
KREMLİN MEMARI ƏLİŞ KƏRƏMLİ
(Görkəmli memarın xatirəsinə)
İYİRMİ DOQQUZUNCU YAZI
Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha ki, bu görüşü də bizə qismət etdi. Bu dəfə söhbətimizin mövzusu görkəmli Azərbaycan memarı Əliş bəy Kərəmli haqqında olacaq. Öncə qeyd edim ki, oktyabr ayının ilk həftəsinin bazar ertəsi günü Beynəlxalq Memarlar Günü kimi qeyd olunur.
Cari ildə bu gün 5 oktyabra təsadüf edir. Deməli, 5 oktyabr 2020-ci il dünyada Memarlar Günü kimi qeyd olunacaq. Biz də “Yazarlar” jurnalı və “Ustac.az” olaraq bu günə öz töhfəmizi verməyə çalışdıq. Belə ki, hələ 2018-ci ildən davam edən (21 aprel 2022-ci ilə qədər davam edəcək) “Kərəmli-700” layihəsi çərçivəsində tərəfimizdən bir sıra tədbirlər həyata keçirilmişdir. Görülən işlər barədə təfsilata keçməzdən əvvəl Əliş bəy Kərəmli haqqında qısa bir məlumat vermək istəyirəm.
QISA ARAYIŞ:
Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) – Şirvani (onu Avropada və Rusiyada Şamaxılı Alis kimi də tanıyırlar) 21 aprel 1322-ci ildə Şamaxıda anadan olmuşdur. İlk təhsilini doğma yurdu Şamaxıda almış və memarlığı özünə məslək edərək, üzünü mədəniyyətin beşiyi sayılan Şərqə tutmuşdur. Onun bu səfəri uğurlu alınır. Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə məşhurlaşır və artıq tanınmış memar kimi vətənə dönür. Az sonra Şimala üz tutur və bu dəfə Krımda Bağçasarayda gördüyü işlərlə diqqət mərkəzinə düşür. Bu işi tamamladıqdan doğma Şamaxıya qayıdan memar az bir müddətdən sonra yenidən Şimala getməli olur və özünün son əsərini – günümüzdə də dünyaca məşhur olan Moskva Kremlini tikib təhvil verir. Elə bu münasibətlə təşkil olunmuş ziyafət zamanı – 22 iyun 1371 – ci ildə Moskvada xaincəsinə öldürülmüşdür.
Qarşıdan gələn 2022-ci ildə böyük memarın anadan olmasının 700 illi tamam olacaq. Qeyd etdiyim kimi, biz bu tarixi nəzərə alaraq artıq 2018-ci ilin yay aylarından “Kərəmli-700” layihəsi başlatmışıq və bu gün də nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Mütəmadi olaraq görülmüş işlər barədə mətbuat, elektron media vasitəsilə məlumatlar verilir. Əsas işlərdən biri kimi görkəmli memarın anadan olmasından həlak olana qədər bütün həyatını qısa və yığcam şəkildə özündə əks etdirən “Əliş və Anna” poemasının yazılmasını və ayrıca kitab şəklində bu günə qədər artıq dörd dəfə (iki dəfə paralel olaraq Az-lat və Az-ərəb qrafikalarında) nəşr olunmasını misal göstərə bilərik. Kitabın Cənubi Azərbaycan da daxil olmaqla bütün Azərbaycan ərazisində yayılması – Təbrizdə, Bakıda, Şamaxıda və ölkəmizin digər şəhər və rayonlarının, ayrı-ayrı təşkilatların kitabxanalarında yerləşməsi təmin olunmuşdur. Bundan əlavə, ilk gündən poemanın elektron variantı hər iki qrafikada əsas elektron kitabxanalara yerləşdirilmiş dünyanın internet olan istənilən nöqtəsindən oxumaq üçün əlçatanlığı təmin olunmuşdur. Eyni zamanda, tanınmış alim, AYB-nin üzvü, Əməkdar müəllim Kamal Camalovun poema haqqında yazdığı geniş təhlil “Əliş və Anna haqqında” adı ilə “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində ayrıca kitab kimi nəşr olunaraq, yayımlanmışdır. Bu layihə tədbirləri çərçivəsində görülən ən önəmli və yadda qalan iş tanınmış şair-rəssam Şehran Allahverdi tərəfindən görkəmli memarın portretinin yaradılması və onun lazımi ünvanlara çatdırılması olmuşdur. Portret hələlik iki orijinal nüsxədə – birincisi (42,5 X 54), ikincisi isə (50 X 74) ölçülərdə olmaqla kətan üzərində yağlı boya ilə çəkilib. “Kərəmli-700” yubiley tədbirləri çərçivəsində qarşıdan gələn Beynəlxalq Memarlar Günü ilə əlaqədar görkəmli Azərbaycan memarı şamaxılı Əliş bəy Kərəmli bir daha anılmış və 42,5 X 54 ölçüdə olan (passport nömrəsi: K700PƏbK1N001) birinci portret Şamaxı rayon Tarix-Diyarçünaslıq Muzeyinə,

50 X 74 ölçülü (passport nömrəsi: K700PƏbK2N002) ikinci portret isə

Azərbaycan Memarlar İttifaqına hədiyyə olunmuşdur. Layihənin ilk günlərindən bu münasibətlə planlaşdırılmış və dəfələrlə təxirə salınmış Şamaxı Dövlət Regional Kollecinin tələbələri ilə görüş məlum məhdudiyyətlər aradan qaldırıldıqdan sonra baş tutacaq.
Bu günə qədər ağızdan-ağıza gəzən şifahi söhbətlərin, rus, Azərbaycan yazarlarının (mənə məlum olan – bəlkə başqa dillərdə, başqa xalqların da ədəbiyyatında və digər yazılı mənbələrində, arxivlərdə bu barədə məlumatlar vardır) yaratmış olduqları yazılı ədəbiyyat nümunələrinin, publisistik yazıların qəhrəmanı kimi bədii portretlərdən tanıdığımız Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvaninin portretinin yaradılmasını xalqımızın görkəmli oğlunun akademik səviyyədə tanınması yolunda atılmış mühüm addım kimi qiymətləndirir və universitetlərimizin tarix fakültələrinin tələbələrini, aspirantları, doktorantları, onların rəhbərlərini referatlara, diplom işlərinə, eləcə də olduqca müxtəlif səviyyəli elmi işlərə mövzu seçərkən dərindən araşdırılmağa, tədqiq olunmağa ehtiacı olan bu vacib şəxsiyyəti, onun həyat-fəaliyyətini diqqət mərkəzində saxlamağa çağırırıq. Onu nəzərinizə çatdırıram ki, məzarının yeri dəqiq məlum olmasa da (bu amil günümüzdə aktual olan mədəniyyətlər fərqi məsələsini bir daha ortaya qoyur – demək olar ki, müasiri, eyni zamanda həmyerlisi olan İmadəddin Nəsiminin həyatı daha faciəli sonluqla Şərqdə – müsəlman torpaqlarında başa çatsa da günümüzədək məzarı Hələbdə qorunub saxlanmışdır), əlimizdə ölkəmizin hüdudları daxilində və xaricində tam şəkildə qorunmuş və ya qalıqları mövcud olan tikililər, xalq arasında geniş şəkildə yayğın olan şifahi məlumatlar, kifayət qədər zəngin yazılı bədii nümunələr, publisistik yazılar, ən əsası hal-hazırda Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan Kərimlilər nəslindən olması kimi araşdırılaraq, dəqiqləşdirilməyə ehtiyacı olan çoxsaylı mənbəələr var.
Sonda maraqlananlar üçün onu qeyd edə bilərəm ki, görkəmli memarın həyatından bəhs edən “Əliş və Anna” kitabını əldə etmək istəyənlər “Mücrü” Nəşriyyatına, eyni zamanda Bakıda və Sumqayıtda əsas kitab mağazalarına müraciət edə bilərlər. Ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa sərf edib, sona qədər həmsöhbət olduğunuz üçün minnətdarlığımı bildirirəm.
29.09.2020. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “TƏƏSSÜRATLAR” və “QƏLƏMDAR – 2” kitablarında İYİRMİ DOQQUZUNCU yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda ənənəvi qaydada aşağıdakı mətbu orqanlarda dərc olunmuşdur:
1.“Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”, “525-ci qəzet”, 03.10.2020, say: 124 (5505) s.23.
2. “Memar Əliş bəy Kərəmli”, “Ədalət”, 06.10.2020, say: 135 (5795) s.7.
3. “Kremlin memarı Əliş bəy Kərəmli”, “Təzadlar”, 06.10.2020, say:33 (2274) s.12.
4. “Memar Əliş bəy Kərəmli”, “ Kredo”, 08.10.2020, say: 36 (1016) s.15.
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru