(lətifəvari hekayə)

Yay ayıdır. Yayda adam canını qoymağa yer tapmır. Xüsusən Aran yerlərində. Evdə qərar tuta bilməyən Tanrıqulu bağ-bağçada əlləşir, ağacları sulayır, alaq otlarından torpağı təmizləyirdi. Kəsəsi, axır ki, özünə bir iş tapırdı. Amma tez-tez səslənirdi: -Firdovsi, ay Firdovsi… -Firdosi, ay başı batmış, sərin su gətir, öldüm-dirildim… -Firdosi, bu xarabada bir stəkan çay yoxdur? -Firdosi, mayka gətir, suyun içindəyəm, əynimi dəyişim… Qonşu ilə aralarında hündür hasar vardı. Tarverdi Tanrıqulunu görməsə də, səsini eşidirdi. Gün ərzində Firdovsini nə qədər çağırmaq olardı?! Yazığın işi-gücü ora-bura qaçmaq, atasının xidmətində durmaq, ona çay, sərin su, dəyişmək üçün pal-paltar gətirmək idi. Firdovsi də daha uşaq deyildi. Universitet tələbəsi idi. Tarverdi qalmışdı mat-məəttəl. Allah bu Tanrıquluya insaf verəydi. Tarverdi elə bu fikirlərlə həyət darvazasına yaxınlaşdı, qapını açıb çölə çıxdı. Hasar boyu əkilmiş ağaclar, güllər göz oxşayırdı. O, ağacların kölgəsində qoyulmuş oturacaqda əyləşib siqaretini çıxardı. Qonşu həyətdən də kimsə çölə çıxdı. Tarverdi dönüb baxdı. Tanrıqulu idi. O, artıq siqaretini tüstülədirdi. Siqaretin dəmi gələndə qonşular gəlib burada oturar, siqaret çəkə-çəkə, dağı Arana, Aranı dağa aparardılar. -Qonşu, necəsən? Sual verən Tanrıqulu idi. -Yaxşıyam, qonşu. Allah köməyində olsun. Bunu da Tarverdi dedi və sonra əlavə etdi: -Qonşu, bir söz deyəcəyəm, amma xətrinə dəyməsin. Tanrıqulu maraq dolu gözlərini ona dikdi: -Buyur, qonşu, o nə sözdür? Xətrimə niyə dəyir? 20 ilin qonşusuyuq. İndiyə qədər bir-birimizə güldən ağır söz deməmişik. Tarverdi dedi: -Qonşu, sənin işinə qarışmaq fikrim yoxdur. Amma məni bir məsələ çox təəccübləndirir. O Firdovsiyə niyə yazığın gəlmir? Tanrıqulu narahat oldu, ayağa durub: -Firdovsiyə nə olub? Gizlətmə, de. Tarverdi əlindən tutub onu oturacağa sarı çəkdi: -Ay kişi, Firdovsiyə heç nə olmayıb. Bütün günü onu sən incidirsən. Tanrıqulu çiyinlərini çəkdi. Key-key Tarverdiyə baxdı: “Bu kişi sözlü adama oxşayır? Görüm nədir sözü?!” -Mən? Niyə? Harada onu incidirəm? Tarverdi dilləndi: -Bu istidə bütün günü Firdovsini qulluğa göndərirsən. Nəfəs çəkməyə qoymursan: -Firdovsi, ay Firdovsi… -Firdosi, ay başı batmış, sərin su gətir, öldüm-dirildim… -Firdosi, bu xarabada bir stəkan çay yoxdur? -Firdosi, mayka gətir, suyun içindəyəm, əynimi dəyişim… Tanrıqulu uğunub getdi. O qədər güldü ki, gözlərindən yaş gəldi: -Ay canım, Mən Firdovsinin üzünü bir səhər görürəm, bir də axşam. Bütün günü dərsdə, əyləncələrdədir. Yoldaşları ilə gəzib dolanır. Gündüzlər heç evdə olur ki, ona buyurum? Tarverdinin key-key baxdığını görüb: -Hə, bildim. Ay kişi, Firdovsinin adını çəkib əslində arvadı səsləyirəm. Firdovsi deyən kimi arvad özünü çatdırır, bilir ki onu çağırıram. Axı dəqiqə başı arvadın adını çəkmək olmaz ki… Abır-həya var.

Müəlli: Akif Abbasov 


Yazarla əlaqə: Akif Abbasov


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ