Pərvin Nuraliyeva – yazıçı-dramaturq.

WWW.YAZARLAR.AZ

PƏRVİNİN “LEYLA”SI…

Dramatik növün sinkretik mahiyyəti və sənətkar üçün qarşıya qoyduğu tələblər o qədər mürəkkəbdir ki, hətta uzun illər qələmini bu ədəbi növün komediya, faciə, dram kimi müxtəlif janrlarında sınayanlarda belə bəzən müvəffəq nəticə alınmır. Çünki dramaturgiyada qızıl ortanı – açarı tapmaq başlıca şərtdir və bu, uğurun başlanğıcıdır.

Artıq bir neçə ildir ki, biz ədəbi mühitdə yazıçı – esseist kimi sevilərək oxunan Pərvinin öz yaradıcılıq yolunu – taleyini teatrla, səhnə ilə yaxından bağladığını müşahidə edirik.

Əslində, Onun imzasını teatrla bağlı yazılarda on il öncə də görürdük. Pərvin mütəmadi olaraq müxtəlif teatr tamaşaları ilə bağlı resenziyalar, Bakıda və xarici ölkələrdə keçirilən Beynəlxalq Teatr festivalları, konfranslar barədə məqalələr yazır və eləcə də sənət aləmində xüsusi – dəsti olan teatr xadimləri ilə ustad dərsləri səviyyəsində söhbətlər edir, müsahibələr aparırdı.

Təbii ki, bu müəllifin içindəki səhnəyə, görümlü mətnə, sinkretik sənətə olan daxili bir tələbat idi və həmin mənəvi ehtiyac “Qoğalın nağılı”, “Dəcəl keçi”, “Mauqlinin yeni ili”, “Nənələr ərə gedir”, “Sonuncu” kimi pyeslərin yaranması ilə gerçəkləşdi.

Və sevindirici haldır ki, gənc dramaturqun bu əsərləri təkcə paytaxtımızda deyil, eyni zamanda müxtəlif rayon və şəhər teatrlarında da uğurla səhnələşdirilir.

2019-cu ilin payızında Pərvin birgə çalışdığı həmkarları – gənc və yaradıcı rejissor Ayla Bəhramqızı, məlahəti və istedadı ilə sevilən aktrisa Səbinə Məmmədova ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda – Türk dünyasının mədəniyyət paytaxtı, Qırğızıstanın Oş şəhərində keçirilən “Art – Ordo” VII Beynəlxalq Teatr Festivalında ölkəmizə “Mən öləndə ağlama” lirik monotamaşası ilə birincilik qazandırdı. Həmçinin pyes 2020-ci ilin fevralında Türkiyədə Diyarbakır Mordem Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən Solo Beynəlxalq Teatr festivalında böyük pərəstiş və alqışla qarşılandı. Əslində, bu əsər hər üç yaradıcı gəncin – üç zərif istedadın sənət aləmində özünütəsdiqi üçün böyük istinad nöqtəsi oldu.

Müsahibələrinin birində Pərvin deyir ki: ““Mən öləndə ağlama” Mənim, Aylanın və Səbinənin fikrində, düşüncəsində növbəti mərhələ, pillə, mərtəbə oldu. Ona görə hesab edirəm ki, bu iş bizim üçün həyati əhəmiyyət daşıyır. Mən hər zaman pozitiv olan və illər öncə “Dəcəl keçi” uşaq pyesimə çox oynaq, şıltaq bir quruluş verən Aylanın daxili aləmini anladım, gördüm, kəşf etdim özüm üçün. Həmçinin Leyli, Gövhərtac, elə Dəcəl keçi obrazları ilə sevdiyim Səbinə Məmmədova mənim aktrisamdan mənim ADAMıma çevrildi”.

“Mən öləndə ağlama„ dramaturgiyamızda yeni bir hadisədir. Əsərdə dərin psixologizm, orijinal kompozisiya, subyektiv düşüncə, obrazlılıq, bənzərsiz və zərif yazı manerası və eləcə də intersemiotika – görünənlərin gizli mənası aparıcı səciyyə daşıyır, ifaçının bədən dili müəllifin ideyası ilə birbaşa assosiasiya yarada bilir. Pyes boyu  situasiyaları həssaslıqla çatdıra bilən musiqilərin seçilməsi, orijinallığı, qəhrəmanın həmin melodiyaların sədası altında rəqs eləməsi sanki zərgər incəliyi ilə işlənmiş detallardır… Müəllif mürəkkəb, bəzən mücərrəd görünən fikirləri, hissləri o qədər təbii, doğma bir axarda təqdim edir ki, sanki hissin mənzərəsini yaradır. Hələ tamaşaya baxmazdan öncə sadəcə pyesi oxuduqca rastlaşdığın hadisələr gözünün önündə canlanır, film aurası yaradır.

Əsərin əsas psixoloji konfliktini Leylanın qurduğu xəyalları, arzuları ilə üzləşdiyi reallıq arasındakı barışmaz mübarizə təşkil edir. Əvvəldən sona kimi bu mübarizə hadisələrin hərəkətverici qüvvəsinə çevrilir. Sərt, illüziyaları məhv edən həyat Leylanın arzu və ideallarını dağıdır. İstedadlı dramaturq bu məqamda əsərin əsas estetik ağırlıq mərkəzini obrazın mənəvi-əxlaqi sahəsinə, daxili mahiyyətinin açılmasına yönəldir. Yaşadığı psixoloji gərginliklər Leylanı tənhalaşdırır, Amma Pərvin oxucunu – tamaşaçını bədbinləşməyə qoymur. Yenə də SEVGİ öz xilaskar missiyasını həyata keçirir. Sevdiyi kişinin mənəvi dəstəyi ilə Leylanın alt-üst olmuş xəyalları başqa bir formada reallaşır.

 “190 yaşlı həmdəmim” essesində Pərvinin maraqlı bir fikrini oxuyuruq: “Bütün sənətin, ədəbiyyatın niyyəti İlahi həqiqəti anlamaq və bir az da “məngənəyə” salmaq, özününküləşdirməkdir. Bu mənada yaradıcı adamların Allahlıq iddiası da başa düşüləndir”.

Qəribə səslənsə də, Allahın bütün yaratdıqlarından hər yönüylə fərqləndirdiyi, Seçdiyi bəndəsi olduğu kimi, qələm adamının da sevə-sevə, oxşayıb əzizləyə – əzizləyə yaratdığı obrazı, qəhrəmanı olur. Bu mənada, Leyla Pərvinin yaradıcılığının Seçilmişidi…

Bu qəmlər ki, mənim vardır, bəyirin başına qoysan,

Keçər kafər cəhənnəmdən, gülər əhli – əzab oynar…

-deyir Füzuli. “Bəyir” – dəvəyə deyirlər. “İncil”də də, “Tövrat”da da belə bir məqam var: “Dəvə iynənin gözündən keçərsə əgər, günah əhli, kafirlər yalnız o zaman bağışlanar.” Əvvəllər Füzulini oxuyanda bu böyüklükdə beytin mahiyyətini anlamamışdım. Sonra təsadüfən İncildə o fikirlə qarşılaşanda: “Füzulinin Qəm yükü nə qədər böyükmüş, İlahi”, deyə pıçıldadım öz – özümə. O qədər böyük ki, onu bəyirin – dəvənin belinə qoyanda bəyiri iynənin gözündən keçirəcək, kafiri cəhənnəmdən çıxaracaq…

         Allah həmişə dağına baxır, qar verir, ağacına baxır, bar verir… Heç görmüsünüzmü qanmazın, hissizin, duyğusuz – duyarsızın birinə Allah dərd verə? Görə bilməzsiniz… Çünki Dərd o qədər müqəddəs şeydir ki, Allah onu da qanana – seçdiyi bəndəsinə  –  dərd qədri bilənə verir. Verir, sonra o dərdin Adamın üzündə necə şəkilləndiyinə, bəndəsinin o Dərdi övladıtək əzizlədiyinə – canının parçası kimi sahib çıxdığına Allah özü də məəttəl qalır…

         … Pərvinin yaratdığı Leyla da məhz belə bir sənət möcüzəsidi… Acıların bətnindən doğulan qadındı Leyla…

Hamı kimi olmağa  –  dağda dağı, daşda daşı görməyə nə var ki?! Hamının görmədiyini görməkdi Leyla olmaq….

Bu ömrü yaşamaq həm də əzabdır və Leyla bu taledən qaçmağa çalışır, əslində. Amma nə qədər qaçırsa, yenə də O taleyə doğru gedir, beləcə Leyla ömrü başlayır. Bu ömür ona dünyanı hamının gördüyü kimi görməyə imkan vermir. Daha duyarlı olmaq daha çox əzabla yaşamaq – “dəli olmaq” deməkdir.

“Bax bu nədi axı, adamı da bu günə qoyub müalicə eləyərlər?! Mən bəyəm dəli zadam?! Həkim deyir – psixi pozğunluqdu… Pozğunluq a… Nolar, qoy mənim də psixikam pozğun olsun da… Düz demirəm sən Allah, adamı bağlayıb düz yola qaytararlar, mən pozğunam bəyəm?!”– deyir…

Nə qədər barışmasa da, bu, Leylanın taleyidir, ömrüdür. Bu ömrün rahatlığı, dincliyi yoxdur, bu ömrün cəfası səfasından çoxdur, hər anı, hər dəqiqəsi dərddi, əzabdı, taleylə vuruşdu, döyüşdü!

… “Adamı da bağlayıb müalicə edərlər?! Azadlıq olmayan yerdə nə müalicə?!” – deyə fəryad qoparır sanki Leyla…

Valideynlər arasında yaranan uçuruma həmişə uşaqlar yıxılırlar. Ataların bitmək bilməyən ehtirasları, anaların eqosu, “camaat nə deyər?” kimi natamamlıq komplekslərinin əzablarını Leylalar çəkir həmişə…

Pərvin əsərdə bu məqamı elə həssaslıqla yazıb, Leylanın daxili əzablarını, körpə ruhunda tüğyan edən təlatümləri elə canlandırıb ki, bu səhnəni göz yaşlarına boğulmadan izləmək olmur…

“Eeeehhhh burax cəhənnəm olub getsin də, ay arvad, gedəni saxlamazlar, nə görmüşdün ey bu kişidə?! Neynirdim e elə atanı?! Ay başına dönüm, aşıb-daşırdım, amma adam sayan yox idi ey məni…

(uşaqlıq arzuların sadalayır, həm də balaca uşaq kimi) “Ana, rəqsə qoy da məni, rəqqasə olum”, “Ata, şeir yazmışam ey, oxuyum da sənə”, “Ana, nolar qoy gedim də məktəbdəki dərnəyə”, “Ata, icazə verərsən uşaqlarla xora yazılım”

(valideynlərinin dilindən danışır) Yox, olmaz, qaxıl otur yerində, bircə bu çatışmırdı, qələtini elə… (əli-qolu yanına düşür”

         Pərvin bir essesində yazır ki: “Mübarizə insanı formada saxlayır! Hər yeni maneəni aşdıqca güclənirsən, bir az da enirsən öz içinə, yeni imkanlarını kəşf edirsən, nələrə qadir olduğunu anlayırsan…”

Yaşadıqları, həyatın ona vurduğu sərt zərbələr də zərif Leylanın içindəki güclü qadını ortaya çıxarır, əzildikcə mətinləşir, həyatın hər üzünü, əzabını gördükcə “ölümüylə barışmayıb öz külündən doğulan bir Səməndər quşuna…..” çevrilir: “Bax onda başa düşdüm ki, təhsili buraxmaq olmaz, hüququ yaxşı öyrənib vəkil olmalıyam, məhz onda qandım bunu, özü də zorlanmış qadınları müdafiə eləməliyəm…”

Cəmiyyəti bataqlığa çevirən yaramazlıqları, mənəvi iflası bütövlükdə qanun açıb göstərə, tənqid edə bilmir. Qanun sürüşkən xislətli insanın mənəvi pozğunluğunu yox, cinayəti cəzalandırır. Qanunların, cəzanın dairəsindən kənarda qalan eybəcərliyi Pərvin Leylanın diliylə tənqid edir, Kefli İsgəndər kimi  Leyla da “diri ikən ölü” mühitə meydan oxuyur.

“Bir gün Süleyman peyğəmbər yol gedərkən belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan… Qarışqa cavab verir: mən birinin eşqinə tutulmuşam. O mənə deyir ki, əgər sevgində doğrusansa, onda bu təpənin torpağını qarşıdakı təpəyə daşı. Süleyman peyğəmbər gülür: Axı, sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz. Qarışqa cavab verir: Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin cəfasını çəkməkdə keçəcək.”

Nə qutsal bir eşq… Bütün ömrünü bir eşqin cəfasına həsr etmək… Bunun adı nə sevgi, nə də fədakarlıq deyil. Bu duyğuların adı yoxdu dilimizdə… Bir ömrün buna yetməyəcəyini bilə – bilə ağır olduğu qədər də müqəddəs yükü daşımaq… İzaholunmaz bağlılıqdı…  Leylanın Mikayıla vurulduğu, sevdiyi, aşiq olduğu kimi:

  • Yaş fərqindən danışma mənə… Sənin 51 yaşın var, mənim 30 … Cəmi-cümlətanı 21 yaş fərq nədi ki?! Taleyini mənimlə bağlamaq istərdin?!

(qəhqəhə çəkir birdən) Hahahahaha, mənim poetik şəkildə, səliqəylə dediyimi əla çevirirsən e… Məni alardın demədim axı, dedim taleyini bağlamaq istərdin?! Sən heç bilirsən necə əla bacarırsan sevməyi?! Sən heç bilirsən nə gözəl öpüşürsən? Öpüşünün dadını düşünürəm, tapa bilmirəm nədi. Bir az şabalıd qoxusu gəlir dodaqlarından, bir az qaymaq, bir az bal… Təbiətdə bu dad var, amma tapa bilmirəm nədi?! Məni necə dəyişmisən?! Necə elədin axı bunu?! Niyə gəldim ki yanına?! Axı hamıdan zəhləm gedirdi?! Elə baxdın ki, özümü qadın hiss etdim… Mika canımdı… Ay Mika, Mikayıl, adının qurbanı olum! Məni həmişə sev, nolar… Bu günki kimi, dünənki kimi sev!”

Nakam eşqi, ayrılığı, lap elə bədbəxtliyin özünü də ünvanladığın Eşqin – aşiqinin xatirinə əzizləyib oxşamaq, Dərdi Alın yazısı kimi sinəyə çəkməyi bacarmaq da bir cür böyüklükdü – Leylaya xas olan qeyri-adilikdi….

  • Leylam, sənin qocalığını görməyəcəm…
  •  Bəsdi, demə, heç nə danışma… Mən sənə minnətdaram… Axı biz Şubertə qulaq asmalı idik… Belə eləmə, qurban olum. Təslim olma, sən güclüsən… Söz vermişdin mənə…
  • (kişinin adından) Mən öləndə ağlama…
  • Yaxşı, ağlamıram… Bax gülürəm… Gülürəm…

(arxası səhnəyə əlini yuxarı-aşağı edib kardioqrammanı, ürəyin ritmini göstərir, sonra birdən düz xətt “çəkir” əllə… Başını aşağı salır, qolları yanına düşür… Sonra yastığı qucaqlayıb ağlayır… Hönkürür. Sonra üz-gözünü silir… ) – Yaxşı, ağlamıram, gülürəm, gülürəm…

Bu dünyada bütün ağrılara məlhəm tapmaq olur, lap Allah kəsmiş, diş ağrısına da… Amma Leylanın “həyatı ağrıyır…”  Adamın “həyatı ağrıyanda” heç bir məlhəmlə ovutmaq olmur sızıltısını…

“İsinmədim istisinə, kor oldum tüstüsünə deyirlər belə sevginin…” Leyla da içində istisinə isinmədiyi, tüstüsünə kor olduğu, ruhunu darmadağın edən nakam sevgisindən, o sevgini doya – doya yaşamağa macal tapmadan araya qəfil hicran salan vaxtsız ölümdən… danışır. Ki, bəlkə ürəyi boşala… Ki, bir az səbbi alına, unuda yaşadıqlarını… Amma Leyla danışdıqca bütün yaşananları daha da unudulmaz edir, əbədiləşdirir, xatirəyə – Sözə  çevirir. Nakam sevgisi və … və… Ölüm…

Təkcə Leylanın yaşadıqlarında yox, geniş mənada düşünəndə Pərvinin yaradıcılığında, bütövlükdə ədəbiyyatda, musiqidə, sənətdə bəlkə də “Sevgi və Ölüm” mövzusu olmasaydı, heç ümumiyyətlə, sənət əsəri yaranmazdı. Yaransaydı da, “Ölümün yaratdığı” səviyyədə olmazdı.

Platon “Hər bir yaradıcılıq öz gücünü ölümdən alır” – deyirdi, Ölümlə təmasdan yaranır, Ölümün “canından” qopur. Əsl sənət nümunəsi əslində, o ucsuz – bucaqsız qaranlığa – Ölüm adlı əbədiyyətə açılan pəncərədi.

“Ölüm – Haqqdır” – Ölüm Tanrının ən çox yazdığı və heç vaxt yazmadığı həqiqətdir…

İnsan həyatı bir çevrədir. Mahiyyət etibarilə, dünya özü bir çevrədir. Çevrə sonsuzluqdur. Pərvinin yazdığı bu əsər də, canlandırdığı hadisələrin cızdığı trayektoriya da sanki bir çevrədir, düz xətt üzrə deyil. Ona görə də əsər boyu yaşananları xətkeşlə ölçmək mümkün olmur. Leylanın yaşadıqlarını hiss edirsən, duyursan, içində yaşayırsan, yanırsan, göz yaşların dinmək bilmir, amma izah etmək məqamı gələndə kəlmələr çox aciz gəlir adama. Çünki əsərin başlanğıc nöqtəsi ilə, son nöqtəsi iç – içə, üst – üstədir. Məhz bu keyfiyyəti Pərvinin qələminə xas incə bir məqam və istedadlı müəllifin yazı üslubundakı bənzərsizlikdir.

Xatırladaq ki, ötən ilin payızında müəllifin Bakıda “Qanun” nəşriyyatında işıq üzü görən “Serpantin” kitabında yer alan hekayələr və “Mən öləndə ağlama” monopyesi bu günlərdə İstanbulda Türk Ədəbiyyatı Vəqfinin dəstəyi ilə Turay yayın evində Azərbaycan ədəbiyyatının yorulmaz və fədakar təbliğatçısı, dəyərli söz adamı İmdat Avşarın çevirisiylə oxucuların görüşünə gəlib. FOTOLAR:

Gənc yazıçıya yeni yaradıcılıq uğurları, əsərinə isə pandemiyasız səhnə taleyi arzulayıram. Gələn baharda “Mən öləndə ağlama”ya həyat verən üç zərif istedadı – Pərvini, Aylanı, Səbinəni Füzuli, Şuşa, Ağdam… Dövlət Dram Teatrında xarıbülbül yağışına qərq etməyimiz diləyiylə…



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru