QURBAN BAYRAMOV HAQQINDA

QURBAN

Görkəmli tənqidçi, ədəbiyyatşünas, dostum Qurban Bayramovun 75 illiyi münasibətilə

Ən böyük sevinci bir ahdan gələr,
Yurdunun kamıdır Qurban Bayramov.
Nə fikir söyləsə, Allahdan gələr,
Tanrı ilhamıdır Qurban Bayramov.

Ömür yaşa dolan, qəm, ya şad olan…
Məntiq bulağına ismi ad olan,
Ruhu saf sulartək kükrəyib-dolan
Ağlın mis camıdır Qurban Bayramov.

Söz-zəmi, o, əkin-biçin adamı,
Ürəkdən-ürəyə köçün adamı.
Qarabağ yuxuymuş… O, çin adamı –
Haqqın ehramıdır Qurban Bayramov.

İşıqdır sabahı, nurdu keçmişi,
Yaxşını pislərdən seçməkdir işi…
Qədim el-obanın təəssübkeşi,
Xalqının namıdır Qurban Bayramov.

Dildə “can” kəlməsi gen yaddaşıdır,
Qüruru – bəy şəsti, xan yaddaşıdır.
“Qana-qan!” hikkəsi qan yaddaşıdır,
Bütövlük tamıdır Qurban Bayramov.

Düzünü sənətə karvan deyibdir,
Sözünü karvana sarvan deyibdir.
Özünü sözünə qurban deyibdir;
Qurban bayramıdır Qurban Bayramov.

Müəllif: Yusif NƏĞMƏKAR

QURBAN BAYRAMOV və YUSİF NƏĞMƏKARın digər yazıları


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru