Mən təxminən 2004-2005-ci illərdə şair – publisist Nadir Qədimlini tanıyıdım. Şəxsən özünü yox! Hələ özü ilə tanış deyildim. Heç bilmirdim kimdi… Amma şeirlərini oxuyurdum, onun ruhunda, qəlbində hansı fırtınaların qopduğundan xəbərdar idim, vətəni üçün ürək sızıltılarını duyurdum. Agah idim, agah idim ki, bu şeirləri yazandan sonra, çarpayısına uzanıb, gözlərini tavana zilləyir, xəyalları uşağlığı, gəncliyi keçən yerlərə uçur, “əlçatmaz”lar gözü qarşısına canlanır.. tavana dirəkli qalmış gözlərindən qeyri-ixtiyari yaşlar süzülür….

Dedilər yaz gəlir çıxdım eyvana,

Gördüm ki,təbiət gəlhagəl deyir.

Bəzənib min dona min naz eyləyir,

Gələnə-gedənə danış,gül deyir.

Dedim ki,açılar bu qərib könlüm,

Bir az da mən özüm sevinim,gülüm,

Doyunca baxmadım xəcalətimdən,

Dedim bu sevincdən yaxşıdır ölüm!

Hər çiçək gözümdə bir dərd topası,

Oydu bu içimi dərd oyum-oyum.

İstədim boylanam dağlara sarı,

Dağların boyuna, çatmadı boyum.

Hər bahar qəlbimdə ümid göyərir,

Hər bahar qəlbimdə bir ümid solur.

Deyirəm gələn yaz yurda gedərik,

Nə yazım yaz olur,nə yurd, yurd olur.

Dedilər yaz gəlir çıxdım eyvana,

Gördüm ki,çəmən-çöl,gül ləçəkliyir.

Bəxtəvər başına dedim,ay Nadir!

Sənin də qəlbində dərd çiçəkləyir.

Bu şeiri oxuyub ümidlərinin suya düşdüyünü anlayan oxucunun ürəyi parçalanırsa, gör bu şeiri yazan nələr çəkir?Vətən nisgili ilə qovrulanlar bilər bu şeirin ağırlığını, kədərini… Nadir Qədimlinin hansı şeirini oxudum, öz dərdimi gördüm, öz yurd həsrətimi, yuva nisgilimi gördüm. Hərdən yurdumuz üçün burnumuzun ucu göynəyəndə, ürək qübar edəndə şairin misraları hisslərimizə tərcüman olurdu:

Dərd əhliyəm,dərdlər yatır sinəmdə,

Yadlar qurub alaçığın binəmdə,

Mən hansı dərdimə dərman tapmışam?

Bir danışam, bir sevinəm, güləm də,

Kəndimiz yamanca yadıma düşür.

Hə, indi gəl, bu şeiri sonacan oxu, amma başını qarşındakı masaya qoyub asta-asta ağlama…

Şairin mənzum dramları yaxud poeziya tamaşası…

Günlərin bir günü şairin özü ilə tanış oldum. 2007-ci il idi. Eləcə düşündüyüm kimi:Sadə, mehriban, təvözəkar, bir də kökünə qədər dərd dolusu gözlərini tanıdım. Vətən yanıqlısı olmağımız bizim əsas ortaq nöqtəmiz idi. Fürsətdən istifadə edib yaradıcılığı ilə bağlı suallarıma da cavablar aldım. Nadir müəllim ixtisasca iqtisadçı olmasına baxmayaraq, hələ 1998-ci ildə onun “Qarabağım qan ocağım” mənzum dramı rejisor Ədalət Ziyadxanov tərəfindən Əbdürrəhimbəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulur. Tərbiyəvi əhəmiyyət kəsb edən məzmununa, poetik rəngarəngliyinə, aktyorların oyununa, rejissor quruluşuna, dekorasiya tərtibatına görə tamaşa böyük uğur qazanır. Əsərin belə uğurlu alınması Azərbaycan Dövlət Televiziyasının diqqətindən yayınmır. Tamaşa AZTV tərəfindən kadra alınır və hazırda orada qorunub saxlanılır.

Bundan başqa şairin Ağdam Dövlət Dram Teatrında “Özəlim, Gözəlim”, “Təftiş əməliyyatı”, “Günahsızlar” pyesləri tamaşaya qoyulub. Hətta “Özəlim, Gözəlim” komediyası əsasında televiziya tamaşası hazırlanmışdı. Yeri gəlmişkən, Ağdam Dövlət Dram Teatrı ötən ilki mövsümü şair Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanan tamaşa ilə açıb və ilk tamaşa hərbçilər üçün təqdim edilib. 44 günlük müharibədən sonra səhnəyə qoyulan “Günahsızlar” tamaşası festivala təqdim olundu. Üstəlik Mədəniyyət Nazirliyi və Teatr Xadimlər İttifaqının “Fəxri Diplom”una layiq görüldü.

Beşinci nübar: “Ürəyimə yağan yağış”…

İyulun 1-də Atatürk Mərkəzində Nadir Qədimlinin növbəti “Ürəyimə yağan yağış” adlı yeni kitabının təqdimat mərasimi oldu. Xatırladım ki, “Sənsiz dünyam”, “Ürəklərdə göyərən dərd”, “Daş məhəbbət”, “Danışır Azərbaycan “ kitablarından sonra sayca beşinci olan “Ürəyimə yağan yağış” ” Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 328 səhifədən ibarət kitabın redaktorluğu və ön sözü şair Namiq Hacıheydərliyə məxsusdur.

Mərasimə Nadir Qədimlinin poeziyasını ürəkdən sevən dostları, həmkarları, jurnalistlər, elm adamları və digər ictimaiyyət tərəfindən tanınan şəxslər qatıldılar. Tədbiri tanınmış yazar , şairin həmkəndlisi Vasif Qurbanzadə aparır. O şairi elə mənim qədər tanıyanlara bir də öz baxış bucaqı ilə tanıdır. Vasif müəllim qürurla bildirir ki, Nadir kəndimizi təmsil etdiyi üçün , bu qədər insanın qəlbində həm özünə, həm ədəbiyyata, həm də el- obasına hörmət qazandırdığı üçün çox sevinir, çox şaddır: “ Hər dəfə Nadiri görəndə, onun vətən həsrətli şeirlərini oxuyanda ilk yadıma düşən kəndimizdəki Qaraman dağı olur, kəndin hər çığırı, hər köşəsi gözlərim qarşısında canlanır. Nadirin poeziyasında elə bir sehr var ki, onu oxuyan hər kəs onun gözləri ilə Qaramanı da görür, Qalayçılar kəndini də. Bu səbəbdən Nadir hamımıza əzizdir” .

Qiraət ustası, əməkdar artist Ağalar Bayram bax elə o andaca şairlə Ağdamda, bir tədbirdəki tanışlığından, onun şeirləri ilə təmasından danışıb dərhal “Sındırar” adlı şeiri səsləndirdi:

Bu dünyanın gözü qalıb gözümdə

Bir baxışla mənə hər şey andırar

Çəkdiklərim qənim olub özümə

Çölüm özgə, içim məni yandırar…

Bəli, bulaq kimi, şəlalə kimi misraları bir də valehedici səs sahibi Ağalar müəllimin ifasında dinlə.. Əsl poeziya ziyafəti…

Filalogiya üzrə fəlsəfə doktoru dosent Səkinə Bayramova, fəlsəfə doktoru dosent Yeganə Qəhramanova, , şair İlham Qəhrəman, şair Tahir Ələkbərli, əməkdar jurnalist Qafar Əsgərzadə, Fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümova, şair şəhid atası Kamil Vəfadar, şair Zakir Ağdamlı, tərcüməçi Qumru Qasımova, şair Rafael Tağızadə, şair Aygün Hüseyn , poeziya vurğunu, nevroloq –həkim, Mirzə Qaraşov , siyasi fəal Taleh Alıiyev, şair Zaur Ustac .və başqaları tədbirin elə ilk anındaca məclisdəki səmimiyyəti, sadəliyi, hiss etdilər və tədbir sonuna qədər elə bu aurada getdi. Hər kəs öz növbəsində Nadir Qədimli yaradıcılığından oxuduğu, əzbərlədiyi şeirlərdən söylədi , hisslərini, duyğularını ifadə etdi.

Mənim tanıdığım Ağdam QAC sədri

Növbə mənə çatdı. Oxucularımız bilir, 44 günlük savaş müddətində müharibə zonasında olan yeganə qadın jurnalist idim və bir çox tanıdığım insanların tanınmayan bəzi xüsusiyyətlərini məhz o dövrdə gördüm, kəşf elədim. Bir məqamı xatırladım. Ermənistan Silahlı Qüvvələrinin hədəf aldığı təmas xəttindəki insanlar müharibəyə hazırlıqsız yaxalanmışdı. Ərazini tərk edib atəş tutmayan məktəblərdə, idarə və müəsissələrdə sığınacaqlara yerləşmişdilər. Evdən hövlanak çıxanda nə isti geyim, nə də ərzaq götürə bilmişdilər. Həmin vaxt erməni artilleriyasını susdurmaq üçün Quzanlı kəndinin alt hissəsindəki qobuda və sağ tərəfindəki Xaçın çayının su gəlməyən yatağında bizin ağır artilleriya qurğularımız qurulmuşdu. Təsəvvür edin, ağır artilleriyanın atdığı mərmilər Quzanlı kəndinin başı üstündən uçuşurdu. Ermənilər mərmi çıxan yerləri yəni Quzanlını mütəmadi atəş altda saxlayırdı. Həmin vaxtlar nə qədər dinc əhali yaralandı, həlak oldu, yüzlərlə ev göyə sovruldu, darmadağın oldu. Bax belə bir ərazidə, belə bir ölüm saçan mərmilərin altında , ağır şərtlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsinin sədri Nadir Qədimlinin vətənə xidmətini gördüm. Bəli, bir var vəzifə borcunu yerinə yetirmək, bir də var, vəzifə borcundan ötə olan vətənə xidmət missiyasını həyata keçirmək.

Onların işini izləmək, çəkdikləri əziyyəti görmək üçün bir neçə dəfə QAC-ın üzvlərinə qoşuldum, onlara yoldaş oldum. Sığınacaqlara, imkansız və köməksiz insanlara ərzaq, geyim, yorğan (odyal) paylamağa mən də getdim. Payız yağışının altında, başdan ayağa islanmış vəziyyətdə, digər yandan göydən mərmi töküləndə, hərə qaçıb bir təhlükəsiz yerə girəndə Nadir müəllim və onun komandası fəaliyyətlərini dayandırmadı. Həmin vaxt onlara kömək edəndə mən də islanmışdım, üşüyürdüm, saçlarımdan su süzülürdü. Üzümə baxdı, yəqin ki, ürəyi yandı, ruh yüksəkliyi ilə dedi ki, qoy müharibə qurtarsın, qələbə günü sənə qonaqlıq verəcəyəm. (İnşallah dediyi qonaqlığı verər)) Nə deyim vallah, bu komandanın hansısa üzvünün necə deyərlər ”anası namaz üstündə idi” ki, onlar mərmiyə tuş gəlmədilər, onlar ölümə görə fəaliyyətlərini bir anda ləngitmədilər. Bildilər ki, kimsə payızın soyuğunda üşüyür, kimsə açdır, kiminsə kiçik bir təsəlliyə ehtiyacı var… Başda Nadir müəllim olmaqla o uşaqlar, o 44 gündə əsl fədakarlıq nümayiş etdirdilər. Nadir Qədimli istedadlı, eyni zamanda sevilən şairdi. Vətənpərvər və fədakar vətən oğludur. İşinin, adının, dediyi sözün, kəndinin, rayonunun, dövlətinin məsuliyyətini bilən vətəndaşdır. Bununla bərabər həm də iki övlad sahibidir, nümunəvi atadır. Elə nümunəvi balalar da yetişdirib. Hələ nəvəsinin də sevimli babasıdır.

Son olaraq, arzu edirik, Nadir Qədimlinin növbəti kitabı Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızdakı tikinti və yenidənqurma işlərindən, bu prosesdə sevgi və sevinclə iştirak edən soydaşlarımızın maraqlı talelərindən, bir də yurduna köç edən qarabağlıların sevincindən bəhs edən şeirlər toplusu, poemalar və pyeslərlə zəngin olsun!Uğurlar Nadir Qədimli!

Müəllif:Əntiqə RƏŞİD

İlkin mənbə: adalet.az

ƏNTİQƏ RƏŞİDİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru