
Qoz mürəbbəsi
Amilənin atası Amil müəllim uzun illər rayonda sayılıb seçilən, müxtəlif vəzifələrdə çalışmış hörmətli ziyalı idi.
O, övladlarının təlim-tərbiyəsinə xüsusi diqqət yetirirdi ki, layiqli peşə sahibləri olsunlar, vətənpərvər, ailə ənənələrinə sadiq oğul-qızlar kimi böyüsünlər.
Ailədə iki oğul və iki qız böyüyürdü. Orta məktəbi bitirər-bitirməz qızlara elçilər çıxır, ana gizlicə onları: “hələ tezdir”-deyə qaytarırdı. Şəhər mühitində böyüsələr də ev işlərində ana qayğısı görən qızlar müxtəlif xörəklərin bişirilməsinə diqqət edirdilər. Amilənin böyük bacısı Nailə ondan fərqlənirdi belə ki, Amilənin oxumağa həvəsi olmadığı halda Nailə dərslərinə ciddi yanaşır, müxtəlif fənn olimpiadalarının qalibi olurdu.
Nailə məktəbi əla qiymətlərlə bitirib ali məktəbə qəbul olundu. Amilə də bir il sonra məktəbi bitirdi, lakin təhsilini davam etdirmək fikri yox idi…
Bəli, elçilər nəhayət, məktəbi bitirən qızlar üçün qapını döyməyə başladılar.
Nailənin ərə getməyə fikri yox idi. O, yalnız ali təhsilini bitirərək, elmi işlə məşğul olmaq arzusunda idi.
Amilə isə ailə qurmaq üçün meylli olduğuna görə anasdı ona gələn elçilərə “fikirləşərik”-cavabını verdi.
Əlbəttə, “yaxşı, razıyıq” sözünü birdən deyə də bilməzdilər. Çünki, ailə qurmaq, getdiyi yerə uyğunlaşmaq, həmin ailənin daxili “konstitusiyasına “ əməl etmək üçün tam hazır olmaq lazım idi.
Özü də kənd həyatına alışmaq, ailədə qaynana, keçmişin zabitəli qaynatası, baldız və qayınlar olduğuna görə ana razılıq verməyə çətinlik çəkirdi, elçilər isə əl çəkmir, qızı alacaqlarını deyib dururdular.
Nəhayət, qohumlar arasında ümumi razılığa gəlindi, Amiləni nişanladılar. Olmağına oğlan da pis oğlan deyildi:- ali təhsilli mühəndis idi.
Nailə üçün də gələn elçilər fürsətdən istifadə edərək “həri”ni aldılar…
Günlərin xoş bir payız günündə gözəl bir çal-çağırla Amiləni rayona yaxın kəndlərdən birinə gəlin apardılar.
Qısa müddətdə Amilə getdiyi yerdə özünü hamıya sevdirə bildirdi. Ailədə hamı ataya hörmət edir, o, evə gələndə əl-ayağa düşürdülər. Çünki, uzun illər kolxoz sədri işlədiyindən hökmlü, zabitəli, cüssəli kişi idi. Ona yalan demək, sözünü iki eləmək, yanında yersiz hərəkətlərə yol vermək qətiyyən ağla belə gəlməzdi.
Amilə bu evə gəlin gələli ağzındakı “yaşmağ”ı hələ açmamışdı. Bunu özünə ayıb bilir, qaynata ilə danışmağa da cürət etmirdi. Hərdən qaynatasının “gəlin, çayın hazırdır?”- deməsinə də “bəli” deyirmiş kimi başını yelləyərdi. Gəlinin abır həyanı gözləməsi onu qaynatanın gözündə daha hörmətli edirdi.
İşdən yorğun gələn kişi birdən: “ay gəlin, ocağın üstündəki nədir elə qaynayır?”-deməsindən diksinən Amilə səssizcə qaynatasının yanına gəlib, yaşmağını aşağı saldı, ilk dəfə: -“su”-dedi və yenidən yaşmağını ağzına çəkib ona çay süzdü. Onun bu qəfil hərəkətinə qaynanası və baldızı xəfifcə qımışdılar.
Amilə hələ də anlamadı ki, onlar nəyə gülümsədilər. Belə söhbətlərdən biri də ertəsi gün baş verdi.
Həyat yoldaşı işdən çox yorğun qayıtdığından yeməyini yeyib, yataq otağına keçərək taxtında uzandı. Ev iki mərtəbəli olduğundan kənd evlərinə məxsus ikinci mərtəbədə də ayaqyolu və əlüzyuyan eyvanın yuxarı başında yerləşirdi. Amilə süfrəni yığışdırdı, qab-qacağı yuyub yerləşdirdi, ocağa iki odun da atdı ki, otaq gecə soyumasın. Sonra gedib əllərini yumaq üçün əlüzyuyanın yanına gəlmək istəyəndə gördü ki, ayaqyolunun qapısı aralıdır, içəridə yataq paltarında adam var. Əvvəlcə duruxdu, sonra elə bildi ki, yoldaşıdır, zarafatla ehmallıca çiyninə vurub-“elə bildim dədədir”-dedi, keçib əllərini yudu, sakitcə otağına qayıtdı, gördü əri taxtda yatıb. Əvvəlcə duruxdu, bir anlıq həyəcan keçirdi.
Sən demə bu sözləri elə qaynatasına deyibmiş… Təsəvvür edin, daha xəcalətdən qaynatanın üzünə çıxa bilərdimi?!
Günlərin bir günü Amilə baldızına dedi ki, o kiçik qozlardan gəl qoz mürəbbəsi bişirək . Bağlarında iri qoz, fındıq ağacları ilə yanaşı, bağdan keçən arxın o biri tərəfində də müxtəlif meyvə ağacları var idi. Bağda gəzməyi çox sevirdi Amilə.
Hər tərəf yaşıllıq idi. Elə mürəbbəni də burada bişirmək qərarına gəldilər. Baldızı evdən iri mürəbbə tiyanını gətirdi, Amilə şəkər tozunu tiyana tökdü. Ocaq hazırlandı; iki iri kərpic gətirib, üstünə tiyanı qoydular və şəkər tozuna hər kiloya bir stəkan su əlavə etdilər, hardasa 10 kiloluq mürəbbəyə hazırlıq gördülər. Ağaclardan yığdıqları göy qozları yudular. Ocağın altına bağdan topladıqları oduncaqları səliqə ilə düzdülər.
Quru çubuqlar yandıqca tiyandakı şərbət yavaş-yavaş qaynağa düşdü, yuyulmuş gömgöy qozları tiyana tökdülər. Xeyli gözlədilər, arabir qarışdırırdılar. Hərdən evə də gedib atanın işdən gəlib-gəlməməsini də yoxlayırdılar. Axı, ona qoz mürəbbəsi bişirirdilər. Həm də bu mürəbbə gəlin-baldızın ilk bişirdikləri mürəbbə olacaqdı.
Nəhayət, bişirdiklərini dadmaq istəyəndə…Vay, bu nədir? Acı zəhər! Bir-birinin üzünə baxdılar. Axı, onların yedikləri qoz mürəbbəsi çox ləzzətli, şirin idi.
Amilənin nitqi qurumuşdu, bilmirdi nə etsin…Baldızı tez evə qaçıb məsələni anasına danışdı. Ana elə qızını özbaşına, məsləhətsiz belə iş gördüklərinə görə danlayırdı ki, atası gəldi və “nə olub?”-deyə soruşdu. Qız qorxudan tez, “heç nə”, “anamdan söz soruşurdum”-dedi. Ana işdən gələn yorğun ərini yuxarı apardı.
Amilə həyəcanla baldızını gəlməsini gözləyirdi. Nə edəcəklərini hələ bilmirdi:-həm məsləhətsiz bu işi gördüklərinin, həm də xeyli miqdarda şəkər tozunu israf etdiklırinin, həm də bilmədikləri işə görə danlanacaqlarının həyəcanını keçirirdi ki, baldızı qaçaraq gəldi və Amilə, gəl tiyanı otlarına arasına çevirib tökək, heç kəs bilməsin,- dedi.
Eləcə də etdilər. On kiloya yaxın “mürəbbə”ni otların arasına töküb, tiyanı arxda yudular, səssizcə gətirib həyətdəki mətbəxə qoydular.
Əminliklə yəqin etdilər ki, kişi heç nə bilməyəcək. Çünki, onun dilinə düşsələr danlanacaqlar.
Bir neçə gün keçdi. Hava xoş idi. Amma bağı yaman vızıltı səsi bürümüşdü. Amiləgilin bundan xəbəri yox idi. Qaynatası arıların vızıltısını eşidib, öz-özünə-burda arılar olmur axı, bəlkə ağacda pətəkləri var-düşüncəsi ilə “hadisə yerinə” yaxınlaşdı.
Vay… burada nə qədər arı, milçək və başqa böcəklər var. Ehtiyatla arılardan uzaqlaşıb evə gəldi. Və… bağda gördüyündən baş aça bilmədiyini söylədi.
Amilə baldızına gözucu baxdı və baxışları toqquşanda hər ikisinin üzündə kədər dolu təbəssüm göründü.
İllər keçdi…Sonralar Amilə də, baldızı da qoz mürəbbəsinin bişirilməsini biləndə və onu bişirib süfrəyə qoyanda “naşı bacarıqlarını” xatırlayır və övladlarına danışıb gülürdülər.
14.02.2022-Bakı.
Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA
“Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar.
NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru