südabə şəfa — b

SÜDABƏ  ŞƏFA  –  SÖZ  ÇƏLƏNGİ

Salam hörmətli oxucular! Bu dəfə “SÖZ  DÜNYASI”  rubrikasının qonağı  hər kəlməsi  imzası  kimi  şəfa  olan Südabə Şəfa  dır.  Sözü sözlər içində, imzası imzalar içində seçilən  Şəfa  xanımın yaradıcılığından bir neçə nümunə təqdim edirik:

XƏBƏRİ  OLMADI  BAXIŞLARIN  DA…

Mən elə yaşadım, elə yaşadım
Qeyb olan yuxulu baxışlarında
Çiynimə ağrılı yükü daşıdım.
Xəbəri olmadı baxışların da

Mən elə yaşadım, elə yaşadım.
Döymədi qapımı bir daha bahar
Qəlbimdə qanayan yara sarıdım.
Ömür xəzinəsi vermədi nübar.

Mən elə yaşadım, elə yaşadım.
Özümü aldadıb, özümü dandım
Kədəri qəlbimdə möhürləyərək
Sarvan tək səhrada yalnız dolandım.

 

DÜNYA

Üst-başını təmizlədin.
Yamağını bərkit dünya!
Yaraların dərindədir,
Astarını tərk et dünya!

Göy üzü sən, yer üzü sən.
Bəs, nə üçün, didərginsən?
Zalımı al, sinən üstə.
Bax beləcə ərk et dünya!

Niyə belə sərt əsirsən?
Nəfəsimi hey kəsirsən.
Əbədi qalan deyilsən.
Bunu anla, dərk et dünya!

 

İNDİ  HANSI  FƏSİLDƏSƏN?

İndi hansı fəsildəsən?
Bahardasan ya qışdasan?
Mənim qəlbim buz təkidir,
Səndə belə qarğışdasan?

İndi hansı fəsildəsən?
Neçə payız bitirmisən?
Bizim xəzan illərindən
Keçən günü itirmisən.

İndi hansı fəsildəsən?
Mənim kimi darıxırsan?
Gözlərin yol çəkə – çəkə
Öz-özünə karıxırsan?

İndi hansı fəsildəsən?
Həyat mənsiz de, necədir?
Sən gedəndən inan hər an,
Ömür məndə heç-heçədir.

Müəllif: Südabə Şəfa

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ