Vaqif VÜQAR – şair.

FIRLANIR DÜNYA
Canlı dediyimin gəlir yuxusu,
Təkcə oyaq qalan hava, torpaq,su.
Əbədi olan var,Allah duyğusu
Fırlanır dünya.
* * *
Göylər ulduzların can otağıdır,
Günəş kainatın boyunbağıdır.
Fələyin baş qatan oyuncağıdır
Fırlanır dünya.
* * *
Ölümün himnini mələklər yazır,
Doğulan hansıdır,ölən hansıdır.
Bu dağlar,dərələr köç qapısıdır
Fırlanır dünya.
* * *
Qara nədi,sarı nədi,göy nədi,
Arzularım budaq üstə göynədi.
Bu həqiqət lap qədimdən köhnədi
Fırlanır dünya.
* * *
Bir ruhun adamı zamana tanış,
Hələ yollardadır bir aldadılmış.
Bir üzündə bahar,bir üzündə qış
Fırlanır dünya.
* * *
Ehey,səninləyəm piyada qalan,
Torpağa səpdiyin bir ovuc yalan.
Büdrəyib, yıxılan, qovan, qovulan
Fırlanır dünya.

MƏN O QATARDAYAM
Bu loğman misallı ulu təbiət,
Elə qurulub ki, başdan, binadan.
Təsvirə gəlməyən odur həqiqət,
Varlıqlar bəxş edir bircə damladan.
* * *
Buludlar qışqıran, yeriyən dəniz
Qaranlıqla işıq bir, birinə tən.
İşıqdan xəlq olur min fikir, min söz,
Nə varsa torpağa gəlir göylərdən.
* * *
Açmır qollarını duyğuya şərik,
Nə solduran payız,nə çiçəkli yaz.
Görə bilmədikcə adiləşirik
Qələmə gəlməyən idraka sığmaz.
* * *
Küləklər əsdikcə tufan qoparır,
Ümmana çevrilir axdıqca sular.
Başqa qiyafədə geri qaytarır,
Ölüm məkanına aparan yollar.
* * *
Külli kainatı bizə oxudan
Təbiət özüdür,borcluyuq ona.
Baxıb şükr edirəm,durub yuxudan,
Yeni səhərlərin doğulmasına…
* * *
Hər şey yuxu kimi ötüb keçdisə,
Bəs nədən həsrətin yanağı solmur.
Açıb ürəyini kövrələn səsə,
Təzədən sevgiyə qayıtmaq olmur.
* * *
De,qəmgin gözlərin nə deyir mələk,
Kölgən çinar kimi bitib yollarda.
Buradan bir qatar ötüb,keçəcək
Mən o qatardayam,
mən o qatarda.

ADSIZ QALAN ADAM HEY
Sən çəkdiyin üzümdəki hər qırış,
Həyat,ölüm arasında qara xətt.
O xəttlər ki,qəlb üşüdən qarlı qış,
Bir iz salıb ürəyimə hələ vəd.
* * *
Boz səhralar gözümdən su içələr,
Tufan kimi daşı daşa döyürdüm.
A vaysınıb boyun bükən sərçələr,
Yolu yığıb ilmə,ilmə əyirdim.
* * *
Bu zəmidən yalan keçib adı yox,
Dənsiz qalan bu kuləşi günə sər.
Bu ocağın istisi yox,odu yox
Qara tüstü göy üzündə bitən şər.
* * *
Bu çınardan əllərini daha üz,
Son salamı namə kimi gətirdim.
Dilimin ucunda gəzdirdiyim söz,
Səni də yollarda salıb itirdim.
* * *
Söz qarımış,tükəndisə söz daha
Unutduğun öz zilindir,öz bəmin.
Yüz illərdir mən qovduğum günaha,
Tanış gəlir o duruşun,görkəmin.
* * *
İtirə-itirə öldüyüm yetər,
Atsız qalan,adsız qalan adam hey.
Fəryad edib,şivən çəkib,quş ötər,
Dədəm Qorqud qopuzunu çalan hey.

ƏBƏDİ İŞIQDIR SÖZÜN BƏZƏYİ
Yağış səpələməz bulud dolmasa,
Sirli mənalardır yaşadan bizi.
Sevgi də dogulmaz işıq olmasa,
İşıqda görürük bir-birimizi.
* * *
Hər şey təbiətin bir təkrarıdır,
Doğan səhərləri düşün bir anlıq.
Zülmət gecələrin öz oxşarıdır,
Ürəkdə tutqunluq,
gözdə qaranlıq.
* * *
Sevgi pıçıldayan ay isığıdır,
Günəş qonaq gəlib dur aç qapını.
Sevdiyim,gecənin hıçqırığıdır,
Unudaq bir qəmin əzablarını.
* * *
Sevdiyim,işıqla qoşa şəkil çək
Götür ümidimi apar bir yana.
İşığı sevirəm elə sənin tək,
Gəl-gəl nur ələyim baxışlarına.
* * *
Əbədi işıqdır sözün bəzəyi,
İşığa toxusun qoy ömrümüzü.
Qaranlıq olsa da həya örpəyi,
İşıqda görürük bir-birimizi.

Müəllif: Vaqif VÜQAR

VAQİF VÜQARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru