Mövlud AĞAMMƏD – şair, pedaqoq.

GƏLMƏDİ
Dedim yara namə yazım,
Əlim gəlmədi, gəlmədi.
Dərd üstünə dərd istədim,
Zülm gəlmədi, gəlmədi.
* * *
İllər ilə həsrət çəkdim,
Yenə onsuz, yenə təkdim;
Dərdi yarı böləcəkdim,
Gülüm gəlmədi, gəlmədi.
* * *
Dərd əlindən gəldim dada,
Hey düşdükcə dərdim yada;
Dedim, bəlkə, yetər dada,
Ölüm gəlmədi, gəlmədi.
* * *
Dərd məskənim dərd dağıdır,
Dərd ələyir, dərd dağıdır;
Necə deyim, dərd yağıdır,
Dilim gəlmədi, gəlmədi.
* * *
Mövlud dərdinə ağlayır,
Dərd kitabın varağlayır;
Dərdim sinəmdə çağlayır,
Selim gəlmədi, gəlmədi…

TELİN DƏN SALIB
Nə yaman qüssədən saralıb rəngin,
Eh, gözəl, gözlərin selindən qalıb.
Salacam yolumu dağlara tərəf,
İçəcəm dərdini əlindən alıb.
* * *
Bir yanda dağ boyda dağım var – zülm,
Bir yanda tənhalıq, tənha bir ölüm;
Səbrimin də səbri tükənib, gülüm,
Məni də dözümün dilindən salıb.
* * *
Xəyalım gerçəyə qarışır, itir,
Şirin vüsal anım yuxutək bitir;
Mövlud indi-indi vəslinə yetir,
Demə, qocalıbsan, telin dən salıb…

YANACAQ
Dərdim yaz yağışı – tonqal üstünə,
Azarı-bezarı odda yanacaq.
Günü qara gəlib – nə küsür, umur,
Gileyi-güzarı odda yanacaq.
* * *
Dərdim süzüləcək dərdin içindən,
Özü naxış-naxış, ilməsi dən-dən.
Baxıb ay üzünə bölünəcək tən,
Bənövşə üzarı odda yanacaq.
* * *
Dərdim öz əlindən təngə gələcək,
Yığıb ovucuna çəngə biləcək.
Baxıb alışdığı rəngə güləcək,
Əzabı, azarı odda yanacaq…

MƏNİMÇÜN
İşdi yaxa versəm, zalım əcələ,
Göyüm-göyüm göynəyərsən mənimçün.
Bir az razı, bir azca da narazı,
Deyim-deyim deyinərsən mənimçün.
* * *
Yuxuların qarışmasın gerçəyə,
Ümid olub gözlə məni gecəyə;
Sevincini bölüşərsən heçliyə,
Öyüm-öyüm öyünərsən mənimçün.
* * *
Saxla məni aşiq kimi yadında,
Xatirində doğmanın da, yadın da;
Ürək olub, gülüm, Mövlud adında
Döyüm-döyüm döyünərsən mənimçün…

QÖNÇƏLƏR
Əvvəl çiçək, sonra yarpaq açacaq,
Çiçək-çiçək düzüləcək qönçələr.
Bahar ömrü bitər-bitməz güllərin,
Ləçək-ləçək üzüləcək qönçələr.
* * *
Lalə kimi gül bəsləyir yanaqlar,
Üşütməsin vaxtsız düşən sazaqlar.
Damla-damla mey bəsləyir dodaqlar,
İçək, içək… Süzüləcək qönçələr.
* * *
Nədir, Mövlud, ağ saçlara sualın,
Dərd gətirir dərdlərinə bu halın.
Heyif, qaldıq ümidinə xəyalın,
Dilək-dilək gəziləcək qönçələr…

GƏL
Bu dərd bizim aramızda bitibdi,
Bir daş altda, birini də üstə gəl.
Nə dil bilsin, nə də dodaq anlasın,
Nə fərq olsun, nə də bircə üstəgəl.
* * *
Heç nə umma belə zalım fələkdən,
Dünyamıza qəm ələnir ələkdən;
Qismətinə düşən paydı ürəkdən,
Birin verib, birini də istə gəl.
* * *
Çətin bir də ömür dönə geriyə
Buz bağlamış xəyalların əriyə;
Nə deyirsən, Mövlud, mələk pəriyə:
– Öz bəxtindən nə inci, nə küs də gəl.

ELƏ BİL QIŞDIR
Bu yağış yağmağın təhərin bilmir,
Ağarıb qar kimi, elə bil qışdır.
Payızın qızılı rəngi dəyişir,
Bu necə ilmədir, necə naxışdır?
* * *
Əyib budaqları özümə sarı,
Payızın ətrini çəkəydim barı.
Yarı qərənfildir, bənövşə yarı,
Boylanır həsrətlə, bu nə baxışdır?
* * *
Yağır taleyimə, ruhumdan keçir,
Qocalıq donunu dumandan biçir.
İllərin ayrılıq suyundan içir,
Daha islanmıram, yağsın, yağışdır…

KEÇİR
Tələsmə vədəsiz, vaxtsız ölümə,
Fələyin yazısı alından keçir.
Yığıb-yığışdırma ömrünü pay-pay,
Gedənlər dünyanın malından keçir.
* * *
Yamanca son qoydun bu intizara,
Ağrılar, acılar düşübdü dara;
Elədən eləyə, belədən hara –
Hərlənib ürəyin dalından keçir.
* * *
Necə də kövrəlib ümid çırağı,
Ağlayır gözündə ölüm sorağı;
Qopulur sonuncu ömür varağı,
Vəsləti Mövludun halından keçir…

SAYARSAN
Yolun düşüb yar yanına gedəndə
Bir addımı iki addım sayarsan.
Əhvalını xəbər alıb soranda,
Elə bil ki sənə yaddım, sayarsan.
* * *
Gətirməsin aşiqini bəxt cana,
Həsrətindən alovlana, odlana.
Fələk verib, şükür elə, di sana,
Muradıma indi çatdım, sayarsan.
* * *
Mövlud, həsrət çəkdin yetər bu qədər,
Bənövşəndən varmı görən bir xəbər?
Vəsləti var ölümündən lap betər,
İkisin də birdən daddım, sayarsan…

ÇƏKƏN BİLƏR
Bir az həsrət, bir az hicran çəkəsən,
Çəkən bilər ahu-zarın qədrini.
Çəkib, çəkib peymanından dönəsən,
Çəkən bilər düz ilqarın qədrini.
* * *
Buz bağlayıb sanki donuq baxışlar,
Vəfasızı hərə bir cür bağışlar;
Çəkdiyimiz kimi düşüb naxışlar,
Çəkən bilər buzun, qarın qədrini.
* * *
Kim unudar ilk sevginin dadını,
Söndürməklə sönən deyil odunu;
Necə çəkim ayrılığın adını,
Çəkən bilər, Mövlud, narın qədrini…

Müəllif: Mövlud AĞAMMƏD


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru