Gülyaz ƏLİYEVA

Vallahi, billahi, çox maraqlı bir öllkədə yaşayırlq, macəralarla dolu bir ölkədə…

Macəra dolu Amerika bizə baxanda toya getməlidir. Bə nə? Heyf deyil, hər gün gündəmi bir yeni qeyri-adi, heyrətamuz olay zəbt edə? Bir gün eşidəsən, şagird müəllimi döyüb, müəllim işdən çıxarılıb. Bir gün eşidəsən, müəllim şagirdi döyüb,  yenə müəllim işdən çıxarılıb. Bir gün müəllim şagirdi intizama dəvət edə, mərəkə qopa, bir gün sinifdə baş verən hadisələrə gözüçıxan qardaşını görən müəllim gözünün ucu ilə də etina etməyə, yenə mərəkə qopa… Adı “Buraxılış” olan  imtahanı buraxılışdan 3 ay əvvələ salalar, uşaq da Hatəmxan ağa demiş: “hoppana gedə düşə Arazın o tayına… “. Bundan sonra  da müəllim 3 ay əli çıraqlı şagird axtara davamiyyəti düzəltmək üçün…

Bir gün yuxudan oyanasan ki, əsgərlərin qanı bahasına aldığı Şuşa adını komandasına qoyan, amma o adı qorumağa cürəti çatmayan, ermənilərin ağzına çeynəməyə saqqız verən nəşəli və sözəbaxan ağıllı, lal-dinməz oğlanlar klubu onu “Buta” ilə əvəz edə… Utanıb-qızarmaq əvəzinə sabahı camaata elə təppəcə gələ ki, day deməyə sözün qalmaya.  …Ayıbına kor olmaqdansa, camaata qeyrət, namus, şərəf dərsi keçələr, sən də maddım-maddım baxasan… Bir gün də oyanasan ki, şou-biznes əhlindən birisi başlaya hərbiçini sosial şəbəkələrdə açıq-açığına söyə, zənən xeylağı kimi ağzına gələn qarğışı yağdıra, “əcəb eləmişəm, yaxşı eləmişəm”, – deyə-deyə, hamının da matı-qutu quruya…

Maraqlı ölkədə yaşayırıq, Vallahi, Billahi. Adamın burada günü əyləncəli keçir, adamı qəti darıxmağa, öz dərd-sərin, çörəyin, neftin qiymətlərinin qalxmasının dərdin çəkməyə, fikir eləməyə qoymurlar ki! Sağ olsunlar. Gərəkdir bizim ölkənin bu təcrübəsin özgə ölkələr də mənimsəyə, yayıb geniş istifadə edələr… Hansını deyək, hansını danışaq? 17 ildə 3 dəfə orfoqrafiya lüğəti çıxarılıb, 3-ü də yararsız. Burada da o  orfoqrafiyanı nəşr elətdirənlər yox, günahkar xalq ola ki, bəs, düz-əməlli söz işlədə bilmir. İşləri-peşələri də yoxdur, elə bil orfoqrafiyadan başqa söz tapmırlar danışmağa… Ancaq onu müzakirə edirlər. A bala, çörəyin qiyməti qalxmayıb, neftin qiyməti qalxmayıb, reklamlarda-zadda sözlər hamısı səhv-sühv yazılmayıb? Get onu müzakirə elə dana. Nə dərdinə qalıb orfoqrafiyada “dəmşalaq” sözü var, “mişoppa” sözü yoxdur? Hıy!? Başına iş qəhətdur? Əcəb edirlər, “oxşar” və “bənzər” sözü ilə eyni sözlərin sayın artırırlar. İstəyərlər, “meymunabənzər” yazarlar, istərlər, “meymunaoxşar”, istəyərlər, “suiti” yazarlar, istəyərlər, “dəniziti”, “supərisi” və ya  “dənizpərisi”. Bax bundan sənə nə?

Nə dərdinə qalıb ee?! Küçələrdə reklam və obyekt adlarının 99, 99%-i əcnəbicədir?  Sənə nə?

Vallahi, billahi qəribə, maraqlı, macəra dolu bir ölkədə yaşayırıq, sensasiya dolu bir diyarda! Sağ olsunlar, adamı darıxmağa, fikir eləməyə qoymurlar. Hər gün yuxudan durursan ki: “Şok, şok, şok!”

Hər gün bir yeni olay,
Hər gün bir yeni vay-vay .
Maraqlıdır buralar,
İşiniz olsun kolay.

Müəllif: Gülyaz ƏLİYEVA

GÜLYAZ ƏLİYEVANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru