RUHUMUZUN  MEMARI…

Böyük Zərdabi yazırdı ki: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur. Qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstünə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə yetişə bilsin…”

Həmin tarixdən əsr yarım bir zaman keçib… Böyük Zərdabinin bina etdiyi, başladığı qutlu yolda, şükürlər olsun ki, Həqiqətə səcdə etdiyi kimi qələminə sarılan işıqlı insanlar yürüməkdədir. Və bu gün onların daxili dünyasının ziyası hesabınadır ki, qaranlıqlarımız aydınlanır…

Qələm Vicdandır!

Qələm ədəbi və mənəvi məsuliyyətdir!

Qələm milli özünüdərkin və mənlik şüurunun ifadəsidir!

Bu gün bizim vicdanlı, məsuliyyətli, özünü və milli mənliyini dərk etmək iqtidarında bir gənclik kimi yetişməyimizdə kitabından dərs aldığımız, qələmindən ruhumuzu aydınlatdığımız, sözündən, hətta sərgilədiyi duruşundan  belə xanımlıq, xatunluq, əzəmət öyrəndiyimiz Mahirə xanıma və onun timsalında zəkasından pay aldığımız müəllimlərimizə borcluyuq!

“Əkinçi”nin amalını, işığını günümüzə daşıyan aydın zəkalı, milli düşüncəli, cəsarətli, aydın mövqeli ziyalı ordusunun ən ön sırada dayananı, fədakar bir qələm sahibidir Mahirə xanım Nağıqızı…

Mahirə xanım – təqdimata və izahata ehtiyacı olmayan Adam!

Özü ən ləyaqətli örnək olmaqla mənəviyyatımızı, daxili dünyamızı, düşüncələrimizi formalaşdıran, Ruhumuzun, mənəvi dünyamızın Memarı olan – Uca ürəkli Adam…

Səmimiyyətin və Sadəliyin böyüklüyünü öz şəxsində bütövləşdirən Adam…

Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan, hamıya yanan Qayğıkeş Adam…

Təkcə özünün, sözünün üzağlığını deyil, əmək kitabçasının belə ləyaqətini qorumağı bacaran məsuliyyət nümunəsi olan Adam…

Çiynini cəmiyyətimiz üçün mənəvi sütun, ömrünü çıraq edən fədakar Adam!

                                         *****

Hüseyn Cavid “Naxçıvana nə lazımdır?” məqaləsində yazırdı ki:  “Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini görmək kifayət edər. Avropaya meydan oxuyan Almaniyanın, qoca Rusiyanı həyəcana salan Yaponiyanın bütün tərəqqiyati – ciddiyyətləri həp məktəblər sayəsindədir. Məktəbi bir millətin hər halını tədqiq edib öyrənmək üçün “ən doğru meyar, ən kəsdirmə yol” kimi qiymətləndirən Cavid rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin yapon vətənpərvərpərləri yetişdirmə bacarığında görürdü. Bu müəllimlərin tərbiyə işini yüksək səviyyədə, gözəl nəticələr əldə edə bilmək istiqamətində aparmaq məharəti, öz işlərinə böyük məhəbbət və millət naminə məsuliyyətlə yanaşma bacarığı ilə əlaqələndirirdi. Cavid filosof – şair, dramaturq olmaqla yanaşı, həm də böyük müəllim idi, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə, müəllimə millətin əhval – ruhiyyəsinin inikası kimi baxırdı.

 “Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi və ədəbiyyatı mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə  öz təsirini göstərəcəkdir.

Bunları yazmaqda bir məqsədim var: bu gün biz qalib bir ölkənin vətəndaşı kimi, demokratik bir cəmiyyətin azad düşüncəli yazarı kimi “Milli Mətbuat Günümüzü” qeyd edirik. Amma zənnimcə, təqvimin Mətbuat günü də, Ordu günü də, Zəfər günü… bizi yetişdirən, düşüncəmizi formalaşdıran Müəllimlərimizin bayramıdır.

Öyrətmən sadəcə elm öyrədən deyil, xarakterimizdəki naqislikləri tərbiyə edə – edə bizi formalaşdıran,  rəndə kimi cəmiyyətin kələ – kötürlüklərini hamarlayandır. Öyrətmən Aydındır – Günəş kimi yetirmələrinin yolunu və düşüncəsini aydınladandır…

         Bu gün Qələmimizi Vicdanımız kimi qoruya biliriksə, Həqiqətə Tanrıya sığındığımız kimi sığına biliriksə, bu Mahirə xanım və onun timsalında dəyərli ziyalılarımızın sayəsindədir.

Bu cəmiyyətin ən işıqlı qələmi də, yazı əhli də Sizin zəka işığınızdan pay alıb yetişən nəsildir, əziz Mahirə xanım!

Siz Bizim Ruhumuzun Memarı – Mənəvi Anamızsınız! İnsan yetişdirməkdən, şəxsiyyət formalaşdırmaqdan daha çətin və şərəfli peşə yoxdur. Var olun! Gününüz Mübarək! Qələminiz və Yolunuz həmişə qutlu olsun! Tanrı Sizin ziyanızı – Qələminizin işığını bizə, millətimizə çox görməsin!

Sayğılarla: Xəyalə ZƏRRABQIZI

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI


MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru