zaur sahil

ZAUR   SAHİLİN   SÖZ   DÜNYASI

Əsgər
 
Hər əsgər bir hərifdir,
Düzülüşü şeirdir.
Hər addımı tərifdir,
Hər baxışı sehirdir
 
Misra-misra görünür,
Heca vəzni içində.
Bir ürək tək döyünür,
Dözmü, əzmi içində.
 
Əynindəki paltarı,
Göy qurşağın andırır.
Çiynindəki qatarı,
Silahını yandırır.
 
Hər zaman dava edir.
Soyuqlarda üşümür.
Bürkülərdə təntimir.
İrəli! – deyib gedir,
Geri dönmək düşünmür.
 
lll
 
Hər gün atdığım
güllələrin məsafəsi qədər
yol gedirəm.
Şuşaya çatanda, dayanacağam.
Vaqif babam, Natəvan nənəm,
Evinizə qonaq gəlib,
Dönüb ev yiyəsinə
yanınızda qalacağam.
 
 
lll
Ürək TANRI tərəfindən,
İnsanın içərisinə yerləşdirilmiş,
Bir bombadır.
Onun partlaması üçün,
Qurulan vaxt ərzində
yaşayır insan.
 
lll
Bizim hərbi hissə.
 
Bizim hərbi hissə dəniz kimidir,
İçini binalar gəmi tək bəzər.
Mavi düzənlikdir sıra meydanı,
Dənizin içində adaya bənzər.
 
Əsgərlər şütüyür binalarına,
Qalxdıqca qalxırlar göyün üzünə.
Birinin gözləri dalğa qoparır,
Birinin əks olur dəniz üzünə.
 
Əsgərlər dənizi dalğalandırır,
Fırtına qopanda döyüşür onlar.
Atdığı güllələr quma çevrilir,
Sahilə çatanda görüşür onlar.
 
lll
 
Xəzər
 
Bakı küləyidir xəzərin səsi,
Əsər qulaqlardan gözlərə kimi.
Öpər dodaqlardan sözlərə kimi.
Dalğalı bir dəniz-dalğalı ürək.
Hər ikisi bir ritmin havasın çalar.
Mənimdə ürəyim səninki kimi,
Dənizə qovuşub dənizdə qalar.
 
lll
 
YERİNDƏ
 
Gecələr yuxu görürəm,
Gündüzlər qorxu görürəm.
Var olan yoxu görürəm,
Qəlbimin dərin yerində.
 
Dərdimin pənah yeri var,
Yaralı bir ah yeri var.
Hamının günah yeri var,
Şeytanın, şərin yerində.
 
Sevirəm gülüm ağlayır,
Dözürəm zülüm ağlayır.
Bir qərib ölüm ağlayır,
İgidin, ərin yerində.
 
lll
SAXLA GÖRÜM
 
Ay bizi havalı edən,
Dumani saxla görüm.
Ucuzu bahalı edən,
Zamanı saxla görüm.
 
Əl qıranın əlindən,
Səhv deyənin dilindən,
Insanın əməlindən,
Yamanı saxla görüm.
 
Qoyma güllər soluxsun,
Qoyma gözlər doluxsun,
Qoyma kimsə darıxsın,
Gümanı saxla görüm.
lll
Atam sağ gözümdü,
Anam sol gözümdü.
Anam öləndən sonra,
Bu dünyaya iki gözümlə
baxa bilmirəm.
Sağ gözümlə bu dünyanı,
Sol gözümlə o dünyanı
görürəm.
 
lll
 
Anamın göz yaşını
görməyim deyə.
Yağışlı havada
öləcəyəm mən.
Qoşulub yağışa
güləcəyəm mən.
Məzarım uşaqkən
qazıldığı üçün,
Öləndə uşağa
dönəcəyəm mən.
 
lll
 
Gözlərim Atam kimi,
Ürəyim Anam kimidi.
Dilim uşaqlığım kimi
Gözlərimlə ürəyimin
Arasında qalıb.
Dilimi yumşaltdıqca
Gözlərimdən yaş düşür,
Ürəyimə daş düşür.
Bu dünyanın göz yaşı,
O dünyanın daşıymış.
 
lll
 
Vətən bir güzgüdü.
Ancaq qürbətə çəkilib,
Özünü vətəndə
görə bilərsən.
 
Qürbətdən məktub
 
Qürbətin yolları nə uzun imiş,
Çatmır vətənə ki, gedəm evimə.
Atam kəndimizdən, Anam məzardan,
Sevgilim şəhərdən gələ, sevinə.
 
lll
 
Mən düşdüyüm qürbət ilə
Vətənin arasında
Yarım saat fərq var.
Bu fərq,
Qürbəti vətənə sarı qovub,
Yarım saat qürbətdə,
Yarım saat vətəndə,
Yaşamaq deməkdi.
İncimə, vaxtından tez gəlsəm.
 
lll
 
Ağlayan vaxtlarımda
Göz yaşlarımdan islanan torpaq
Bir gün də sən ağlayacaqsan
Mən islanacam göz yaşlarında
Bax onda istəmirəm
Qəbrimin gözləri
Yaşlı olduğunu
Kimsə görsün.
 
lll
 
Qışın soyuğuna,
Yayın istisinə baxmayın.
Qış yaydan varlı olur,
Qışın günəşi, yağışı, qarı, küləyi,
dumanı-çəni, şaxtası-buzu var.
Yayın təkcə günəşi var.
 
lll
 
Oğlum və qızım üçün
 
Hər zaman yuxularda
qarşılayardım günləri.
İndisə, oyaq qarşılayıram.
Sizə çatmaq üçün, balalarım.
Hər gün bir pillədi
Qalxıram Sizə doğru.
 
Məni bəlalardan qoruyan balalarıma…
Göylərdən tökülən qar dənələri,
Atılan topların qəlpələridir.
Atalar, Analar heç qorxmasınlar,
Onları qoruyan körpələridir.
Layla bir duadır,körpə eşidir,
Dönüb Tanrısına təşəkkür edir.
Hamı gələ-gələ dünyadan gedir,
Onları qoruyan körpələridir.
Bütün musiqilər qavala gəlir,
Ömür bir cavabdır, suala gəlir,
İnsanlar gündə bir zavala gəlir,
Onları qoruyan körpələridir.
 
lll
 
Yalnız, ürək
ürəyə dəyəndə,
gözdən çınqı çıxar.
Bağışla,
ürəyim ürəyinə dəyə bilmədi,
gözüm gözünə
həsrət qaldı.
 
lll
 
Bilirəm,
İndi boş qalan yastığım
Göz yaşınla doludur.
Sanki, mənəm deyə,
Hər gün göz yaşını
qucaqlayıb yatırsan.
Mənsizlik lay-lay deyir
Sənsizliyə.
 
lll
 
Adam boyda adamsan,
Küçə boyda küçəsən.
İçindəki adamdan,
İçindəki küçəyə,
Ümid boyda cığır var.
Hər gün sənçün darıxan,
Adam kimi yetim var,
Küçə kimi fağır var.
 
lll
Bir ovuc daş kimi,
Günlər girib ömrümə.
Barmaqlarımın arasından,
Bir-bir düşür könlümə…
 
lll
 
Uçdu gözlərimin yaş dənələri,
Getdi buludlara qondu,dayandı.
Düşdü buludlardan daş dənələri,
Gəldi ürəyimdə dondu, dayandı.
İmanım göylərə, ümidim yerə,
Gəlmişdim dünyadan gül dərmək üçün.
Tikanlar ömrümü nöqtələdilər,
Gedirəm, dünyanı güldürmək üçün.
 
lll
 
 
Dənizlər, okeanlar,
Dünyanın saçlarıdır.
Torpaqlar canı, qanı,
Ağaclar qıçlarıdır.
 
İnsanlar sinəsində,
Döyünür ürək kimi.
İnsanlar ürəyində,
Görünür dilək kimi.
 
İçində külək əsir,
Nəfsində bulud yatır.
Yaxşısı hey tələsir,
Pisində umud yatır.
 
Gündüzü günəş adlı,
Həyatdı baxışları.
Gecəsi ay qanadlı,
Ölümdü göz yaşları.
 
 
 
20 Yanvar günü
 
Qanlı şənbə…
Şəhidlərin başı üstə
Başdaşı tək dayanmışdı Azərbaycan.
Gözlərindən su yerinə qan axırdı,
Qan rənginə boyanmışdı Azərbaycan.
 
Əsarətin zəncirini qırmaq üçün,
Azadlığın naxışını vurmaq üçün,
Yeni dövran, yeni dünya qurmaq üçün,
Yuxusundan oyanmışdı Azərbaycan.
 
Yaraları gizildədi sinəsində,
Min illərin səsi vardı nəfəsində…
Azadlığa gedən yolun gur səsindən
həsrətini soyunmuşdu Azərbaycan.
 
lll
Anamın əziz xatirəsinə.
 
Mən gözümü açandan,
Gözüm sənə vurulub.
Görsənmisən bulaq tək,
Gözlərimdə durulub.
 
Ölən gündən,gözümdə,
O bulağa həsrətəm.
Sən ölməyə getmisən,
Mən ölməyə həsrətəm.
lll
 
Yollar…Yollar
 
Körpə-körpə arzularım
Ürəyimdə qaldı, ana.
Sən məzara gedən gündən
Dərdin, qəmin ayrılığın
İçimdə yurd saldı, ana.
 
Sənsizliyin ağırlığı
Çəkilməyən yük kimidi.
Sənlə mənim aramdakı
Yollar daha tük kimidi…
 
lll
 
Ünvanımız Şuşadı !…
 
Bu -biz,
Bu da səngər…
Burda hər əsgər
Qürurda elə bil bir uca dağdır.
Hər gün atdığı güllələrin
məsafəsi qədər yol gedir,
Şuşaya çatanda dayanacaqdır…
 
lll
Torpağa qovuşmuş,
Sarı sevgi kimidi.
Payız vaxtı,
Ağacdan düşən yarpaq.
 
lll
 
Gecə dilim-dilim
Doğrayıb ayı.
Yeyib-yeyib
Bir dilimin saxlayıb.
Damla-damla qanlarıdı
ulduzlar.
 
llll
Əsgərlərim döyüş əmri gözləyir.
 
Əsgərlərim silah geyib çiyninə,
Qələbəyə ünvanlanıb addımı.
Müraciət ,,Komandir,, di…
Heç biri unutmaz ki, soyadımı, adımı.
 
Əsgərlərim-qələbənin təşnəsi,
Arzuları saralmaz ki, saralmaz.
Təbiətin axşam çağı gəlibdi,
Bu gecənin ağ işığı qaralmaz.
 
Əsgərlərim döyüş əmri gözləyir,
Lələtəpə mayakımız olubdu.
Apreldəki döyüş bizi gözləyir,
Səbrimizin kasaları dolubdu.
 
lll
 
Diləmişəm istədiyim arzunu,
Əynimdəki libas belə arzudu.
Dırnağımla yer eşirəm özümə,
Bu həyatdı, başdan-başa ruzudu.
 
Dünən payız həvəsliydim, deyəsən,
Ürəyimdə saralmışdı arzular.
Təbiətin axşam vaxtı gəlmişdi,
Gözlərimdə qaralmışdı arzular.
 
Əsgərlərim silah geyib çiyninə,
Barıt kimi atırdılar addımı.
Hey komandir desələr də adıma,
Soruşuram,unutmurlar adımı.
 
Qarabağa qara-qara gedirdik,
Lələtəpə mayakımız olubdu.
Apreldəki döyüş bizi gözləyir,
Səbrimizin kasaları dolubdu.
 
lll
 
Ürəyim ağrıyır!
Ölüm, o dünyanın qabağında saxlayarsan düşəcəyəm!!!
 
lll
 
Əslində yollar uzun deyil,
Addımlar uzun.
Əslində addımlar uzun deyil,
Adamlar uzun.
Boyumun çatdığı qədər görüb,
yaşayıram həyatı.
 
lll
 
Anamın sevgisi.
 
Anam deyərdi-
Yalnız, səni yaşamağa gətirdim.
Beşik-tabuta,
Layla-oxşamaya,
Yatmaq-ölümə
bənzədiyi üçün.
Bunları, sənə qıya bilmədim.
 
lll
 
 
Belə görürəm həyatı.
 
Yollar uzun deyil ki,
Addımlar uzundu.
Addımlar uzun deyil ki,
Adamlar uzundu.
Addımların təzəsi,
köhnəsi,
boyatı…
Boyumun çatdığı qədər
görürəm həyatı.
 
lll
 
Körpə-körpə arzularım,
Ürəyində getdi, Ana!
Sən məzara gedən gündən,
Analığın bitdi, Ana!
 
Sənsizlyin ağırlığı,
Ürəyimə yük kimidi.
Sənlə mənim aramdakı,
Yollar indi tük kimidi.
 
lll
 
 
Mən özümdən uça-uça,
Gəlib sənə qonammadım.
Ürəyimi yontaladım,
Kədərimi yonammadım.
 
Sarı sevgi,sarı güldü,
Yarı sevgi,yarı güldü.
Kirpiklərin pərdə,tüldü
Gözlərimə,yanammadım.
 
Arzum qəmə şərik kimi,
Ruzum mənə ərik kimi.
Atı mindim,tərik kimin?
Qandım-qandım,qanammadım.
 
lll
 
Bir arzu tutdum
 
Çəkdim gözlərimə səni bu gecə,
Payızın saralan havalarıyla.
Sənin sevincinlə, mənim qəmimin,
Uyuşa bilməyən davalarıyla.
 
Səni itirməyin qorxusu yoxdu,
Səni tapmağımın qorxusu qədər.
Mənim gözlərimin yuxusu yoxdu,
Sənin gözlərinin yuxusu qədər.
 
Gecənin içində gündüzü tapdım,
Hardasa gözümün yaşından keçir.
Yenə ürəyimdə bir arzu tutdum,
Sənin ürəyinin başından keçir.
 
lll
 
Əsgər
 
Hər əsgərin yerişi,
Oxunmamış şeirdi.
Baxışları səngərə,
Söykənikli sehrdi.
 
Misra-misra görünür,
Heca vəzni içində.
Ürək kimi döyünür,
Əsgər əzmi-içində.
 
Bürkülərdə təntimir,
Soyuqlarda üşümür.
,,İrəli !,, – deyib gedir,
Geri dönmək düşünmür…
 
 
Ana.
 
(İlk mətbu şeirim – 2006 iyul “Sözün işığı” jurnalı.)
 
Günəş olub başın üstə saçaram,
Çiçək təki yollarında açaram,
Uşaq kimi ağuşuna qaçaram,
Təki, məni yad etməyə gəl, Ana.
 
Bu ayrılıq bizə düşmən qurğusu,
Ağlımada gəlməzdi heç, doğrusu.
Nə yamanmış yetimliyin ağrısı,
Təki, məni yad etməyə gəl, Ana.
 
İstəyirəm, bu günümdə gələsən,
Əhvalımı gözlərinlə görəsən.
Zaur, sənsiz, gör nə çəkir, biləsən,
Təki, məni yad etməyə gəl, Ana.
 
***
Şirin xatirə tək kömlümdən keçir.
 
Nə qədər qoşardı nəğmə adıma,
Həmişə çatardı o,imdadıma,
Anamın laylası düşüb yadıma,
Şirin xatirə tək könlümdən keçir.
 
Beşikdə laylamı çalardı, anam,
Həmişə qayğıma qalardı, anam,
Dar gündə həyanım olardı, anam,
Şirin xatirə tək könlümdən keçir.
 
Müqəddəs sözümdü,səsimdi,ana,
Həyatda ən əziz kəsimdi,ana.
Nə dərdim qovuşa bilsəydim ona,
Şirin xatirə tək könlümdən keçir.
 
***
Ən gözəl şeir.
 
Ana çalır laylasını,
Əzizləyir balasını.
Körpə ana qucağında,
Yaşayır öz dünyasını.
 
***
Vətən mənim ürəyimdən keçən yol,
Qoruyuram ürəyimdə vətəni.
 
***
Tarixim daşlardan pozulur, yaman,
Həqiqət min yerə yozulur, yaman.
Bəs niyə sorğuma hay vermir zaman,
Dilimi yandıran sözüm ağlayır.
 
Qalıb əsirlikdə Şuşam, Füzulim,
Xocalı dərdindən bükülüb belim,
Çatmır Kəlbəcərə, Ağdama əlim,
Dözürəm içimdə dözüm ağlayır.
 
***
Son döyüş.
 
Daha yetər, susmayacam,
Torpağımı alanacan.
Daha yetər, durmayacam,
Bir olunca Azərbaycan.
 
Atılıram son döyüşə,
Ələ alıb silahımı.
Vuruşacam, qələbəylə
Açacağam sabahımı.
 
Barışmaram, torpağımın
Bir qarışı yadda qalsın.
Zəfər marşı çalmayınca,
Ölsəm, qəbrim odda yansın.
 
***
Salam, kəndim
 
Gör nə vaxtdır səndən uzaq bir yerdəyəm,
Heç demirsən harda idin balam, kəndim.
Qəlbim yaman həsrət çəkib səndən ayrı,
Darıxmışam səndən ötrü qalam kəndim.
 
Yadındamı necə dəcəl uşaq idim,
O zamanlar hər bir şeydən uzaq idim.
Bax görürsən təzələndi köhnə dərdim,
Gəldim yenə səninlə bir olam kəndim.
 
Min xəyalla gəzdim səni qarış-qarış,
Qonaq oldum neçə yerdə çağrılmamış.
Kim gördüsə ehtiramla dedi alqış,
Söylədilər xoş gəlmisən, salam, kəndim.
 
Dedim hanı eşq bağçamda bülbül olan,
Həsrətimdən qəmli, solğun bir gül olan.
Yoxsa o da dönük çıxdı, oldu yalan,
Gəldim, onu toy eyləyib alam, kəndim.
 
***
Bu bahar sevgimiz çiçək açmadı,
Doyunca sevinib gülmədik yenə.
Əsdi aramızda soyuq küləklər,
Səninlə qovuşa bilmədik yenə.
 
Bu sevgi bağında bülbül olaydım,
Çiçəklər dövrəyə alaydı məni.
Sənin həsrətinlə hey oxuyaydım,
Nəğmələr yadıma salaydı səni.
 
***
Gözəl
 
Əlvida deməyə dilim də gəlmir,
Bilirəm nə vaxtsa görüşəcəyik.
Məhəbbət bağımda solan gülləri,
Yenidən göyərdib biz dərəcəyik.
 
Sən mənim ömrümə yaz tək gəlmisən,
Sevgi çiçəyini dərmişəm səndən.
Çəkdiyim həsrətlər yadımdan çıxıb,
Tək dərdim olmusan səni sevəndən.
 
Gecələr yuxumda görürəm səni,
Gündüzlər gəzsəm də görə bilmirəm.
Əlimi uzadıb nə vaxtdan bəri,
O qara telini hörə bilmirəm.
 
Sanma ki, Zaurun qəlbi incikdir,
Hər zaman tək səni anıbdır, gözəl.
Bir quşun budağa qonduğu kimi,
Eşqidə qəlbinə qonubdur, gözəl.
 
***
Son dəfə.
 
“Sağ ol” dedim son dəfə mən,
Məni sevən gözəl yara.
Əl uzatdım, əl vermədi,
Qırıl, -dedim bu qollara.
 
Vəfasızlar cərgəsində,
Onu bil ki, durmamışam.
Sadəcə, mən ürəyimdə,
Sənə sevgi qurmamışam.
 
Eşitdikcə bu sözləri,
Yandı onun bağrında qəm.
İnanmaram, -dedi, -buna,
Çıxıb getdi gözündə nəm.
 
***
Mənim də zamanım gələcək bir gün.
 
Qərib durnalar tək gəzirəm indi,
Didərgin düşmüşəm mən öz yuvamdan.
Uşaq tək ağlağan kövrək olmuşam,
Təkcə qələmimdir məni ovudan.
 
Qum üstə göyərən çiçək kimiyəm,
Qoxlanan deyiləm, qoy dərməsinlər.
Elə bir gündəyəm, haldayam ki, mən,
Mənimçün ağlayıb ağı desinlər.
 
Mənim də zamanım gələcək bir gün,
Onda pöhrələnib boy atacağam.
Hamının burnunda qoxlanan çiçək,
Hamının gözündə nur olacağam.
 
 
Təmiz qadın.
 
Nədir gözlərində o sual, qadın?
Məndə o suala cavab gəzirsən?
Bir gör ki, dünyanın hansı vaxtıdı,
Günahkar adamda savab gəzirsən.
 
Mən də çirkinliyə batan biriyəm,
Hiss etsə, milçək də qonmaz üstümə.
İstəsən, qəlbimi verə bilərəm,
Ancaq gəl təmizlik, saflıq istəmə.
 
Çalış qoruyasan təmizliyini
Natəmiz dünyadan, a təmiz qadın.
Oyunlar içinə düşə bilərsən,
Oyuncaq adlanar o gözəl adın.
 
***
 
İLAHİ, görəsən, o qız hardadır?
 
Həmişə yanımda əzizdi xətri,
Ruhuma hopubdu bənövşə ətri,
Yaman darıxıram o, qızdan ötrü,
İLAHİ, görəsən, o qız hardadır?
 
Hər məni görəndə uşaqlaşardı,
Qaçaraq üstümə qucaqlaşardı,
Sevgisi bulaq tək aşıb-daşardı,
İLAHİ, görəsən, o qız hardadır?
 
Bir istək içimdə haray qoparar,
Məni məndən alıb ona aparar,
Bağlanar üzümə həsrət qapılar,
İLAHİ, görəsən, o qız hardadır?
 
***
 
Heç.
 
Söz vaxtına çəkər deyən,
Söz vaxtına çəkmədi heç.
Öz bəxtindən inciyənlər,
Öz bəxtinə çəkmədi heç.
 
Doğmanında yadı varmış,
Zəhərində dadı varmış,
Soyuğunda odu varmış,
Köz bəxtinə çəkmədi heç.
 
Damarımda qan dayanmır,
Ürəyimdə can dayanmır.
Mən yanıram odda, yanmır,
Öz bəxtimə çəkmədim heç.
 
***
 
Bulud qız.
 
Dünən gözlərimə toxunan qızın,
Bu gün ürəyimdə yeri görünür.
Dilimdə nəğmə tək oxunan qızın,
Hər gün ürəyimdə şeri hörülür.
 
Uçub yanağına qonan ilhamım,
Onun təbəssümü olmaq istəyir.
Tək ona sonsuzdu sevgi inamım,
Girib ürəyində qalmaq istəyir.
 
Arzular könlümün ulduzlarıdı,
Xəyalım onundu, o da mənimdi.
Buludlar göylərin şeh qızlarıdı,
O qız da bulud tək şeh çəmənimdi.
 
***
 
Əsgər çəkmələri.
 
Hər addım atdıqca,
əsgər çəkmələrimdən səda gəlir:
-İstiqamət Qarabağ!
Qarabağa gedirik.
Mən bəzən yorulub
asta yeriyəndə.
Çəkmələrim ayaqlarımdan çıxıb,
Qaçmaq istəyir.
O yerimək yox,
Uçmaq istəyir.
 
***
 
Sərhədçi dostlarıma.
 
(Əziz Cənab Polkovnik Xalid Müəllimə.)
 
Sərhəd ürəyimizdi,
Tellərindən bilinir.
Sərhəd gərəyimizdi,
Ellərimdən bilinir.
 
Çiyninə silah alıb,
Dayanan sərhədçidi.
Biz yatırıq rahatca,
Oyanan sərhədçidi.
 
Hər yeri bütöv görür,
Gözləri xəritədi.
Hər addımı, yerişi,
İzləri xəritədi.
 
O, gələni qoruyur,
O, ötəni qoruyur.
Vətən ona əmanət,
O, vətəni qoruyur.
 
 
 
Qəlbimdəsən…
 
Gözün gözlərimin rənginə hopub,
Rəngi gözlərimin rəngi qədərdi.
Sənin sözlərinin hər çağırışı,
Harayı ,,Ruhani,, , ,,Cəngi,, qədərdi.
 
Havadan asılan bulud kimisən,
Buluddan süzülən bulaqsan, gülüm…
Sənə əlim çatmır…
Qəlbimə-yaxın,
Hələ gözlərimdən uzaqsan, gülüm…
 
*
*
Hər addım atdıqca,
əsgər çəkmələrimdən səda gəlir:
-İstiqamət Qarabağ!
 
*
Ağacların göz yaşları
yarpaqlarıdır.
Payız ağacların matəm çağıdır.

 

Müəllif: Zaur Sahil

===========================================

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ