hqdefault

MƏMMƏD   ASLAN   HAQQINDA

 

Məmməd  Aslan – Aslanov Məmməd Muxtar oğlu – Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi.

HƏYATI
Məmməd Aslan 1939-cu il 24 dekabrda Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962).

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı “Yenilik” qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədabiyyat və incəsənət” qəzeti redaksiyalarında çalışmış, “Yazıçı” nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, “Ekran-Efir” qəzetinin baş redaktoru olmuşdur.

YARADICILIĞI
Bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin “Torpağa səcdə”, qazax şairi Qədir Murzalıyevin “Bu bağda bülbüllər ötər” (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. “Şöhrət” ordeni  ilə təltif edilmişdir (2000).

Məmməd Aslan 23 sentyabr 2015-ci ildə Zaqatalada vəfat etmişdir. Masazır qəbiristanlığında dəfn olunmuşdur.

ƏSƏRLƏRİ
Dağ ürəyi (şeirlər). Bakı: Gənclik, 1969, 34 səh.
Böyürtkən böyrü tikan (uşaqlar üçün). Bakı: Gənclik, 1972, 36 səh.
Səhəri kim açır(uşaqlar üçün şeirlər). Bakı: Gənclik, 1972, 36 səh.
Səsimə səs ver (şeirlər). Bakı: Gənclik, 1978, 136 səh.
Bizdən sonra nə qalır (oçerklər, publisistika). Bakı: Gənclik, 1979, 180 səh.
Ürək möhlət verəydi (şeirlər). Bakı: Yazıçı, 1980, 120 səh.
Durnalar lələk salır (hekayələr). Bakı: Gənclik, 1982, 167 səh.
Dəvə niyə gövşəyir (uşaq şeirləri). Bakı: Gənclik, 1980, 81 səh.
Ərzurumun gədiyinə varanda (xatirələr). Bakı: İşıq, 1985, 250 səh.
Ömrün yarı yaşında. Bakı: Yazıçı, 1986, 275 səh.
Saxla izimi dünya. Bakı: İşıq, 1989, 200 səh.
Nur içində nur (şeirlər). Ankara: 1997, 128 səh.
Allahın rəsulu. Bakı: 2001, 327 səh.
Bir sultan yaşardı Sultantəpədə. İstanbul: 2003, 135 səh.

TƏRCÜMƏLƏRİ
(türkcədən)
Türk xalqlar şeirlərindən seçmələr. Bakı: Gənclik, 1980, 176 səh.
Yunus İmrə, Aşıq Veysə, iki zirvə. Bakı: Yazıçı, 1982, 137 səh.

 

 

MƏMMƏD  ASLANDAN  BİR  ŞEİR:

MƏNİM GÜNAHIM ÇOX, SƏNİN DƏ SƏBRİN

Mənim günahım çox, sənin də səbrin
Günahı səbirlə, yaxala getsin.
Pis sözün sorağı, evdən çıxmasın,
Xoş sözün sorağı mahala getsin.
* * *
Burulğana dönüb, sinəmdə ağrı,
Çəkdiyim bəsimdi, sən dinmə barı,
Kəsib qabağımı giley dağları,
Şumla bu dağları, yox elə getsin.
* * *
Bu haqdı ki, dostu gərək göz görə,
Soruşmuşam səni, gündə yüz kərə,
Məmməd səndən yenə, xoş bir üz görə
Dilindən tikanı, ovxala getsin.

Müəllif: Məmməd Aslan (Kəlbəcər)

Digər şeirləri burada: http://anl.az/el/a/am_se.pdf

YAZARLAR.AZ

====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir:  USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ