KANZAS-SİTİYƏ QAYITMA

İrvin ŞOU (1913-1984) Amerika yazıçısı

(hekayə)

Akif Abbasov un tərcüməsində

Arlin yataq otağının qapısını açıb üsulluca içəri girdi. Yanaşı qoyulmuş çarpayıların arasına keçdi. Onun ipək paltarı sakit otağa cüzi xışıltı salırdı. Qara pərdələr salınmış, günorta günəşinin şüaları bir-iki yerdən özünə yol tapıb nazik xətlər boyunca içəriyə soxulmuşdu. Arlin yorğana bürünmüş ərinə baxdı. Onun boksçulara məxsus sifəti və yastı burnu balışın üzərində çox sakit görünürdü. Saçı uşaq kimi burulmuşdu. Ağzından nəfəs aldığından azca xoruldayırdı. Eddi ilin bütün fəsillərində tərləyirdi. Bu dəfə də onu tər içərisində görən qadın cin atına mindi. Dayanıb ərinin sakit çöhrəsini süzməyə başladı. Boks zərbəsi Eddinin sifətinə kiçik, göyümtül ləkə salmışdı. Qadın qonşu çarpayıda oturdu. Kənarları işlənmiş kiçik dəsmalı cibindən çıxarıb gözlərinə basdı. Onlar qupquru idi. Azca səylə göz yaşları axmağa başladı və hönkürtü sakit otağı başına götürdü. Eddi çarpayıda dəbərdi. Ağzını yumub üzünü o biri tərəfə çevirdi, Arlin gözlərindən bıldır – bıldır yaş tökürdü: «Aman Allah…» Eddinin arxası arvadına sarı olsa da, qadın onun oyandığını hiss etmişdi: «Ö… ö… ö… Allah mərhəmətini öz bəndəsindən heç vaxt əsirgəmir…» Qadın bilirdi ki, Eddi oyaqdır və ona qulaq asır. Oğlan da Arlinin bunu hiss etdiyini başa düşmüşdü. Amma özünü bicliyə vurur, ayağa qalxmırdı. Hətta yalandan bir-iki dəfə xorna da çəkdi. Hıçqırıqlar Arlini haldan saldı. Qaşlarına və kirpiklərinə yaxdığı rəng göz yaşlarına qarışıb yanaqlarından üzüaşağı axmağa başladı. Eddi köksünü ötürüb ona sarı döndü və qalxıb oturdu. Əlləri ilə saçlarına daraq çəkə-çəkə: – Nolub? – deyə soruşdu. – Arlin, səni narahat edən nədir? Arlin hönkürərək: – Heç nə…- dedi. Eddi mehribancasına: -Necə yəni heç nə? – deyə xəbər aldı. – Niyə ağlayırsan, Arlin? Arlin cavab vermədi. Dodaqları əsdi, kədərli ürəyinin qubarı çöhrəsinə yayıldı. Eddi əlinin arxası ilə gözünü silib günəşin çəp şüalarını içəriyə buraxmayan qara rəngli pəncərə örtüyünə yorğun-yorğun baxdı: -Arlin, əzizim, evdə altı otaq var. Elə gərək ağlamaq üçün mənim yatdığım otağı seçəydin? Arlinin başı sinəsinə düşdü, yaraşıqlı, dalğalı və qızılı saçları sarsıdıcı tərzdə üz-gözünə dağıldı. Qadın: – Səndə insaf yoxdur!- deyə gileyləndi. – Ürəyimi parçalasam da, kor qəpik sərf etməzsən! – O, dəsmalını gözlərinə sıxdı. Göz yaşları biləklərindən axmağa başladı. – Sənin insafın yoxdur, Arlin. Məgər qayğına qalmıram? Eddi yorğanı üstündən atıb ayaqlarını döşəməyə salladı. Paltarla yatdığından onlar qırışmışdı. Çarpayının kənarında əyləşmiş Eddi bir neçə dəfə başını silkələdi. Yuxudan kal oyandığından əlinin arxası ilə yanaqlarını şappıldadıb özünü tamam-kamal oyatmağa çalışdı. O, qonşu çarpayıda oturan, əlləri ilə dizlərinə döyəcləyən, səliqəsiz saçları sifətini örtmüş arvadına dilxor-dilxor baxırdı. Qəm-qüssə və ümidsizlik qadına dinclik vermirdi. Eddi: – Arlin, əzizim, mən həmişə sənin xoşbəxtliyini istəmişəm,- deyib ayağa qalxdı, arvadının qarşısında əyləşdi. Əlini onun belinə doladı: – Sən lap uşaqsanmış ki… Uşağın biri uşaq… Qəhər qadını boğur, onun yup-yumru, pərğu kimi çiyinləri hikkəsindən əsirdi. Sonra bu çiyinlər ərinin qolları arasına düşdü. Eddi nəsə xoşagəlməz hadisə baş verdiyini fikrinə gətirdi. İki-üç dəfə arvadının çiyinlərini sıxdı, təsəlli vermək üçün üsullar aradı. Ürəkağrıdan mənzərəyə son qoymaq məqsədilə: – Yaxşı, – dedi. – Uşağı qoyum arabasına, aparıb şəhərdə gəzdirim. Özüm də təmiz hava alım. Bəlkə mən gələnə kimi sən də sakitləşdin. Arlin yerindən qımıldanmadan: – Mən sakitləşməyəcəyəm! – deyə ötkəm cavab verdi. – Özümü heç vaxt yaxşı hiss etməyəcəyəm. – Arlin! Arlin qəddini düzəldib ərinə baxdı: – Uşaq qədər də mənim qayğıma qalmırsan… – Hər ikiniz mənim üçün əzizsiniz… sən də, uşağım da… Eddi ayağa durdu, barmaqlarının ucunda otaqda gəzindi. Arlin diqqətlə onu nəzərdən keçirtdi. Zolaqlı filanel şalvarının və köynəyinin qırışları ağır əzələləri ilə uyuşmurdu. – Bizim kişi yaxşı yatır. Xoşbəxtliyə bir baxın. Mənim ərim çox yatmaq üzrə çempiondur. – Sən deyən çox yatmıram ki… – Eddi etiraz etdi. – Gündə on beş saat azdır? Eddi keçib pəncərənin ağzında əyləşdi: – Bu günki məşq çətin idi. Altı raund keçirdim. Ona görə tapşırdılar ki, istirahət edim, qüvvə, enerji toplayım. Bir də mən o biriləri kimi cavan deyiləm… Gərək az – maz özümə fikir verəm. Gücümü toplamağa məgər haqqım yoxdur? – Güc toplayırsan??? – Arlin ucadan bağırdı. – Bütün günü güc toplamaqla məşğulsan. Bəs sənin arvadın nə etməlidir, hə? Eddi pəncərənin pərdəsini qaldırdı. Otağa düşən işıq Arlinin ağlamağına mane oldu. Eddi ümidsiz halda söz atdı: – Gərək ki sənin rəfiqələrin vardı… – Varımdır. – Nə üçün onlarla gəzməyə getmirsən? – Onlar Kanzas-Sitidədirlər… Otağa sakitlik çökdü. Eddi əyləşıb ayaqqabılarını geydi. – Anam Kanzas-Sitidədir. Orta məktəbə orada getmişəm. İki bacım, iki qardaşım Kanzas – Sitidədir. Mən isə gör haradayam – Bruklində, Nyu – Yorkda… Eddi köynəyinin yaxalığını qaldırıb qalstukunu bağladı və: – Biz ki, Kanzas-Sitidə iki ay yarım bundan əvvəl olmuşuq, – dedi. – İki ay yarım. Bir gör nə vaxt! – Göz yaşları ənlik – kirşanı yuyub qadının yanaqlarında gülməli mənzərə yaratdı. Sifətinin qara-qurasını sildi. Hıçqırıqlarını isə hələ də kəsməmişdi. – Adam iki ay yarımda ölə bilər… -Hansı adam? Arlin ərinə məhəl qoymadı: – Anam yazır ki, uşağı görmək istəyir. Nənə nəvəsindən ötrü darıxıb. Olmaz məgər? De görüm, olmaz? – Yox, niyə ki… – oğlan tələsik saçını daradı. – Əgər anan uşaqdan ötrü darıxıbsa, bəs özü niyə buraya gəlmir? Bəlkə səbəbini izah edəsən, hə? – Mənim ərim yəqin fikirləşir ki, onlar Kanzas-Sitidə satdıqları kino biletlərinin pullarını qızıla çevirirlər! – deyə arvad soyuq istehza ilə cavab qaytardı. Eddi çaşdı: – Necə? Nə dedin? – Anam buraya necə gələ bilər? Axı bizim ailədə peşəkar boksçular yox idi. Mən ərə gedərkən bu ehtiyacı nəzərə almalı oldum. İlahi! – O, nalə çəkdi. Eddi ona sarı qaçaraq: – Arlin, qulaq as, – dedi. – O, yalvarıcı bir tərzdə danışırdı. Onun boksçulara xas kobud sifəti çox mülayim və qüssəli ifadə almışdı. – Axı həftə səkkiz, mən doqquz Kanzas-Sitiyə getməyinə necə razı olum? Başa düş, günortalar bir az dincəlirəm axı… İl yarımdır evlənmişik. Bu müddət ərzində beş dəfə Kanzas – Sitiyə getmisən. Arlin, sən ki, belə başlamısan, deyəsən, qazancımın hamısı Nyu – Yorkun Mərkəzi Dəmiryolu şirkətinin cibinə axacaq! Arlin israrla başını yellədi: – Nyu – Yorkda nə var, bilmirəm! Təəccübdən Edinin ağzı açıla qaldı: – Aman allah! Bəs Kanzas-Sitidə nə var? Axı mənim orada nə itim azıb!? Bura bax, az təriflə o lənətə gəlmiş şəhəri! Oranı da görmüşəm. Səninlə elə həmin şəhərdə evlənmişəm. – Görəcəkli günlərim varmış! – Arlin düşünülmüş tərzdə dilləndi. – Kanzas – Sitidə hər şey gözəl idi. Mən gənc, məsum bir qızdım. – Gəl keçmişi qurdalamayaq! Qadın dilini dinc qoymurdu. Kədəri də dağılmaq bilmirdi. Eddi dodaqlarını yaladı. Onlar səhər məşğələsindən sonra qurumuşdu. Alt dodağı azacıq çatladığından sızıldayırdı. Məşq zamanı qaçarkən dili qurumuş dodaqlarının üstündə gəzirdi. O, arvadını sakitləşdirmək üçün ümidverici sözlər axtarırdı. Ona görə də çəkinə – çəkinə risk etdi: – Körpəni niyə oyatmırsan? Qadın həyasızcasına qışqırdı: – Körpə! Mən uşağın hər nazını çəkirəm. Gecələr sən enerjini artıranda mən tək-tənha uşağın qayğısına qalıram. Eddinin işlətdiyi ifadə onu cinləndirdiyindən ayağa qalxdı, əl-qolunu ölçə-ölçə: – İşə bir bax! Ayda yarım saat rinqə çıxırsan, əvəzində üç yüz əlli saat yatırsan! Niyə gülməlidir?! Gülməlidir, əzizim, gülməlidir! Əla boksçusan! – O, ərinə ala verdi. – Bütün gücünü bir yerə toplayandan sonra alman ordusunu da əzişdirərsən! Ay sən öləsən! – Bu, mənim vəzifəmdir! – Eddi nəzakətlə başa salmağa çalışdı. – Sənətimin təbiəti belədir. – Mənə kələk gəlmə! Başqa boksçular da tanıyırdım. Bəs onlar bütün günü niyə yatmırdılar?! – Bu məni əsla maraqlandırmır… Nikahımızdan əvvəlki həyatın haqqında eşitmək istəmirəm. – Onlar gecə klublarına gedirdilər! – Arlin dil-boğaza qoymurdu. – Rəqs edir, içki içir, musiqili tamaşalara baxmaq üçün qız seçirdilər. Eddi başı ilə təsdiqləyib: – Hə, onlar bu üsulla vaxtlarını keçirirlər, – dedi. – Allahdan diləyim budur, sənin də başın bir işə qarışaydı!- Təsvir etdiyin boksçularla arabir qarşılaşıram. Gecə klubunun «gülləri» ilə… Üç raund mənimlə çarpışırlar. Sonra nəfəsləri kürəklərindən çıxır! Səkkizinci raunda çata-çatda rəqs meydançasındakı çılpaq xanımlarla bir daha görüşməmək üçün tövbə edirlər. Belələri mənim zərbələrimdən sonra tir-tap yerə sərilir, «enerji» toplayırlar. Bizə beş min adam tamaşa edir, istəyirsən mən də belə boksçu olum?! Arlin burnunu qırışdıraraq: – Sən aləmsən! – deyə gülümsündü. – Mənim Co Luisim! Varım – dövlətim Eddi Meqaffin! Sənin rinqdən sonra milyon dollar gətirdiyini heç görməmişəm! Eddi çarpayısının üstündən asılmış Meri və Cesasın portretlərinə baxaraq: – Mən yavaş – yavaş inkişaf edirəm! Bir sözlə, gələcəyə bel bağlayıram! – Mən nə axmaq olmuşam, ilahi! Yalnız öz səhhəti və yeməyi haqqında düşünən, həmişə təmiz hava ilə nəfəs almaq istəyən bir kişiyə ərə getmişəm. Kül mənim başıma! – Niyə belə danışırsan, Arlin?! – Çünki mən Kanzas-Sitidə olmaq istəyirəm, – deyə gözünün qorasını tökdü. – Sən allah, izah et, görüm, Kanzas-Siti üçün niyə burnunun ucu göynəyir?! – Ona görə ki, burada özümü həmişə yalqız hiss edirəm! – Arlin bu dəfə doğrudan – doğruya, için – için ağladı. – Qüssədən ürəyim partlayır. Mənim vur – tut iyirmi bir yaşım var, Eddi! Eddi əlini şəfqətlə onun çiyninə qoydu: – Mənə bax, Arlin… – O, səsini mülayim, nitqini məntiqli etməyə çalışdı. – Tək sən getsəydin, dərd yarı idi. Ucuz karetə minsəydin, hər yetənə hədiyyə almasaydın, bir qədər borc alar, səni yola salardım. – Belə də müsibət olar? Axı sən deyənə əməl etsəm, hamı bilər ki, ərim tramvay konduktoru kimi öz pennilərinə keşik çəkir… Belə bir adamın adını hələ hər həftə qəzetə də yazırlar. Biabırçılıqdır! – Arlin, əzizim, – Eddinin sifəti tanınmaz hala düşmüşdü. – İldə dörd dəfə anangilə gedirsən. Özü də hər yoldan ötənə hədiyyə alır, özünə təzə paltarlar tikdirirsən… – Mən Kanzas-Sitiyə cır – cındır içində gedə bilmərəm! – deyə Arlin corabı tarım çəkdi və yaraşıqlı ayaqlarına geydi. – İstərdim ki… Eddi onun sözünü ağzında qoydu: – Heç olmasa bir – iki gün möhlət ver. O vaxta hər şey düzələr. Bu saat imkanım yoxdur. Bacarmaram. – Bacararsan, məni aldadırsan, Eddi Meqaffin! Ceyk Blaçer zəng çalıb dedi ki, Cou Prinsiplə rinqdə çıxsan, o sənə min dollar verər. Eddi stula çöküb baxışlarını döşəməyə zillədi. Yalnız indi başa düşdü ki, nə üçün Arlin öz arzusunu bildirmək üçün bu günü seçib. – O rinqdən sonra evə 750 dollarla qayıdacaqsan, – Arlinin səsi mülayim idi. Onu bu işə qol qoymağa çağırırdı. – Mən Kanzas-Sitiyə gedə bilərəm… -Cou Prinsip məni xurd – xəşil edər! Arlin köksünü ötürdü: – Anamı görməkdən ötrü ürəyim əsir. O, qocadır. Tezliklə öləcək. – Bu yarışda Cou Prinsiplə görüşə bilmərəm. Buna kifayət qədər hazırlığım yoxdur. O həm güclüdür, həm də diribaş. – Ceyk Blaçer sənin böyük imkana malik olduğunu söyləyir. – Bəli, xəstəxanada yatmaq üçün mənim ələdüşməz imkanım var. Cou Prinsipin bədəni dəmirdəndir. Çox çevik və möhkəm adamdır. Əgər Couya bir – iki yumruq vursan, sonra onun qabağında siyirmə qılıncla da durmaq olmaz. – Axı o da yumruqları səninkinə oxşar bir kişidir! – Bəli. – Sən həmişə öz qəhrəmanlığından dəm vururdun! – Bir – iki il ciddi məşq etsəm, əla formaya düşərəm. Sonra oğul istəyirəm qabağımda dursun. Arlin barmaqlarını ona sarı silkələdi: – Sən asanlıqla pul qazana bilərsən! Ancaq istəmirsən. Çünki mənim xoşbəxtliyimi istəmirsən! Mən bunu hiss edirəm, Eddi Meqaffin! Eddi başını yırğaladı: – Bəli. Mən rinqdə uduzmaq istəmirəm! Arlin qəh – qəhə çəkdi: – Uduzanda nə olar? Boksçu qələbə də qazanar, məğlub da olar, belə deyil? Sözün kəsəsi, məni saymırsan. İstəyin yalnız budur ki, səninçin uşaq doğum, zəhləmgetmiş bifişteks və quzu ətindən kotlet bişirim! Özü də Bruklinddə! Özüm isə bütün günü bit basmış daxmada qaxılıb qalım! Eddi onu dilə tutmağa çalışdı: – Bu axşam səni kinoya apararam. – Kinoya – zada getmək istəmirəm. İstəyirəm Kanzas-Sitidə olum. Arlin özünü üzü üstə çarpayıya yıxdı və hönkürdü: – Mən aldanmışam! Sən məni sevmirsən! Əzizlərimin yanına getməyə qoymursan. Ana! Anacan!!! Cana yığılmış Eddi gözlərini yumub: – Sevirəm! Allaha and olsun ki, sevirəm! – dedi. – Dildə deyirsən. – Arlin üzü üstə yastığa düşdüyündən səsi boğuq çıxırdı. – Nədənsə sübut etmirsən! Sübut et! Cavanlar arasında sənin kimi simic ər tanımıram! Sübut et!!! Eddi ona sarı gedib öpmək üçün əyildi. Qadın isə çiyinlərindən itələyib onu özündən kənar etdi və ürəyi sındırılmış uşaq kimi göz yaşlarını sinəsinə tökdü. Qonşu otaqda yatan uşağın çığırtısı eşidildi. Eddi pəncərəyə doğru gedib sakit Bruklin küçəsinə və ağaclara baxdı. Kiçik oğlan və qızlar xizəklərdə sürüşürdülər. – O’key, gedib Blaçerlə danışaram… Arlin səsini kəsdi. Körpənin çığırtısı ərşə qalxmışdı. – Çalışaram min iki yüzə razılaşaq. Sən Kanzas – Sitiyə gedə bilərsən… Xoşbəxtsənmi?! Arlin dikəldi, razılıq əlaməti olaraq başını tərpətdi: – Bunu tez anama yazaram… – Uşağı gəzməyə apar… Arlin bədənnüma güzgünün qarşısında üz – gözünə sığal verirdi. Eddi: – Aparacaqsan? – deyə xəbər aldı. Arlin: – Yaxşı, Eddi, – dedi, – yaxşı… Eddi ayaqqabılarını çıxarıb çarpayıya sərildi və güc toplamağa başladı…

İrvin ŞOU (1913-1984) Amerika yazıçısı

İngilis dilindən tərcümə edəni: Akif Abbasov 


Tərcüməçi ilə əlaqə: Akif Abbasov


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ