlini sıx­mışdı. İndi heç birinə əl uzatmırdı. Süfrə başında artıq-əskik də danışıl­mırdı.

Üzə salıb Telmanı üç yüz qrama qədər içirtdilər. Sərnişinlərlə gələn oğlan da az-az konyak içirdi. Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız Telmana:

-Keç qonşu otağa, dincini al. Səninçin yer hazırlayıblar. Maşı­nı­nın açarlarını isə bizə ver.

Telman dinməz-söyləməz onun dediklərini yerinə yetirdi, özü də qonşu otağa keçdi. Həqiqətən də onunçun yaxşı bir yataq düzəltmişdilər. Otaqdan gül iyi gəlirdi. Amma onun gözünə yuxu get­mirdi. Fikirləşdi ki, bəlkə elə divanın üstündə oturub bir az gözlə­sin, görsün ki, bu işlərin axırı necə olur. birdən yuxulayar, vurub öldürərlər.

Badamı gözlü qadın başını otağa uzadaraq:

-Sənə demədilər soyun, yat?! Özümüz səni oyadarıq.

Telman gözlərini döyməkdə idi. Bunu görən qadın:

-Bıy, başıma xeyir, bu lap arvad kimi şeymiş ki…

Telman əlacsız qalıb soyundu və çarpayıya uzandı. Lakin heç cür yuxulaya bilmirdi. Fikir-xəyaldan az qalırdı başı çatlasın: “Maşının açarını aldılar. Görəsən məqsədləri nədir? Bəlkə oğurluğa gedəcəklər? Yox, inanmıram… Burada – Neftçalada oğurluğa getmək üçün hansı ağıllı Bakıdan maşın gətirdər?”

Bu düşüncələrin pəncəsində heç özü də bilmədi ki, nə zaman yuxuya gedib. Bir müddət keçdi. Qapının astadan döyülməsi Telma­nı yuxudan ayıltdı. Tez durub geyindi. Yupyumru yanları cinsi şalvara güclə yerləşən qız dəsmal və sabun verdi. Sonra diş şotkas­ının üstünə sarımsaq suyu damızdırıb üstündən də pasta yaxıb Telmana uzatdı:

-Al, dişlərini yu. Bu ehtiyat üçündür. Yolda itə-qurda rast gəlməyək.

Telman yuyunub maşına sarı getdi. Maşının baqajı yatmışdı. Xeyli yük vurmuşdular. Onun baxdığını görən qız dilləndi:

-İçəridə nə olduğunun sənə dəxli yoxdur.

Telman yalvarmağa başladı:

-Ay bacı, mənim bir çətən külfətim var. Gözlərini mənə dikiblər. Buraxın, gedim. İstəyirsiniz sizinçin maşın tutum, lap pulunu da özüm verim.

Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız:

-Birincisi, məni sənin bacın-zadın deyiləm. Bacın evinizdə qaldı. İkincisi, sənin kimi ağciyərin bacısı olmağı özümə təhqir sayardım. Üçüncüsü, qətiyyən qorxma, – dedi. –Yolda bizi saxlayan olsa, nə qədər pul istəsələr, tökəcəyəm. Ya pulun, ya da bunun … – O, əli ilə şalvarının qabaq tərəfinə işarə etdi. – Ya da bunun hesa­bına qurtaracağam. Qorxma.

Yolda onları saxlayan olmadı. Onlar deməsə də, Telman hiss etdi ki, maşına yüklədikləri qara kürüdür. Tariyel qara gününü qablaşdırmışdı. Tutulsaydılar, onun da azından yeddi-səkkiz ili vardı. Bakıya çata-çatda yupyumru yanları cinsi şalvarı dağıdan qız:

-Mərdəkana gedəcəyik, – dedi.

Telman bu dəfə maşını Mərdəkana sürdü. Bağlı-bağçalı bir evin darvazası artıq açıq idi. Maşın həyətə girdi. Telmanı otağa apar­dılar. İçəridə tək qalanda gözucu pəncərədən həyətə baxdı. Zən­nində yanılmamışdı. Sellafon kağızlardakı qara kürü idi. Daşıyıb zir­zəmiyə yığırdılar. Nəhayət, yarım saatdan sonra, yupyumru yanları cinsi şalvarı dağıdan qız Telmanı çağırıb ona iki şüşə “Krasnı Moskva” ətri verdi:

-Maşının baqajını tər-təmiz yu. Sonra bu ətri ora səp, – dedi. – O krant, o da şlant…

Telman qızın dediklərinə əməl etdi. Sonra yupyumru yanları cinsi şalvarı dağıdan qız maşına oturub Mərdəkan sanatoriyasına sürdürdü. Bir nəfər qadınla nə isə danışıb məni çağırdı:

-Səninçin otaq ayırıblar. Gecəni orada qal. Yorğunsan, rayona sabah yola düşərsən. Gecə yanına qız da gələcək. Sabaha qədər ota­ğında qalacaq. Utanıb eləmə. Sabah məni görməmiş heç yerə getmə.

Telman deyilən otağa getdi. Təhlükə, deyəsən, sovuşmuşdu. Telman indi əməlli-başlı dincəlmək istəyirdi. Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qızın sözləri tamam yadından çıxmışdı. Onun vəd etdiyi pulun da hayında deyildi. Allah kəssin belə pul qazanmağı! O qədər həyəcan və qorxu keçirdi ki… İndi yəqin ki, evdəkilər bərk nigarandırlar. Bu, Telman üçün axırıncı dərs olacaqdı. Yuyunub yenicə yatağa girmişdi ki, qapı döyüldü. Durub açdı. 18-19 yaşlarında gözəl bir qız qapıda dayanmışdı. Əlində bir zənbil tutmuşdu:

-Olar?

-Buyur.

Qız içəri keçib zənbili açdı. Mer-meyvəni, yemək-içməyi stolun üstünə düzməyə başladı. Telmanın key-key baxdığını görüb:

-Sənin yanında qalacağam. Məni səni yanına göndəriblər. Özün bilirsən kim. Göndəriblər ki, kefini açım.

Nə isə, Telman olub-keçənləri unutmağa çalışıb həmin qızla düz səhərə qədər əyləndi. Səhər doqquzun yarısında yupyumru yanları cinsi şalvarı dağıdan qız otağa gəldi. Üzünü qıza tutaraq:

-Dostuma heç olmasa əməlli-başlı kef verə bildin? –deyə xəbər aldı.

Qız gülümsəyib çiyinlərini çəkdi:

-Nə bilim, qoy özü desin.

Telman da gülümsədi. Yupyumru yanları cinsi şalvarı dağıdan qız çıxarıb iki əlliliyi qıza uzatdı:

-Bəsindir?

Qız minnətdarlıq əlaməti olaraq baş əydi.

Telman yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qızla sanatoriyanı tərk edib maşına əyləşdi. Maşın yola düşdü. Heç beş dəqiqə belə keçməmiş qız maşını saxlatdırıb:

-İndi rayona gedə bilərsən. Məni isə tanımırsan. Şəhərdə birdən məni görüb yaxınlaşsan, yaxud salam versən, bunu görürsən … – O, qıçını göstərdi… -Xudahafiz… Mən gedirəm, sənə çatacaq pulu bardaçoka qoymuşam. Götür, halal xoşun olsun…

Yupyumru yanları cinsi şalvarı, yupyumru döşləri köynəyi dağıdan qız düşüb taksi saxlatdırdı və getdi. Telman bardaçoku açıb baxdı. Ora yeddi ədəd yüzlük qoyulmuşdu.

Maşın Mərdəkandan çıxıb şəhərə gedən yola düşdü. Telman gərginlikdən azad olmuşdu. Kefi saz idi. İki həyəcanlı gün yaşasa da, axırı yaxşı qurtarmışdı. Əli gətirmişdi. Maşın asfalt yolla şütüyürdü. Azneftdə ləngiməyə də bilərdi. Müştəri gözləyib vaxt itirməyə dəyməzdi. Ancaq bu boyda yolu müştərisiz qət etmək də insafdan deyildi. Bir-iki adam götürsə, bu hesabdan benzinin də pulu çıxar.

Fəqət yuxu onu yaman girələmişdi. Göz qapaqları qeyri-iradi yumulurdu. Axşam yaxşı yatmamışdı. Cavan, sütül qız sanatori­yadakı otağa gələndən sonra Telman göyün yeddinci qatında idi. Nə idi o qızın adı? Yox, bu yuxusuzluq ona aman vermir. Gərək maşını münasib bir yerdə saxlayıb gözünün acısını alsın…

Birdən idarə etdiyi maşın var gücü ilə nəyəsə toxundu. Güclü təkan Telmanı yolun kənarına tulladı. Özünə gələndə başının üstündə çoxlu adam gördü. Bütün bədəni ağrıyırdı. Kömək edib onu ayağa qaldırdılar. Milis xəbər tutunca toqquşduğu maşının sahibi ilə özlərini avtotəmir ustasına çatdırdılar. Günah Telmanda idi. Usta diqqətlə baxdıqdan sonra: “Düzəldərik, min manat xərci var”,- dedi. – Sonra Telmana sarı çevrilərək «Sizin maşına gəldikdə isə…”

Telman ona imkan vermədi ki, sözünü tamamlasın:

-Mənim maşınım hələ qalsın. İndi əzdiyim maşına əl gəzdir.

Telman bütün başına gələnlərin baisi olan yeddi yüz manatı çıxarıb dedi:

-Alın 700 manatı, üç yüz manatı da sonra verərəm.

O, öz maşınını da ustanın yanında qoyub Azneft meydanına gəldi. Kürdəmirə gedəcək maşın gözləməyə başladı. Öz-özünə acığı tuturdu: “Gəlmişdim saqqal dalınca, bığı da qoyub gedirəm”. Qazanc cəhənnəmə, maşınımı da əzdim. Bayaq 700 manatı görəndə sevinmişdim. Sən demə, atalar doğru deyiblər ki, “Hayla gələn vayla gedər…”

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru