WWW.YAZARLAR.AZ1 ŞƏRHREDAKTƏ ET

İmdat Avşar – yazar.

Vaxtdan uca Adam…

İllər öncə mətbuatda qarşılaşdığım bir fotonu uzun zamandır qəlpə kimi ruhumda, ağrı kimi yaddaşımda daşıyıram: Yəməndə bir müxbir məlum hadisələrdən sonra körpə bir qızcığazın rəsmini çəkmək amacıyla fotoaparatın obyektivini dağıntıların üstündə oynayan həmin uşağa sarı tuşlayır. Əlində yavan çörək yeyən, nimdaş əyin-başından, baxışlarında düyünlənən bir gilə göz yaşı qarışıq intizardan, balaca varlığından kədər yağan 4 yaşlı Hayde adlı bu məsum yavru fotoaparatı silah zənn etdiyindən hər iki əlini havaya qaldırıb təslim olduğunu göstərir. İllər ötüb o şəklin üstündən… Amma bu gün də Haydeni xatırlayanda həyat onun balaca əlindəki yavan çörək kimi boğazımda düyünlənir, udquna bilmirəm…

Müharibə dünyanın ən böyük ədalətsizliyidi… Orda uşaqlar ölürlər… Məsələ fiziki ölüm deyil.. Uşaqların əllərindən alınan, öldürülən uşaqlığıdır müharibə…

Corc Oruellin “Boğuluram” romanının qəhrəmanı savaşdan öncəki dövrü belə təsvir edir – “müharibədən əvvəl həmişə yay idi”… Çox uğurlu ifadədir. Müharibədən öncəki qarlı-sazaqlı qış belə sənin yaddaşında yay kimi qalır, qayğısız, xoş, rəngarəng…

İndi İmdat Avşarın “Kafa kağıdı” hekayəsini oxuduqca bir həqiqəti özlüyümdə dəqiqləşdirir və bütün qəlbimlə anlayıram ki, müxtəlif dillərdə qonuşan, fərqli gələnəklərə sahib olan insanların, ələlxüsus da körpələrin göy qurşağını andıran rəngli dünyalarını bomboz bozardan boyanın (?!), lüğətdəki  heç bir sözlə ifadə olunmayacaq ən böyük ədalətsizliyin adıdır müharibə… “Göy üzünün sehirli çubuğu hər mövsüm başqa bir rəngə boyayırdı bağları… Sonra bir tufan qopur, sarı xəzan boyasını çəkib alırdı bağçaların üstündən; ağacları soldurub bəmbəyaz qış boyası çiləyirdi bağçalara… ”

İmdat bəyin əlindən yapışıb uşaqlıq dünyasına səyahət edirəm, qarşımda geniş üfüqlər açılır… Mənə elə gəlir ki, sehrinə düşdüyüm aləm – bu sirli dünya yazarın ana vətənidir… Bir uşaq yaddaşına hopan və heç zaman çalarlarını itirməyəcək bəzəkli dünya, min rəngə bələnən təbiət, yerlə göyün ideal harmoniyası… Yazıçının bu təsvirləri uşaqlığın qayğısız rənglərini özündə ehtiva edir sanki… 

Hətta bu əlvan dünyaya müəllif təhkiyəsi ilə bir başqa çalar də əlavə olunur: “toyuqların ayaqlarına bağlanan rəngli şıbaklar… onları bir uşaq kimi aid olduqları ailənin üzvünə çevirirdi. Biz də yaddaşımıza yazırdıq o rəngləri, damğaları, işarələri… O kiçik dünyadakı hər kəs həmin rənglərin və işarələrin dilini bilirdi. Bir də ehtiyacın və yoxsulluğun dilini…”

Göy üzünün pəmbə buludlarla əhatələndiyi, bütün çatışmazlıqlara, ehtiyaca və yoxsulluğa rəğmən dünyanın gözəl zamanlarının tablosunu çizir İmdat bəy… Hər simgəsi bir başqa çalarlı, hər detalı dərin bir anlam daşıyan… Hər cümləsi məna yükü ilə dolu…

“Kafa kağıdı”nı oxuduqca düşünürəm ki, bizim təkcə ədəbiyyatlarımız qardaş deyil, bizim həm də Analarımız doğmaca bacı imiş. Əbdürrəhim bəy Haqverdiyevin “Mütrüb dəftəri”ndəki  “Novruz bayramı ilə aşura bir günə düşən ili”, “Gün tutulan ili” doğulanların törəməsiyik biz də… Təkcə köklərimiz, gələnəklərimizlə bir-birimizə bağlı deyilik, ağrıları eyni boyutda, kədəri eyni rəngdə, taleyi bir-birinə bənzəyən adamlarıq…

…“Qara məktəbli formasında ibtidai sinfə gedirdik. Formalarımız da bəxtimizə işarə edirdi, sanki. Məktəbin qar kimi dümağ həyətinə səpiləndə o kağızın üzərində qara nöqtələrə dönürdük, bir-birimizin arxasında cərgələnirdik” – deyən İmdat bəy sanki şahmat taxtasına oxşayan dünyanın üzərindəki fiqurlar kimi təsvir edir uşaq dünyasının sakinlərini…

Hamısının şəcərəsi nənəsiylə başlayan bu cocuqların işıqsız evləri də bir-birinə bənzəyir, sol yanı yarım qalan çiləkeş anaları da…

Əsər boyunca Anasının sözlə rəsmini çəkir – obrazını yaradır İmdat Avşar… Ən doğma adamımla qarşılaşıram sanki  o danışanda… Çoxdan tanıyıram mən o nur topası qadını… “Anamın saatları”ndan doğmalaşmışıq… Heç oxuma-yazması olmasa da, bircə hərf tanımasa belə bu Ana dünyanın ən böyük adamıdır… Müəllimi dövlət, dediyi sözü fərman bilən qocayürəkli Ana… Kimliyi olmayan körpə bir yavruya qol-qanad gərib, ərsəyə gətirən… İmdat Avşar düşüncədə bir övlad yetişdirən Ana… Dünyaya xeyirxahlıq, yaxşılıq toxumu səpən səxavətli bir Ana… Özünü  yavrularına fəda edən, onları qaranlıq dünyadan işığa çıxarmaq üçün ömrünü körpüyə çevirən Ana… Ciyərparəsinin yaşıdlarından seçilməsinə qıymayan, şəhadətnaməsini ala bilməsi üçün dünyanın ən məsum “rüşvət”ini müəllimə yollayan safqəlbli Ana… “Anam ağızbaağız doldurduğu bir çinik lobyanı torbaya boşaltdı, şələlədi kürəyimə: “Di, yüyür!” – dedi. -“Bunu müəlliminə ver, şəhadətnaməni al, gəl!”. Lobya torbası kürəyimdə elə qaçırdım ki, elə bil, uçurdum… Sanki topuqlarım kürəyimə dəyirdi… Qaçırdım, amma bir tərəddüd vardı içimdə. Qiymət cədvəlimdə dərslərin qarşısında “əla” yazılmışdı. Görəsən, şəhadətnamədə də elə yazılacaqdımı?”

 Müəllifin dili o qədər aydın, rəvan, təhkiyəsi o qədər axıcı və görümlüdür ki, təsvir etdiyi hadisələr sanki kino lenti kimi oxucunun gözlərində canlanır.

“Kafa kağıdı” sıradan bir hekayə deyil, İmdat Avşarın kimliyidir, əslində… Yaradıcılığından bir tək bu əsəri oxumaqla İmdat bəyi şəxsiyyət kimi dərk edə bilir adam… Hekayədə ədib həm obraz baxımından özünü yaradır, həm də əsərin problematikasına söykənərək hətta insanın öz-özünə etiraf edə bilmədiklərini,  bütövlükdə xatakterinin hər yanını aça bilir.

İnsanlar kimi sanki əsərlərin də, obrazların da taleləri arasında doğmalıq, bağlılıq olur. “Kafa kağıdı”nı oxuduqca nədənsə qeyri-ixtiyari İmdat Avşarın “İtmiş bahar nərgizi” hekayəsi beynimdə canlandı. “Kafa kağıdı”ndakı körpənin “İtmiş baharın nərgizi”ndəki çiçəklə bir mübhəm bağlılığını və bütün bunların yazarın ağrılı uşaqlıq xatirələri ilə assosiasiyası olduğunu düşünürəm.

Balaca yavru “kafa kağıdı”nı, balaca nərgiz fidanı isə “bahar”ını itirib. Hər ikisi itkidi… İtirməyin yaşatdığı ağrıdı… İtkinin açdığı və heç bir məlhəmlə sağalmayacaq dərin izdi, qaysaq tutmayan duyğulardı…

Yaratdığı obrazın müəllifin öz daxili dünyasının bir parçası, prototipi, ruporu olduğunu düşünsək, İmdat bəy hələ çoçuqluğundan daxilindəki özgürlük və ruhani azadlığa meyil, bağımsızlıq düşüncəsi ilə hamıdan seçilib, təkcə kimliyinin olmamasıyla yox…

“İtmiş bahar nərgizi”ndə çiçəyin doğuluşunun təsviri “Kafa kağıdı”nda məktəblinin uşaqlıq çağı ilə yaxından səsləşir. Nənəmə: “Madəm ki, yer üzünə çıxanda o qədər rəngli, gözəl oluruq, o halda biz çiçəklər niyə bu qaranlıq zindanda gözləyirik?”-deyirəm.

Əslində, bu hekayədə “nərgiz” azadlığın, özgürlüyün işartısı olmaqla bərabər həm də qaranlığa və soyuğa üsyandır. “Buzu əridən bir eşq atəşi var biz nərgizlərdə… Bir qığılcımla bədənimizə eşq atəşi düşüncə bu qaranlığı yara-yara çıxarıq gün üzünə” deyir nərgiz.

İmdat Avşar öz içindəki bağımsızlıq eşqini məqamı gəldikcə hətta təbiət hadisələrinin də üzərinə köçürür və bu detal olduqca uğurlu alınır. “Bu qaranlıq pərdəsini yırtmaq istəyirəm. Torpağı, üstümüzdəki buz qatlarını dəlib başımı günəşə uzatmaq…” Bu, sadəcə bir nərgiz fidanının nə olursa olsun, bütün əzablara göğüs gərmək, günəşi görmək çırpınışları deyil, bu İmdatın içindəki məndir, daxilindəki hayrırışdır, ilahi səsdir, balaca, savunmasız bir körpəni İmdat Avşar edən iradədir, misilsiz zəhmətdir, həyata inad mənəvi dirənişdir…

         Ondan kimliyinin axtarışını tələb edən həyatın kəşməkəşində başını itirən körpə İmdat… Anasını “Div anası”ndan qorumaq üçün özünü sipər edən və səsi kimi xisləti də eybəcər dövlət qadının susdurduğu kimliksiz körpə… köməksiz körpə…

-“ Ey, sən! Sən nə istəyirsən?

Anamın “Div anası”nın qarşısında susduğunu, söz deyə bilmədiyini görüb sinəmi irəli verdim:

– Mənim “kafa kağıdı”m yoxdu!

“Div anası” barıt kimi partladı:

– Sən sus, kirpi!

Acıdan keçməyən şərqilər əksik olduğu kimi acılardan keçib durulmayan insan da yarımçıq kimidir… Ən böyük “Doğuluş” insanın mənəvi ağrıların bətnindən qopduğu, öz içindəki əzablardan keçərək durulduğu andır…

Zaman bütün acıların məlhəmidir… Zaman keçdikcə şahmat taxtasının üstündə mat olan fiqurlar…, qoparılmamaq, tapdanmamaq üçün köklərini nənəsinin kökünə saran, ona sıx – sıx sarılan nərgiz fidanları, işıqsız evlərdə “bir nənə, bir ana, dörd oğlan, üç qız” oynaya-oynaya qaranlığın səsini batıran, zülmətlərə meydan oxuyan körpələr yoluna qoyur ədalət tərəzisi əyilən dünyanın ölçü – mizanını, zaman çarxını…

“Qəribə bir kədər bürümüşdü məni, dürməyimi dişləyirdim, di gəl, dişlədiyimi udammırdım. Anam dayandı, bir rayona tərəf baxdı, bir də kənd tərəfə… Kəndə yaxınlaşmışdıq. Çarəsiz anamın gücü təsəlliyə çatırdı: Ağlama, quzum, ağlama… Atan gələr, “kafa kağıdı”nı da alar, laklı ayaqqabılar da…”

Dişlədiyi dürməyi ağzında böyüyən, bir loxma çörəyi boğazında qəhərə çevrilən, əlində kimliyi, ayağında laklı ayaqqabısı olmasa da İmdatın köksünə sığmayan böyük ürəyi vardı… Bu Tanrının ən böyük lütfü idi ki, onu balaca İmdata ərməğan etmişdi. Və İmdat o ürəyin işığına bürünüb bütün qaranlıqlara, zülmətlərə meydan oxuyacaq, bir zaman anasına bağıran, ona həqarətlə “sus, kirpi!” deyə susduran “div anaları”nın zəhər saçan dilini əbədiyyən lal edəcəkdi. Əzablara sinə gərərək böyüyən, çoçuqlar daha böyük adam olur. Bu, həyatın yazılmamış qanunudur…

İndi bütün dünya susub, İmdat danışır… İlahi ədalətin təcəllisi elə budur. Bu, aşağılanmağı o balaca ürəyinə sığışdırmayan, mayəsi saflıqdan və halallıqdan yoğrulan körpənin Tanrıya inamı və səbrinin mükafatıdır.

         Yazdıqları da başdan-başa İmdat bəyin özüdür, ürəyinin səsinin kağızın yaddaşın yaddaşına hopan əksidir.

Yaratdığı hər bir obraz isə müəllifin dünyaya baxdığı pəncərədən görünən bir bucaqdır. İmdat bəyin qələmində “Günəş” və “işıq” obrazları, günəşin şəfəqləri, gündoğumu ilə bağlı metaforlar onun içindəki ziyadan və bir insan olaraq düşüncəsindəki aydınlıqdan xəbər verir. “Kafa kağıdı”nda Günəşi “Aydınlıq atlısı” adlandırır İmdat Avşar. Sadəcə “aydınlıq” yox, həm də atlanan aydınlıq, qanadlanan aydınlıq…

Qanad demişkən, İmdat bəyin obrazlar qalereyasında “qayçının qanadları”, “dəftərin qanadları” kimi detallar diqqətimi çəkdi ki, bu da heç şübhəsiz, yazarın özgürlük düşüncəsi ilə birbaşa bağlıdır. Adidən adi bir kağız parçasında – dəftərdə, və ya bir dəmir parçasında – qayçıda qanad görə bilmək üçün elə qanadlı düşünməyi bacarmaq və dünyaya qanadlı baxmaq gərəkir.

Nədənsə mənə elə gəlir ki, qanadlı yazmağı, görməyi, düşünməyi,  bacarmaq üçün gərək adamın özünün də qanadları olsun… İmdat Avşar kimi…

İmdat Avşarın kitabı

Bəli, İmdat Avşar qanadları olan Adamdır… Bir qanadında üçrəngli Azərbaycan, bir qanadında isə şanlı Türk hilalı olan bu böyük insan hər iki qanadının altına sığdırdığı böyük Ədəbiyyatı türk dünyası və türk dühası üçün döyünən qoca ürəyində birləşdirir. Ürəyin var olsun, Böyük Adam!

İmdat Avşar adı ədəbiyyat üçün çox şey deməkdir. Ümumiyyətlə, bədii yaradıcılıqla məşğul olmasaydı, heç bircə sətir yazmasaydı belə sadəcə tərcümə işinə sərf etdiyi nəhayətsiz əməyi və ölçüyəgəlməz xidmətləri ilə İmdat Avşar imzası hər iki xalqın ədəbiyyatında – söz mülkündə öz dəyərini mütləq alacaqdı…

Ədəbiyyatımızın fədakar dostu, əziz İmdat bəy uşaqdan böyüyəcən bizim hamımızdan ötrü Dəyərdi… Sözü də… Özü də… Bu gün də belədir, sabah da belə olacaq…

Müsahibələrindən birində doğulduğu günün qeyri-dəqiqliyi ilə bağlı məqamı açıqlayan İmdat bəyin həmin kövrək söhbətini oxuyanda elə yazarın “Anamın saatları”, “Kafa kağıdı” hekayəsi qədər ağrıdım. Amma sonra elə İmdat bəyin qələmindən düşüncəmə sirayət edən işıqla, nikbin baxdım yaşananlara… Zamanın nə önəmi?!

Önəmli olan doğulmaqdı! Önəmli olan ömür sürmək yox, ömrü İmdat Avşar kimi dəyərləndirə bilməkdi… Önəmli olan yaşamaqdı, yaşamağı bacarmaqdı… Önəmli olan var olmaqdı… Varlığını təsdiq edə bilməkdi… kimliyin, təqvimin, vaxtın  mahiyyəti isə bu boyda Varoluşun qarşısında bir heçdir… sadəcə rəqəm və ya kağız parçası…

AYB sədri Anar İmdat Avşara ödül təqdim edərkən

Sözüylə, qələmiylə, düşüncəsiylə bütün bu nəsnələrin fövqündə dayanan İmdat Avşar şəxsiyyəti artıq Ədəbiyyat adına, Sənət adına, Böyük Söz adına fədakarlığın, dostluğun, qardaşlığın, bağlılığın kimliyinə, brendinə çevrilib…

Vaxtın nə önəmi?! Taleyinə meydan oxuyan, qədərinə qalib gələ bilən kəs  Vaxtdan uca Adamdır… İmdat Avşar kimi…



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

XƏYALƏ ZƏRRABQIZININ DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru