RƏŞAD MƏCİDİN YAZILARI (Batabat yaylağı 2022)

Onu çoxdan tanıyıram. Dost deyilik, amma aramızda səmimi ünsiyyət var ki, bəlkə elə bu da dostluq deməkdir.
Bu gün ədəbi aləmdə Rəşad Məcidin öz yeri var və o yer Rəşad Məcidə göydən verilməyib, hansı bir simsar havadarınsa ona bu yeri bəxş elədiyi də yanlış fikir olardı.
Rəşad Məcid öz ağlı, istedadı və bir az da cəsarətiylə, ən əsası işgüzarlığıyla o yerə sahib çıxıb.
Azərbaycanın üzdə olan bir ziyalısıdır. Tutduğu Yerin adı elə Rəşad Məciddir.Qarabağlı, Ağcabədili, Bakılı, Azərbaycanlı Rəşad Məcid.
Avqustun 21-də Rəşad Məcidin 50 yaşı tamam olur. Cümə axşamı. Həftənin müqəddəs günündə. Deyəsən seyidliyi də var. Olsun! Üzündən-gözündən həmişə nur və təbəssüm əskik olmayan bu adamın bir kimsəyə pisliyinin keçdiyini eşitməmiş, görməmişəm. Dostluqda sabit adamdır. Kiminlə dostluq edirsə, sonadək varır. İki yaxın dostunu tanıyıram – Aqil Abbası, Zakir Fəxrini. Bir yerdə Quzanlıya getmişik və onların dostluğuna həsəd aparmışam. O səyahətdə Rəşadın bizim müasir şairlərdən necə gözəl şeirlər əzbər söylədiyinin şahidi oldum.

Rəşad Məcid şairdir. Ədəbiyyata da şeirlə gəlib.
Rəşad Məcid nasirdir. “10 sentyabr” adlı maraqlı bir hekayəsi var.
Rəşad Məcid publisistdir. Yaxşı yazıları var. Bu yazılarda maksimum həqiqətə can atır.
Rəşad Məcid neçə illərdir “525-ci qəzet”in baş redaktorudur. Azərbaycanda nəşr edilən iki-üç oxunaqlı, maraqlı qəzetlərdən birinin baş redaktoru.
Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyin katibidir. İşinə söz ola bilməz. Son on ildə ədəbi gəncliyin formalaşmasında doğrudan da onun qayğısını, təşkilatçılığını, ədəbi hamiliyini hamı təsdiq edə bilər.
Və Rəşad Məcid gözəl atadır.

ŞAİR

Öncə tanıdığım ŞAİR Rəşad Məcid olub. Hətta onun şeirləri barədə bir məqalə də yazmışam.

Babalar yaşıdı ağacım,
Çiçəyin, gülün yadıma gəlməz.
Sən ki, əsrlər görmüsən.
Torpaq yaşıdı dağım,
Dünya yaşıdı Gün işığım,
Bir silkələyin yaddaşınızı,
Mən sizi tanıdım,
Siz məni tanımadınızmı?
Tanıdılar, sevdilər.

1993-cü ildə çapdan çıxan “Hələ ki vaxt var” şeirlər kitabıyla gəldi ədəbiyyata. Əslində, gəlmişdi. Amma kitab artıq ədəbi ictimaiyyətin diqqət mərkəzinə çevrilir və içindəkilər əsl poeziya nümunələri kimi təqdir edilirsə, gənc şairin gəlişi fərəh doğurur. Həm özü, həm də oxucular üçün.
Rəşad Məcidin o kitabda toplanan şeirləri öz poetik saflığı, təmizliyi və əlbəttə, ifadə səlisliyilə dərhal diqqəti cəlb edirdi. Ay işığı süzülürdü şeirlərindən.

Bu dağlarda ay işığı-
Çəməni bürüyən şehdir,
Bir ahıl saçında zehdir.

Bu dağlar ay işığında
Nəsildən-nəsilə saflıq aparan
Yelkənli gəmidir.

Bu dağlar ay işığında
Üz-gözü südə bulaşmış
Körpə kimidir.
Bəli, onun şeirlərinin əksəriyyəti sanki Ay işığına tamaşa edərkən yazılmışdı və Rəşad Məcid təbiətin romantikasını şeirə gətirirdi. Bu şeirlərdəki təşbeh zənginliyi heyrət doğururdu. Oxucu təbiətin gözəlliklərini bu təşbehlərlə bir daha duyurdu. Necə yəni “çəmən zirvənin çiynində bəzəkli şaldı”, “zirvədə dumandı yollar”, “öləndə çəməndi yollar”. Hələ metaforalar silsiləsi. Necə yəni “Çiçəklər can atar ay işığına”, “Dağlar çiçək boyu kiçilib, enib”. Elədir:

Dağlar çiçək boyu kiçilib, enib,
Yaylaqlar təkliyi dərd eləyəndə,
Hüznlü ah kimi payız mehini,
Çaylar dərələrə səpələyəndə,
Bir oğlan gəzəcək yurd yerlərini-
Qəlbində, könlündə, gözündə bahar.

Axacaq günəşin nuru torpağa,
Budaqlar titrəyib pıçıldaşacaq.
Bir oğlan gəzəcək-qəlbində bahar,
Saralan çəmənlər yaşıllaşacaq.

Bunlar – bu mənzərələr romantik duyğulu bir gəncin təbiət məcnunluğu idi. O, təbiətin şeiriyyətini Poeziyaya gətirmək istəyirdi və deyim ki, “Təbiəti şeirə gətir” deyən ustadı Məmməd Arazın poetik yolunun yolçusu oldu.
Yağış yağır. Bəs sonra? Sonrası şeirin işidir:

Buludlar dağılar,
Səmada haçan,
Çəmənin çiçəyi
Ağıl çaşdırar.
Günü demirəm heç
Torpağa baxsan,
Yamyaşıl otlar da
Göz qamaşdırar.

Bu şeirlərin ilk kitabının çapından xeyli əvvəl yazıldığını güman edirəm. O, təbiətdə insanı, insanda təbiəti görən bir şair kimi diqqəti cəlb edirdi. Amma illər keçdi…g Rəşad Məcid o gözəlliklərə hüznlü bir gözlə boylandı: bu da dağılmış yurd yerləri…

Həsrət axıb sinəsindən,
Şimşək çaxıb sinəsində.
Bu yaylağın sinəsində
Yurd yerləri yara kimi.
Və bir də Rəşadın sevgi şeirləri. Onlarda sevinc də vardı, qəm də. Qəmli şeirləri sevdiyimdən Rəşadın o ruhda yazdığı gözəl bir şeirindən o zaman olduğu kimi indi də təsirlənirəm:

Aldın gecələri, əlimdən aldın,
Altun gecələri əlimdən aldın.
Mən günün, gündüzün heyrət yükünü,
Bir gözəl misranın böyüklüyünü,

Sevda alovunu, nifrət odunu,
Kədərin, sevincin tanış dadını,
Çəkib ürəyimə, yığıb qəlbimə
Gecələr sıxardım ağ varaqlara.

Rəşad Məcid daha şeir yazmır, – iddiasında deyiləm. Bəlkə də yazır. Amma bu cür gözəl şeirlərin müəllifinin bir şair kimi susması onun birinci “günahıdır”…

NASİR

Mən bilən Rəşad Məcidin indiyə kimi iki hekayəsi – “Cənnət dərəsi” (1987), “10 sentyabr” (2003) çap edilib. İkinci hekayə çap edilən kimi haqqında bir sıra yazılar dərc edildi. Mən də yazdım. “10 sentyabr” doğrudan maraqlı hekayə idi. Uğurlu başlanğıc kimi qiymətləndirildi. Siyasi reallığı bədii reallığa çevirən bu hekayədə Rəşid əsl azərbaycanlı xarakteri yaratmışdı. Təfsilata varmaq istəmirəm. Ancaq qeyd edim ki, hekayədə reallıq hissi çox güclü idi və bu hekayənin əsasında gözəl bir bədii film də yarana bilərdi.
Rəşad Məcid daha hekayə yazmır, nəinki povest, roman. Bəlkə də yazır. Onun nəsrdə də susmasını şəxsən bir oxucu kimi anlamıram. Bu da onun ikinci “günahı”.

PUBLİSİST

Bax, buna söz yox. Bir neçə kitabı çıxıb. Hərdən öz baş redaktor olduğu qəzetdə publisistik məqalələri də dərc edilir. Şeir, nəsr yazmamağının “günahlarını” bu yazılara görə bağışlamaq olar.
Publisistikasında həddən artıq səliqəlidir. Fakt həqiqətini bədii həqiqətə çevirə bilir. Sadə, təmkinli təhkiyə tərzi var. Hansı məsələdən, problemdən söz açırsa, “dəlicəsinə” müdaxiləsiz də keçinə bilmir. Həyat hadisələrinin huşyar gözü ilə mənalandırılması, ictimai-siyasi olaylara həqiqət prizmasından qiymət verilməsi o məqalələrin təqdir olunmasına səbəbdir.
Misallar gətirməyəcəyəm. Lazım da deyil.

BAŞ REDAKTOR

Azərbaycanda çox qəzet çıxır. Bu balaca ölkədə (ərazisinə görə deyirəm) bu qədər qəzetin çıxmağı və əksəriyyətinin də ayda, ildə bir dəfə “işıq” üzü görməsi dəhşətdir. Bu, hamımızın problemidir, amma heç kim bunu yoluna qoya bilmir ki, bu salfetkalardan xilas olaq.
Azərbaycanda oxunan, sevilən qəzetlərin sayı isə çox deyil, bəlkə barmaqla sayılacaq qədərdir. “525-ci qəzet” də onlardan biridir. Onun baş redaktoru Rəşad Məciddir.
Mən də bu qəzetin daimi oxucusu, hərdən daimi, hərdən də təkəmseyrək müəlliflərindən biriyəm. Özüm xoşladığım, başqalarının da bəyəndiyi bir çox məqalələrim bu qəzetdə çıxıb. Üstümə qaytarılan yazılarım da olub və gizlətmirəm ki, Rəşad Məciddən incimişəm də. Mənim kimi daimi müəllifləri az deyil qəzetin.
Hər şənbə “525-ci” qəzeti kioskdan alıram. O biri günləri də hərdən. Bu qəzet həqiqətin güzgüsüdür. Həqiqət isə bundan ibarətdir ki, qəzet milli ideologiyanı təmsil edir. Azərbaycançılıq ruhundadır. Amma hər şənbə “Ədəbiyyat səhifəsi”ni daha çox bəyənirəm. Hərdən ortabab yazılar olsa da, deyərdim ki, “Şənbə səhifəsi” əsl ədəbiyyat güzgüsüdür. O qəzetdə Yaşar Əliyev, Yusif Rzayev kimi canfədailər var.

KATİB

Rəşad Məcid Yazıçılar Birliyinin katibidir. Gənclər üzrə iş aparmaq ona həvalə edilib. O da bu vəzifəni ləyaqətlə yerinə yetirir. “Gənc ədiblər məktəbi” (1 və 2) onun təşəbbüsü ilə yaradılıb. O “məktəb” həm pedaqoji xarakter daşıyır, həm də ədəbi. Gənclər bu məktəbdən çox şey əxz edir, hətta mənfəət götürürlər. O mənfəət də bundan ibarətdir ki, hər il Rəşad Məcidin təqdimatı ilə iyirmi cavan ədib təqaüd alır, Rəşad Məcidin canına dua eləyirlər. Onların əksəriyyəti artıq Yazıçılar Birliyinin üzvüdür. Burda bir az ifratçılıq da olsa, varlığa nə darlıq, səxavət kanı olmaq da pis deyil.
Rəşad Məcidin qapısı həmişə açıq olur. Qəbul günləri-filan yoxdur. Müsafirləri də elə cavanlardır.
Rəşad Məcidi sevməyən cavanlar da var və bəzən mətbuatda onun üstünə alov püskürürlər. Bir az əsəbiləşir, sonra təmkini, səbri onu idarə edir. Cavanları bağışlamaq lazımdır belə yerdə və o da bağışlayır.
Daha nə deyim? Rəşad Məcid necədirsə, qoy elə Rəşad Məcid olaraq qalsın, üzündən təbəssümü heç vaxt əskik olmasın.
Ona uğurlar arzulayıram.

İlkin mənbə: adalet.az

Müəllif: Vaqif YUSİFLİ

VAQİF YUSİFLİNİN YAZILARI

RƏŞAD MƏCİDİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru