BİR GÜNÜN TƏƏSSÜRATLARI

İyulun son günlərində aldığımız acı xəbərin sorağıyla bir qrup şəhid anaları ilə Beyləqanın Qəhrəmanlı kəndində yola düşdük… 

27 yaşlı Yaqublu Fərman Telman oğlunun  – bu kəndin 17 – ci şəhidinin yas məclisinə…

Qrupumuza İNK-nın Abşeron rayonu üzrə “Şəhid anaları və Milli Qəhrəman ailələri” departamentinin sədri – şəhid qərərgah rəisi, kapitan Əsəd Fərhad Oğlu Həsənovun anası Mələk Xanım “Qadınlar Şurası”nın sədri – şəhid polkovnik – leytenant   Vüqar Əhməd oğlu Ağayevin  anası  Nənəxanım Ağayeva da daxil idilər. Yeri gəlmişkən Fizulinin azad olunmasında şəhid olan İsmayıl Qasımovun anası Mahirə Nəzərliyə bu səfərin təşkilində anaların pulsuz nəqliyyatla təmin olunmasında və şəhid analarına dəstəyini əsirgəməyən, 1-ci Qarabağ  müharibəsində 1-ci qrup əlil olmuş qazi Rövşən Cəfərovun həyat yoldaşı Könül Cəfərovaya da minnətdarlığımı bildirirəm.

 Qəhrəmanlı kəndinə çatdıqdan sonra  bizi dörd hərbiçi könüllü -qazilər Orxan Balakişiyev  və Məhərrəm Məhərrəmov, könüllü müharibə iştirakçıları  Asəf Əliyevlə  Sadiq Həziyev müşayiət edirdilər…

Kənddə  yolboyu  44 günlük Qarabağ müharibəsinin 17-ci şəhidinin gül-çiçəyə bürünmüş gülərüzlü plakatlarını gördükcə həm  kədərlənir, həm də bu igidlərimizlə qürur duyurduq. Təkcə bu  kənddən 17 şəhidin olması bizi çox təsirləndirirdi…

Kəndin küçələrində gənclərin  əllərində idman çantaları  ilə məşqə getmələri də nəzərimi cəlb etdi. Vətənimizin zəfərə nail olması elə belə hazırlıqlı gənclərin sayəsində olmuşdur…

 Budur, Fərmanın evində daxil olduq. Başda 27 yaşlı şəhid ata ilə 27 yaşlı şəhid oğulun şəkillərindən ibarət güşə və onların xatirə əşyaları olan stol və bayrağımız…

Sura ana bizim qəfil gəlişimizdən tutuldu və ata ilə oğulun birgə şəkillərini qucaqlayıb ağladı və oğlunu oxşadı… Biz İNK -nın üzvləri ilə şəhid analarından Fizulinin, Suqovuşanın, Qubadlının, Şuşanın, Talış kəndinin, Laçın dəhlizinin və başqa rayonların azad olunmasıda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalmış İsmayıl Qasımovun, Sübhan Abdurrəhmanlının,Tural Rəhimlinin,  Rəşid Həmidovun, Əsəd Əsədlinin, Teymur Məcidzadənin, Nurlan Atakişiyevin, Miqdad Abduləlimovun anaları Mahirə ana Mehriban ana, Süsən ana, Tənzilə  ana, Səidə və Yasəmən ana, Pərvanə, Mələk və Nənəxanım ana Sura anaya mənəvi dəstək olmaq üçün onun yanına gəlib şəhid ocağını ziyarət etməyi özlərinə borc bildiklərini dedilər. Könül xanımla və Aybəniz xanım ona təskinlik verərək şəhidliyin uca zirvə olmağı haqqında söhbət etdilər.

 Bütün şəhid analarının  bir istəyi var; onlara mənəvi  dəstək olmaqla diqqətdə saxlamaq. Analar mənəvi qayğıya ehtiyac duyduqlarını bir daha xatırlatdılar. Sura ana ilə xeyli söhbət etdikdən sonra analarla qonşuluqdakı  şəhid Vüsal Nadir oğlu Hüseynovun ailəsini ziyarət etdik. Bizi görən Nadir ata hönkürtü ilə ağladı, onun səsinə Aidə xanım otaqdan çıxıb bizi Vüsalın otağına apardı… Burada Vüsalın iki maketi, paltarlatı medalları və digər əşyaları səliqə ilə düzülmüşdü.  Aidə ana birdən onun boş qalan digər otağından Vüsalın son dəfə geydiyi köynəyi gətirdi… Və əlavə etdi ki, hər gecə onun iyini bu köynəkdın alıb yatıram. Onlara təskinlik verib  həyətdə xatirə şəkli çəkdirirdik ki, ana oğlunun maketini gətirdi ki, qoy Vüsalım da bizimlə olsun…

Fərmanın bacısı bizi şəhid ailəsi Yaqut müəlliməgilə  də  gətirdi. Onunla da görüş çox hüznlü oldu… Bütün şəhid anaları eyni fikri vurğulayırdı: “… onu saxlaya bilmədik, müharibə başlayan kimi dərhal cəbhəyə getdi…” Qəhrəmanlıqla döyüşən igidlərimiz çoxdan Ali Baş Komandanımızın əmrini gözləyirdilər. Gözləyirdilər ki, vəhşi faşist vandallarını Qarabağımızdan qovsunlar…  Şəhid anaları ona da təskinlik verərək dərdinə şərik olduqlarını söylədilər. Beləcə Sura ana ilə vidalaşıb rayonun “Şəhidlər Xiyabanı”na getdik… Sanki igid oğullarımız bizi gözləyirdilər. Tər gül-çiçəklərə bürünmüş bu ziyarətgahda bilmədik haradan başlayıb harada qurtaraq….

Ətrafdakı xatirə lövhəsində yüzlərlə şəhid elə bil bizə deyirdi ki, ayaq saxlayın, bizi də yad edin… Təkcə Beyləqanda nə qədər şəhid varmış! Bizə şanlı qələbə, zəfər bəxş edən  igid şəhidlərimiz… Onlara dualar oxuyub İmişliyə getdik. Burada Mələk ananın qərargah rəisi, kapitan oğlu Əsəd Həsənov və dostu Elmir Şəmsioğlu Bayramov uyuyurdu. Ziyarətgaha daxil olanda Əsədin atası Fərhadın burada olduğunu gördük, görüşdük səbr dilədik. Hər iki şəhidin məzarına tər çiçəklər qoyduq və Bakıya dönərkən yol boyu analar bir-bir yenə şəhidlərimizi  xatırladılar…  Kədər və qürur qarışıq bir gün keçirdik. Şəhid analarının belə görüşlərə çox ehtiyacları olduğuna şahidlik etdik. Onların hər şeydən çox həmsöhbətə ehtiyacları var…   Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun…

    31 iyul-2021 – Bakı.

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru