Əli bəy AZƏRİ – yazıçı-publisist.

MEYMUN

(hekayə)

     Liftə minmədi, ətrafdakı evlərin əksəriyyəti bir-iki mərtəbəli həyət evləriydi deyə lap uzaqlardan görünən boz binanın beşinci mərtəbəsindən pilləkənlərlə aşağı endi. Öyrəncəliydi, ancaq yorğun olanda, bir də yuxarı qalxanda liftdən istifadə edərdi. Bu gün bir az sevincliydi, işlərin düzəlməməsinə rəğmən heç özü də bilmirdi niyə… Anasını oyatmadan evdən çıxa bilmişdi. Qazdan ayıq yatan anası xeyli vaxtdı ki, xəstələnmişdi, yatışını da dəyişmişdi, daş kimi yatırdı. Tərpətməsəydin, durquzmasaydın, gözlərini açıb baxmazdı. Ağrılarını da biruzə verməzdi, canını dişinə tutub ufuldayardı, elə bilərdin ki, mışıltı ilə yatıb. Bir müddət qohum-əqrəbadan gəlib baş çəkənlər olurdu. Yastığının altına pul da qoyurdular. Sevinc həmin pulların hesabına anasını bir neçə xəstəxanaya da aparmış, həkimlərə göstərmiş, aparatlardan keçirmişdi. Həkimlərin yazdığı bəzi dava-dərmanı da alıb elətdirmişdi, lakin bunun heç bir faydası olmamışdı. Gəlib-gedən qohumların da arası kəsilmişdi, dörd divar arasında ana-bala tək qalmışdı. Anasına görə Sevinc işini də itirmişdi. İndi bir həftəydi ki, day anasının sağalıb ayağa duracağından əlini üzərək gözüyaşlı şəhərin küçələrinə düşüb özünə iş axtarırdı. Necə deyərlər, həyat davam etməliydi. Madam ki, yaşamağa məhkumsan, işləyib özünə çörək qazanmalısan.

     Həyatın eniş məqamı gələndə küçəsüpürən qarı da adamın üzünə gülümsəmirdi. Sevincin üzünü güldürəcək heç nə yox idi. Hara gedirdisə də, boş qayıdırdı. Ancaq nə etməliydi? Evdə oturub gözləməklə kim iş təklifi verəcəkdi? Kapitalizm şaxtaya düşüb bozarmış sərt sifətinin amansız üzünün Sevincə göstərməkdəydi.

     -Yaxşı ki, bulkaları yaxınına qoydum, oyananda götürüb yesin, ac qalmasın. – Sevinc pillələri enə-enə özünə təsəlli verirdi.

     Qapıdan çölə çıxan kimi binanın gözətçisi ilə rastlaşdı. Həmid kişi əlində çörək dükan tərəfdən gəlirdi.

     -Sabahın xeyir, Həmid dayı.

     -Sabahın xeyir, Sevinc. – Həmid kişi onu görüb ayaq saxladı, Sevinci süzdü. Qızın gözləri nəmliydi, kövrəldiyi açıqca görünürdü, bəlkə də ağlamışdı, çünki gözlərinin altı bir az da tuluqlamışdı. – Anan necədi?

     Sevinc dərhal cavab vermədi, fikirləşdi bir az. Axı nə cavab verməliydi, guya Həmid kişi, elə bu blokda yaşayanların çoxu bilmirdi ki, onun anası neçə vaxtdır yataq xəstəsidir… Ötən müddət ərzində nə dəyişib? Möcüzə baş verməyəcəkdi ki…

     -Həmişəki kimi. – Boğazına tıxanmış acı qəhərini birtəhər boğub ağır-ağır, udquna-udquna cavab verdi.  

     Həmid kişi vəziyyəti başa düşən adamdı, bildi ki, anası ilə üz-üzə gəlməməkdən ötrü Sevinc belə tezdən başını götürüb evdən çıxıb. Bəlkə heç dilinə bir udumluq su da dəyməyib. Çayı qızdırmayıb ki, dızıltı səsinə anası oyana bilər. Bəlkə heç əl-üzünü də yumayıb. Yavaşca Sevincin qolundan tutub gözətçi otağına tərəf çəkdi.

     -Gəl bəri. – dedi. – Fikir eləmə. İnşəallah, yaxşı olar. “Allah var, rəhmi də var”, deyiblər.

     -Yox e… Həmid dayı, gedim. – Sevinc könülsüz-könülsüz dartındı, getmək istədiyini bildirdi.

     -Yox, tutub saxlayacam səni, heç yana buraxmayacam… – Həmid kişi ciddiləşdisə də Sevincin qolunu buraxdı. – Təzə çay dəmləmişəm, birin iç, sonra hara istəyirsən, çıx get. İşin avand, yolun da açıq olsun.

     Qabaqda Həmid kişi, arxasınca da Sevinc dinməzcə gözətli otağına keçdilər. Həmid kişi hər ikisinə fincanda çay süzdü. Sonra dükandan gətirdiyi torbadan iki bulka çıxardıb masanın üstündəki nimçəyə qoydu.

     -İstidir, bir dadına bax. Şirniyyatdan indicə almışam.

     Sevinc bilirdi ki, ərzaq dükanının arxa tərəfində şirniyyat sexi var. Özü də ordan dəfələrlə bulka, pirojnalər almışdı. Can qurtaran idi, yemək hazırlamamısansa, birini çay ilə ötür içəri, çıx get işinin dalınca. Odur ki, iştahla bulkanın birini yedi, çayını da içdi. Ürəyində min “alqış” göndərdi Həmid kişinin ünvanına, ancaq dilinə gətirə bilmədi bircə kəlməsini də.

     -Sevinc, sənin vəziyyətini başa düşürəm, ancaq kömək eləyə bilmirəm. Vallah, bizdə iş yoxdur. Baş ofisə də demişəm. Bizim binalar köhnədən tikilib deyə, ev yığışdırtdıran da yoxdur ki, səni göndərim. Gedib 20-30 manatını qazanasan. Ümidini üzmə, get, yolun açıq olsun.

     Sevincin sifətinə təbəssüm qondu, qeyri-ixtiyari gülümsündü və sağollaşıb çıxdı.

Günortaya qədər gümanı gələn hər yerə baş çəkdi. Kimdən iş istədisə, göyə daş atıb başlarını tutdular. Süpürgəçilik belə qəhətə çəkilmişdi. Payi-piyada nə qədər yer dolaşmışdı. Metronun şərq çıxışındakı Makdonalsın qarşısından keçəndə bişmişlərin cəzbedici iyi onu vurdu. Orda oturanlar necə də qayğısız görünürdülər. İki-bir, üç-bir oturub nəsə yeyir, şirə içir, gülüşür, söhbətləşirdilər. Sanki Sevincə açıq verirdilər.

     Sürətlə ötüb keçdi, daha hara gedəcəyini bilmirdi. Yorulmasına baxmayaraq evə də qayıtmaq istəmirdi. Hələ günortaydı, axşama qədər hələ bir aləm vaxt var idi. Bu gün evdən çıxanda axıradək axtarmaq qərarına gəlmişdi. Ən çətin, çirkli iş olsaydı belə razılaşacaqdı. Həmid kişi də əlində çörək qabağına çıxmışdı deyə ümidliydi, nəsə bir iş tapacağına inanırdı.

     Qarşıdakı köhnə parkı bir neçə il əvvəl yeniləmiş, ortada süni göl də düzəltmişdilər. Gölün qırağındakı oturacaqlardan birində əyləşdi. Əyləşən kimi də bütün ağrıları başladı. Ayaqqabılarını soyundu. Bu bir neçə gündə o qədər piyada gəzmişdi ki, ayaqları sızım-sızım sızıldayırdı. Corablarını da soyundu. “Oxxay” deyib çılpaq ayaqlarını soyuq daş döşəmənin üstünə qoydu. Sərinləsə də rahatlıq tapa bilmədi. Daxilən çox gərgindi. Ayaqqabılarını əlinə götürüb gölün qırağı ilə üzüaşağı yol aldı.

     Heyvanxananın qarşısından keçəndə dayandı. Tez corablarını, ayaqqabılarını geyinib qapıya yaxınlaşdı. İçəri keçmək istəyəndə nəzarətçi onu saxladı.

     -Bilet alın.

     -Mən iş üçün gəlmişəm.

     -Nə iş? Bizdə iş yoxdur.

     -Nə iş olsa, razıyam. Lap heyvanların peyinini də təmizləyərəm. Ot da doğrayıb qabaqlarına tökərəm. Nə desələr, eliyərəm.

     Nəzarətçi telefonla kimə isə zəng vurdu.

     -Kənd adamıdır, deyir, nə desələr, bacarıram. Yaxşı.

     Telefonla danışandan sonra üzünü Sevincə tutdu:

     -Adın nədir?

     -Sevinc.

     -Sevinc, içəri keçəndən sonra sola dönüb yuxarı qalxırsan. Ofisdə Sevinc xanıma yaxınlaşırsan. Bəlkə bəxtin gətirdi, adaşın sənə bir iş tapdı.

      Sevinc sevincək qapıdan keçib heyvanxananın həyətinə daxil oldu. Az qala zürafə kimi tullana-tullana özünü ofis deyilən ikimərtəbəli binanın qarşısına çatdırdı. İçəri keçib soruşdu və Sevinc xanımı tapdı.

     -A, nə yaxşı sənin də adın Sevincdir. – Sevinc xanım adaşını çox gülərüzlə qarşıladı. – Sevinclər birləşib heyvanxananı şənləndirəcəklər.

     -Allah sevindirsin sizi. – Sevinc də öz növbəsində təşəkkürünü bildirdi, indi onun ürəyi uçum-uçum uçurdu: “Görəsən, nə iş olacaq?” – Nə iş olsa, razıyam, təki, bir iş olsun.

     -Hələlik elə bir işimiz yoxdur. – Sevinc xanım onun gözlərinin içinə baxdı, Sevincin məyusluğunu, bir anın içində parlayan gözlərinin necə də solğunlaşdığını gördü. – Ancaq ümidini üzmə. Başqa bir iş var…

     -Nə iş?… – Sevinc çox maraqla dilləndi.

     -Mənə diqqətlə qulaq as. Bu iş çox ciddi işdir. – Sevinc xanım dövlət sirri açıqlayırmış kimi çox astadan, pıçıltı ilə danışırdı. – Sabah məktəblilər dəstə-dəstə bura axışacaq. İşinin öhdəsindən layiqincə gəlsən, səni işə götürəcəyik. Bu gün isə məşq etməliyik ki, işini öyrənə biləsən. Gedək, səni bələdçi ilə tanış edim, dərhal məşqə başlayın.

     Axşam evə qayıdanda yorğunluğuna baxmayaraq sevincinin həddi-hüdudu yoxuydu Sevincin. Aldığı avansdan yarısını mağazada xərcləmişdi, evə bəzi ərzaq məhsulları, mer-meyvə də almışdı. Binanın giriş qapısında yenə Həmid kişi ilə üz-üzə gəldi. Sevincindən özünü saxlaya bilmədi, onun boynunu qucaqladı. Uzun ayrılıqdan sonra qarşılaşmış doğmalar kimi o üzündən, bu üzündən öpdü, boynunu, başını sığalladı.

     -Yaxşı, meymunluq eləmə, de görüm, iş tapdın?

     -Tapdım, Həmid dayı, tapdım. – deyib içəri keçdi. – “Bu hardan bildi?”

Liftin düyməsini basdı. Gəlməsini gözləmədən pilləkənlərlə yuxarı qalxdı. Anasını sevindirməyə tələsirdi.

     Ertəsi gün heyvanxana ciddi iş rejimində işləyirdi. Hər kəs öz iş geyimində işinin üstündəydi. Məktəblilər dəstə-dəstə gəlir, heyvanları seyr edir, qəfəslərinin önündə dayanıb şəkil çəkdirir, əylənərək keçib gedirdilər. Onları ən çox meymunun hərəkətləri güldürürdü. Meymun da bu gün daha şən görünürdü, sanki uşaqların gəlişini gözləyirmiş. Hər hoqqadan çıxır, mayallaq aşır, cürbəcür pozalar göstərir, oyunlardan çıxırdı. Şagirdlər qəşş eləyib gülür, meymunun qəfəsinin qarşısından uzaqlaşmaq istəmirdilər. Meymun bəzən qıyya çəkir, lap adam kimi səslər də çıxarırdı.

      Günortaya yaxın məktəblilərin gəlişi seyrəlməkdəydi. Meymun daha öz yuvasına çəkilmişdi. Birdən yeni bir dəstə gəldi. Bələdçi onları heyvanxana ilə tanış edə-edə meymunun qəfəsinin qarşısına yaxınlaşdı.

      -İndi meymun sizi bir əyləndirsin ki… gəl, görək. Meymun bu gün daha şəndir, sanki məktəblilərin gəlişinə o da ürəkdən sevinir. – Bələdçi ucadan səsləndi və meymun haqqında məlumat verməyə başladı. – Cinsinə görə Afrika meymunudu. İnsanları sevir, heç zaman xətər toxundurmur.

     Meymun bələdçinin səsinə bənd imiş kimi ağır addımlarla yuvasından çıxdı.

     -Bilirik, yorulmusan, ay Meymun. – Bələdçi onunla danışırmış kimi dedi. – Bəlkə də sonuncu dəstədir. Yorulmağına baxma, hamısını əyləndirmisən, sonuncuları da əyləndir.

     Meymun bir neçə dəfə mayallaq aşdı, müxtəlif pozalar göstərdi.

     -Bəs ağaca niyə dırmaşmır? – Məktəbliləri ekskursiyaya gətirən dəstə rəhbəri nəsə müəmmalı danışdı. – Biz şagirdlərə öyrətmişik ki, meymunlar yerdən çox göydə gəzirlər. Ağaclara dırmaşırlar, budaqdan budağa tullanırlar.

     -Bayaq dırmaşırdı, indi yəqin yorulub.

     Bələdçi münasibətini bildirib keçmək istəyirdi ki, meymun tullanıb ağacın aşağı sallanan budağından yapışdı. Bir xeyli yuxarı dartındı, budaqdan sallanıb qaldı.

     Bu mənzərəni seyr edən uşaqlar sevinərək qışqırışdılar. Meymun bundan həvəslənib özünü cəmləşdirdi və o biri budağa tərəf tullandı. Budaqdan bərk-bərk yapışıb bir az da yuxarı qalxdı.

     -Uraaaaa…. – Məktəblilər onu alqışladılar.

     Meymun yerə tullanmaq istəyirdi, lakin uşaqların sevinci onu bir az da həvəsləndirdi. Özünü cəmləşdirib yellənərək növbəti budağa tərəf tullandı. Əli ilə tutmaq istəyirdi, ancaq tuta bilmədi. Əli budağa dəyər-dəyməz bədəni ağırlıq etdi, əlləri sürüşdü. Meymun guppultu ilə qonşu qəfəsin içində bir küncə yığılmış ot tayasının üstünə düşdü. Xoşbəxtlikdən xəsarət almadı. Elə təzəcə özünə gəlib qalxmaq istəyirdi ki, yuvadan çıxan şirin ona tərəf gəldiyini gördü. Nə baş verdiyini anlamadı, gözünü yumub açdı. Bəli, gələn şir idi, meymun şirin qəfəsinə düşmüşdü. Şir ağır addımlarla ona tərəf gəlir, dodaqlarını aralayıb mırıldanırdı.

     -Tez olun! Tez olun! – Bələdçi məktəbliləri qəfəsin qarşısından uzaqlaşdırmağa çalışırdı.

     Məktəblilər getmək istəmir, dirəşib durmuşdular. Mənzərəni izləməyə cəhd göstərirdilər.

     -Kömək edin! – Hardansa həyəcanlı səs eşidildi.

     Şagirdlər qəfəsin setkasından tutub şirin meymuna nə edəcəyini gözləyirdilər.

     -Tez olun! – Bələdçi məktəbliləri gətirmiş dəstə rəhbərinə səsləndi. – Şagirdləri burdan aralaşdırın. İndi nəsə baş verəcək. Uşaqların psixologiyasına pis təsir göstərə bilər.

     Şir meymunun lap yaxınına gəlmişdi. Hücum vəziyyətini alıb mırıldanırdı. Şikarının üstünə atılmağa hazırlaşırdı. Bir anın içində güclü dişləri ilə yapışıb tikə-parça edə bilərdi.

     -Kömək eliyin! – Həyəcanlı qadın səsi ətrafı bürüdü. – Ay camaat, kömək eliyin!

     Şagirdlər hamısı geri dönüb şirin qəfəsinə baxırdı.

     -Sizə demədim, uşaqları aralaşdırın! – Bələdçi daha ucadan qışqırdı. – Görmürsünüz şir indi meymunu parçalayacaq?! Gərək uşaqlar bunu görə? Sonra valideynlərinə nə cavab verəcəksiniz?

     Şir pəncəsini qaldırıb meymunun sinəsinə qoydu. Meymun tez gözlərini yumdu ki, heç nə görməsin. Bu, dəhşət idi.

     -Səsini kəs!

     Meymunun qulağına səs gəldi. Bilmədi nə etsin. Saniyələr ötüb keçdi. Şir pəncəsini sinəsinə qoyub durmuşdu, onu parçalamırdı. İlahi, bu nə möcüzə idi?

     Meymun gözlərini qıydı, yarıyumulu vəziyyətə şiri süzdü.

     -Özünü ölmüşlüyə vur. – O pıçıldayırdı. – Bizi biabır eləmə.

     Meymun indi başa düşməyə başladı. Başını tərpədərək başa düşdüyünü bildirdi.

     Şir meymunun ayağından tutaraq yuvasına tərəf sürüməyə başladı.

     -Tez olun! Tez olun! Burdan uzaqlaşın! Şir indi meymunu parçalayacaq!…

     Bələdçi isə hələ də qışqırır, məktəbliləri ordan uzaqlaşdırmağa çalışırdı.   

Müəllif: Əli bəy AZƏRİ

ƏLİ BƏY AZƏRİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru