SB

Güney Azərbaycan ədəbiyyatı Sayman Aruzun təqdimatında
Sayman Aruz : – “Güney Azərbaycan ədəbiyyatına dəstək olaq!”

Güney Azərbaycanın tanınmış şairlərindən  ilk olaraq hörmətli şairimiz, Muğanın qiymətli söz sərrafi Bəhruz Siddiqin şeirlərini diqqətinizə çatdırıram.

Qeyd:

Dərc edilən şeirlər Şimali Azərbaycan ədəbi dilinə uyğun olaraq redaktə edilməyəcəkdir.

1

*     *    *
Əlimdə darıxır yazdığım qələm,
Sənin həsrətindən, sənin, birdənəm!
Mən yolu qayalı, ürəyi dağlı,
Ağrı yıxılmış, qolları bağlı.
Yıxılmış diləyim “cansız kölgədə”,
Gəlişin gözləyir gülməz ölkədə.
Qapalı qapıdan, pəncərələrdən,
Haray qamçılamış həncrələrdən
Baxaraq hıçqırır bir dəli şair,
Varlıqdan acıqlı, gileyli şair.
Ağlayır, gözündən kəsilmir yağış,
Bürümüş yolları yollarca qarğış.
Bir paprız odlayır boşluğu yıxsın,
Bu təşviş yurdundan bir yana çıxsın.
Əl atır səmadan dərə ulduzu,
Dərmə, dur,- söyləyir göylərin qızı.
Öyrənir qaranlıq adlı dəhşətə,
Pambıq xəyalını basaraq şətə.
Çürümək yurduna atı yəhərli,
Gözləri kinlidir, fikri qəhərli.
Düşünür durğunluq ucuz ölümdür,
Hər cığır, hər bir iz ipək yolumdur.
Sevinmək dağların arxasındadır,
Kədər ağac üstə cuma qarğadır.
Durğunluq ölümdür, hərəkət sevinc,
Yollarda həyatım keçəcəkmi dinc?!

2

*   *    *
Çöllərə düşübdür yenə əllərim,
Başımı qəfədə (kafedə) unutmuşam mən.
Xiyaban sülənir Araz gözümdə,
Harada itmişəm, unutmuşam mən.

İtdən-itə alıb bu addımları,
Qaçıram, çöllərdə onu azdıram.
Sevgilim, ağacı basıb bağrıma,
Ölən yarpağına məzar qazdıram.

Yarpaq ağlayışı, yağış və yağmur,
Fəhlə meydanından ötüb keçirəm.
Başımdan papağı qoparıbdı yel,
Ürəyim başını ütüb keçirəm.

Hər addım başında sanki bir məzar,
Ölülər ağlayır dirilər üçün.
Paprızı paprızla öldürürəm mən,
Gövdəmin yarasın sarıyır tütün…

3

QAR YAĞIR…

Qar yağır…
Qar yağır…
Qaranlıq axşam,
Sənsizlik qanımda
axan bir ırmaq.
Qorxudan titrəyən
düşgün əllərim,
Gözlərim çayında
atıbdı
qırmaq!
Qar yağır…
Qar yağır…
Ulduzsuz axşam,
Yolların ürəyin
yeyir qaranlıq.
Küçənin
bozumtul sinəsi üstə
upuzun uzanmış
ulu cavanlıq.
Qar yağır…
Qar yağır…
Ümidsiz axşam,
Küləklər
pəncərəm yasına durmuş

Quşlar
ağacda yuva bağlamır,
Çiçəklər
qorxudan
boynunu
burmuş.

4

ŞƏHƏR SON YUXUSUNDA

Şəhər yorğun,
Şəhər dilənçidir.
Şəhər irənçi…
Gündüzlər göz-gözə yatan canavar,
bizim hekayədən
xəbərinmi var?!
Qırov
qandalında
qıvrılır
bahar.
Ağaclar qapağan,
Ağaclar harrr…

Gecə satqın bir gecə yedi,
Biz isə
qudurmuş gecənin
uduzmuşları.

5

“KÜNÜ FACİƏ”

Yıxıldım yaşamı
göz eyvanımdan.
Onda ki eşitdim,
Ümidsiz cavan,
sevgisiz,
çörəksiz,
varlığı yavan
xiyavan-xiyavan
böyrəyin satmağa
adam axtarır!
Yıxıldım,
Yıxıldım,
Durdum,

Y

I

X

I

L

D

I

M
Çapıldı gözümün
yaşıyla torpaq.
Ağrılar köksümü
deşdi
taq…
taraq…
Yağışın
altında
səfdə
duraraq
gözündə ağrının yovalanması,
yaxılıb yanması, alovlanması.
Darıxa-darıxa
sabaha gedən
bir ana da gördüm
saçları islaq.
Mən nələr eşidib,
nələr görmədim!
Qonşuda
bir qız da
özün odladı…

Mənbə: : Sayman Aruz

===========================================

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ