LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

ERMƏNİ VANDALİZMİNİN ƏYANİ SÜBUTU-QUBA ŞƏHƏRİNDƏ

“SOYQIRIMI MEMORİAL KOMPLEKSİ”

        2007-ci ildə Quba şəhərinin  stadion ərazisində  tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmiş və həmin ərazidə Azərbaycan Milli Elimlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən ilkin tədqiqat işlərinə  başlanılmışdır.  İnstitutun Elmi Şurası bu məsələyə daha dolğun aydınlıq gətirilməsi üçün Qəhrəman Ağayevin başçılığı ilə 7 nəfərdən ibarət elmi heyət kütləvi məzarlıqda daha geniş şəkildə tədqiqat  işləri aparmış və 2008-ci ilin sentyabr ayında tədqiqat işləri başa çatmışdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, məzarlıq  1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni  dəstələri  tərəfindən öldürümüş  Qubanın dinc, müsəlman əhalisinə aiddir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,  Azərbaycan xalqının  gələcək  nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30  dekabr 2009-cu il tarixli 673№ – li sərəncam imzalamışdır. Sərəncama müvafiq  olaraq  2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırım Memorial Kompleksi  inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də cənab  Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın  iştirakı ilə  açılışı  olmuşdur. Həmin ildən etibarən fəaliyyətə başlayan   Memorial Kompleks,  Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin 29 iyul 2015-ci il tarixli, 238 saylı sərəncamı ilə  Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyinin  tabeliyində  “Qoruq”  statusu  ilə davam etdirir.  Hazırda Soyqırımı Memorial Kompleksi dövlətimizdə erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəzdir. Kompleksin  əsas missiyası erməni vandalizmini olduğu kimi bəyan etmək  və Azərbaycan həqiqətlərini həm yerli, həm də beynəlxalq səviyyə də təbliğ etməkdir. Soyqırım Memorial Kompleksi  2013 cü ildən bəri  ümumilikdə 250 mindən artıq xarici vətəndaş olmaqla, 1 milyondan  cox insan, o cümlədən dünyanın bir çox ölkələrindən nümayəndələr ziyarət edir.

Memorial  Kompleks  2012-2013-cü illərdə  Quba şəhərində Qudyalçayın  sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş, ümumi sahəsi 3,5 ha və 5 hissədən – Xatirə-abidəsi, Simvolik məzarlıq, Soyqırımı uzeyi,  Bayraq meydanı, İnformasiya mərkəzindən  ibarətdir.

Azərbaycan Respublikası  Prezidenti  Adminstasiyasının  Soyqırımı  Memorial  Kompleksi ilə bağlı bəzi məsələlər haqqında 05.06.2017-ci il tarixli sərəncamına uyğun olaraq  müvafiq komissiyası tərəfindən  mövcud vəziyyət  yerində araşdırmışdır. Komissiyanın qərarına əsasən ərazidəki torpaq sürüşmələri nəticəsində  yararsız hala  düşdüyü üçün məzarlıqdakı  insan sümükləri milli və dini adətlərə uyğun olaraq  dəfn  edilmişdir. Qeyd olunan  ərazidə 2018-ci ilin yanvar  ayında Soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə diametri 19,30 m olan “Xatirə-Abidəsi” ucaldılmışdir. Hər il minlərlə insan həmin abidəni ziyarət edərək önünə gül dəstələri düzürlər.

         Azərbaycan üçün yeni olan sosial-tarix muzeyində soyqırımdan əvvəl, soyqırımı  zamanı və bu hadisələrdən sonra sosial, mədəni və s. sahələrdə əhalinin həyatında baş verən dəyişikliklər haqqında məlumat verilir. Yaşanmış faciənin miqyası, ağırlığı və acılığını hiss edən memar Vahid Kasımoğlu soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət əlaməti olaraq heç bir dekorasiyadan və bəzək-düzəkdən istifadə etməmiş, matəm sükutunu təcəssüm etməyə çalışmışdır. Muzeyin görünüşünün yerin altından üzə çıxması tarixi gizlətməyin mümkünsüzlüyü, bıçaqların iti uclu olması isə ürəkləri parçalayan şiddəti bildirir.

         Muzeyin giriş hissəsində “Dinc Quba” adlanan ekspozisiyada XX əsrin əvvələrində  Quba qəzasının  sakinlərinin  və şəhərin görüntüləri verilir. Fotoşəkillər Quba qəzasının əhalisinin- dövlət qulluqçuları, din xadimləri, məktəb uşaqları, qadınlar və digər şəhər və kənd sakinlərinin iş başında, məişətdə, ailədə və istirahət zamanı çəkilib. Quba qəzasında azərbaycanlı türklərlə yanaşı başqa millətlərin və etnik qrupların nümayəndələri də kompakt şəkildə yaşayıblar. Qəzanın müxtəlif milli-etnik və dini əhalisi arasında dinc  qonşuluq münasibətləri əsrlərlə qorunub saxlanılıb. Bu da xalqımızın multikulturalizm ənənəsinə həmişə sadiq olmasının bariz göstəricisidir.  

         Zalın əsas hissəsində, mərkəzdə Azərbaycanın müxtəlif qəzalarında baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə qəddarlıqla öldürülmüş, yandırılmış, dənizə, quyulara atılmış və müxtəlif səbəblərdən dəfn oluna bilməmiş faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq qara mərməz daş ucaldılmışdır.

Burada həmçinin Fövqəladə Təhqiqat Komissiyasının üzvlərinin  fotoşəkilləri və sənədlər nümayiş olunub. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkədə baş verən qanlı hadisələrə münasibət bildirməyi zəruri saymış və Birinci Dünya müharibəsi başlandığı vaxtdan bolşevik adı altında erməni quldur dəstələri tərəfindən müsəlman əhalisinə və mülkiyyətinə qarşı törədilən zorakılıq  hallarını  araşdırmaq məqsədilə 1918-ci il 15 iyul tarixində Fövqəladə Təhqiqat Komissiyasının  yaradılması haqqında qərar qəbul etmişdir. FTK- nın sədri tanınmış hüquqşunas Ələkbər bəy Xasməmmədov olmuşdur. Komissiya 7 nəfərlik tərkiblə təsis edilsə də, sonralar Bakı və Gəncə şəhərlərinin  istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri işə cəlb edilmişdir. FTK- nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiyada təhsil almış hüquqşunas azərbaycanlılardan ibarət idi.  Fəaliyyət göstərdiyi dövr ərzində 15 iyul 1918-ci ildən, 1 noyabr 1919-cu ilə qədər FTK tərəfindən 36 cilddən ibarət istintaq materialı toplanmışdır. Bakı, Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa, Lənkəran qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər araşdırılmışdır. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır.

          Muzey qaleriyasının bütöv bir divarını Quba qəzasına həsr edilmiş 4 bölmədən ibarət ekspozisiyalar təşkil edir. Birinci bölmədə inzibati ərazi vahidi olan Qubanın 1918-ci il tarixi üçün vəziyyəti əks olunmuşdur. Quba qəzası  çar Rusiyası,  AXC, Az. SSR dövrünün 1929 -cu il tarixinə qədər mövcud olmuşdur. 1918-ci ildə  Quba qəzasında baş verən soyqırımları xüsusi qırmızı işarələrlə xəritədə qeyd olunmuşdur. İlkin məlumatlara görə, qəzada 122 kəndin  talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayı 167 olduğu sübut olunmuşdur.  

       Bakı sovetinin rəhbəri Stepan  Şamuyanın göstərişi ilə  Hamazaspın 3 minlik quldur erməni dəstəsi 2 həftə ərzində 1918-ci ilin aprel ayının sonundan may ayının ortalarınadək Quba qəzasında amansızcasına qətillər və qarətlər törətmişlər. Türklərə qarşı xüsusi nifrət bəsləyən daşnak Hamazaspın qarşısına qoyduğu əsas məqsəd cəza tədbirlərini həyata keçirmək, müsəlman əhalisini məqsədyönlü şəkildə sayını azaltmaqdan ibarət idi. Hamazaspın quldur erməni dəstələri müsəlman əhaliyə qarşı misli görünməmiş xüsusi qəddarlıqla uşaq, qadın, qocaya belə rəhm etmədən qətlə yetirilmiş, cəsədləri eybəcər hala salınmış və meyitləri şəhərin küçə və meydanlardan götürülüb dəfn edilməsinə belə icazə verilməmişdir.

Ermənilərdən fərqli olaraq azərbaycan xalqının hətta belə bir şəraitdə də tolerant  millət olduğunu bildirən sənəd nümayiş etdirilir.  Həmin sənəd Dəvəçinin (Şabran) Kilvar kəndində yaşayan  90 nəfər erməni əhalisi tərəfindən həyatlarının təhlükəsizliyinin qorunması haqqında şəxsi imzaları və möhürü olan Həmdulla Əfəndi Əfəndizadənin müdafiəsi üçün verilmişdir. Ekspozisiyada Quba qəzasının müdafiəçilərinin fotoşəkilləri öz əksini tapıb. Bundan əlavə həmin guşədə Quba qəzasının müdafiə dəstələrinin daşnak-ermənilərlə mübarizə aparması haqqında məlumat və  şiddətli döyüşlər getmiş Digah, Xucbala kəndləri  arasında yerləşən “Qanlı dərə” adlanan ərazinin görüntüsü verilmişdir. 

        1919-cu il Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin fotoşəkilləri, eləcə də  AXC sərhədlərini göstərən Qafqazın tarixi xəritələri verilmişdir. Heyətin əsas məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaqla yanaşı, Azərbaycan xalqına qarşı 1918-ci ildə erməni-daşnaklarının törətdikləri cinayətlərin dünya ictimayyətinə çatdırmaqdan ibarət idi. Bu məqsədlə FTK-nın materiallarının bir hissəsi Azərbaycan  Xarici İşlər Nazirliyinin xətti ilə Parisə nümayəndə heyəti ilə  göndərilmişdir. Bu  materiallar Bakı, Şamaxı, Quba, Göyçay, Cavad qəzalarında 1918- ci ildə baş verən soyqırımları əks etdirən 6 cild sənədlər toplusundan və 102 fotoşəkildən ibarət idi. Azərbaycan nümayəndə heyəti  öz üzərinə qoyulan vəzifəni yerinə yetirmiş, sənədlərin surətləri böyük dövlətlərin başçılarına və müxtəlif beynəlxalq təşkilatlara təqdim edilmişdir. Bakıdan Parisə göndərilən  bütün materiallar tarix elimləri doktoru, professor  Solmaz Rüstəmova-Tohidi   tərəfindən 2011-ci ildə Fransada Topçubaşovun şəxsi arxivindən tapılmış və 94 ildən sonra vətənə qaytarılmışdır. Həmin sənəd və fotoşəkillərin surətləri muzeyin ekspozisiyasında orijinalda olduğu kimi verilmişdir.

Muzeyə aid  əsas zalda  davamlı olaraq Soyqırımı hadisələrini  əks etdirən sənədli film nümayiş olunur. Bundan əlavə burada  bədii tətbiqi sənətin nümunəsində verilən dəmir tabloda müasir insan simaları verilmişdir. Bu simalar  gənc və yaşlı nəsilləri təcəssüm edir. Simalarda sezilən baxışlar müxtəlifdir: məsələn  gənc simaların baxışlarında təəcüb, heyrət, qorxu hiss olunursa, yaşlı nəsilə aid simalarda bir o qədər kin, kədər, nifrət və acı hisslər  əks olunur.

Azərbaycana “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxan və eyni zamanda müsəlman əhalisini regionda soyqırımlar törətmək yolu ilə maksimum azaltmaq məqsədi güdən ermənilər, istədiklərinə nail olmaqdan ötrü  bütün vasitələrdən bəhrələnməyə çalışırdılar.  Bu planı reallaşdırmağa çalışan Bakı Sovetinin rəhbəri Şaumyan, bütün Qafqazın erməni qüvvələrinin, o cümlədən” Daşnaksytün” partiyasının üzvləri ilə sıx əməkdaşlıq edir,   səlahiyyətlərdən sui-istifadə edərək Azərbaycanın müxtəlif bölgələrində xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirirdi. 1918-ci il mart ayından başlayaraq soyqırımı  həyata keçirmiş erməni cəlladlarının  rəhbərləri və icraçılarının konkret adlarının  məlum olması bu faciənin guya “erməni qara camaatı” tərəfindən müxtəlif bəhanələrlə törədildiyi kimi istər o zaman  erməni dairələrində, istərsə də müasir dövrdə ermənilər tərəfindən yürüdülən uydurmaları təkzib edir. Guşədə həmçinin erməni quldurlarının həmin dövrdə soyqırımlar zamanı istifadə etdikləri soyuq, odlu silah nümunələri, işgəncə alətləri nümayiş olunmuşdur.

              Bakı quberniyası qəzaları mövzusu Cavad qəzasına aid ekspozisiya ilə davam edir. Cavad qəzası indiki Səlyan, Saatlı, İmişli, Sabirabad, Cəlilabad, rayonlarının ərazisini əhatə edirdi. Cavad qəzasına aid ekspozisiyanın mətn hissəsində qəzanın və əhalinin tərkibi haqqında məlumat yer alır.  Qəzada 1918-ci ilin mart-iyun aylarının ortalarına qədər ermənilər tərəfindən müsəlman əhalisinə qarşı soyqırım baş vermiş, həmin ilin aprelində Səlyan bolşeviklərin nəzarətinə keçdikdən sonra bu qəzanın dinc əhalisi daha çox təqiblərə məruz qalmışdı. Bu vəziyyət torpaqlarımızın Azərbaycan-Türk qoşunları azad edənədək davam etmişdir. FTK-nın fəaliyyəti zamanı müsəlman kəndlərinin bir hissəsi  hələ də ermənilərin nəzarəti altında olduğu üçün kəndlərə dəymiş ziyanın miqdarını və qətlə yetirilənlərin dəqiq siyahısını  əldə etmək mümkün olmamışdır. Lakin ermənilərin yerli müsəlman əhaliyə qarşı törətdikləri vəhşiliklərinin, vandalizmin miqyasını təsəvvür etmək çətin deyildi. Bu baxımdan ekspozisiyada yer almış Cavad qəzasının Xocalı kəndinin sakini 18 yaşli Sürəyya Məşədi Dadaş qızına aid dindirilmə və məhkəmə-tibbi müayinənin protokoluna baxmaq kifayətdir. Qətllər xüsusi qəddarlıqla müşayiət olunmuşdur: İnsanları süngülərə keçirmiş, xəncərlə doğramış, başlarını kəsmiş və yandırmışlar.

Göyçay qəzası 1918-ci ildə AXC Bakı quberniyasının tərkibində inzibati-ərazi vahidi olmaqla  ərazisindən bir neçə dəmiryol stansiyaların keçməsi hələ I Dünya müharibəsində gedən və qayıdan erməni silahlı dəstələrinin bu bölgəyə hücumunu asanlaşdırıb. 1918-ci ilin iyun ayından isə bolşevik hakimiyyəti qurmaq adı ilə ermənilər daha da azğınlaşmışdı. Belə ki, Ərəb-Mehdibəy kəndində 84 mülk yandırılmış, əmlakı qərat edilmiş, 83 nəfər öldürülmüşdür. FTK-nın həmin bölgədə apardığı tədqiqat sənədləri, yandırılmış kənd məscidlərinin, şəxsi mülklərin, evlərin, insan cəsədlərinin fotoşəkilləri  ekspozisiyada öz əksini tapır. Yalnız 1918-ci il 16-30 iyun  tarixlərində Göyçay qəsəbəsi və Qaraməryəm kəndi istiqamətində gedən döyüşlərdə BXKS-nin ordusu ilə Qafqaz İslam ordusu arasında baş vermiş həlledici döyüşlər nəticəsində torpaqlarımızın bolşevik -daşnak qüvvələrindən azad olunmuşdur.

      Nümayiş olunan növbəti ekspozisiyada Ağsu, İsmayıllı, Qobustan, Hacıqabul rayonlarının ərazilərini əhatə edən inzibati-ərazi vahidi  Şamaxı qəza   əhalisinin  tərkibi milli-dini mənşəyinə görə müxtəlif idi. Müsəlman əhalisinin çoxluq təşkil etməsinə baxmayaraq, gözlənilmədən erməni-bolşeviklərin hücumuna məruz qalması nəticəsində görülməmiş vəhşiliklərlə üzləşmişlər. Şamaxı soyqırımları Bakıda baş verən hadisələrlə eyni vaxtda başlamış, mart-aprel aylarında Şamaxı şəhəri 2 dəfə, qəzanın 110 kəndi isə bir neçə dəfə talanlara məruz qalmışdır. Bolşevik-daşnak quldurlarının Şamaxı şəhərində törətdikləri soyqırımları bir neçə gün davam etmiş, zəngin müsəlmanlara məxsus “Piran-Şirvan” yaşayış məhəlləsi yanğınla tamamilə məhv edilmişdir. Mart qırğınlarından sonra ürəkləri soyumayan ermənilər aprelin 10- da S. Lalayevin və T. Əmirovun başçıliğı ilə şəhərə yenidən basqın etmişlər. Şamaxının dini ocaqları, həmçinin 8 əsrlik tarixi olan  “Cümə məscidi” yandırılmış və dağıdılmışdır. Bu dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi ermənilər tərəfindən viran qoyulmuş, 10341 nəfər öldürülmüşdür.

        442.097 nəfərlik əhalisi olan Bakı qəzası özünün çoxmillətli tərkibi ilə seçilirdi. Bakı şəhəri əhalisinin iki əsrlik köçürmə siyasəti və neft sənayesinin  XIX əsrin 2 -ci yarsından inkişafı ilə əlaqədar gəlmələrin hesabına artmasına baxmayaraq müsəlman, əsas da azərbaycanlılar əhalinin böyük əksəriyyətini təşkil edirdi. Ekspozisiyada Bakı qəzasının xəritəsi, əhalinin milli -dini tərkibinə aid diaqramm, soyqırımda ziyan çəkmiş sakinlərin fotoşəkilləri və dindirilmə protokolları verilmişdir. Azərbaycan xalqının milli- azadlıq hərəkatına zərbə vurmaq, “Müsavat” partiyasınının sosial bazasını məhv etmək, müsəlman əhalinin sayını maksimum azaltmaq niyyətində olan bolşevik- daşnak qüvvələri hərəkətə keçmişlər. 1918-ci ilin mart ayının 26-da “Evelina” gəmisinin azərbaycanlılardan ibarət əsas heyətinin tərkisilah olunması ilə bağlı təxribat onminlik bolşevik erməni ordusunun müsəlman qırğınlarını həyata keçirilməsi üçün bəhanə oldu. Şəhərin dinc müsəlman əhalisinin 12 min nəfəri 3 gün ərzində vəhşicəsinə qətlə yetirilmişdir. Öldürülənlər arasında qadın, qoca, uşaqların olması guya şəhərdə “vətəndaş müharibəsi” getdiyi barədə iddiaları inkar edir, qırğınları kütləvi şəkildə müsəlman əhaliyə qarşı olduğunu sübut edirdi. Erməni “Daşnaksyutun”, erməni Milli Şurası və bolşevik cəlladlarının rəhbərliyi ilə keçirilən qırğınlarda azərbaycanlı əhalisinin bütün təbəqələri zorakılığın, haqsızlığın, talanların qurbanları olmuşlar. Bakının “Kərpicxana”, “Məmmədli” və s. məhəllələri, “Təzəpir”, “Şah”, “Şamaxı”, “Hacı Əjdər bəy”, “Bibiheybət” məscidlərini ,“Kaspi”, “Açıq söz” qəzetlərinin redaksiyaları, “İskəndəriyyə”, “İslamiyyə” mehmanxanalarının binaları dağıdılmış və yandırılmışdır. 

          Türk-Azərbaycan  Qafqaz İslam ordusuna həsr olunmuş ekspozisiyada AXC hökuməti müsəlman əhalisinə qarşı kütləvi soyqırımın qarşısını almaq üçün  bir sıra tədbirlər görmüşdür. Hökumətin əsas məqsədi hakimiyyəti bütün Azərbaycan ərazisində bərqərar etmək və torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Yeni yaranmaqda olan Azərbaycan Milli ordusunun və Osmanlı Türkiyəsinin silahlı qüvvələrindən təşkil olunmuş Qafqaz İslam ordusu Gəncədə separatçı ermənilərin tərkisilah edilməsində, Göyçay qəzasında Qaraməryəm, Kürdəmir, Şamaxı qəzası ərazisində, nəhayət Bakı ətrafında gedən döyüşlərdə sürətlə əks hücuma keçərək, bolşevik-daşnak qüvvələrini ağır məğlubiyyətə uğratmışlar. Qafqaz İslam ordusunun zəfər yürüşü 1918-ci il sentyabrın 15 də Bakı şəhərinin azad olunması ilə başa çatdı. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin əsasını qoymuş, Azərbaycan xalqının erməni-bolşevik əsarətindən azad olunması ilə nəticələnmişdir.  Bu vitrində Qafqaz İslam ordusunun  Azərbaycan torpaqlarını azad etmək yürüşünü əks etdirən fotoşəkillərlə başlayır. Həmçinin, türk və azərbaycan zabit və əsgərlərinin ümumi, kiçik  dəstələr və tək-tək şəkilləri, Türk qoşunlarının komandanı Nuru Paşa ilə Azərbaycan hərbi birləşmələrinin komandanı general- leytenant Əliağa Şıxlinskinin fotoşəkillərilə davam etmişdir. Ekspozisiya 1918-ci il sentyabrın 15-də  Bakını azad edilməsi münasibətilə keçirilmiş hərbi yürüşün görüntülərini əks etdirən fotoşəkillə tamamlanır.  Muzeyin sonuncu ekspozisiyasının Azərbaycan Milli Ordusuna həsr edilmiş foto-sənədlərlə bitməsi 1918-ci il soyqırımlarının məhz ordu tərəfindən son qoyulması kimi tarixi həqiqətlə yekunlaşmır. Əslində, bu, bir daha onu təsdiqləyir ki, Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü, xalqımızın qorxusuz, təhlükəsiz yaşaması üçün onu həmişə qoruyan güclü ordusu olmalıdır. Yaşanan faciə bunu bir daha sübut etdi. Tarixdən alınan bu dərs gələcək nəsillər üçün ibrətdir.

             Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin “Bayraq meydanı”nda Azərbaycan Respublikasının üç rəngli bayrağı 20 metr hündürlükdə  dalğalanır. Kompleksin Məlumat Mərkəzinə  gələn ziyarətçilər  üçün, Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana,  oxu zalı,   audiobələdçi və 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən  buklet və kitablardan istifadə etmək üçün şərait yaradılmışdır.

      Simvolik məzarlıqda qədimdən bəri Qubanın rəmzi və həyat simvolu sayılan alma ağacları əkilmişdir.  Alma bağında 3 yaş qrupu üzrə  1918-ci il faciə qurbanları olan qadın, gənc, uşaq və qocaların xatirəsinə hörmət əlaməti olaraq, 3 ölçüdə 40 simvolik mərmər daşı yerləşdirilmişdir.

Müəllif: LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZI

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri              

Mob: 055 543 55 28, qubatovaltaft@gmail.com

LƏTAFƏT BEYBUTOVA ƏLƏSGƏR QIZININ YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru