Novruz Nəcəfoğlu – yazıçı, ictimai xadim.

WWW.YAZARLAR.AZ

Atam kimi Doğma Adam…

Bu günlərdə mətbuatda dəyərli qələm adamı, ədəbiyyatımızın fədakar təbliğatçısı, istedadlı  tərcüməçi İmdat Avşarın çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, vətəndaş ziyalı Novruz Nəcəfoğlunun Türkiyədə işıq üzü görən “Qaranlıq gecənin səsləri” kitabına yazdığı təqdimatı – “Qaranlığın səsi” adlı bir essesini oxudum.  Rəhmətlik dədəm deyərdi ki, yaylağa köç eləyəndə göz yaşı kimi dumduru şeh damlasının izinə düşüb bir bulaq tapardıq, bizim üçün dünyalara bərabər olardı… İndi İmdat bəyin yazısı sözün həqiqi mənasında, o bulağın izinə düşmək üçün əlimdən tutan yol bələdçim oldu… İmdat bəyin “Çərçivə şəkil” hekayəsi haqqında yazdıqlarını göz yaşlarıma boğularaq oxudum…

Və tapdım… Sonunda illərdir ki, məni Novruz Nəcəfoğlu qələminə bağlayan o doğma səbəbi tapdım… Bu elə bağlılıqdır ki, sözlə izah edə, kəlmələrə çevirib ifadə bilmirsən. Amma oxuduqca bütün ruhunla hiss edirsən ki, bu adam sənin ən doğmandır, bu hisslər sənin təməlində   dayanan olduqca mübhəm yaşantılarıdır.

Elə bil Atamı yazırmış Novruz Nəcəfoğlu… Atamın taleyini… Və “Çərçivə şəkil”i oxuyanda sanki çözdüm o şifrəni… Novruz müəllimə, qələminə, insanlığına, sözünə duyduğum sayğının, sevginin, rəğbətin həm də hardan qaynaqlandığını, təməlini kəşf etdim öz içimdə… İndi rəsminə diqqətlə baxıram ki, O, həm də Atama bənzəyirmiş… Atam kimi doğma, Atam kimi Əziz Adam!!!

Bu dünyanın ən təmiz, heç çirklənməyən modelidir kənd… Mayəsi kənddən qaynaqlanan, xəmiri kəndin halallığından, saflığından, zəhmətkeşliyindən yoğrulan adamların yolu da bir başqa olur, bənzərsiz olur… Novruz Nəcəfoğlu kimi…

Hələ on il öncə oxuduğum, ustadım Seyran Səxavətin Novruz müəllimin “Çarəsiz yolçu” povesti haqqında olan “Yol” yazısını xatırlayıram.  Seyran müəllim yazırdı ki, “Əzizim, Novruz! Povestin, məni göynətdiyi, sarsıtdığı qədər də sevindirdi – elə bildim ki, özüm yazmışam. Belə bir əsərə müəlliflik iddiamın heç bir əsası olmasa da, oxuculuq iddiamın yetərincə əsası var. Qəribə də olsa, sənə cümlə qurmaqda uğurlar diləyirəm. Çünki cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Cümlə də Yoldur, Yol”…

Bəli, Novruz müəllim yol salmaqda – yol olmaqda ilahidən görəvlənmiş bir İnsandır…

 Bu dünyaya gələn hər bir insan qismətinə düşən ömür payını yaşayır, yaradır, yaşlanır. Amma yaşa dolduqca, yaşlandıqca kamilləşmək, müdrikləşmək hər kəsə nəsib olmur.

Kamillik, müdriklik özü bir Tanrı vergisidir ki, Tanrı onu sevdiyi, seçdiyi bəndələrinə ərməğan edər, öz ilahi nurundan ona pay verər. Novruz müəllim məhz belə insanlardandır. Üzünün nuru sözlərinə tökülən, bütün yaxşılıqlara körpü salan, xeyirxahlıq üçün, İşıq üçün Yol olan,  şərəfli ömrünü fədakarlıqla vətəninin rifahına həsr edən yolgöstərən ağsaqqal, işıqlı ziyalı, vətəndaş yazıçı…

Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən şərəflisi, ən müqəddəsi oxucuların qəlbinə gedən yoldur. Novruz müəllim bu yola hələ yaradıcılığının ilk illərindən inamla, ürəklə çıxıb. Əslində, əsl istedadlı adamın yaradıcılığının “ilk” dövrü, ya “yetkinlik” mərhələsi adlı şey yoxdur. Ədəbiyyat aləminə gələn birbaşa gəlir, sənət aləmində öz sözünü deyir. Öz işığı – ziyası, dərin düşüncəsi, saflığı, səmimiyyəti ilə ürəklərə yol tapır – Novruz Nəcəfoğlu kimi…

Novruz müəllimin  yaradıcı adam kimi uğuru da məhz bundadır. Əslində, adlar, titullar, mükafatlar, təltiflər – hamısından daha ucada dayanan bir məqam – oxucu qəlbinə gedən yoldur… Önəmli olan oxucu qəlbinə gedən yolu tapmaq, oxucuya istədiyini verməyə çalışmaqdır ki, Novruz müəllim  bu ədəbi məsuliyyətin öhdəsindən şərəflə gəlməkdədir.

Novruz Nəcəfoğlunun poetik dünyası bütövlükdə zəngin daxili aləmin, sistemli təfəkkürün və dünyagörüşün güzgüsüdür…

Bu həyatda təkcə təmiz adını yox, əmək kitabçasının belə ləyaqətini qorumağı bacarmaq o qədər də asan iş deyil. Novruz müəllimin, sözün bütün mənalarında, şərəfli ömür yolu bizim hamımız üçün, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir. Ya­ra­dı­cı­lı­ğın ma­yə­sin­də in­sa­nın daxili mahiyyəti, şəx­siy­yə­ti da­ya­nır. Şəx­siy­yə­tin­də, xa­rak­te­rin­də ya­rım­çıq­lıq olan adam heç vaxt bö­yük ədə­biy­yat ya­ra­da bil­məz. Bu mə­na­da, Novruz müəllim şəx­siy­yə­ti və ya­ra­dı­cı­lı­ğı bir – bi­ri­ni ta­mam­la­yan, Sö­zü ki­mi bü­töv in­san­dır.

Söz halallıqdır… Söz ləyaqətdir… Söz vicdandır… Söz zəhmətdir… Söz ilahidən gələn hikmətdir… Bu gün sözün dəyərsizləşdiyi, insanların ucuzlaşdığı bir dünyada Sözünün ləyaqətini vicdanla qorumağı bacaran, xəmiri, mayəsi halallıqdan və zəhmətdən yoğrulmuş dəyərli, dərin düşüncəli, zəhmətkeş, işıqlı bir İnsanın – Novruz Nəcəfoğlunun bir yaş daha müdrikləşdiyi gündür…

İnsan əməlləri kimi, daşıdığı adı həm də onun qəlbinin aynasıdır… Novruz müəllimin adının özəyində işıq, ruzi, nur sözü dayanır. Ulu Tanrı işığınızı, nurunuzu ailənizə, əzizlərinizə və bütün xalqımıza doyunca versin,  Əziz Novruz Müəllim! Ünvanınıza söylənən bütün xoş sözlər halal haqqınızdır. Sizə möhkəm can sağlığı və yürüdüyünüz Böyük Sənət – Ədəbiyyat yollarında başarılar diləyirəm! Doğum Gününüz mübarək!


Hörmətlə: 
Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru