RT

RƏFAİL  TAĞIZADƏ   HAQQINDA

Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb.

Rəfail Tağızadə əmək fəaliyyətinə Bakı Elektron Hesablayıcı Maşınları zavodunda başlayıb. 1979-2000-ci illər ərzində həmin zavodda tənzimləyici, mühəndis, büro rəisi, aparıcı mühəndis, sex rəisi, konstruktor texnoloji büronun rəisi vəzifələrində çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində 1994-1996-cı illərdə zabit kimi qulluq edib. Ümid Partiyası Ali Məclisinin və Mədəniyyətlərin Dialoqu Mərkəzinin sədridir.

Rəfail Tağızadə bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. “Palitra”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetlərində lirik şeirləri, publisistik yazıları vaxtaşırı dərc olunub. Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş”,  Çağdaş polyak şeir antologiyası” kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” adlı şeir antologiyası kitabını hazırlayıb. “Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013) şeir kitablarının müəllifidir. Şeirləri ingilis, rus, polyak və ukrayna dillərinə tərcümə olunub.

Rəfail Tağızadə ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla təltif olunub. Həmçinin 2000-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatı ilə təltif olunub.

Rəfail müəllimə can sağlığı, uzun ömür, bütün işlərində uğurlar arzulayır və yaradıcılığından bir nümunə təqdim edirik. Narahat ruhlar haqqında eyni adlı şeir:

 

Narahat ruhlar

 

                                                            ( Rafiq Əliyevə)

Kimsəsiz evlərin eyvanlarından

kədərli, narahat ruhlar boylanır.

Baxışlar kiminin tək üst-başını,

mənim yan-yörəmi baxıb, yoxlayır.

Küçələr, səkilər buraxmır məni,

hər yerdə cüt, qoşa addım izləri.

Addım izlərində maqnit gücü var,

tutub ayağımdan saxlayar məni,

bağlayar özünə, bağlayar məni,

öldürüb, basdırıb, ağlayar məni…

Bu yolda, bu yerdə qəbirlər artar,

təsəlli söylənər, səbirlər artar.

Özümü bu gecə harda basdırım?

Içimdə özümə qəbir yerim yox,

bu gecə dözüm yox, səbir yerim yox…

Döşəmə daşları qəbirdi, allah…

yanaşı uzanan, yanaşı yatan,

tanımır bir-birin, nə sirdi, allah…

24.03.2013.

Müəllif: Rəfail Tağızadə

İlkin mənbə: Narahat ruhlar

<<<<<AĞDAM —-  AĞDAM>>>>>

=====================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

BÜTÜN HƏRFLƏRƏ, RƏQƏMLƏRƏ AİD YENİ ŞEİRLƏR BURADA

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ