Biz insanıq!
Rayon avtobusundan düşüb mənə verilən ünvana üz tutdum. Taksi ünvana yaxın bir yerdə saxladı.
Bakı həmişəki kimi qaynayırdı. İşə tələsən kim, məktəbə, universitetlərə qaçan kim.
Bəziləri isə hələ şirin yuxudaydırlar.
Kağıza yazılan ünvana baxıb evə, sonra birinci mərtəbədəki mənzilə yaxınlaşıb zəngi basdım.
Qapını 30-35 yaşlı bir adam açdı.
– Salam, qardaş. Əli həkim burda yaşayır?- deyə soruşdum.
– Nə Əli həkim? Gəlirsən, səhər-səhər zəngi basırsan, demirsən yatan var? Nə Əli həkim?
– Bağışla, qardaş. Rayondan gəlmişəm, kağızda bu ünvan yazılıb.
– Rayonnan gəlmisən ki belə edirsən də. Səhər-səhər adamın qapısının zəngini basarlar? Yoxdu burda Əli həkim!- deyə
o əsəbi halda qapını çırpıb getdi.
Nə deyim?Bəlkə də haqlıdı insan? Səhərin gözü açılmamış qapısının zəngini basmışam. Əlbəttə haqlıdır.
Kağıza diqqətlə baxıb evin nömrəsini səhv oxuduğumu gördüm. Ürəyimdən qayıdıb indi qapısının zəngini basdığım adamdan üzr istəmək keçdi,amma etmədim,düşündüm ki, onsuz da əsəbləşdirmişəm onu. Ancaq bu insanın sifəti nədənsə həkk oldu yaddaşıma. Öz-özümə fikirləşdim ki, bu insanın görəsən nə dərdi ola bilər ki, bu qədər qəddar və əsəbi olsun? Onu gözlərindən yağan nifrət heç yadımdan çıxmırdı. Bir də yadımda onun “rayonlusan ona görə belə edirsən “sözü qalmışdı.
Mən Bakıda tez-tez oluram. Çoxlu bakılı dostlarım var. Onlar demək olar ki, hər yay rayona gəlirlər. Bizim aramızda heç vaxt rayonlu-şəhərli söhbəti olmayıb indiyə kimi.
Bu adam niyə mənə belə dedi? Anlamadım.
Elə bu fikirlərlə yavaş- yavaş yorğun addımlarla dəqiq ünvana getdim.
Gəlişimin səbəbi var əslində. Oğlum ağır xəstədir. Əməliyyata pulum çatmadı. Dedilər ki,Bakıda bir yaxşı həkim var. Həmin ünvanını axtardığım Əli həkim rayon camaatının çoxunu pulsuz müayinə edir.
Mən də gəldim ona dərdimi danışım . Əgər razılaşsa oğlumu gətizdirim.
Axşam dostlarımdan birimin evinə gedəcəydim. Bilirdim ki, hansının qapısını döysəm məni gözəl qarşılayacaq. Onlar da mənim kimi kasıb ,lakin ürəyi qızıl insanlardır.
Əli həkimi tapıb onunla danışdım. Qan təhlilləri və ultrasəs müayinəsinin cavablarına baxıb
“ağsaqqal, incimə. Bu mənim müalicəmlə keçən xəstəlik deyil. Bu adam mütləq əməliyyat olunmalıdır” dedikdən sonra eləbil qolum qanadım sındı. Elə ruhdan düşdüm ki,heç dostumgilə də getmədən axşama avtobusa bilet alıb rayona qayıtmağı qərara aldım.
Kafelərin birində bir fincan çay içib avtobusa oturdum. Rayonumuz çox uzaq deyil. Çəmi 3 saatlıq yoldur. Ancaq oğlumun xəstəliyinin ciddiliyi o qədər məni sarsıtmışdı ki, tez evə çatıb bir qərar qəbul etmək istəyirdim.
Bakıdan təzə çıxmışdıq. Hava dumanlı olduğundan yol çox pis görünürdü. Mən yorğun idim ona görə gözlərimi yumub yuxuya getməsəm də mürgüləyir və ürəyimdə “bu gün sağ salamat gedib evə çatsam yaxşı olar” deyə düşünürdüm nədənsə.
Bir qədər getdikdən sonra sürücü maşını qəfil saxladı. Sərnişinlər hay-küylə avtobusdan düşüb yolun kənarında aşmış maşına tərəf qaçdılar.
Əvvəl heç nə anlamadım,lakin, sonra aşmış maşında sürücünün olduğunu anlayıb mən də özümü köməyə atdım.
Maşın elə aşmışdı ki, qapılarını heç cür açmaq mümkün deyildi. Sürücü huşunu itirmiş və qan içində idi.
Bir neçə adam maşının şüşələrini qırdı. Sonra çox çətinliklə sürücünü maşının içindən dartıb çıxartdılar.
Maşının markasından və ümumi görünüşündən bilinirdi ki, sürücü kimsə varli biri idi.
Mən yaxınlaşıb onu üzündən qanını əlimdəki dəsmalla silmək istəyəndə gözlərimə inanmadım. Bu səhər mənim üzümə qapını çırpan oğlan idi. Mən sanki yaxın bir adamımı gördüm bu halda. Tez onun üzünü silib:
– Dayan, bala. Döz bir az. İndi həkim gələr. Vay,ay bala, niyə belə oldu? Allah kərimdi, döz bir az-deyə ona ürək-dirək vermək istəyirdim.
Onun səsi çıxmırdı. Rəngi sapsarı idi. Çoxlu qan itirmişdi.
Təcili yardım maşınına onu qaldıranda eləbil hansısa qüvvə məni onunla getməyə məcbur etdi. Həkimlərə “qohumumdur” deyib maşına oturub yenidən Bakıya qayıtdım.
Onun mobil telefonundan qardaşına, sonra bir neçə dostuna zəng elədim.
Tezliklə xəstəxanaya o qədər adam yığıldı ki,mən, əgər həkim məni həmin adamlara “bax bu kişi olmasaydı bəlkə də itirərdik xəstəni” deyib təqdim etməsəydi arada itib batardım.
Oğlanın qardaşı məni kənara çəkib
– Siz kimsiniz? Hardan tanıyırsınız Poladı?-
deyə soruşdu.
– Mən hadisəni olduğu kimi ona danışdım.
O məni qucaqlayıb:
– Halal olsun sənə! Mənim adım Səlimdir. Polad kiçik qardaşımdır,-dedi və palataya qardaşının yanına keçdi. Polad hələ oyanmamışdı. Bütün xəstəxana bu adamlara işləyirdi sanki.
Mən kənardan baxıb burada daha lazım olmadığımı görüb getmək istəyirdim ki,Səlim qolumdan tutub:
– Bu geçə bizim qonağımızsan. Buraxmaram səni. Qardaşımı ölümdən qurtarmısan,-dedi
Mən razılaşmırdım, lakin, onun qərarı qəti idi.
Səlim o qədər də yaşlı deyildi, lakin, saçları ağappaq idi.
Təxminən bir saatdan sonra həkimlər Poladın vəziyyətinin yaxşılaşdığını və daxili orqanlarında zədə olmadığını dedilər və hamı sakitləşdi. O bir neçə gün xəstəxana şəraitində qalmalı idı.
Gecəni Poladın qardaşıyla onlarda qalası oldum.
Mən heç vaxt belə bir evdə olmamışdım. Otaqların sayını elə də bilmədim. Bu dəbdəbəli evdə bizə yemək verdilər,sonra mənə dəyişək verib hamam otağına yola saldılar. Daha sonra isə mən böyük bir otağa – yataq otağına getdim. Düzünü desəm belə şəraiti ömrümdə ilk dəfə idi görürdüm. Gecəni narahat yatdım. Fikrim oğlumun yanında idi.Gözlərim yaşarırdı. Düşünürdüm ki,bu evdə saxlanılan itin yeməyinin bir aylıq pulu mənim oğlumun əməliyyatına çatardı. Ancaq məndə heç o pul da yox idi. Mən oğlumu ölümə məhkum etmişəm,çünki, kasıb olmuşam. Bəs necə olur görəsən? Niyə birinə Allah hər şeyi verir,digərinə isə heç nə? Yox, paxıllıq etmirəm. Hərənin öz talei, öz bəxti var,ancaq, oğlumu xilas etmək istəyirdim. Çox istəyirdim. Bu fikirlərlə bu gözəl otaqda yuxuya getdim.
Səhər tezdən Poladın yanına getmək istədim . Qardaşı dedi ki,artıq yaxşıdır və o da məni görmək istəyir.
Biz gələndə Polad artıq çarpayıda oturub çay içirdi. O məni görüb gülümsədi və:
– Bu mənə dərs oldu. Bir gündə çox şeyi anladım. Məni bağışla. Mən sənin kimi edə bilməzdim. Mənim üzümə qapını çırpıb gedən adamı xilas edə bilərdimmi? Bilmirəm.
– Rayonlu olsan edərdin. Bizi belə tərbiyə edirlər. İnsan insanı dar ayaqda qoymaz.
– Düz deyirsən. Dünən sənin kənddən gəldiyini də vurdum üzünə. Bağışla məni. Əslində bizi də atamız belə tərbiyə edib. Biz də şəhərdə belə tərbiyə almışıq.
– Əlbəttə. Bilirəm. İnsanlığın şəhərə kəndə dəxli yoxdur. Unut getsin! Oldu, keçdi. Şükür Allaha ki,hər şey yaxşı qurtardı.Ölüm-itim olmadı.
– Həkimi tapa bildinmi?- deyə Polad soruşdu
– Tapdım.
– Nəyə görə axtarırdın ki həkimi?
– Heç. Tanış adamdır.
Mən heç nə danışmadım. Ürəyimi parçalayan,mənə əzab, əziyyət verən dərdimi söyləmədən Poladla görüşdüm sonra qardaşıyla görüşüb getmək istədim.
Xəstəxananın qarşısında duran qara maşının qapısını açan cavan oğlan mənə :
-Əyləşin. Mən aparacam sizi, – dedi.
Mən bir qədər özünü itirib:
– Yox özüm gedəcəm, – dedim .
Lakin, bu zaman Səlim mənim qolumdan tutub maşına oturmağa kömək etdi. Özü də qabaqda əyləşib:
-Sür! – dedi
– Hə, belə. Sən mənim qardaşımı ölümdən qurtarmısan. Mən səni evinə kimi ötürməliyəm. Polad dünən aranızda olanları mənə danışdı.
Cavandı,hələ başı daşdan daşa dəyməyib. Valideynlərimiz öləndən sonra onu ərköyün böyütmüşəm. Həmişə istədiyini almışam ki, gözü başqalarında olmasın. Görünür nəyisə gözdən qaçırmışam. Amma pis oğlan deyil. Ürəyi təmizdir.
– Gördüm. Ürəyi təmiz olmasaydı o saatda mən olmazdım onun yanında. Bu da bir qəribə təsadüfdür.
– Elədir. Bu təsadüf ona dərs olmalıdır.
Biz beləcə 2 saat maraqlı söhbətlər etdik. O məndən ailəm haqda məlumat da aldı, lakin, mən yenə də evdə ölümcül xəstə oğlum olduğunu demədim.
Biz artıq bizim küçəyə yaxınlaşırdıq. Mən evimizi ona göstərmək istədikdə maşının pəncərəsindən düz qapımızın qarşısında təçili yardım maşınını gördüm və özümdən asılı olmayaraq:
“Allahım,sən özün oğluma rəhm elə!”- deyib
maşını saxlamağı xahiş etdim. Özümü itirmişdim. Danışa bilmirdim. Gözlərimdən yaş axırdı.
Mən heç nə demədən maşından düşüb qaçdım.
Poladın qardaşı və sürücüsü mənim arxamca gəldi.
Biz evə daxil olanda həkimlər oğlumu komadan çıxartmağa çalışırdılar.
Yoldaşım və qızım məni görüb lap kövrəldilər. Mən əlacsız onlara baxırdım.
Səlim həkimlərə yaxınlaşıb onlarla nəsə danışdı. Sonra onlar oğlumu xərəkdə təcili yardım maşınına qoydular. Səlim mənə:
– Gəl! – deyib maşınına oturdu və:
-Sür, təcili yardım maşınının arxasıyla
Biz danışmırdıq. Çox yüksək sürətlə gedirdik. Təcili yardım maşınının səsini eşidirdim.
3 saatlıq yolu bir saata gəldik sanki. Mərkəzi Klinik xəstəxanada artıq bizi gözləyirdilər. Səlim bütün xəstəxananı ayağa qaldırmışdı. Bir neçə dəqiqədən sonra artıq oğlum əməliyyat stoluna uzandı.
Məndən hansısa kağıza qol çəkməyimi xahiş etdilər. Mən oxumadan qol çəkdim.
Səlim məni sakitləşdirməyə çalışmırdı. O ancaq həkimlərlə danışırdı.
O dəhşətli 4 saat mənə bir il kimi göründü.
Səhərə yaxın həkimlər bizi otağa çağırdılar və əməliyyatın yüksək səviyyədə keçdiyini və xəstənin halının yaxşı olmasını dedilər.
Mən danışmırdım. Bilirdim ki,əgər yanımda Səlim olmasaydı oğlum öləcəkdi. Təşəkkür də edə bilmirdim. Çünki onu elədiyi yaxşılığa təşəkkür etmək çox az idi.
Səlim də çox yorğun idi.
Biz ikimiz də dəhlizdə oturmuşduq.
– Mən o gün Bakıya oğluma həkim tapmağa gəlmişdim. Polada dedim. Amma həkim söz vermədi. Siz olmasaydınız Allah bilir nə olacaqdı. Bilmirəm xəcalətinizdən necə çıxacam, – deyə mən nəsə izah etməyə çalışdım.
Səlim məni diqqətlə dinləyirdi. O mənim əllərimi öz əlləriylə sıxıb:
– Bax,qardaşım! Biz insanıq. İnsansa insanı dar ayaqda qoymaz! – dedi.
Mən sonradan bildim ki, xəstəxananın bütün xərclərini Səlim artıq ödəyib.
Bu hadisə mənim və ailəmin həyatına yeni rəng qatdı. Biz həm oğlumuzu tam sağlam evimizə apardıq həm də Bakıda gözəl insanlarla tanış olduq. Biz bir- birimizin evinə tez -tez gedib gəlirdik və hansımızın kəndli hansımızın isə şəhərli olmağının heç bir fərqi yox idi, çünki biz hamımız sadəcə insanıq…
Müəllif: Təranə Məmməd
===================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ