QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

Buludlarda nə var, nə yox?

(Nazilə Rahibqızının “Buludlara səyahət” kitabı haqqında)

Mənə elə gəlir ki, ən böyük şairlər uşaq və sevgi şeirlərindən keçərək ədəbiyyatın böyük yoluna qədəm qoyurlar. Çünki uşaq və sevgi şeiri qədər şairin istedadını üzə çıxaran və onu cilalayan ikinci bir vasitə yoxdur. Ona görə də gənclərdən kim redaksiyamıza şeir gətirirsə, ilk andaca onun sevgi və uşaq şeirlərini nəzərdən keçirir və bununla onların ədəbiyyat yolunda ilk addım səslərini eşidirəm.

Bu günlərdə tanınmış şair dostum Nəcibə İlkin mənə Nazilə Rahibqızının “Buludlara səyahət” kitabını verdi, dedi ki, burda maraqlı uşaq şeirləri var, baxarsan. Yazıçılar Birliyinin Uşaq Ədəbiyyatı Şöbəsinin rəhbəri olduğum üçün belə kitablar demək olar ki, mənə hər həftə verilir və hansı kitab xoşuma gəlirsə haqqında bir neçə kəlmə mətbuatda söz deməyi özümə borc bilirəm.

Nazilə Rahibqızının “Buludlara səyahət” kitabına toplanmış şeirlər diqqətimi çəkdi və bu şeirlər müasir uşaq şeirimizin ərazisində özünü göstərə bilən şeirlərdir. Şeirlərin tərbiyəvi əhəmiyyəti böyükdür. Bu tərbiyə sadəcə didaktika üzərində qurulmayıb, şeirin poetik gücü tərənnüm etdiyi obyektiin və ya detalın mahiyyətindən yaranır. Şairin istər böyüklər üçün yazdığı şeir və hekayələrində, istərsə də uşaqlar üçün qələmə aldığı kiçik həcmli mətnlərində həyata və təbiətə heyrət edən bir uşaq obrazı var.

İpək tellərimə sığal çəkərdin,

Tellərim həsrətdir əlinə, ata.

Indi saçlarım da həmin saç deyil,

Artıq dən düşübdür telimə, ata.

Atasının itirən uşağın saçına dən ona görə düşüb ki, o, ata əlinə həsrətdir. Ona gərə ki, aradakı zaman hadisə və detalları bir – birindən uzaq salıb. Uzaq düşənlərin arasına zaman elə girib ki, onu sıxmaq və uzaq düşənləri daha yaxınlaşdırmaq mümkün deyil. Zaman “dən”, “saç”, “ata”, “ölüm” məfhumlarının arasında keçərək öz həqiqətini ortaya qoyub.

Şairin “Hərflərin bəhsində” şeiri uşaqların həm təfəkkür həm də rabitəli nitqin inkişafında mühüm rol oynayır. Şeirin həm bədiliyi, həm də bu bədiiliyin tədrisi məsələsi:- hər ikisi bir – birini tamamlayır.

Çox yaxşı tanıyırlar,

C-nı balaca dostlar.

Cırtdan sevdiyi üçün,

Məni də sevir onlar.

X – yam, Xarı bülbüləm,

Mən Şuşanın gülüyəm.

Tapılmaram heç yerdə,

Çünki nadir biriyəm.

“Solmaz və Çimnaz” şeirindəki alloterasiya uşaqların düzgün tələffüzünün inkişafına imkan yaradır, həm də bu alloterasiya şeirin bədii gücünü artırır, uşaqlarda dostluq, mehribançılıq düyğularını sərgiləyir.

Çıxdı həyətə,

Solmazla Çimnaz.

Birdən yıxıldı,

Balaca Solmaz.

Həyacanlanıb

Ağladı bir az.

Dedi:- “əlimdən

Tutmadın, Çimnaz”.

Çimnaz ehmalca

Qaldırdı onu.

Sildi torpağa

Batmış donunu.

Öpüb üzündən

Söylədi: “Solmaz,

Özü yıxılan

Heç vaxt ağlamaz”

Nazilə xanımın bütün şeirləri öyrədici inşaya bənzəyir, nə olursa olsun, mətnlərdə uşaq nəyisə əldə edir, öyrənir. Şeirin dili o qədər sadə və aydındır ki, uşaqlar öyrənməyə əziyyət şəkmir. Müasir texniki avadanlıq sadə uşaq dilində şeirə gətirilir. Elmi texniki yeniliklər uşaq dilində sadələşdirilir, onların mahiyyəti, məzmunu sadə dildə şeirə çevrilərək uşaqlara aşılanır. “İşıqfor” şeirinə diqqət yetirək:

İşıqforun rəngləri,

Yorulmadan çalışır.

Qırmızı, sarı, yaşıl,

Sanki bizlə danışır.

Qırmızı deyir: “Dayan”

Sarı hazırlaş deyir.

Yaşılsa yanan zaman,

Yol açıqdır söyləyir.

Sevindiricidir ki, Nazilə xanımın “Buludlara səyahət” kitabı bütün mahiyyəti ilə uşaqlarla təbiət arasında bir körpü rolunu oynayır. Təbiət çox sirlidir.Onun bütün sirri elmə əsalanır. Uşaqlar ilk baxışda bu sirrə vaqif ola bilməzlər. Ona görə də şair təbiətin sirlərini aydın və sadə uşaq dilində şeirə çevirərək uşaqların həm elmi biliyinin artmasına, həm təbiətə məhəbbət hissinin formalaşmasına, həm də təbiəti öyrənmyə çağıran kiçicik mətnlər yaradır. ”Külək necə yaranır” şeirinə baxaq:

Sən heç düşünübsənmi,

Külək necə yaranır?

Bu böyük yer Kürəsi

Bəs necə havalanır?

Bu, “Külək necə yaranır?” şeirin ilk bəndidir, sonrakı bəndlərdə külək necə yaranmasının və bunun mahiyyətinin məhz Günəşlə bağlı olmasını göstərir. Atmosfer qatının sıxılması nəticəsində yaranan hava axını dünyanı və təbiəti qidalandırır və təzələyir. Eyni zamanda şair yağışın, dolunun, qarın yaranmasını balaca uşaqlara başa salır. Yenə demək istəyirəm ki, müəllif bu bilikləri didaktika şəklində vermir, bədii, poetik bir şəkildə uşaqlarra çatdırır.

Diqqətimi şəkən şeirlərdən biri də “İki Yasəmən” şeiri oldu. İnsanla təbiət arasında əlaqə həm insanı xilas edir, həm həm də təbiəti. Əgər bu əlaqə nə vaxtsa qırılarsa, onda cəmiyyətdə və təbiətdə ciddi fəsadlar baş verir. Kiçik mikro təbiət və cəmiyyət olan həyətdək Yasəmən gülü ilə evin qızı Yasəman arasındakı əlaqə, söhbət yuxarıda dediyimizin kiçik alternativi kimi görünür. Bu paralelikdə ekaloji təmizlik, saflıq, təmizlik tərənnüm olunur.

“Evimizdə var,

Iki Yasəmən:

Onun bir mən,

Biri də sənsən.

Bunu bil ki, sən

Daha gözəlsən”

Beləliklə, Nazilə Rahibqızının “Buludlara səyahət” kitabı uşaqların vətənpərvərlik hislərinin formalaşmasına, onlarda dostluq, məhəhəbbət düyğularının yaranmasına kömək edir. Ona görə də bu kitaba toplanmış şeirlərin dərsliklərə salınması çox yaxşı olardı.

Müəllif: Qəşəm Nəcəfzadə,

Şair, Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin müdiri.

QƏŞƏM NƏCƏFZADƏNİN YAZILARI

ELNUR UĞURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru