Shah_Ismail

Şah İsmayıl Xətai

(1487-1524)

 

Azərbaycan Səfəvilər dövlətinin banisi, Azərbay­can torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış şəxsiyyət.

Azərbaycan xalqının, onun tarix və mədəniyyətinin çoxəsrlik kökləri vardır. Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, “özünün kim olması”, mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlaması barədə düşünməyə başlayır.

Qədim və orta əsrlərə aid ilk mənbələri öyrənməklə asanlıqla yəqin etmək olar ki, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlər çox olmuşdur.

Xalqımızın tarixində əsrlər boyu bütöv bir ölkənin, vahid məkanda yaşayan, eyni dildə danışan və ümumi dəyərlərə şərik olan yüzlərlə nəsli və milyonlarla insanı həyata səsləyən ideyanı təcəssüm etdirən şəxsiyyətlər çox olmuşdur. Bu korifeylərin mənəvi və praktik irsi bəzən ölkəmiz və xalqımız üçün yolgöstərən ulduz olmuşdur.

Belə tarixi şəxsiyyətlərdən, korifeylərdən biri də Şah İsmayıldır. Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbay­can torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış şəxsiyyətdir.

Şah İsmayıl Səfəvinin şəxsiyyətindən söhbət düşəndə həmvətənlərimi­zin əksəriyyəti çox vaxt onun bioqrafiyasını və şiəliyi dövlət ideologiyası səviyyəsinə çatdırmaqla bağlı fəaliyyətini xatırlatmaqla kifayətlənir, bu addımın siyasi məqsəd­lərini açıqlamırlar. Lakin Şah İsmayılın böyük irsi qarşısında bu dəlillər çox sönük­dür, çünki bunlar onun öz xalqı qarşısındakı böyük xidmətlərini göstərməyə qabil deyildir.

Səfəvi xanədanını yaradan ilk Ərdəbil şeyxləri – şiəlik ideyasını ortaya atarkən bu ideyanın sırf dini örtüyü altında daha geniş və hətta müəyyən mənada tamam başqa niyyətlər gizlənirdi. Tarixi kökləri ilə şiəlik məğlub olmuşların, məzlumların ruhuna yaxın olduğu üçün geniş kütlələri özünə cəlb etmişdi.

Böyük təsir gücünə malik olan şiəlik ideyası ilə daha sıx bağlanmaq məqsədilə Ərdəbil şeyxləri öz əcdadlarını şiələrin ilk imamı Əli ilə və onun həyat yoldaşı, Məhəmməd peyğəmbərin qızı Fatimə ilə bağlayır, İmam Musa Kazımın nəslindən olduqlarını iddia edirdilər. Şiəliyin bir məzhəb kimi qəbul olunması yalnız sırf dini məqsəd daşımırdı, dini ünsürlərlə bərabər daha geniş niyyətlə bağlı idi. Bu niyyət sünni məzhəbinə mənsub olan müsəlman dövlətləri arasında onlardan məfkurəsi və ideologiyası ilə kəskin fərqlənən yeni bir dövlət yaratmaq idi. Əgər Səfəvi şeyxləri məhdud şiə fanatikləri olsaydılar Şeyx Cüneyd Ağqoyunlu padşahı sünni Uzun Həsənin bacısı Xədicə bəyimlə, onun oğlu Şeyx Heydər dayısı Uzun Həsənin qızı Aləmşah bəyimlə evlənməzdi.

Səfəviliyin Azərbaycanın mənəvi mühitinə gətirdiyi mübarizlik, döyüşkənlik və mənəvi zənginlik mahiyyətini dərk etmək, həm də Qızılbaşlığın mahiyyətini dərk etməkdir. Unutmaq olmaz ki, “Azərbaycan nəinki sufi cərəyanlarının cəmləşdiyi ərazi olmuş, eyni zamanda bəşər elminə sufi sistemində özünəməxsusluğu ilə seçilən “Xürrəmilik”, ”Hürufilik”, “Səfəviyyə” kimi təriqətləri bəxş etmişdir. Bu təriqətlər içərisində xüsusi olaraq seçilmiş “Səfəviyyə”nin özülündə yaranan “Qızılbaşlıq” hərbi-siyasi-dini doktrinanın hesabına sufilərin rəhbərlik etdiyi bir dövlət qurulmuşdur. Tarixdə hər bir siyasi mübarizə müəyyən ideologiyaya əsaslandığı üçün bütün “qalib gəlmək elmi”nin sonunda ideoloji mahiyyət əsas yer tutur. Bütün bunlar onu göstərir ki, hər bir mübarizə ideoloji gücdən asılıdır. Bu gücü mənəvi qaynaq kimi də təsəvvür etmək olar. Əslində, Şah İsmayılın tarixi yükünü mənəvi qaynaq müəyyənləşdirmişdi. Təsadüfi deyil ki, bütün tarixi qaynaqlar gücü Şah İsmayılın özündə yox, onun əsaslandığı, mənəvi güc aldığı Səfəviyyə təriqətində görürdü.

Şeyx Cüneydin və Şeyx Heydərin siyasi maraqları şübhəsiz ki, dini maraqlarından üstün idi. Şübhə yoxdur ki, hər iki şeyx Azərbaycanı öz hakimiyyətləri altında birləşdirmək istəyirdilər və bu məqsədlərinə çatmaq üçün şiəlikdən ideoloji silah kimi istifadə edirdilər.

Orta əsr Azərbaycan tarixşünas­lığı­nın görkəmli nümayəndəsi İsgəndər bəy Münşi şöhrət və qüdrət zirvəsinə qalxan Şeyx Heydər oğlu İsmayıl haqqında yazır: “İsmayıl azyaşlı olsa da, fəhm və fərasətdə, ağıl və bilikdə elə təəccüblü bir əlaməti vardı ki, ilk baxışda dünyanı idarə etmək bacarığı onun mübarək çöhrəsindən görünür, işıqlı alnından ilahi nur saçılırdı… Ali məiyyətin mülazimləri xilafət çəməninin bəzəyi olan o yeniyetməni gözəl etiqad zülalı ilə bəsləyirdilər, qeybdən ilham alaraq, onu yüksək şahlıq ünvanı ilə adlandırırdılar və azyaşlı olmasına baxmayaraq, mətin əqidə və iradə ilə onu Mürşidi-kamil və şah deyə çağırırdılar”.

İsmayıl Səfəvi 1487-ci il, 17 iyul tarixində Ərdəbildə anadan olub. İsmayıl Səfəvi 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoymuşdur. Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş vermişdir. Əvvəlki çıxışlardan fərqli olaraq, bu dəfə hərəkat qısa müddətdə Azərbaycanın hüdudlarından kənara yayıldı. Səfəvilərin ilk çıxışlarının məqsədi yalnız Azərbaycanı birləşdirmək idisə, İsmayıl Səfəvi və onun tərəfdarları bəzi başqa ölkələri də əhatə edəcək böyük dövlət yaratmağı qərara almışdılar. Ağqoyunlu və Şirvanşah qoşunları ilə üç qanlı, lakin müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil olmuş, özünü Azərbaycanın hökmdarı elan etmişdir. Yeni və eyni zamanda, Azərbaycan tarixində ilk mərkəzləş­dirilmiş dövlət – Səfəvilər dövləti və ya bəzi mənbələrdə deyildiyi kimi, Qızılbaşlar dövləti yaradıldı. Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çox­saylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.

Səfəvi dövlətinin yaranmasında əsas amil həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların “Qızılbaşlıq”a sadiq olmalarıydı.

Şah İsmayılın ortaya çıxması və Qızılbaş dövlətini yaratması ilə Anadolu türkmanları öz soylarından, inancından bir öndərə sahib olmuş və onu bir xilaskar hesab edərək ona sıx bağlanmışlar. Dünya tarixində bir liderə bu dərəcə bağlılıq örnəyi yoxdur.

Faruq Sümer Şah İsmayıl haqqında yazır: “…Şah İsmayılın müridlərinin ölüm daxil olmaqla hər cür fədakarlığa sevə-sevə qatlanmaları, siyasi durumun uyğun olması bir həqiqət olmaqla bərabər, 13 yaşında hər tərəfdə şiddətli etiraz ilə qarşılana biləcək bir məzhəbi təmsil edən dövlət qurması onun doğrudan da böyük şəxsiyyət olduğunu göstərməyə kifayət edir. O, çox cəsur və intizam sevər bir şəxsiyyət olduğu kimi, eyni zamanda təşkilatçı və təhsilli hökmdar idi. Təbriz meydanında bəyləri ilə birlikdə ox atarkən… ozanlar qopuz çalaraq onun igidliyini öyən nəğmələr söyləyirdilər”.

Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfa­larını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizm­lərini, haki­miyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər.

İ.P.Petruşevski Şah İsmayıl haqqında danışarkən onun istedadlı sərkərdə olmasını vəcdlə vurğulayır: “Müasirlərinin ümumi fikrinə görə o, hərbi istedada malik idi. Tarixçi Xondəmir İsmayılın hərb dühasını xüsusi tərifləyir. Tarixçi Həsən Rumlu qeyd edir ki, İsmayıl öz həyatı boyu beş böyük savaş aparmışdır: 1500-cü ildə Cabani yaxınlığında Şirvanşah Fərrux Yəsarla, 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd ilə, 1503-cü ildə Almabulağı yaxınlığında Sultan Murad Ağqoyunlu ilə, 1510-cu ildə Mərv yaxınlığında özbək xanı Məhəmməd Şeybani ilə və 1514-cü ildə Çaldıranda I Sultan Səlim ilə. Bu beş döyüşdən ilk dördü İsmayılın parlaq qələbəsi və onun düşmənlərinin tamamilə darmadağın edilməsi ilə nəticələnmişdir. Yalnız sonuncu savaşda İsmayıl … ondan asılı olmayan səbəblər üzündən uduzmuş, lakin son nəticədə düşməni geri çəkilməyə məcbur edə bilmişdi”.

Azərbaycan Səfəvilər dövlətinin və Şah İsmayılın tarixinin gözəl bilicisi O.Ə.Əfəndiyev çoxsaylı mənbələrə əsaslanaraq yazır: “Səfəvilər dövlətinin tarixi Azərbaycan xal­qının tarixi ilə, onun sonrakı etnik konsolidasiyası ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın cənub və şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş hüdudları daxilində birləşdirilməsi bu vilayətlərin keçmişə nisbətən daha sıx siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaratmışdı. Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən tərəqqiyə nail olmuşdu”.

İlk mənbələrdə Səfəvilər dövlətinin banisinə aid edilən çoxsaylı mülahizələr onun türklərlə və Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərir. Şübhəsiz, belə faktlardan ən məşhuru və inandırıcısı İsmayıl Səfəvinin Şirvandakı Gülüstan qalası mühasirəyə alınan vaxt dediyi sözlərdir. İsmayıl atası Şeyx Heydərin qatili, Şirvanşah Fərrux Yəsar üzərində qələbədən sonra öz düşməninin qüvvələrini tamamilə darmadağın etmək üçün onların sığındığı Gülüstan qalasını mühasirəyə almışdı. İsgəndər bəy Münşi yazır ki, İsmayıl Şirvanın ən əlçatmaz istehkamlarından biri olan Gülüstan qalasının mühasirəsi uzandığı üçün böyük əmirləri yanına çağırıb dedi: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?”. Müqəddəs Səfəvi xanədanının etiqad sahibləri… Azərbaycan taxtı” cavabını verdilər.

Bu tarixi mükalimə bir neçə cəhətdən əhəmiyyətlidir: əvvəla ona görə ki, İsmayılı erkən yaşlarından hərbi yürüşlərə sövq edən ehtirasın nədən – intiqam hissindənmi, şiə təəssübündənmi təkan almasından asılı olmayaraq bu məqamda o ali məqsədini məhz yeni, qüdrətli dövlət qurmaqda görürdü. İkincisi, İsmayıl bu dövləti Azərbaycan dövləti kimi dərk və bəyan edirdi. Üçüncüsü, əgər 1499-cu ildə yeddi müridi ilə Gilandan Ərdəbilə hərəkət edən İsmayıl hələ tərbiyəçilərinin, məsləhətçilərinin təhrikiylə, təsiriylə hərəkət edirdisə – Gülüstan qalasının altında o, artıq öz əyanları və əmirləri qarşısında möhtəşəm tarixi məqsəd qoyan müstəqil şəxsiyyətdir.

Həmin tarixi məqsədi həyata keçirmək üçün İsmayıl 1501-ci ildə Ağqoyunlu Əlvənd üzərində qələbədən sonra Təbrizə daxil olaraq özünü şah elan etdi. Şeyx Heydərin çata bilmədiyi məqsədə oğlu İsmayıl nail oldu, Azərbaycan torpağının böyük bir qismi vahid Qızılbaş dövlətində birləşdirildi.

Məhz bu yeni yaranmış dövlətin qüdrətindən qorxuya düşmüş qonşu hökmdarlar öz həsədlərini, təlaşlarını, düşmənçiliklərini dini şüarlarla meydana atdılar. “İslamı sarsıdan”, Avropa kafirlərindən də təhlükəli bəla saydıqları qızılbaşlara qarşı fətva verir, cihada çağırırdılar. Buna baxmayaraq, “şiə bayrağı altında inkişaf edən Səfəvilər hərəkatının məqsədi Azərbaycanı siyasi cəhətdən birləşdirmək idi” ki, qısa müddət ərzində buna nail olundu. Şah İsmayılın ilk dövrlərdə yalnız Azərbaycan torpaqlarını əhatə edən dövləti sonrakı mərhələdə öz müridlərinin arzularına əməl edərək bir sıra başqa əraziləri də öz dövlətinin tərkibinə daxil etdi.

Orta əsrlər Şərqinin böyük bilicisi B.N.Zaxoder Səfəvilər dövlətinin yaran­masında Azərbaycanın rolu mövzusuna toxunaraq yazırdı: “Sosial-iqtisadi inkişafın nisbətən yüksək pilləsində olan Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqaz və İran ərazisində yaranmış geniş dövlətin özəyini təşkil edirdi. Bu dövlətə çoxlu tayfa və xalqlar daxil idi, lakin orada uzun müddət Azərbaycan feodalları üstünlük təşkil edir, ilk Səfəvilər onların hərbi gücünə arxalanırdı”.

Şah İsmayıl zəfərdən-zəfərə gedirdi və ta Çaldıran döyüşünə qədər məğlubiyyət nə olduğunu bilmirdi. O, müzəffər, xoşbəxt iqballı, gəncliyinə baxmayaraq siyasi müdrikliyə malik bir şah idi. Şah İsmayıl Şərq cəmiyyətinin və islam dininin bütün ziddiyyətlərini öz varlığında yaşadan bir şəxsiyyət idi. Onun siyasi fəaliyyətində dözümsüzlük və amansızlıq məqamları da var. Lakin atasını, qardaşını öldürərək taxt-taca sahib olan Sultan Səlim, Sultan Mahmud xanı beş körpə oğlu ilə birlikdə qətlə yetirən Şeybani xanla müqayisədə Şah İsmayılın siyasi və insani ömür yolu təmiz, nəcib və ləkəsizdir.

Şah İsmayıl yalnız alimənsəblərlə deyil, rəiyyətlə rəftarında da mülayim və ədalətli idi. O, hətta hərbi yürüşlər zamanı əsgərlərinin dinc əhalini incitməsinə belə imkan vermirdi və əhalidən alınan ərzağın xərcini ödəyirdi.

Xalqımızın görkəmli dövlət xadimi Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri, ozonları sevir, onları himayə edirdi. Elə buna görə də, dilinə, vətəninə bağlı el şairləri, aşıqları da onu sevir və onun doğma dilinə, xalqına bağlılığını əsərlərində tərənnüm edirdilər. Onlardan Şah İsmayılla eyni dövrdə yaşamış və onu özünün mürşid-i kamili adlandıran Dirili Qurbaninin “Şah Xətai” gəraylısında “Qoy var olsun türki zəban, Şah Xətai, Şah Xətai misraları”, onunla eyni dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən “Qılmazam, vallahi, türki-tacidarım tərkini” deməsi Şah İsmayılın kimliyinin bəlli aynası olub, doğma türk dilinə sevgisinin də parlaq təzahürüdür.

Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan “Dəhnamə” (“On məktub”) poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayır və beləliklə, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. Aldığı tərbiyəyə və maraqlarına görə İsmayıl qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi. Xətai təxəllüsü götürmüş İsmayıl öz vaxtının tanınmış şairi idi, özündən sonra şeirlər toplusu (divan) qoyub getmişdir. Diqqətəlayiq cəhət həm də odur ki, şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca danışırdılar.

Şah İsmayıl bacarıqlı sərkərdə, hərbi strateq idi. Ömrünün lap erkən çağlarından qazandığı zəfərlər – onun özündə də, qoşun başçılarında da, qızılbaş döyüşçülərində də bir növ arxayınlıq ruhu, basılmazlıq, yenilməzlik inamı yaratmışdı. Şah İsmayıl Şərq tarixində görkəmli sərkərdə və dövlət xadimi kimi tanınırdısa, Azərbaycan klassik poeziyası xəzinəsində Xətai təxəllüslü şair kimi də şərəfli yeri vardır. Heç də təsadüfi deyil ki, Şah İsmayıl Xətai indiyədək yeddi böyük ələvi şairindən biri sayılır.

Ana dilinə qayğı və məhəbbətlə yanaşmağın vacibliyi İsmayılın vəsiyyətində də əksini tapmışdır: “Mən həmişə doğma torpağın bir parçasını qızıldan, ana dilinin bir sözünü ləl-cavahirdən üstün tutmuşam. Qısa ömrümdə sizin üçün nə bacardım elədim. Əldə qılınc qələbələr qazanaraq, parçalanmış Vətəni birləşdirməyə çalışdım”.

Beləliklə, Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Azərbaycan şairlərinin başqa dillərdə yazıb-yaratması ənənəsinə birdəfəlik son qoyuldu. Müasirlərinin dediyinə görə, Şərq miniatür sənətinin inkişafının ən parlaq zirvələrindən biri məhz həmin dövrə təsadüf edir. Elm, sənət xiridarı olan Xətainin sarayında yaradıcılıq üçün əlverişli şəraitdə, diqqət, qayğı, hörmətlə əhatə olunmuş mühitdə böyük rəssam Behzad, habelə bir çox digər istedadlı heykəltəraş, xəttat, musiqiçi yaşayırdı. Hətta məşum Çaldıran döyüşü ərəfəsində belə Şah İsmayıl ilk növbədə, istedadlı rəssam və alimlərə qayğı göstərir, onları təhlükəsiz yerdə gizlətməyi, qorumağı əmr edirdi.

Yeri gəlmişkən onu da qeyd edək ki, Şərq miniatür sənətinin ən parlaq çağlarından biri Səfəvilər dövrü olmuş, neçə-neçə istedadlı nəqqaş, xəttat, musiqiçi, şair, alim Xətai sarayında yaşayıb yaratmışdılar.

Şah İsmayılın bütün fəaliyyəti kimi, dini dözümlülüyü (xüsusən də ölkənin daxilində olan xristianlara münasibətdə), eləcə də Avropanın xristian ölkələri ilə geniş diplomatik əlaqələr qurması onu sülhün, firavanlığın, ölkəsinin tərəqqisinin qeydinə qalan müdrik hökmdar və düşmən dövlətlərə qarşı mübarizədə etibarlı müttəfiqlər axtarıb tapan böyük diplomat kimi səciyyələndirir.

Səfəvilər dövlətinin daha bir səciyyəvi xüsusiyyəti dövlətçilik ənənələrinin, eləcə də tolerantlığın, çoxmədəniyyətli, çoxmillətli dövlət ənənələrinin varisliyidir. Səfəvi imperiyasında yaşayan xalqların dilləri bu günə qədər qorunub saxlanmışdır və eynilə incəsənət və memarlıq abidələri kimi tarixi mirasdır.

Şah İsmayılın Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də öz dövrü üçün xarici siyasət mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan Şah İsmayıl həm də Qərbi Avropada Papalıq, Fransa, İspaniya, Venesiya, Genuya və s. ilə səmərəli qarşılıqlı münasibətlərin möhkəm bünövrəsini qurmuşdu.

Səfəvilər dövləti yarandığı gündən qısa müddət ərzində bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrilmişdi. Özü də xalqın obrazı və siyasətin mahiyyəti mövcud geosiyasi reallıqlar və digər ölkələrlə münasibətlərin xarakteri ilə müəyyən olunurdu. Şah İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyi Azərbay­can türklərinin dünyagörüşünün təkamülünə, o cümlədən öz-özünü və etnosiyasi məkanın formalaşmasında rolunu yenidən qiymətləndirməyə kömək etmişdi. Bu, Şah İsma­yılın müasirlərinə, eləcə də gələcək nəsillərə həm dövlət suverenliyi və müstəqil­liyini, həm də ideoloji suverenlik və müstəqilliyi möhkəmlətmək uğrunda mübari­zənin zəruriliyini dərk etməyə imkan yaratmışdı. Onun dövründə Azərbaycan türk­lərinin baxış, təsəvvür, dəyər, birlik sistemi, maraq prioritetləri formalaşmağa başlamışdı. Azərbaycan təkcə müstəqil dövlət deyildi, həm də orta əsrlər dünyasının sosiomədəni və mədəni strukturunun müstəqil subyekti idi.

Qızılbaş hərəkatı öz sıralarına tərəfdarlar cəlb etmək məqsədi ilə əhalinin böyük əksəriyyəti tərəfindən razılıqla qarşılanan ideyadan istifadə etmişdir. O vaxt şiəlik əhalinin yoxsul təbəqələri arasında yayılmışdı. İ.P.Petruşevski yazır ki, “Belə vəziyyətdə Şah İsmayıl bir sıra ölkələri öz hüdudlarına daxil edən böyük şiə məmləkəti yaratmağa çalışan ardıcıllarının istəyini dəstəkləmək məcburiyyətində qalırdı”.  Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə (Azərbaycan dilinin dövlət müəssisələri və hərbi işdə tətbiqi də daxil olmaqla) üstün yer tutduğunu təsdiq edən dövlət yaratmışdı.

Azərbaycan hər zaman öz dini dözümlülüyü və tolerantlığı ilə seçilsə də, bu keyfiyyətlər rəsmi siyasət qismində hərtərəfli təzahürünü yalnız Şah İsmayılın hakimiyyətdə olduğu illərdə tapmışdı. Məhz vahid siyasi məkana mənsubluğun dərk edilməsinin insanlarda əmin-amanlıq və öz ölkəsinə inam hissi doğurması dövlətin təhlükəsizliyi və sabitliyi üçün son dərəcə vacib idi.

Şah İsmayıl şiəliyi rəsmi dövlət dini etsə də, bu dinin himayəsində olan, daha doğrusu şiəlikdən başlanğıc alıb yayılan batiniyyə, hürufilik, nöqtəvizm, əxilik kimi fikri axınları qızğın rəğbətlə qarşılamış və bədii yaradıcılığında da bu ideyaları tərənnüm etmişdir. “Hürufi ideyaları da Səfəvi dövlətinin himayəsində sərbəst inkişafa imkan tapmışdı. XVI əsrdə hürufi şairləri, təriqət üzvlərinin hamısı Səfəvilər dövləti ətrafında mərkəzləşir və şiəliklə uyuşmağa çalışırdılar… Ortodoksal islam dininə nisbətən sərbəst olan şiəlik, bütün təriqətlərin rəğbətini qazanmışdı”.

Şah İsmayıl Xətai dövrünü türk dünyasının qızıl dövrü adlandırmaq olar. Məhz Şah Xətai şəxsiyyətinin əzəməti ilə türk xalq təsəvvüfü, türk ürfani mənəviyyatı bu günə qədər də görünməmiş bir kulminasiya nöqtəsinə çatdı. Daha mütəsəvviüf və ariflərə mücadilə verərək, saray əxlaqına qarşı çıxaraq, xalqın öz dilində, öz ruhunda ilahi həqiqətləri bəyan etməyə gərək yox idi. Bu proses sarayın özündən başladı. Şah özü ana dilində, heca vəznində şeirlər yazmağa başladı. Özü saz çaldı, Haqqın hikmət və ürfan sirlərini öz sadə və şirin dilində bütün xalqa əzbərlətdirdi. O, istəsəydi, klassik üslubda, fars dilində əzəmətli divan bağlaya bilərdi. Öz sələfləri kimi, o da dərin təsəvvüf terminləri, sufi istilahları ilə dolu qəsidə və məsnəvilər yazardı. Lakin o, bunu etmədi. O, sübut etdi ki, İlahi hikmətlərin ən dərinlərini, ən qəlizlərini sadə xalqın dilində çox gözəl bir şəkildə ifadə etmək olar. O, bunu şəxsən özü etdi və beləliklə də, çoxlarına qol-qanad verərək, ilham qaynağı oldu. Bu, çox möhtəşəm bir vəziyyətdir, analoqu olmayan bir tarixi dövrdür. Həqiqətən də tarix buna bənzərini bir daha görmədi.

Səfəviliyin və Şah Xətainin özünün şiə yox, məhz sufi dünyagörüşünə sahib olması danılmaz bir həqiqətdir. Şah Xətai şəriətin haram bildiyi saza, musiqiyə dərindən bağlı idi. O, sarayında dərvişlərə xüsusi hücrələr ayırır, zikr və başqa rituallar üçün təkyələr saxlayırdı. Ümumiyyətlə, türklərdə məzhəbçilikdən daha çox təriqətçiliyin – təsəvvüfün geniş rəğbət qazanması danılmaz bir faktdır. Bəli, Səfəvilər imperiyası dini dövlət deyildi. Zahirdə İslam üləması dövlət işlərində müəyyən qədər iştirak etsə də, bu dövlətin əsasını məhz ürfani dəyərlərə sahib olan təsəvvüf ideologiyası təşkil edirdi.

Şah İsmayıl qızılbaşlığın vahid ideologiyasını yaratdı. Bu ideologiya bütün Azərbaycan türklərini o vaxt üçün öz ətrafında uğurla birləşdirdi və onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə saxlamağa imkan verdi.

Azərbaycan xalqının Şah İsmayılla təkcə böyük dövlət xadimi kimi deyil, həm də cəsur, istedadlı sərkərdə, yüksək mənəvi keyfiyyətləri hətta o vaxtlar Azərbaycana gələn Qərb diplomatlarında da heyranlıq doğuran şəxsiyyət kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə istedadı sayəsində yaranmış tarixi dövlətin varisləriyik, elə bir dövlətin ki, sonralar ərazisində bır sıra dövlətlər yaranmışdır və indi də mövcuddur.

Venesiya diplomatı G.M.Anciolello onun haqqında yazırdı: “Şah İsmayıl yaraşıqlı, gözəl simalı, olduqca cəlbedicidir. Orta boyu, çevik vücudu, güclü və enli çiyinləri vardır; solaxaydır. Saçları sarışındır: qızılbaş adətinə uyğun olaraq yalnız bığ saxlayır, saqqalını qırxır. Gənc yaşlarında qoçaqlığına və cəsarətinə görə hər kəsi heyrətləndirirdi, qızılbaş əmirləri arasında hamıdan güclüdür. Ox atma yarışlarında hədəfdəki on almadan yeddisini vururdu”.

Venesiyalı tacir özünün Şah İsmayılla Təbrizdəki görüşünü belə xatırlayır: “İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq”.

İ.P.Petruşevski bu sübutları ümumiləşdirərək, Şah İsmayılın çox gözəl portre­tini yaradır. O yazır: “I Şah İsmayıl Xətainin şəxsiyyəti müasirləri tərəfindən müxtəlif cür qiymətləndirilirdi. Siyasi və dini meylindən asılı olaraq, bəziləri onun haqqında şövqlə danışır, digərləri isə ona qatı nifrət bəsləyirdilər. Belə şəraitdə müasirləri tərəfindən İsmayıla qarşı qərəzsiz münasibət gözləmək, belə bir münasibətə rast gəlmək çətindir. Lakin müasirləri onun hərbi istedadının etiraf olunmasında yekdildirlər. Tarixçi Xondəmir İsmayılın hərbi dühasını xüsusilə şişirdir… Şah İsmayılın böyük dövlət təşkil etmək uğrunda fəaliyyəti və mülki idarəçiləri seçmək bacarığı onun böyük siyasi xadim olduğunu göstərir”.

Bicən “Tarixi-Şah İsmayıl Səfəvi” salnaməsində Şah İsmayılın tarixi şəxsiyyəti haqqında yazır: “O həzrət (Şah İsmayıl- T.N.) həyat və səltənəti zamanında rəiyyət və əlaltılarla ədalət və şəfqətlə rəftar edirdi. Onun qorxusundan heç kəs xalqın üzünə zülm qapılarını aça bilməzdi. Ömrü 38 il, hakimiyyəti isə 24 il çəkdi. O həzrət, döyüş meydanında xəncər vuran aslana, kef məclisində isə incilər yağdıran buluda bənzəyirdi. Səxavətinin çoxluğundan onun nəzərində yüksək əyarlı qızıl ilə qiymətsiz daş arasında fərq yox idi. Ali hümmət sahibi olduğundan dünyanın sərvəti belə onun bir günlük bəxşişinə çatmazdı. Buna görə də o şəhriyarın xəzinəsi çox vaxt boş idi. Ov etməyi çox sevərdi. Əmr etmişdi ki, kim şir xəbərini gətirsə, ona yəhərli at, pələng xəbərini gətirənə isə yəhərsiz at verilsin. O, həzrət elm və fəzilət sahiblərini hər cəhətdən himayə edirdi və çox gözəl şeirlər yazırdı. Türkcə və farsca divanları var… o zamanın əksər şairləri  bu şəhriyarın şərəfinə çoxlu qəsidələr yazmışdır”.

1524-cü il, 23 may tarixində vəfat edib.

Şah İsmayıl Xətai tarixin ən sərt dönəmlərində əqidəsinə, inamına, tarixi kökünə sadiq qüdrət sahibi və zamanın böyük hökmdarlarından biri olmuşdur. Sözün və sənətin ucalığında mənəvi gücünə güvənərək dayanan böyük qüdrət sahibi Şah İsmayıl Xətai həm də böyük dövlət xadimi və qüdrətli sərkərdə kimi 500 ildən çoxdur ki, öz qalibiyyətinin təntənəsi üzərində dayanaraq gələcəyin insanlarını salamlayır.

Şah İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq, zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir.

Şah İsmayıl məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi. O, milli mənliyimizin qürur və şərəf tağı kimi xalqımız qarşısında özünün tarixi missiyasını şərəflə yerinə yetirərək Azərbaycanımıza, dövlətçilik irsimizə, şanlı tariximizə öz adını əbədi yazdıraraq, millətinin, dövlətinin və ana dilinin dünya vətəndaşlığını beş yüz il əvvəl təsdiq etdirmişdir. O, bunu nəyin bahasına və necə etdisə, tarix üçün elə də böyük əhəmiyyəti yoxdur. Dəyəri olan odur ki, bu gün onun vətəndaşlıq qazandırdığı Azərbaycan dövləti, Azərbaycan dili və Azərbaycan xalqı vardır.

Mənbələr və ədəbiyyat.

  1. Abdullayev M., Bayramov Z. Azərbaycan Səfəvi dövlətinin etnik kimliyi məsələsinə bir baxış. // Respublika qəzeti 12 dekabr 2012-ci il.
  2. Anar. Şairin zəfəri. /Şah İsmayıl Səfəvi. Bakı, 1988, s. 41-58.
  3. Araslı H. XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı. /Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1943, s. 267-237.
  4. Azərbaycan ədəbiyyatı tarixi, c. I. Bakı, 1960.
  5. Azərbaycan tarixi. Yeddi cilddə, Üçüncü cild. Bakı, 1999.
  6. Əfəndiyev O.Ə. Salnaməçi Bicən Şah İsmayıl haqqında. /Şah İsmayıl Xətai. Bakı, 1988, s. 17-28.
  7. Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007.
  8. Giovanni Mariya Angiolellonun Seyahatnamesi. / Seyyahların gözüyle Sultanlar ve Savaşlar. Giovanni Maria Angiolello-Venedikli bir tüccar ve Vincenzo D`Alessandrinin Seyahatnameleri. Çeviri ve notlar Tufan Gündüz. Yeditepe Yayınevi, İstanbul, 2007, s.25-122.
  9. “Xətaişünaslığa töhfə”. Tərtibçi: Axund Hacı Soltan Hüseynoğlu. II kitab, Bakı, 1998.
  10. Qurbani. Tərtibçi, ön söz, qeyd və izahların müəllifi prof. Q.Kazımov. Bakı, 1990.
  11. Mehdiyev R. “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”. /Azər­baycan qəzeti 05 dekabr 2012-ci il.
  12. Münşi İ. Tarix-i aləmara-yi Abbasi. Farscadan tərcümənin, ön sözün, şərhlərin və göstəricilərin müəllifləri AMEA-nın müxbir üzvü, t.e.d, prof. Oqtay Əfəndiyev, t.e.n Namiq Musalı. Bakı, 2009.
  13. Петрушевский И.П. Государство Азербайджана в XV в. /Сборник статей по истории Азербайджана. Выпуск 1. Баку, 1949, с. 153-213.
  14. Петрушевский И.П. Азербайджан в XVI-XVII веке. //Сборник статей по истории Азер­бай­­джана. Выпуск I, Баку, 1949, с. 225-298 .
  15. Salim F. Şah Xətai və Azərbaycan sufizmi. //Kaspi qəzeti, 6 may 2013-cü il.
  16. Sümer F. Safevi devletinin kuruluşu ve gelişmesinde Anadolu türklerinin rolu. Ankara, 1999.
  17. Venedikli bir tüccarın seyahatnamesi. /Seyyahların gözüyle Sultanlar ve Savaşlar. Giovanni Maria Angiolello-Venedikli bir tüccar ve Vincenzo D`Alessandrinin Seyahatnameleri. Çeviri ve notlar Tufan Gündüz. Yeditepe Yayınevi, İstanbul, 2007, s. 206-207.
  18. Всемирная история. т. IV. М., 1959.

İLKİN MƏNBƏ: 

http://tarixinstitutu.az/personalities/view/70

 

YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ