Rahim Üçoğlanlı Rzayev

MƏNİMÇÜN
Vətən, sənə sevgim zərrə azalmaz,
Şəfalı ocaqsan, pirsən mənimçün.
Varlığından dəyərli bir ləl olmaz,
Qiymətli incisən, dürsən, mənimçün.
* * *
Fələk məni qoynunda ac qoysa da,
Könlüm ahın külək ərşə yaysa da,
Kədər yıxıb, dərdlər kəsib soysa da,
Ən əziz məkansan, yersən mənimçün.
* * *
Haqq bilir ki hal əhliyəm gözüm tox,
Qəlbim səni Ana bilib, sevir çox.
Gül üzündə noxud boyda ləkən yox,
Dağ başında bəyaz qarsan, mənimçün.
* * *
Rahim deyir, nəfəsimsən canımsan,
Şərəfimsən, şöhrətimsən, şanımsan.
Damarımda axan qızıl qanımsan,
Sakit Araz, coşan Kürsən, mənimçün.
Ağdam-15.06.2022.

GÖZƏLƏ GÖZƏL DEMƏSƏN
Dil quruyar, dodaq əsər,
Şux mələklər səndən küsər,
Diş qıcanıb səbri kəsər,
Gözələ, gözəl deməsən.
* * *
Təbin özün yetim sanar,
Duyğuların odda yanar.
Qələm əldən düşüb sınar,
Gözələ, gözəl deməsən.
* * *
Ruhun səkib göyə uçmaz,
Dərd əriyib kədər qaçmaz.
Günəş yerə şəfəq saçmaz,
Gözələ, gözəl deməsən.
* * *
Sevən aşiq kama yetməz,
Bülbül eşqlə dil-dil ötməz,
Tanrı dərdə dava etməz,
Gözələ, gözəl deməsən.
* * *
Rahim, yatan Div oyanar,
Gül-Çiçək qana boyanar.
Araz axmaz, Kür dayanar,
Gözələ, gözəl deməsən..!
Ağdam-13.06.2022.

ÜRƏYİMDƏ BİR ARZU VAR
Ürəyimdə bir arzu var, dodaqları çat-çat olub,
Kaş dözüb tab gətirə şır-şır axan çaya qədər.
Qışı dərdsiz keçirib, mərdlik ilə çıxsa yaza,
Sevinib şad olaram pöhrələsə yaya, qədər.
* * *
Sevgisi gur yağışdır, məhəbbəti içində qar,
Yağarsa, səxavətlə ehsan edər bəxtimə bar.
O qədər xoş məramı, dürlü-dürlü istəyi var,
Çin olsa, nur saçacaq al Günəşdən, Aya qədər.
* * *
Rahimə qismət olsa, lütf eləyib qəmdən alar,
Bu arzu qəlb evimə içıq çəkib, duyğu salar.
Dünyam kökdən dəyişər həyat dönüb Cənnət olar,
Könlümdə sağ yaşasa, fələk sayan saya qədər.!
Ağdam-11.06.2022.

YAŞADIM
Kədər hərdən zəmi kimi biçsə də,
Ruhum, süzüb göz yaşımı içsə də,
Ömrüm, günüm kasıblıqla keçsədə,
Coşub daşan bir sel ömrü, yaşadım.
* * *
Hissim, duyğum hər işimə yaradı,
İlham-Pərim göydən enib aradı.
Saçlarımı şux mələklər daradı,
Xumarlanıb, bir tel ömrü yaşadım.
* * *
Vəcdə gəlib ələ qələm götürdüm,
Hər fəsildə qəlbdə Çiçək bitirdim.
Qara yaya, ağ sərinlik gətirdim,
Həzin əsən, bir yel ömrü yaşadım.
* * *
Öz elində çox nadanlar gördü göz,
Ürək dedi, həyat budur qorxma döz.
Büdrəmədi, qəm yükünü çəkdi diz,
Kötan sürən, bir Kəl ömrü yaşadım.
* * *
Rahim, artıq tamah nədir bilmərəm,
Fələk məni Şah eyləsə, gülmərəm.
Bir də çaşıb dünya, sənə gəlmərəm,
Bəsdir yetər, bir Gül ömrü, yaşadım.!
Ağdam-07.06.2022.

GÜLÜM HƏSRƏT ÜZÜR MƏNİ
Yaşamağa halım yoxdur,
Gülüm, həsrət üzür məni.
Kədər yenə eşqlə baxır,
Məhəbbətlə süzür, məni.
* * *
Bəsləyir hələ sayğılar,
Bəxt vermir özgə qayğılar.
Cəm gəlir indi duyğular,
İlmə-ilmə çözür məni.
* * *
Nə tab qalıb nə də səbir,
Ruh səmaya özün təpir.
Dərib göydə sevgi səpir,
Qəmim, yerdə gəzir məni.
* * *
Rahim üzgün, qeydinə qal,
Bir gün yolun yurduna sal.
Gəl, bu dərdin əlindən al,
Qurbanlıq tək kəsir, məni.!
Ağdam-04.06.2022.

YAVAŞ-YAVAŞ
Sevgi olan canda, duyğu od saçar,
Durular damarda qan yavaş-yavaş.
Ürəyi tərk edib bəd hisslər qaçar,
Sökər qaranlığı dan yavaş-yavaş.
* * *
Dönüb zilə çıxan şeyda Bülbülə,
Nəzər yetirməyib, özgə bir gülə,
Ruhun səmalardan enib eşq ilə,
Tutar yar bağına yön yavaş-yavaş.
* * *
Gözlərin zillənib yol çəkən zaman,
Hər gələn öz pərin, eyləyib güman.
İçindən sel keçər, çölündən duman,
Düşərsən elindən gen, yavaş-yavaş.
* * *
Rahim, qəlbdə açsa sevgi gülləri,
Kim deməz, kaş dərə bir Qız əlləri.
Bir gün qəm gətirib, həsrət yelləri,
Salar saçlarına, dən, yavaş-yavaş.!
Ağdam- 22.05.2022.

MƏNDƏN ŞEİR UMMASALAR
Qəlbim yanıb dönsə külə,
Hissim, duyğum çıxsa zilə,
Yazmazdım bir kəlmə belə,
Məndən, şeir ummasalar.
* * *
Qəm yükün çatıb kürəyə,
Zülüm verməzdim, ürəyə.
Qoymazdım şam tək əriyə,
Məndən şeir ummasalar.
* * *
Ruhun göz yaşın silərdim,
Şad olub deyib gülərdim.
Sevincin dadın bilərdim,
Məndən, şeir ummasalar.
* * *
Oyanıb tezcə durmazdım,
İlham-Pərimi yormazdım.
Gecələr xəyal qurmazdım,
Məndən şeir ummasalar.
* * *
Dərd-kədəri çəkib dara,
Nə sevgim var verib yara.
Üz tutardım gəldi hara,
Məndən, şeir ummasalar.!
Ağdam-20.05.2022.

Müəllif: Rahim ÜÇOĞLANLI

RAHİM ÜÇOĞLANLININ YAZILARI

Rahim Üçoğlanlı digər mənbələrdə

Digər mənbə: Rahim Üçoğlanlı Rzayev

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru