Əsgər ORDUBADLI – şair, yazar.
AYDAN POEMASINDAN BİR PARÇA

YOX BƏNZƏRİ ORDUBADIN
Yazılmamış bir nəğmədir
Hər səhəri Ordubadın.
Yer üzündə tarix yazıb
Dahiləri Ordubadın.
* * *
Qonaq gələn bizim yurda
Dostluq, hörmət görər burda.
Cavanşirtək oğullarda
Var hünəri Ordubadın.
* * *
Abırlıdır ismətlidir,
Vəfalı, sədaqətlidir,
Nigar, Həcər qeyrətlidir
Hər dilbər Ordubadın.
* * *
Burda “Səid”, “Yusif ” yaşar.
Neçə-neçə alimi var.
Dünyanı gəz diyar-diyar
Yox bənzəri Ordubadın.
* * *
“Zorxana ” tarix dastanı.
Limonun tayı hanı?
Valeh edib hər bağbanı
Meyvələri Ordubadın.
* * *
Ana vətən, doğma məkan.
Müqəddəssən bizə hər an.
Varlığından ilham alan
Var Əsgəri Ordubadın.
2012.

MÖMİNƏ XATUN
O vaxt Əcəmi babam
Görən sənə nə qatıb?
Səni belə vüqarlı,
Möcüzəli yaradıb.
* * *
Naxçıvana söykənib
Başın göylərə çatıb
Sən ey şah əsərlərdən
Uca Mömİnə Xatun.
* * *
Memarlıq sənətində
Bağlı sirsən bu gün sən.
Yurduma bir incisən,
Cəbahirsən bu gün sən.
* * *
Müasir şəhərimtək
Müasirsən bu gün sən
Necə deyim adına
Qoca Mömİnə Xatun.
* * *
Az qala şanlı zirvən
Buluda dəyir sənin.
Ulduzlar da başına
Şölə ələyir sənin.
* * *
Başındakı vüqarlı
Tacın bənzəyir sənin
Atabəyin başında
Taca, Mömİnə Xatun.
* * *
Sən ey şah əsərlərdən
Uca Mömİnə Xatun.
2017.

ANA
Vaxtsız qocaltmasın qoy illər onu
Düşməsin saçına dən anaların.
Sevinsin, şadlansın çöhrəsi hər an
Olsun bahar kimi şən anaların.
* * *
Laylası o qədər həzin səsdi ki…
Çağırsam can deyər mənə bəsdi ki,
Analar o qədər müqəddəsdi ki
Adına nə yazım mən anaların?
* * *
Hey övlad yolunda vurar ürəyi.
Önündə əyilər dağın çiçəyi.
O böyük Yaradan olsun köməyi
Həmmişə, hər yerdə cəm anaların.

MƏN AZƏRBAYCANLIYAM
Mən bu yurdun oğluyam,
bu el mənə əzizdir.
Bu xalqa olan sevgim
Xəzər adlı dənizdir.
Mənim Xəzərim pakdır,
suyu safdır, təmizdir.
Adım tarixə sığmaz
şöhrətliyəm, şanlıyam.
Mən Azərbaycanlıyam!
* * *
Şəhidimin qanı var
o torpaqda, mənimdir.
Al geyinmiş yamac da,
ulu dağ da mənimdir.
Naxçıvan da, Bakı da,
Qarabağ da mənimdir.
Laçınlı, Kəlbəcərli,
Şuşa, Zəngilanlıyam.
Mən Azərbaycanlıyam!
* * *
Bu yurdun hər daşında,
qayasında izim var.
Əyilməz Poladım var,
ölməz Mübarizim var.
İlhamdan ilham aldım
sinəm dolu sözüm var.
Soyköküm Ulutürkdür,
odur dəliqanlıyam.
Mən Azərbaycanlıyam!
Mən Azərbaycanlıyam!

QƏRƏNFİL
Qərənfilim, mən səni
bir şəhid anasının
əlində ağlar gördüm.
Ləçəyində min hicran,
qəm dolu dağlar gördüm.
mənim məsum Qərənfilim
ey mənim qanlı gülüm
qoy ləçəyini silim,
məzardakı şəhidin
ruhu görməsin barı
Qoy qanlı göz yaşların
titrətməsin məzarı!
* * *
Dünənki bir şəhidin
balaca qızı Sara
əllərində Qərənfil
görən tələsir hara?
Sığal çəkib oxşayır
gülün yarpaqlarına.
Tələsir atasının
O şəhid məzarına…
Qərənfil xəcalətdir
qızcığazın əlində.
Kövrək, məsum Qərənfil
bir dünya gözəlində….
* * *
Nə qəribə səslənir
Bu ifadə, bu səda.
Bir zaman sevənlərin
gülü olan Qərənfil
İndi “İyirmi yanvar” da,
“Fevral” da düşür yada.
* * *
Qərənfilim dilə gəl,
unut kədəri ünü.
O pak məzar başında
Şəhidlərin anası
sənə açır dərdini…
Niyə belə pərişan,
tutqunsan Qərənfilim?
Sənə sual etməyə
xəcalət çəkir dilim.
Sən şahidi olmusan
Yanvar günü Bakının.
ağlamısan dərdinə
Xocalının, Laçının.
Bu bəlalı günlərdən
üzünə qara düşüb.
Sənin bəxtin fevrala,
İyirmi yanvara düşüb
Ey bəxtsiz Qərənfilim
Mənim ən əziz gülüm,
Mənim ən təmiz gülüm.
2012.

Müəllif:Əsgər ORDUBADLI

ƏSGƏR ORDUBADLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru