
MÜƏMMALI MƏHƏBBƏTİN GİZLİ KODU
(hekayə)
Səma ilə ilk tanışlığı iki il əvvəl, sosial şəbəkədə olmuşdu. Əslində dostluq təklifini də qızın özü etmiş, “messenger”lə göndərdiyi bir neçə şəkil aralarında ilıq münasibətlər yaratmışdı. Hələ üzünü görməsə də ürəkdən vurulmuşdu qıza. Telefonla tez-tez danışırdılar. “Vatçap”da görüntülü danışıqlar davam etdikcə, ən gizli sirlərindən də halı olmuşdular…
Səma Bakıya yaxın qəsəbələrdən birində yaşayırdı. İlk virtual tanışlıq zamanı dediyinə görə özəl ali məktəblərdən birində oxumuş, valideyinlərinin təhriki ilə yaxın qohumlarından birinin oğlu ilə nişanlanmış, toylarının üstündən heç bir il keçməmiş ayrılmışdılar. Səma özü imtina etmişdi bu evlilikdən. Günahı ərə getdiyi oğlanın özündən çox, onun valideyinlərinin ayağına “yazmışdı”. Qızın dediklərindən bilmişdi ki, gəlin köçdüyü ailənin imkanları geniş olsa da, buradan dava-dalaş əskik olmurdu. İki baldızından biri-böyüyü-iki il qabaq qonşu ölkələrdən birinə qaçıb getmiş, elə o vaxtdan da, ondan heç bir soraq gəlməmişdi. Qızların balacası isə orta məktəbi bitirən kimi ata-anasından xəlvət varlı bir kişi ilə bir müddət gizli yaşamış, ondan ayrılandan sonra isə, şəhərdəki gecə barlarının birində işə düzəlmişdi. Həmin qız da ata-ana tənbehindən bezərək, günlərin birində evi tərk edib harasa çıxıb getmişdi. Arabir anası ilə danışanda gürcüstan əsilli birisiylə ailə qurub, Rusiyada yaşadığını deyirdi. Səmanın əri də bu ailənin “zay” törəməsi idi. Narkaman dostları ilə gəzib dolaşır, evə qayıdanda da, hamının canını boğazına yığırdı…
Səma bu müsibətə cəmisi on bir ay tab gətirə bilmişdi. Valideynlərinin etirazına baxmayaraq, ər evini tərk edərək geri qayıtmışdı. Atası bir müddət onunla küsülü qalsa da, axırda övladının taleyi ilə barışmalı olmuşdu. Əslində, anasına dediyi kəlmələr atasının qulağına çatandan sonra kişi vəziyyətin ciddi olduğunu, qızın evdən baş götürüb gedəcəyini anlayaraq güzəştə getmişdi. Ürəyində düşünmüşdü ki, onsuz da Səmanın dönük taleyinin səbəbkarı özüdür, sonrakı biyabırçılıqdansa, elə bəri başdan övladına arxa-dayaq olub, onun incik könlünü şad etməyə çalışmalıdır…
Ailənin günü-güzəranı pis keçmirdi. Atası uzun müddət yaxın xaricdə hərbçi olduğundan yüksək pensiya alır, şəhərin ucqar yerlərindən birində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. On nəfərə yaxın işçisi var idi, həm ailəsini, həm də öz işçilərini dolandırmaq imkanında idi…
Səma bir müddət evdə oturub, gücü çatdığı qədər anasına kömək edirdi. Günlərin birində işləmək arzusunda olduğunu evdəkilərə bildirəndə əvvəlcə atası bir az yumşaq şəkildə dedi:
– A qızım, Allaha şükür, kasıb deyilik, ən yaxşı evlərdən birində yaşayırıq, Bağ evimiz, minik maşınımız da var. Sənin işləməyinə ehtiyac yoxdur axı!
Səma həmin vaxt kipriklərindən süzülən göz yaşlarında boğula-boğula söyləmişdi:
-Ata, onsuz da mənimki heç əzəldən gətirməyib. Evdə qalıb neyləməliyəm ki, Allaha şükür özün demişkən pula ehtiyacımız yoxdur, qardaşım və məndən böyük bacım ailə qurandan sonra köçüb Rusiyada yaşayırlar. Sənin oradakı keçmiş dostlarının köməyi ilə əlləri bir parça çörəyə çatıb. Burada qalıb işləməyimi istəmirsənsə, qoy gedib onlardan birinin yanında qalım. İnsafən bu dəfə anasıının özü də Səmanın tərəfini tutdu:
-Qızım, atanın elə deməyinə baxma, sənsiz yaşaya bilməz, axı evdə səndən başqa kimimiz var ki? Allah qardaşının-bacının canlarını sağ eləsin, ayamda-sayamda bir dəfə üzlərini görürük. Sən də çıxıb gedəndən sonra bəs, biz kimin umuduna qalacağıq?
-Yaxşı, qızım, bu dəfə çalışacağam ki, sən deyən olsun, ancaq mənə bir az möhlət ver. İndi hər adama etibar etmək olmur. Çalışacağam ki, sənə adımıza layiq bir iş tapım. Atası idi bu sözləri deyən…
Aradan üç ay keçsə də iş barədə söhbət bir daha təzələnmədi. Səma bunu üzə vurmasa da, atasından hələ də cavab gözləyirdi. Evdə bekar oturmaqdan yorulmuşdu, Sosial şəbəkədə elə də çox dostu-tanışı yox idi. Əslində başı daşdan-daşa dəyəndən sonra hər adama inanmırdı. İlk evlilikdən sonra qəlbinin dərinliklərinə qədər gedib çıxan psixoloji zədə sağalmaq bilmir, onu haldan-hala salırdı. Yasinlə xəyali tanışlıqdan sonra əhvalında bir az müsbət əlamətlər hiss olunmaqda idi. Ər evində eşitmədiyi şirin kəlmələri onun dilindən eşitdikcə hiss edirdi ki, sevgi adlı bir dəfedilməz qüvvə onun cismində peyda olmaqdadır…
Yasin ailənin ikinci övladı idi. Uşaq vaxtlarından atasız böyümüşdü. Ağır yol qəzası zamanı həlak olan atasının üzünü doyunca görə bilməsə də, həyatın sərt üzündən yetərincə halı idi. Böyük qardaşı dolanışıq dalınca xarici ölkələrdən birinə üz tutmuş, elə həmin yerdə də türk əsilli bir qızla ailə həyatı qurub yaşayırdı. Özünün deməsinə görə vəziyyəti yaxşı idi. Arabir anası ilə, bəzən də onun özü ilə danışırdı. Hələ geriyə qayıtmaq fikri yox idi. On üç yaşlı sonbeşik bacısı məktəbli idi. Şamaxının qədim məhəllələrinin birində babasından qalma bir evdə yaşayırdılar. Anası məktəblərdən birində xadimə, özü isə çörəkbişirmə sexində işləyirdi. Başqaları ilə müqaisədə dolanışıqları babat idi. Anasının son vaxtlar giley-güzarı dilindən əskik olmurdu:
-Bilmirəm heç nəyi gözləyirsən, sənin tayların çoxdan oğul-uşaq sahibi olublar. Bəlkə, qız kimi evdə qarıyıb un çuvalına tay olmaq istəyirsən? Yaşın bu gün-sabah otuzu haqlayacaq. Sən doğrudanmı özümüzə bab bir qız tapa bilmirsən? Əgər belədirsə, mən “arşın malçının” sözü olmasın, çadramı başıma örtüb sənə qız axtarım?
Yaxşı yadındadır, həmin vaxt Yasin anasını bağrına basandan sonra, onun vaxtsız ağarmış saçlarından öpərək demişdi:
-Darıxma, ana, tezliklə səni sevindirəcəyəm.
Ana isə köksünü dərindən ötürərək ona xeyir-dua verib pıçıldamışdı:
-Ancaq ehtiyatlı ol, ha… İndiki qızların bəzilərinin dilləri ilə ürəkləri arasında böyük məsafə olur. Çalış ki, bəyəndiyin qız,-mənim gəlinim-halal süd əmənlərdən biri olsun…
Səma ilə ilk dəfə “kukla teatrının” qarşısında görüşmüşdü. Köhnə dostlar kimi bulvarda əl-ələ tutub xeyli gəzişəndən sonra, “Mirvari” kafesində çay içmişdilər. Həmin gün ilk dəfə görüşərkən qızın dediyi sözləri sonralar dönə-dönə xatırlamışdı: “Yasin, könlümü sənə verirəm, başıma gələnlərdən halısan, etibarsızlığı özümdən yox, səndən gözləyəcəyəm!” Eşitdiyi kəlmələr onu ruhən silkələsə də, cavabı gecikməmişdir: “Sən nə danışırsan, Səma, mən sənin taleyindən yaxşı halıyam, bununla belə əhdimdən-ilqarımdan geri dönən deyiləm, İnşallah, özün də buna şahid olacaqsan!”…
Növbəti görüşlər onların arasındakı sədləri büsbütün yox eləmişdi. Fürsət tapan kimi, xəlvəti bir yerə çəkilib bir-birlərinin boynuna sarılır, illər ayrısı kimi qucaqlaşırdılar. Bir-iki dəfə gözdən uzaq bir yerdə nahar da etmişdilər. Ad günü ərəfəsində görüşəndə Yasin qıza kiçik bir hədiyyə də almışdı. Bundan artığına onsuz da gücü çatmazdı…
Günlər ötüb keçdikcə Yasin qıza elə bağlanmışdı ki, onsuz yaşayacağını heç təsəvvürünə də gətirmək istəmirdi. Ancaq qız nədənsə çox vaxt fikirli olur, Yasinin arzuladıqlarına rəğmən bəzən özünü qeyri-adi aparırdı. Səmanın laqeydliyini əvvəllər üzləşdiyi arzuolunmaz ailə həyatı ilə ilgili olduğunu düşünəndə ürəyində deyirdi: “Yəqin ki, keçirdiyi sarsıntının izləri hələ də qəlbindən silinməyib. Baxanda, yaxşı qıza oxşayır, çox yaraşıqlıdır, düşünürəm ki, hər şey axırda istədiyim kimi olacaqdır!”
Yasin Şamaxı ilə Bakının arasını su yoluna döndərmişdi. Səmadan ötrü dəli-divanə idi. Xəyallarında yer alan arzuladığı xoş günlərini Səmasız təsəvvürünə gətirmirdi. Təkcə nigarançılığı anasının verəcəyi rəydən, sevdiyi qızın boşanmış birisi olduğunu biləndə deyəcəyi sözlərdən idi. Ancaq bununla belə, Səmaya bəslədiyi sevgisinin yolunu heç xətrini dünyalar qədər istədiyi anası da kəsməyə qadir deyildi. Bilirdi ki, ürəyində anası onunla razılaşmasa da, gec-tez onun xətrinə güzəştə gedəcəkdi. Səma ilə evlənəcəyini qət edəndən sonra, aldığı əməkhaqqınından toy xərci üçün vəsait də toplamışdı. Bu vəsait yetərincə olmasa da, böyük qardaşının toya gəlməsə də, pul göndərəcəyinə əmin idi. Elə də daşürəkli deyildi qardaşı…
Səma ilə növbəti dəfə görüşəndə toylarından da söhbət açmışdı. Qızın razılığını alandan sonra elçi göndərmək fikrində idi. Nədənsə Səma bu dəfə onunla bir az soyuq görüşdü. Səbəbini soruşanda dedi ki, şəhərdəki uşaq baxçalarından birinə işə düzəlib. Bir az vaxt istədi ki, özünə gəlib görsün ki, əli işə yatırmı? Ayrılanda da onu bir az soyuq tərzdə yola saldı. Dənizlə Nargin adasına gedib geri qayıdan gəmi ilə yarımsaatlıq gəzintidən də boyun qaçırıb: “İncimə, Yasin,-dedi-işdən icazəsiz çıxmışam, tez qayıtmalıyam!..”
Sonuncu dəfə görüş üçün paytaxta gələndə, dəfələrlə etdiyi telefon zənginə cavab almadı. Qızın iş yerinin harada olduğunu bilsəydi oraya gedərdi. Ancaq Səma işlədiyi baxçanın ünvanını ona bildirməkdən imtina eləmişdi…
Ürəyini tuta-tuta çox məyus halda geri qayıtdı. Günün müxtəlif vaxtlarında etdiyi zənglərdən sonra ancaq mobil telefonundan eyni sözləri eşitdi: “Zəng etdiyiniz telefon nömrəsi ya söndürülmüş, ya da əhatə dairəsindən kənardadır!.”
Az qala ürəyi partlamaq dərəcəsində idi. Yazdığı mesajlar da cavabsız qalmışdı.
Nə edəcəyini bilmirdi. Ertəsi gün, Səmadan üzücü bir cavab gəldi: “Yasin, məndən incimə, artıq yolun sonuna gəlib çıxmışıq. Buradan o tərəfə səninlə birgə getmək fikrim yoxdur, səbəbini soruşsan da deməyəcəyəm!..
Yasini elə bil, qəfildən ildırım vurmuşdu. Əlləri əsir, dili söz tutmurdu. Səmaya sonuncu dəfə nəsə yazmaq istəyəndə, anladı ki, qız onu dostluqdan silmiş və telefon nömrəsini bloka atmışdı…
Nə qədər fikirləşsə də, Səmanın gözlənilməz hərəkətinin yozumunu tapa bilmədi. Anasının sözləri yadına düşdü: “Ancaq ehtiyatlı ol, ha… İndiki qızların bəzilərinin dilləri ilə ürəkləri arasında böyük məsafə olur. Çalış ki, bəyəndiyin qız,- mənim gəlinim-halal süd əmənlərdən biri olsun!..” Qəlbinin bulud harayını pışıltıyla dilinə gətirdi: “Düz deyirmişsən, ana, mən Səmanın kimliyini öyrənmədən, ona könlümü verdim. Gərək onun ilk dəfə mənə dediyi: “Etibarsızlığı özümdən yox, səndən gözləyəcəyəm!” kəlmələrindən nəticə çıxaraydım. Heç demə bu kəlmələr müəmmalı məhəbbətin gizli kodları imiş! Sən etibarlı idinsə niyə belə etdin, Səma?..
Müəllif:Seymur SÖNMƏZ
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru