WWW.YAZARLAR.AZ

Aytac Sahəd – yazar.

Bu gün istedadlı gənc yazar Aytac Sahədin anadan olduğu gündür. Ad günü münasibəti ilə Aytac xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!

Aytac Sahəddən maraqlı bir yazı. Buyurun oxuyun:

Aytac Sahəd – Orxanın gəmisi

(hekayə)

Yaxşı yadımdadır, beş yaşım var idi, avqust son günlərini götürüb təqvimi, atam da özünü götürüb, bizi tərk etdi. O avqustun fəsadları, bizi bir sonrakı “avqust faciəsi”nə hazırladığını hardan bilərdik ki?! Atam elə getmişdi ki, Orxanla mən olmasaydım, bu gediş anamı da birdəfəlik aparacaqdı.

Orxan məndən altı yaş böyük olsa da, məndən daha çox əzizlənir, daha şıltaq aparırdı özünü. Ancaq bu şıltaqlığına rəğmən hamı onu çox istəyirdi. Təkcə küçəmizin uşaqlarından başqa. Orxan, anam demiş, onlara qan uddururdu. Küçədəki bütün uşaqlar ondan qorxurdu. Ona görə yox ki, o çox güclü idi, ona görə ki, heç nədən qorxmurdu. Nə qonşudakı Gülnaz xalanın itindən, nə bizi həmişə səs-küy saldığımız üçün danlayan Səfər dayıdan, nə də şırıltısından qulaq tutulan çaydan. O çay ki, orda çimməyə məhəllədəki uşaqlardan heç kim ürək eləmirdi, tək Orxandan başqa. 
Mən isə ona oxşamırdım. Hər şeydən qorxurdum, elə o itdən də, Səfər dayıdan da, çaydan da. Ən çox isə anamdan qorxurdum. Daha doğrusu, qorxduğumu düşünürdüm. Əslində mən anamı çox sevirdim deyə bu qədər sakit, bu qədər sözəbaxan uşaq idim. Mən görürdüm anamın nə çəkdiklərini. Mən gecələr qorxduğum üçün anamla yatırdım, daha doğrusu, mən yatırdım. Haçan yuxudan ayılsam, anam ya pəncərənin qabağında atamın evə gəlməyini gözləyir, ya da hıçqırıqlarını boğazına düyünləyirdi. Elə bilirdim ki, Orxan da gecələr anamla yatsa, onun ağladığını görsə, anamı incitməz. Ancaq yox, bizim Orxan ipə-sapa yatmırdı.
O lənətə gəlmiş avqustun axırları idi. Küçəmizdəki bütün uşaqlar yayla artırma dəqiqələrini oynayırdılar. Orxan da istisna deyildi. Az qala hər gün evin yaxınlığındakı çaya gedir, anam hirslənib, hay-kuy salana qədər evə qayıtmırdı. Nədənsə, həmin gün anam çox hirsli idi, nəsə hiss edirdi. 
Orxan:
-Ana, nə olar, vallah, axırıncı dəfədir, daha getməyəcəm, vallah getməyəcəm, qoy indi gedim, -desə də anam icazə vermirdi.
– Dedim ki, yox. Gedib özünü palçığa batırıb gəlirsən, yazığam axı mən, – deyib icazə vermədi, hətta Orxanın sözə baxmayacağını bildiyi üçün darvazanı baglayib, açarı cibinə qoydu.
Gəl ki, Orxan mütləq həmin gün çaya getməliydi. Ona görə yox ki, o çimmək istəyirdi, ona görə ki, ondan iki yaş böyük olan qonşunun oğlu Eldarın paltarlarını çiməndə oğurlamışdı. O da hirsindən: “Hə, qorxaq, görüm sən bir də bura gələ biləcəksənmi? Haçansa gəlsən, mən də sənin paltarlarını oğurlayacam” – deyə onu hədələməşdi. Orxan bilirdi ki, getməsə, hamı onun qorxaq olduğunu düşünəcək. Ona görə də, mütləq darvazanı açıb qaçmalı idi, amma necə, bax onu elə hey fikirləşə-fikirləşə qalmışdı. Bu vəziyyətdə onun azadlığı, mənim nə qədər cəsarətli olmağıma bağlıydı. Mən açarı götürüb qapını açmalı, ona çıxmağa kömək etməliydim. Ancaq mən çimmək istəmirdim, çünki bilirdim ki, anam əynimdəki paltarları təzə yuyub, mən onları bulaşdırsam, çox hirslənəcək. Ona görə Orxan nə qədər dilə tutsa da, razılaşmırdım, ta ki, atamın ona aldığı ağ gəmini mənə verəcəyini deyənə qədər. Axı atam mənə heç vaxt oyuncaq almamışdı, ona almışdı. Orxan mən yaşda olanda, atam daha az içirdi. Bax beləcə, Orxan gəmi ilə mənim başımı aldatmışdı, mən də anamın yanına gedib, onun başı qarışan kimi açarı götürməyi gözləyirdim. Ele bu vaxt qapı döyüldü, gələn qonşunun gəlini Elnarə xala idi. Anam bilirdi ki Elnarə xala atamdan xəbər gətirib, ona görə tez paltarları bir tərəfə qoyub, bütün diqqətini Elnarə xalaya verdi. Heç mənim açarı götürməyimə ehtiyac qalmadan Orxan açıq qapıdan sıyrılıb keçdi. Anam qaçdığını görüb, “bax, Orxan, paltarın yaş olsa, evə qayıtma, öldürəcəm səni” deyə qışqırdı. Nə bilərdi ki, qayıtmayacaq. Orxanın arxasınca da getmədi. Çünki Elnarə xala atamdan danışırdı, onun əri atamla yaxın dost idi. Anam yerində qalsa da, mən Orxanın dalınca getməliydim. Çünki açarı da verə bilməmişdim, barı gedib onun paltarlarını saxlamalıydım ki, Eldar oğurlamasın. Yoxsa o ağ gəmini mənə verməyəcəkdi. Beləcə mən anamın başı qarışan kimi tez çayın kənarına qaçdım. Orxan hələ çaya girməmişdi, məni gözləyirdi. Mən gələn kimi soyunmağa başladı və atam kimi, bir qaşını qaldırıb mənə baxdı.
– Sən indi çimməyəcəksən?
– Yox, mamam hirslənər mənə çimsəm.
– Sən həmişə belə qorxaq olmusan, həmişə, paltarlardan müğayət ol ha, – deyib, göy şalvarını da qucağıma tullayıb, bir anda suya atıldı. 
Mənim onun necə çimməyinə baxacaq həvəsim yox idi, ona görə də:
– Paltarları bax burda, daşların arasında gizlədirəm – deyə qışqırıb paltarlari gizlətdim. 
Orxan da:
– Elə yerə qoy islanmasın, yoxsa anam məni öldürəcək, – deyib, daha dərinə baş vurdu.
Mən də var qüvvəmlə gəmini Gündüzdən götürmək üçün onlara qaçdım. Orxan bir neçə gün idi ki gəmini Gündüzə vermisdi. Axı Orxanın gəmiylə oynayan yaşı deyildi. Mən də çox pis olmuşdum, axi niyə mənə yox, Gündüzə vermişdi. Onsuz da onun atası içmirdi. Gəmini Gündüzdən götürüb, axşama düşdüm. Yolboyu “birdən Orxan sözünün üstündə dayanmaz, gəmini alar” deyə düşünürdüm.
Ancaq Orxan bu gəmini məndən hec vaxt almadı.
Mən qayıdanda çayın kənarında heç kim yox idi. Axı Orxan burda olmalıdır, paltarları burdadı. Orxan, Orxan! Nə qədər çağırdım, cavab gəlmədi. Çayın ətrafına baxdım, Orxan yox idi. Onda elə bilirdim ki, sular təkcə gəmiləri batıra bilir, ona görə ağ gəmini bərk-bərk özümə sıxıb, Orxanın paltarlarını götürüb evə yollandım. Elə bilirdim Orxan evdədir, çünki mən, ancaq gəmilərin batdığını eşitmişdim, insanların da bata biləcəyindən xəbərim yox idi. Və “Orxan hardadı” sualına bir cavabım var idi. Yəqin sudan çıxıb, məni tapa bilməyib, mən paltarı daşın altına qoyanda hansı daş olduğunu da görmədi, yəqin uşaqlardan kimsə ona paltar gətirib, o da evə gedib deyə düşünə-düşünə evin darvazasına çatmışdım. Darvaza da açıq idi. Həyətdə də çoxlu adamlar vardı. “Nə baş verir burda? Anam niyə ağlayır? Orxan haradadır?” düşünə-düşünə heysiz şəkildə ağacın dibində ağlayan anamın “Orxan öldu, balam öldü” dediyini esitdim. Birdən anamın “paltarların yaş olsa, evə qayıtma, öldürəcəm səni” deyə qışqırdığını xatırladım. Tez anam tərəfə qaçıb: “Ana, Orxanı niyə öldürdün ki? Bax, paltarlari yaş deyil, bax, yaş deyil, niyə öldürdün!?” – deyib paltarları anama uzatdım. Anam daha bərkdən qışqırıb paltarları bağrına basdı. O gündən sonra həmişə Orxanın bütün paltarları quru, anamın gözləri isə yaşlı qaldı. Gəmi də batdı.

Müəllif: Aytac SAHƏD

İlkin mənbə:edebiyyat.az


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.r