SEVİL GÜL NURUN YAZILARI

AMNEZİYA
Gəlişin bir ağrı gətirmişdi ömrümə,
Addım səslərindən artmışdı cismimim sol ağrısı,
təzələnmişdi ruhumun köhnəlmiş yaddaşı.
Başlamışdı gecələrlə gündüzlərin,
“olar”larla “olmaz”ların
qanlı savaşı.
Səsin qulaqlarımda doğulan yanğı idi,
Baxışın gözlərimi deşən sancı.
Əziyyət çəkirdim güclü yaddaş ağrısından.
Gözlərim sənsizliyə açılanda
odlu baxışların düşdü gözümün yaddaşından damcı-damcı.
Bir şeir pıçıldamışdın saçlarıma,
bir xatirə buraxmışdın ovuclarıma.
Ayrılıq küləyi itirdi saçlarımın yaddaşını,
səpələndi misralar lal gecələrə.
Ovuclarım qışın nəfəsində
üşüyəndə korşaldı əllərimin yaddaşı,
xatirən süzülüb dağıldı küçələrə.
Əllərim yaddan çıxartdı nəfəsinin odunu,
Qəlbim də unutdu darıxmağın dadını.
Bir ruhumun yaddaşı qalmışdı məndə,
Onu da soyuq fevral gecəsi aldı əllərimdən,
Onun da doymadım dadından –
Bir qış gecəsi şaxta şəhəri ağuşuna alanda
ruhum itirdi yaddaşını,
eşq qucaq-qucaq çıxdı ruhumun yadından…

SOL AĞRI
Geyinmişəm əynimə
Ayrılığın biçdiyi
Dərdlərin ən yekəsin.
Yolların bağrın yaran
Səfil kimi gəzirəm
Bu milyonlar ölkəsin.
* * *
İndi mənim ruhumu
Oxşamır o mahnılar,
Oxşamır o nəğmələr.
İndi mənə dağ çəkir
Ruhuma göndərdiyin
Eşq ətirli kəlmələr.
* * *
O xoş günlər vardı ha,
Hamısı bircə-bircə
Silinib yaddaşımdan.
İndi də qucaq-qucaq
Kədər yağır içimdən,
Qəm tökülür başımdan.
* * *
Bu yarımcan ürəyə
Ağırlıq eyləyirsən,
Birdəfəlik yığış, get.
Sol tərəfim yıxılıb,
Sol yanım viran qalıb,
O yandadır çıxış, get.
* * *
Gedəndə elə get ki,
Gedişini görməyim,
Addımın səs salmasın.
Ağlını da götür, get,
Apar onu özünlə,
Ağlın məndə qalmasın.

BUZ QADIN
Ayağı büdrədi xəyallarımın,
Rəngli yuxularım qəfil dağıldı.
Günəşlə ulduzum heç barışmadı,
Bütün fəsillərim soyuqda qaldı.
* * *
Odlu baxışını yan et gözümdən,
Buz dağın əridib qaynadacaqsan.
Sevgi havasına kar idi ruhum,
Sən onu yerindən oynadacaqsan.
* * *
Şeirim asılacaq bir kor ümiddən,
Yarımcan ağrılar çıxacaq üzə.
Yanında min illik hörmətim vardı,
Abrımı tökəcək hissim kağıza…
* * *
Bir ağrı hayqırır sol tərəfimdə,
Ağlım hisslərimə baş əyir indi.
Mənim ürəyimdə doğulan şeir
Sənin nəfəsində yaşayır indi.
* * *
Mən buz qadınıyam şimal qütbünün,
Alova ögeyəm, atəşə yadam.
Belə isti-isti şeir yaşatma,
Səsində əriyib itirəm, adam…

SƏKKİZ DƏQİQƏ
Atasan qürurunu, keçəsən inadından,
İncik olduğunu da çıxarasan yadından,
Boylanıb ümidlərin gündoğan tərəfinə
Ona məktub yazasan bu gecə öz adından.
* * *
Yazasan ki, susaraq həsrətimə alışma,
Gedişimə üsyan et, unutmağa çalışma,
Aş bütün əngəlləri, sərhədləri qırıb tök,
Aramıza sədd çəkən ayrılıqla barışma.
* * *
Yazasan ki, bir addım məsafədə dayanma,
Vüsal uzaq olsa da, çox yaxındır yol amma.
Hər dönüş bir ümiddir, hər ümid bir başlanğıc,
Ömür gözləmək üçün çox qısadır, yubanma .
* * *
Yazasan, tənhalığın ağrısı da səngimir,
Sənsiz şeirlərim də dəyişib ahəngini,
Ürəyim qəm bağlayıb adını söyləməkdən,
Gözlərim yuyulmaqdan itirib öz rəngini.
* * *
Yazasan ki, bilmirsən, yoxluğuna əsirəm,
Səndən incimirəm e, mən özümdən küsürəm.
Acığımı çıxıram sən sevdiyin hər şeydən –
Dodağımı yeyirəm, saçlarımı kəsirəm.
* * *
Yazasan ki, getməklə öz evimi yıxmışam,
Sonra giley edəsən: Nə tez yaddan çıxmışam…
Göz yaşın ləkə sala yazdığın sətirlərə,
Kağızın sol küncünə yazasan:darıxmışam…
* * *
Yazasan ki, sənin də qəlbinə qəm yığılsa,
Gecələrin qoynunda ruhun qəfil sıxılsa,
Desən ki, “darıxıram, qurban olum, qayıt, gəl”,
Allah haqqı, gələrəm, lap dünya da dağılsa…
* * *
Ya da dəli şeytanın dediyinə uyasan,
Səhərlərin birində qapısını döyəsən.
Səkkizcə dəqiqəyə sığdırıb hisslərini,
Bir şeir oxuyasan, “gəl barışaq” deyəsən…

Müəllif: SEVİL GÜL NUR

SEVİL GÜL NURUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru