QB

Qurban Bayramov tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. (Qurban Bayramov. “Poeziyanın sirri: caylar geriyə axmır, dənizə can atır və yaxud qəlbini nar təkin kağıza sıxan şair Şahməmmədin poeportreti“. Bakı, “MBM“ nəşriyyatı, 2009, 104 səh.)

Tanınmış ədəbiyyatşünas-tənqidçi Qurban Bayramov bu yeni, növbəti kitabında müasir Azərbaycan poeziyasının bir cox problemlərini şair, yazıçı-publisist, yurnalist Şahməmmədin yaradıcılığı əsasında işləmiş, maraqlı müşahidələr əldə etmişdir.
Xüsusən müasir poeziyamızın bir şəxsin fərdi yaradıcılığı əsasında təkamülü, fərd və yaradıcı şəxsiyyət, müasir poeziyanın inkişaf meyillərində yaradıcı şəxsiyyətin bir fərd kimi rolu, həmçinin yaradıcı şəxsiyyətin yetişməsində, formalaşmasında ədəbi mühitin rolu, müasir poeziyanın müəyyən təmayülünün struktur xüsusiyyətləri, kompozisiyası, mövzu, məzmun və obrazlar sisteminin mahiyyəti, yaradıcılıqda əldə edilən yeni ədəbi-estetik xüsusiyyətlər müasir filoloyi fikir işığında şərh edilir…
Şair Şahməmmədin 45 illik yaradıcılıq yolu, həmçinin şəriştəli və istedadlı, ədəbi prosesə yaxından bələdliyi ilə fərqlənən ədəbiyyatşünas-tənqidçi Qurban Bayramovun təcrübəsi bu problemlərin işıqlandırılmasına imkan yaratmışdır…
Qurban Bayramov ədəbiyyatı, onun mühüm hadisə və meyillərini çevik bir şəkildə, vaxtında izləməyi və qiymətləndirməyi bacaran tənqidçilərimizdəndir. O, 1969-cu ildən ədəbi tənqidlə məşğul olur və Səməd Vurğundan tutmuş müasir dövrün elə bir aparıcı siması olmamışdır ki, Qurban müəllim onların yaradıcılığı barəsində bu və ya digər dərəcədə fikir söyləməsin, münasibətini bildirməsin.
Qurban Bayramov müasir tənqid və ədəbiyyatşünaslığımızda geniş yaradıcılıq imkanlarına malik alimlərimizdənir. Onun hələ 70 – 80-ci illərdə çap etdirdiyi “Vurğun poeziyası“, “Lirik qəhrəman və zaman ( Səməd Vurğun poeziyasında lirik qəhrəman)“ kitabları böyük maraq doğurmuşdu və M.Cəfər, K.Talıbzadə, M.Quluzadə, B.Vahabzadə, Q.Qasımzadə, C.Abdullayev, Y. Seyidov, Q. Xəlilov kimi görkəmli elm adamları, ustadları, müəllımləri onu yüksək qiymətləndirmişdilər. Onun sonrakı dövrlərdə də qələmə aldığı bir sıra tədqiqatları, kitabları, məqalələri problematikasına, yeniliyinə görə ədəbi mühitdə həmişə maraqla qarşılanmışdır… Yenə də bu cəhəti xüsusilə vurğulayım ki, XX əsr sovet dövrü və müstəqillik mərhələsi ədəbiyyatımızda elə bir ustad, görkəmli, tanınmış sənətkar, istedadlı gənc qələm sahibi olmayıb ki, onların yaradıcılığı barədə o öz tənqidçi və ədəbiyyatşünas sözünü deməmiş olsun…
Tanınmış ədəbiyyatşünas-tənqidçinin “Vurğun poeziyası“, “Lirik qəhrəman və zaman“, “Yaşar Qarayev: milli yaddaş təlimi – Azərbaycançılıq“, “Əlı İldırımoğlunun yaradıcılıq yolu: milli-mənəvi dəyərlərin bədii salnaməsi“ monoqrafik kitabları, “Yaralı Vətənin yaralı övladları“ bədii-publisistik əsəri ədəbi mühitimizdə xüsusi maraq doğurmuşdur…
O həmçinin “Kratkaə literaturnaə gnüiklopediə“ (9-cu cildə əlavə), “Sovet həyat tərzi və müasir ədəbiyyatın qəhrəmanı“, “Süleyman Rüstəm“, “Sosializm-realizm müasir mərhələdə“, “Dünya uşaq ədəbiyyatı“ – 50 cildlik, “Cəsurların döyüş yolu“, “Qarabağ: dünən, bu gün və sabah“ və bu kimi kollektiv yazılmış kitabların və çapa hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi“ 7-ci cildin müəlliflərindəndir.
Onun “Müasir Azərbaycan poeziyasında üslubi meyillər“, “Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik“, “M.Ə.Sabir ənənələri və Azərbaycan ədəbiyyatı“, “Səməd Vurğun: dünən, bu gün və sabah“, “M.H.Şəhriyarın poetik üslubu“, “Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər“ kimi maraqlı tədqiqat işləri var; “2000 – 2008-ci illər Azərbaycan poeziyası“na həsr edilmiş ədəbi icmalları diqqəti cəlb etmişdir.
Beləliklə, Qurban Bayramov ədəbi prosesə ardıcıl, çevik, yerində reaksiya verən alimlərimizdəndir. Dövri mətbuatda, elmi ədəbiyyatda onun 300-dən çox ədəbi-tənqidi, elmi məqaləsinin dərc edilməsi təsadüfi deyildir.
Qurban Bayramovun şair, yazıçı-publisist, yurnalist Şahməmmədin yaradıcılığına mini-modern monoqrafik tədqiqat miqyasında müraciət etməsini də təsadüf hesab etmirik…
Şahməmməd 30-a qədər kitabın, 5 cildlik “Seçilmiş əsərlər“in müəllfi olmasına baxmayaraq, nədənsə, müəyyən dərəcədə fəal, cari, professional və səriştəli ədəbi tənqidin diqqətindən qismən kənarda qalıb. Onun barəsində ara-sıra, bir növ ötəri şəkildə danışılmışdır… Xüsusən Bəxtiyar Vahabzadə, Tahir Taisoğlu, İsgəndər Etibar, Məmməd Aslan, İlyas Tapdıq, Məstan Günər, Zülfüqar Şahsevənli və başqa sənət dostları yeri düşdükcə onun yaradıcılığını qiymətləndirmişlər, fikir və mülahizə söyləmişlər.
Lakin ədəbiyyatşünas-tənqidçi Qurban Bayramov vaxtilə onun haqqında yazdığı “Qəlbini nar təkin kağıza sıxan şair“ (1998) həcmli məqaləsi ilə professional tənqidin Şahməmmədin zəngin yaradıcılığına qarşı bu dırnaqarası “biganəlik“ buzunu müəyyən dərəcədə sındırmış, “Poeziyanın sirri…“ mini-modern monoqrafik tədqiqatı ilə ədəbi ictimaiyyətin diqqətini bu maraqlı şairin yaradıcılığına yönəltmişdir.
Tədqiqatçı-tənqidçi Qurban müəllim Şahməmmədin yaradıcılığını ümumən belə səciyyələndirir və əsərin müxtəlif yerlərindən gətirdiyimiz fraqmentlərə diqqət yetirək:
“Şahməmməd ruhən şairdir, qəlbən şairdir və ürəyində, içində Allah sevgisi, torpaq, Vətən sevğisi, insan sevgisi, söz sevgisi var. Şirvan torpağının yetirməsi olan bu istedadlı şair həyatda sevinc və kədər üzərində köklənməyi, sarı sim üstə “Şirvan gözəlləməsi“ ahəngində ötməyi bacarır…
…Həmçinin 60 ildən artıq ömrünün 45 ilini qələmə, sözə ləyaqətlə sərf edən təcrübəli bir sənət sahibinin bugünkü bir çox gənc şairlərimizdə “defisit“ olan sözə qarşı məsuliyyət hissini xüsusi qeyd edərdim…
…Şahməmmədin “Bahar çiçəkləri“ (1982) – şərikli, “Dünyamız ağ göyərçin“ (1984) – şərikli, “Dağlar, səndə nəyim qaldı“ (1990), “Pyeslər“ (1991) – şərikli, “Nastalo vremya“ – rusca (1994), “Sevməsəydim, yaşamazdım“ (1995), “Xatirələr ocağının işığında“ (1997), “Həyəcan dolu 5 il“ (1998), “Çaylar geri dönmür“(1999), “Yerlə göy arasında“ (2001), “Şuşa nəğmələri“ (2001) – şərikli, “Ləngəbiz“ (2003), “Azərbaycan oxusun“ (2003) – şərikli, “İldırımlar qanadında“ (2006), “Yollar“ (2007), “O sevgini unutmaq olmur“ (2008), “Bu gün açılacaq yaylım atəşi“ (2008), “Nəğmələr dünyası“ (2008), “+994552010290“ (2009) və digər şeir, nəsr, publisistik kitabları, 5 cildlik “Seçilmiş əsərlər“ (2009) külliyyatıında əksini tapan bütöv yaradıcılığı məhəbbət yüklü poetik karvandır. Bu karvanın sarvanı isə “onun dumduru göylərə açılan ürəyidir“:

Sarvanımız igid olub, udmuşuq biz,
Sarvanımız naşı olub, uduzmuşuq.
Bu dünyanın nələrini dadmışıq biz,
Düz yolda da bəzən elə yol azmışıq.

Qılınclardan keçiriblər bu karvanı,
Azalmışıq, ələnmişik, qorxmamışıq,
Qoparıblar əlımızdən halal varı,
Halallığın dünyasından çıxmamışıq.

Nəhs günlərin acısını dadmışıq biz,
İradəmiz basılmayıb, alınmayıb.
Ümidlərdən yapışıbdır əllərimiz,
Amalımız tonqallara qalanmayıb.

…Şahməmməd həmişə ürəyinin, ruhunun gerçəklikdən oxuduğu, qəlbinin gözü ilə gördüyü, duyduğu, yaşadığı, yanıb-qovrulduğu hissləri, poetik etirafları əsərlərinə gətirdiyindən onun şeirləri oxunaqlıdır, duyumludur…
…O öz şair ömrünün mahiyyətini, mənasını, cövhərini şerə çevirməyi bacardığından şeirlərində özünəməxsus yaşantısı, duyğusu, öz ağrısı olan bir şair ömrü şeirləşib, başqa sözlə desək, şair ömrü şeirdə, şeir ömrü şairdə reallaşa, əbədiləşə bilib və baxımlı, duyumlu poetik xatirələr tablosu yaranıb:

Keçən ömrüm hardan gəldi, hara getdi?
Keçən ömrüm rəqəmlərin toplusudur.
Doğan-doğdu, ölən-öldü, itən-itdi,
Keçən ömrüm xatirələr tablosudur…

Şahməmmədin oxucularına təqdim etdiyi 5 cıldlik “Seçilmiş əsərlər“ toplularını sevinclərdən, sevgilərdən, kədər və iztirablardan keçən məhsuldar və həssas şair ömrünün dəyərli, lirik lövhələrini əks etdirən, “yerlə göy arasında“ qanad çalan, ürəyi daim söz sorağında çırpınan istedad sahibinin söz və qələm fırçası ilə cəkilmiş 5 tabloya bənzətmək olar!..

Ürəyim çırpınır söz sorağında,
Sözü zərrə-zərrə çəkəsiyəm mən.
Bir həsrət yaşayır könül bağımda,
Nə qədər canım var, çəkəsiyəm mən.

Bir heyrət heykəlı yondurub bahar,
Dağlara don biçib, yan durub bahar.
Gülləri şam təki yandırıb bahar,
Bir çiçək çök desə, çökəsiyəm mən.
Buradakı obrazların klassik biçimi və ifadə yeniliyi ilk baxışdan diqqəti çəkir. Başqa sözlə, Şahməmməd klassik obrazlara, təşbehlərə təzə ifadə tərzi, oriyinal yozum verməyi bacarır. Bu da ondan irəli gəlir ki, Şahməmməd klassik ədəbiyyatı sevir, duyur, ruhunda, damarında genoloyi kod kimi gəzdirir və ənənə ilə müasirliyi yaradıcılığında qovuşdura bilir.
Şahməmmədin şeirləri həyatın poeziyasıdır və özü dediyi kimi, onun şeirləri öz şirəsini, öz mayasını təbiətdən, doğma torpaqdan alır. Şahməmməd “Yollar…“ memuar-povestində yazır:
“Çoxları kimi, mənim də ilk şeirlərim öz şirəsini, mayasını təbiətdən, doğma torpaqdan, atama, anama və insanlara olan məhəbbətdən götürürdü. Təbiətin fəlsəfəsini, qanunauyğunluqlarını, təkraredilməzliklərini ictimai hadisələrə nisbətən daha tez duyurdum və duyduqlarımı, düşündüklərimi şerə gətirməyə çalışırdım. İlk şeirlərimin mayası olan təbii hadisələr və bu prosesləri müşahidə qabliyyətim ondan irəli gəlirdi ki, körpəliyim, usaqlığım dağların qoynunda, qoyun-quzu örüşlərində, taxıl zəmilərində, biçənəklərdə, giləmeyvə kollarının caynaqlarında keçib…“
Yaxşı ki, bütün bunlar onun yaradıcılığına hopub… Elə buna görə də onun şeirlərindən taxıl zəmilərinin bərəkətli ətri gəlir; laləli, çiçəkli, yoncalı biçənəklərin yel vurduqca tellənən lacivərd dalğaları görsənir onun şeirlərindən; bütün Şirvan dağları boylanır onun şeirlərindən…“
Qurban müəllım “Poeziyanın sirri…“ kitabını şirin, oxunaqlı, cəlbedici emosional bir üslubda qələmə almışdır. Ədəbi-estetik, nəzəri qiymətlərini bədii faktlarla sübuta yetirdiyindən oxucusunu bütün arqumentlərinə inandıra bilir və təkcə şair Şahməmmədin deyil, ümumən poeziyamızın poeportretini canlandıra bilir…
“Poeziyanın sirri…“ kitabında ilk dəfə qarşılaşdığım iki anlayışa da diqqəti yönəltmək istərdim. Ümumiyyətlə, Qurban Bayramov bir tənqidçi kimi elmi-nəzəri, ədəbi fikirlərində həmişə yeniliyə, təzəliyə, oriyinallığa can atır. Burada da o, tədqiqatının ədəbi yanrını cox oriyinal şəkildə müəyyənləşdirir – “mini-modern monoqrafiya“!.. Həmçinin biz tənqiddə “ədəbi portret“ yanrının olduğunu bilirik və bu anlayış ədəbi sferaya çoxdan daxil olub. Qurban müəllim isə tənqidə poeportret adı ilə tamamilə yeni, oriyinal bir anlayış gətirməklə həm də yeni bir ədəbi-tənqidi məqalə, tədqiqat forması gətirmiş oldu…
Qurban Bayramov “Poeziyanın sirri…“ əsərini aşağıdakı səmimi fikirlə bitirir: “Mən Şahməmmədin yaradıcılığını belə gördüm, belə dərk etdim və beləcə də şərhə çalışdım… Sətirlər içindən boylanan Şahməmmədin poeportretini, şair obrazını ədəbi sözün gücü ilə canlandırmağa cəhd elədim və mənə elə gəlir ki, bəqədri-qüvvə buna nail oldum… Təkcə Şahməmmədinmi?!. Şahməmməd bir qələm sahibi kimi bizim müasirimizdir, qələm dostumuzdur, bizim çiyindaşımızdır, sıranəfərimizdir, mənəvi qohumumuzdur, bizim birimizdir. Bu mənada bu mini-modern monoqrafiyada hamımızdan nəsə var… Deməlı, elə hamımızdan yazmışam və bu əsər hamımıza həsr olunub… Allah hamımızı qorusun, bir-birimizə olan istəyimizi, məhəbbətimizi artırsın!.. Amin!!!“
Kitabı oxuyub qurtarandan sonra biz də bu qənaətə gəldik ki, “Poeziyanın sirri…“ mini-modern monoqrafiyası bir kitab təkin hamımızın kitabıdır və poeziyanı sevən oxucularımız, ədəbi ictimaiyyətimiz, poeziya problemləri ilə məşğul olan gənc tədqiqatçılarımız, elə hamımız üçün maraqlıdır…
Aydın Dadaşov,
filologiya elmləri doktoru,
professor. 2009

YAZARLAR.AZ

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru