Mən həmişə insanda üç cəhətə xüsusi önəm vermişəm; tərbiyəyə, istedada və zəhmətə! Bu üç element bir-birilə birləşəndə insan kimliyindən asılı olmayaraq, daha kamil və daha müdrik təsir bağışlayır. Ən azından ona görə ki, bu cür insanlarla söhbət edəndə, ünsiyyət yaradanda onlardan yalnız müsbət enerji alırsan. Hiss edirsən ki, qarşındakı dünyanı dərk edən və həyatın hər cür çətinliklərini görmüş, ayların, illərin sınağından keçmiş bir insandı, bir ziyalıdı…
Qələndər Xaçınçaylını 2000-ci illərin əvvəllərində tanımışam. Onda Sabunçu rayonunda məktəb direktoru işləyirdim. Mənim həmyerlim və yaxın dostum Məhəmmədəli Mustafa məktəbimizdən yazı hazlayırdı. Gördüm ki, yanında da tanımadığım bir adam var. Və o adam ilk baxışdan, ilk ünsiyyətdən özünə qarşı məndə  bir isti münasibət yaratdı. Məhəmmədəli müəllim onu mənimlə tanış edərək dedi:
– Bu, bizim qəzetin şöbə müdiri, şair-publisist Qələndər Xaçınçaylıdı. Çox zəhmətkeş və bacarıqlı adamdı…
… Elə o vaxtdan Qələndər Xaçınçaylı ilə tanışlığımız yarandı. Məktəbimizdən dəfələrlə maraqlı, bir-birinə bənzəməyən reportajlar, məqalələr hazırlayırdı. Və yazdığı məqalələr də pedaqoji kollektiv tərəfindən hörmətlə qarşılandı. Yazılardan hiss olunurdu ki, o, pedaqoji işi yaxşı bilir, təhsillə bağlı kifayət qədər məlumata malikdir. Əlbəttə, hər bir jurnalistə qiymət verən onun oxucusudur. Biz də Qələndər Xaçınçaylının hər bir məqaləsini, hər bir yazısını çox böyük diqqətlə oxuyurduq.
Mən hər gün “Ədalət” qəzetini böyük bir sevgiylə alıram, oxuyuram və oxuduqlarımı digər dostlarıma danışıram. Birincisi, qəzetin təsisçisi və baş məsləhətçisi,  millət vəkili Aqil Abbas bizim tələbə yoldaşımız olub. O, ADU-nun (BDU) filologiya fakültəsində hələ tələbə olarkən bizim hamımızın yaxın dostu idi. Bəlkə də Aqil Abbasdan çox ikinci dostu olan çətin tapılar. Sözümün canı odur ki, qəzeti oxuyanda Faiq Qismətoğlunun bir yazısı gözümə dəydi: “Dünyanın ən əzabkeş adamı”. Yazını oxuyan kimi Qələndərin ölüm xəbərini bilib yerimdə donub qaldım. Çünki 10-15 gün bundan əvvəl mənə zəng eləmişdi ki, müəllim, eşitmişəm yaş həddi ilə əlaqədar təqaüdə çıxmısan. Nə vaxt vaxtın olsa, mənə de, gəlib sizdən “Həftə içi” qəzeti üçün maraqlı bir portret oçerki yazacam. Onun səsi indi də qulağımdan getmir. Və həmişə də məktəbimizə gələndə mənimlə öpüşər-görüşər və deyərdi ki, “səni verənə şükür!”.
Hər yeni kitabı çıxanda mənimlə görüşərdi. Və kitablarına aftoqraf yazıb hədiyyə verərdi. Qəribəydi ki, həmişə hara isə tələsirdi. Deyirdim oturaq bir stəkan çay içək, qayıdırdı ki, müəllim, işim başımdan aşır, məni gözləyirlər, yazını hazırlamalıyam, redaktora verməliyəm,  yoldaşım ağır xəstədi, gedib onun üçün aptekdən dərman almalıyam və dərmanı da aparmalıyam evə və sonra yenə qayıtmalıyam işə…
Onu da qeyd edim ki, Qələndər Xaçınçaylı ilə mənim aramda bir dostluq yaranmışdı. Elə ay olmazdı ki, mənə zəng eləməsin, əhvalımdan xəbər tutmasın. Olduqca tərbiyəli, zəhmətkeş və istedadlı adam idi. İnsan ki, tərbiyəli oldu, zəhmətkeş oldu, o, Allah-Təalanın verdiyi istedadı da cilalaya bilir, axtarışlar aparır və son nəticədə nə düşünürsə, onu poeziyaya, şeirə çevirməyi bacarır. Və Qələndər də məhz belə yaradıcı insanlardan biri idi. Nə qədər istedadlı idisə, nə qədər tərbiyəli idisə, nə qədər zəhmətkeş idisə, bir o qədər də sadə adam idi. Görüşəndə istəyirdi ki, ürəyini çıxarıb sənə versin. Və bu xarakteri, bu xasiyyəti, bu cəhətləri onu bizə sevdirən əsas əlamətlər idi.
Qələndər özü də Azərbaycan Dövlət Universitetini bitirmişdi və universitetin müəllimləri ilə bağlı çox maraqlı zarisovkalar, portret oçerklər qələmə alırdı. Belə gözəl yazılardan birini də rəhmətlik sabiq millət vəkili, Azərbaycan Dövlət Universitetinin professoru, kafedra müdiri Şamil Qurbanova həsr eləmişdi. Qələndər Xaçınçaylı həmin portret oçerkində Şamil Qurbanovun Azərbaycanın necə böyük ziyalısı olmasını, xalq və millət tərəfindən böyük məhəbbətlə sevilməsini qeyri-adi bir formada və səmimi qələmə almışdı. Onun Şamil müəllim barəsində hazırladığı yazı tək mənim deyil, həm də Şamil Qurbanovun doğmalarının və əzizlərinin ürəyincə olmuşdu. Çünki Qələndər Xaçınçaylının publisistikası və poeziyası xalq yaradıcılığından bəhrələnmiş bir bədii nümunədir.
Onun hansı şeirini, hansı misrasını və hansı bəndini gözdən keçirirsən, görürsən ki, orda vətən məhəbbəti, insan sevgisi və Allaha olan ülvi bir məhəbbət var. Qələndər Allahı çox sevməklə yanaşı, həm də böyüyüb boya-başa çatdığı Ağdamı, böyük Azərbaycanı çox istəyirdi. O, bu vətənin, bu millətin və bu ölkənin yolunda hər an döyüşməyə və şəhid olmağa da hazır idi. Bayaq dedim, Qələndərin şeirlərində vətənin bütün gözəllikləri, vətənin bütün ağrı-acısı, dərdi-səri əks olunub. Qələndər kədərdən nə qədər çox yazırdısa, onun qəlbində və ürəyində böyük bir nikbinlik də var idi. Və həmişə də deyərdi ki, biz gec-tez Ağdama, eləcə də digər işğal altında olan torpaqlarımıza dönəcəyik.
Mən bir fikri də xüsusilə vurğulamaq istəyirəm ki, yaxşı insanlar tək bir evdən, bir ailədən, bir eldən getmir. Onlar sözün həqiqi mənasında böyük Azərbaycanın kisəsindən gedir. Bu yaxınlarda istedadlı şair Ramiz Məmmədzadənin Qələndər Xaçınçaylı ilə bağlı “Ağı” şeirini də oxudum. Və bir daha yəqin etdim ki, Qələndərin dünyasını dəyişməyi tək məni kədərləndirmir, Azərbaycan poeziyasında sözü və yeri olan digər insanları da kövrəldir. Ümumiyyətlə, yaxşı insanlar, yaxı adamlar bu dünyada çox qala bilmirlər. Ən azından ona görə ki, yaxşı insanları, yaxşı adamları Allah-Təala da çox istədiyinə görə, götürüb aparır öz dərgahına. Və Qələndər Xaçınçaylı da Allahın çox istədiyi bəndəsi idi ki, götürüb apardı öz yanına.
Qoy ruhu şad olsun, məzarı da nurla dolsun! Və bir də şairlər, yazıçılar, yaradıcı adamlar heç vaxt ölmürlər. Onlar öz şeirlərində, öz misralarında həmişə yaşayır. Biz Qələndərin şeirlərini oxuduqca bu misralarda onun ürək döyüntüsü eşidəcək, səsini duyacaq və yenidən onunla ünsiyyətdə olacağıq…
 
Səməndər MƏMMƏDOV,
AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair-publisist


YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ