ÜLKƏR NİCATLININ YAZILARI

BAYRAQ
Bir üzü Turandı,bir üzü Quran,
Qalalar endirən,sərhədlər quran,
Oğul qəbri üstə səssizcə duran,
Şəhid anasının gözüdür bayraq.
* * *
Şanlı zəfərinlə, Vətənim, tanın,
Şəhid ətirlidir damarda qanın,
Qələbə soraqlı Baş Komandanın,
Yurdda dalğalanan sözüdür bayraq.
* * *
Daglarda qalmayıb nə duman nə çən,
Şöhrətin boy verir zirvələrəcan.
Bu torpaq uğrunda canından keçən,
Şəhid oğulların özüdür bayraq!

YAĞIŞ
Bir qərib nəğmənin misraları tək,
Mənim ürəyimə yağır bu yağış.
Göydə doluxsunmuş tənha mələyin,
Qəmli gözlərindən axır bu yağış.
* * *
Sən çıxıb getdiyin yolların üstə,
Nə vaxtdır dözümüm,səbrim islanıb.
Bu bəyaz yağışın damlalarında,
Bir vüsal həsrətli ruh misralanıb.
* * *
Bu yağan yağışın payız qoxusu,
Həsrətlə çırpınır könlümə hopur.
Kövrək ürəyimə təsəlli kimi,
Yağış damcıları üzümü öpür.

YUXUSU ÜŞÜYƏN KÖRPƏ
Yurd uğrunda şəhid olub atası,
Bu körpənin yuxusuna qar yağır.
Açılmayan dili ustə, ilahi,
“Ata” sözün qoxusuna qar yağır.
* * *
Vətən qədər tarixi var, yaşı var,
Bax üstündə uyuduğu mundirin
Başqa dili anlamaz o,bilməz o,
Bu körpəni yurd dilində dindirin.
* * *
Böyüdükcə böyüyəcək dərdi də,
Ürəyindən ağrı acı yığışmaz.
Öz ömründən asar ata şəklini,
Şəhid adı çərçivəyə sığışmaz.
* * *
Ta oxşamaz bu körpənin boyunu,
Döyüsdədir atasının qolları.
Bu körpənin xatirinə yol gəlir,
Uzaqlardan qələbənin yolları.

SEVGİNİN PAYIZI
Canım gözüm ayrılıqlar içindən,
Keçib gedən o qız sənə tanışmı?
Bəxt dalınca göndərdiyi ümidi,
Qayıtsa da xəcalətdən danişmır.
* * *
Kirpikləri yarpaqlayır hər gecə,
Duaları daha payız qoxuyur.
Ayrılığın əlifbasın öyrənib,
Ovcumdakı ürəyini oxuyur.
* * *
Ləpirləri güzgüsüdü yolların,
Tellərini öpüb qaçır küləklər.
Bəyaz-bəyaz varaqlarda ağlayır
Arzu-arzu çiliklənən ürəklər.
* * *
Unudubdur doğmalığın dadını,
Bir yaxın gəl öp uzündən o qizın.
Bu şəhərin yaddaşına sevgi səp,
Könlünü al doluxsunan payızın.

Müəllif: Ülkər NİCATLI

ÜLKƏR NİCATLININ YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru