Keçib boğazımız gəlib kəndirə,
Dərdimiz bəllidir, dərman tapılmır.
Evin dalındakı qərib təndirə,
Gör neçə zamandır çörək yapılmır
Bu uzun-uzadı ömür yolunda,
Anamla qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.
Qaçanda ağlayan uşaq səsinə,
Əlindən birbəbir düşüb kündələr.
Beləcə böyüdüb anam bizləri,
Qəlbinin odunda bişib kündələr
Təndirin tüstüsü çıxanda başdan,
Anam gözlərindən su çiləyibdi.
Küt gedən kündəni ovutmaq üçün,
Ərkyana təndiri şillələyibdi.
Əyninə özgə don geyməyən anam,
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.
Doğma anasıtək sevib təndiri,
Könlünə şipşirin ovqat olubdu.
Anam getməyəndə təndirə yaxın,
Təndirin sinəsi çat-çat olubdu.
Kündələr üstündə qıvrılan əllər,
Bəs bu gün görəsən nələri anır?
Bir zaman təndirdə qovrulan əllər,
İndi ehtiyacdan alışıb-yanır.
Analar neyləsin, Allahın altda
Bir az da çoxalıb um-küsüləri.
Əriyən, azalan ömürləritək,
Azalır dam altda un kisələri
Təndir anam kimi doğmadır mənə,
Mən onu müqəddəs ocaq sanacam.
Gün gəlsə olmasa anam həyatda,
Günb gəlsə olmasa anam həyətdə
Mən yanıb, közərib təndirdən betər,
Qaçıb o təndiri qucaqlayacam.
Anam bölə bilər bir tikəsini,
Anam mərd önündə dizin qatlayar.
Damdan əskiltməyin un kisəsini,
Amanın günüdü, anamdan qabaq
Həyətdə təndirin bağrı çatlayar.
Müəllif: Fərqanə Mehdiyeva
Allah rəhmət eləsin…
#fərqanə_ana #fərqanə_mehdiyeva #fərqanənin_şeirləri
#fərqanənin_əziz_xatirəsinə #fərqanə #fərqanəmehdiyeva
YAZARLAR.AZ
====================================================
ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:
GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR
“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI
<<<<XİDMƏTLƏR>>>>
Təqdim edir: Zaur Ustac
WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ