20 YANVARA AİD ŞEİRLƏR

QƏRƏNFİL
Ağladın Azadlıq şəhidlərinə,
Bir az da dənizə ağla,qərənfil.
Ağla ölənlərin itmiş ruhuna,
Bir az da kükrəyib çağla,qərənfil.
* * *
Bizdən yan keçmədi ölüm,fəlakət,
Günah işlətmişik,yoxsa qəbahət?
Baxışlar nigaran, ürək narahat…
Bir az da sinələr dağla,qərənfil.
* * *
Bu nə intizardı,bu nə sualdı,
Dəniz susub,dinmir,elə bil laldı,
Son ümid şöləsi közərə qaldı,
Bir az da yaramı bağla,qərənfil.

DEYİRLƏR, KİŞİ AĞLAMAZ…
(20 Yanvar faciəsinin qurbanlarına ithaf olunur…)
Deyirlər,kişi ağlamaz,
Ancaq hamı ağladı o gün,
Anam ağladı,
bacım ağladı…
Göz yaşları gildir-gildir,
elə bil ki,
seldir…
O vaxt atam da ağladı-
1990-da…
Onda ərşə qalxdı,
sinə dağladı atamın
anamın,bacımın naləsinə
qarışan yanıqlı
fəryadı…
O ağladı,sızladı,mən düşündüm,
Sakit,təbiətən mülayim
atam niyə ağlayır?
Üşüdüm…
Mənə elə gəldi ki,o ayazlı,
şaxtalı gecədə
küçədə əliyalın,sinəsini düşmən gülləsinə
Sipər edən mən idim…
Atam mənə görə ağlayırdı,
Sən demə,
Vətən oğulları üçün
sızlayırdı.
Deyirlər,kişilər ağlamaz,ancaq
ağladı atam o şənbə gecəsinin
dəhşətinə,vəhşətinə…
İlham üçün özünü qurban
verən Fərizənin həsrətinə.
Yandı şair təbiətli Ülvinin
gəncliyinə,nakam ömrünə
O gecə şəhidlik zirvəsinə ucalan
oğullar üçün ağladı atam…
Deyirlər,kişi ağlamaz,ancaq
atam ağladı,mənə görə yox-
Şəhid olmuş qardaşıma,bacıma…
5.05.2014. Quba-Zərdabi.

ŞƏHİDLƏRİN RUHUNA
Güllər buta bağlayanda,
Çaylar daşıb çağlayanda,
Qərənfillər ağlayanda
Ağla şəhid ruhlarına
Bir dəstə gül bağla
şəhid ruhlarına.
* * *
Gəncdi Ülvi Bünyadzadə,
Nakam ömrü getdi bada,
Gətirib sən onu yada
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına.
* * *
Leyli-Məcnun əfsanədir,
Sədaqətə nümunədir–
Onlar İlham-Fərizədir.
Ağla şəhid ruhlarına
Bir dəstə gül
bağla şəhid ruhlarına.
* * *
Bir olmuşuq həmişə biz
Azad olsun Vətənimiz.
Mövlud,çatar zəfərimiz…
Ağla şəhid ruhlarına,
Bir dəstə gül
bağla şəhid ruhlarına….
13.12.2014. Quba-Zərdabi.

Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru