tolstoy0

Lev Nikolayeviç Tolstoy

(1828-1910)

Lev Nikolayeviç Tolstoy 1828-ci il, avqustun 28-də Tula quberiniyasının Yasnaya Polyana malikanəsində zadəgan ailəsində anadan olmuşdur. O, ailədə dördüncü uşaq idi. Anası Knyaginya Volkonskaya məşhur zadəgan ailəsindən idi. Tolstoyun iki yaşı olanda anası vəfat etmişdi. Anası öz dövrü üçün mükəmməl hesab edilən təhsil almışdı. İncəsənətin vurğunu olan bu qadın olduqca həssas və mehriban bir insan idi. Gələcəyin dahi yazıçısı da xarakter etibarı ilə anasına çox oxşayırdı. Lev Tolstoy irsini tədqiq edənlər onun yüksək insani keyfiyyətlərini, bəşəri dəyərlərini irsi yolla anasından əxz etdiyi  qənaətindədirlər. 1812-ci ildə baş verən Rusiya-Fransa müharibəsinin iştirakçısı olmuş və 1837-ci ildə vəfat edən Tolstoyun atası rəhmli, eyni zamanda gülməli bir xarakterə malik insan idi və oxumağı çox sevirdi.

Qeyd edək ki, anası öləndən sonra ikiyaşlı Lev və ailənin digər üzvlərinin tərbiyəsi ilə Tolstoylar ailəsinin uzaq qohumu T. A. Yerqolskaya məşğul oldu. Anadan yetim qalan Tolstoy iki yaşından bütün mehrini xanım Yerqolskayaya salmış və ona ruhən bağlanmışdı. Sonralar Lev Tolstoy Yerqolskaya haqqında belə yazmışdı: “O mənə sevgi və məhəbbətin ruhi ləzzətini dadmağı öyrətdi”.

Ona görə də sonralar yazıçı uşaqlıqda keçirdiyi məhəbbət dolu həyatını, zadəgan uşaqlarına məxsus olan ailə ənənələrini “Uşaqlıq” adlı povestində xüsusi bir sevgi ilə tərənnüm etmişdi.

Lev Tolstoyun 13 yaşı olanda ailə Tatarıstanın Kazan şəhərinə, uşaqların rəsmi himayəsi ilə məşğul olan yaxın qohumları P.İ. Yuşkovanın yanına köçdü.  Bundan 3 il sonra, 1844-cü ildə Tolstoy Kazan Universitetinin Şərq dilləri fakültəsinə qəbul olundu. Sonra isə hüquq təhsili almaq arzusuna düşərək fakültəsini dəyişdirdi. Amma o burada cəmi iki il oxuya bildi. Çünki hüquq fakültəsində dərslər cansıxıcı keçirdi və bu sonda Tolstoyu bezdirdi. Onu tərbiyə aldığı zadəgan ailəsi mühitinin təsiri altında daha çox elitaya xas olan əyləncələr maraqlandırırdı. Ona görə də o, 1847-ci ildə xəstə olduğunu bəhanə gətirərək Yasnaya Polyanadakı malikanələrinə qayıtdı. Amma Tolstoy özünə söz vermişdi ki, ekstern yolu ilə imtahan verərək hüquq təhsili alacaq. Eyni zamanda o, Yasnaya Polyanada tibbi, kənd təsərrüfatını, xarici dillərdən birini öyrənmək, dissertasiya yazmaq, təsviri incəsənətdə və  musiqidə biliklərini təkmilləşdirmək niyyətində idi.

Enerji dolu gənclik illəri

Tolstoyun Yasnaya Polyanada keçirdiyi ilk yay istirahəti ürəyincə olmadı. O, Yasnaya Polyanada darıxırdı və özünün dediyi kimi, təbiətin sirlərini, tibbi, kənd təsərrüfatını öyrənməyə həvəsi heç yox idi. O bununla bağlı keçirdiyi cansıxıcı həyatı 1857-ci ildə yazdığı “Mülkədarın səhəri” povestində geniş təsvir edib. O bu cansıxıcı həyatdan yaxa qurtarmaq üçün 1847-ci ilin payızında, əvvəlcə, Moskvaya, sonra isə Peterburqa getdi. O, burada gah gecə-gündüz bilmədən imtahanlara hazırlaşır, gah da günlərini eyş-işrətdə keçirirdi. Tolstoy tez-tez fikrini dəyişirdi; atlı qvardiya məktəbində ali təhsil almaq, məmur olmaq, dini öyrənmək istəyirdi. Bəzən də onu qaraçı həyatı cəlb etdiyindən onların yanına gedərək məişətləri, yaşayış tərzləri ilə yaxından tanış olurdu. Ailədə isə onun bu hərəkətlərini keçici bir hiss kimi dəyərləndirirdilər. Həmin dövrdə Tolstoyu tay- tuşlarından fərqləndirən bir xüsusiyyət vardı. O, öz həyat tərzi, baş verən hadisələr barədə gündəliyində xüsusi qeydlər edirdi. Sonralar bu qeydlər onun yazdığı bədii əsərlərinin əsas süjet xətlərindən birini təşkil etdi.

Müharibə və yaradıcılıq

1851-ci ildə Tolstoyun həyatında onun gələcək taleyində önəmli rol oynayacaq bir hadisə baş verdi. Tolstoyun böyük qardaşı, orduda zabit rütbəsində xidmət edən Nikolay ona hərbçilərlə birgə Qafqaza getməyi təklif etdi. Lev Tolstoy qardaşının bu təklifini qəbul etdi və onunla birlikdə döyüşən ordu tərkibində könüllü əsgər kimi 3 il ərzində Terek çayının sahilindəki kazak stansiyasında xidmət etməyə başladı. Bir il sonra Tolstoy zabit kimi hərbi xidmətə qəbul edildi. O, Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etdi. Qafqaz həyatı Tolstoyun dünyagörüşünün formalaşmasında və onun həyata baxışlarının dəyişməsində böyük rol oynadı. Qafqaz həyatı Tolstoyun ədəbi yaradıcılığının daha da çiçəklənməsinə, yazıçı kimi məşhurlaşmasına yol açaraq, ona yeni bədii əsərlərin mövzusunu verdi.

Bunun da nəticəsində Tolstoy bir-birinin ardınca “Kazaklar” (1852-1853) povestini, “Basqın” (1853)  və “Meşənin qırılması” (1855) adlı hekayələr məcmuəsini yazdı. Amma Qafqaz həyatı sonralar da onun bədii yaradıcılığına müxtəlif formalarda təsir göstərdi. Buna misal kimi, Tolstoyun 1896-1904-cü ildə yazdığı və vəfatından sonra 1912-ci ildə nəşr olunan “Hacı Murad” povestini göstərə bilərik. Qafqazdan  Rusiyaya qayıdandan sonra Tolstoy gündəliyində belə yazmışdı: “Mən bu vəhşi ölkəni çox sevirəm. Çünki burada bir-birinə əks olan iki amil – müharibə və azadlıq poetik şəkildə bir-birini tamamlayır. Tolstoy hələ Qafqazda ikən  yazdığı “Uşaqlıq” povestini “Sovremennik” jurnalına göndərdi. Povest jurnalda L. N. imzası ilə dərc olundu. 1852-54-cü illərdə yazdığı “Otreçestvo”(üz döndərmə) və “Gənclik” (1855-57) povestləri də “Sovremennik”də dərc olundu və yazıçıya böyük uğur gətirdi. Adı çəkilən hər üç əsərdə müəllif özünün uşaqlıq illərini təsvir etmişdi.

Krım kampaniyası

1854-cü ildə Tolstoyu xidmət etmək üçün Buxarestdəki Dunay ordusuna göndərdilər. Amma ordu qərargahında keçirdiyi həyat ona olduqca cansıxıcı gəlirdi. Ona görə də komandanlıqdan Krım ordusuna, mühasirədə olan Sevastopola dəyişdirilməsini xahiş etdi. Onun bu xahişini nəzərə aldılar. Sevastopolda Lev Tolstoy 4-cü batareyaya komandanlıq edirdi. O bu döyüşlərdə xüsusi şücaət göstərdi və ona görə də “Müqəddəs Anna” ordeni ilə təltif edildi. Krımda Tolstoy əsgərlər üçün jurnal nəşr etmək fikrinə düşmüşdü. Krım həyatı Tolstoy tərəfindən “Sevastopol hekayələri”nin qələmə alınmasına gətirib çıxardı.  Onun yazdığı “Sevastopol dekabr ayında” oçerki hətta çar II Aleksandrın da diqqətini cəlb etmişdi.

Tolstoyun ilk əsərlərini tanınmış tənqidçilər, o cümlədən N. Q. Çernışevski “ruhun dialektikası” adlandırmış və müəllifin cəsarətlə hadisələrin psixoloji analizini verməsini və onu ön planda təsvir etməsini alqışlamışdı. Tolstoyun əsərlərindəki bəzi fikir və düşüncələri gənc artilleriya zabitinin xilas yolunu dində axtarmağa başladığını göstərirdi. Sonralar dini humanizm, insansevərlik Tolstoy tərəfindən ən çox təbliğ edilən ideyaya çevrildi. Tolstoy İsa Xristin simasında qeyri-müəyyənlikdən təmizlənən, reallığı əks etdirən, mifik ilahi görüşlərdən uzaq, praktikaya cavab verə biləcək bir din görmək istəyirdi. Ancaq ahıl yaşlarında başa düşdü ki, xristian dinində axtardığını tapa bilməyəcək. Ona görə də tədricən üzünü İslam dininə çevirərək nicat yolunu ancaq onda tapa biləcəyi qənaətinə gəldi.

Ədəbiyyatçılar arasında və xaricdə

1855-ci ildə Lev Tolstoy ordudan ayrılaraq Peterburqa gəldi və o dövrün məşhur yazarlarını ( N. A.Nekrasov, İ. S. Turgenev, A. N.  Ostrovski, İ. A. Qonçarov) özündə birləşdirən ” Sovremennik” ” dərnəyində iştirak etməyə başladı. Dərnəkdə Tolstoyu böyük ruh yüksəkliyi ilə qarşıladılar. İlk iştirakı zamanı Nekrasov Tolstoyu “Rus ədəbiyyatının böyük ümidləri” adlandırdı.

Tolstoy tez-tez dərnək üzvləri arasında müxtəlif ədəbi mövzulara həsr edilən mübahisələrdə və onlar arasında yaranan münaqişələrdə iştirak edirdi. Həyatda hər şeyi yerli-yerində görməyi sevən və həqiqəti söyləməkdən çəkinməyən Tolstoy tezliklə ədəbi dərnəkdəki bu mənasız mübahisələrdən və çəkişmələrdən bezdi. 1879-82-ci illərdə yazdığı “İspoved” (“Tövbə”) əsərində Tolstoy həyatının həmin dövrünü belə xatırlamışdı: “Bu insanlar mənə əks adamlar idilər və onların təsiri altında mən də nəticədə özümün əksinə çevrilmişdim”.

1856-cı ildə hərbi xidmətdən istefaya buraxılan Tolstoy yenidən doğma malikanəsinə – Yasnaya Polyanaya qayıtdı. Amma o burada da çox  qalmadı. 1857-ci ildə Tolstoy xaricə getdi – Fransa, İtaliya, İsveçrə və Almaniyada oldu. İsveçrə həyatı onda böyük iz buraxdı və bu ölkə haqqında “Lyutsern” adlı hekayə yazdı. Xarici ölkələrə səfərini başa vurduqdan sonra Tolstoy Moskvaya, oradan da yenidən Yasnaya Polyanaya döndü.

Dünya ədəbiyyatına iki nəhəng roman bəxş etməyinə baxmayaraq, ömür yolunda baş verən mənəvi dəyişiklik dövrünə qədər Lev Nikolayeviç Tolstoy adi rus zadəganlarından biri kimi yaşamışdı. Öz həyat tərzini belə təsvir edirdi:

“Müharibədə adam öldürmüşəm, öldürmək üçün duelə adam çağırmışam, kartda uduzmuşam, kəndlilərin qazandığına şərik olmuşam, onları cəzalandırmışam, əxlaqsızlıq eləmişəm, yalan danışmışam. İnsanları aldatmaq, oğurluq, zinanın bütün növləri, sərxoşluq, zorakılıq, qətl… Əlimi bulamadığım elə bir cinayət yoxdur…”[1]

Şübhəsiz ki, belə həyat tərzi bir çoxlarına maraqlı və dolğun görünə bilər, amma incə ruhlu Tolstoy üçün bu, ağır yük idi. O, kəndliləri vurub öldürməkdən, onların dul arvadlarını zorlamaqdan üstün bir şey istəyirdi. Və… axtardığını tapmaqdan ötrü ömrünün yarısını sərf etmişdi.

Tolstoy zəngin və kübar ailədə doğulmuşdu, ailənin Puşkinə birbaşa qohumluğu çatırdı. Pis oxuyurdu, müəllimləri onun haqqında: “Əlindən gəlmir, oxumaq da istəmir” – deyirdilər. Gəncliyinin böyük hissəsi qumar oynamaqla, dəri zöhrəvi xəstəliklərini müalicə etdirməklə keçmiş, sonra özünün ədəbi istedadını hiss etmişdi. Otuz yaşına qədər Tolstoy bir-neçə iri həcmli əsər yazmağa macal tapmış, həm də ciddi gündəlik səviyyəsində olan və tez-tez dəyişib redaktə etdiyi tərcümeyi-halını – tövbəsini yazıb kənara qoya bilmişdi.

Tolstoy qeydlərində özünü ölümlə cəngdə olan bir insan kimi təsvir edir, Sevastopolun qanlı müdafiəsinin veteranı olaraq döyüş meydanındakı vəhşilikləri və qəddarlıqları qələmə alırdı. Ölümdən çox qorxurdu və o barədə fikirləşəndə bəzən durduğu yerdə bədənini soyuq tər basırdı. Ona elə gəlirdi ki, ölüm mələyi sinəsinə çöküb. 1860-cı ildə qardaşı Nikolayın ölümü bir daha ona həyatın faniliyini diqtə etmişdi. Təxminən ömrünün dördüncü onilliyinə çatanda eybəcər, qoca kişi olduğunu və evlənib normal ailəyə sahiblənmək üçün vaxtın keçdiyini dərk etmişdi. Moskvalı həkimin qızı Sofiya Andreyevna Bers 1862-ci ildə ona ərə getməyə razılıq verəndə qraf heyrətini gizlədə bilməmişdi.

Sonra nisbi sakitlik və stabillik dönəmi başlamışdı, nəticədə Tolstoy on üç dəfə ata olmuş, yaradıcılığının zirvəsi olan iki əsəri – “Hərb və sülh ”lə “Anna Karenina” romanlarını yazmışdı.

Bu əsərlər ona böyük şöhrət gətirdi, həyat səviyyəsini qaldırdı, eyni zamanda Tolstoya onun bu vaxta qədər yaşadığı həyatın yanlışlığını sübut etdi. Yazıçı ruhi sarsıntı keçirir, bu sarsıntılar fiziki ağrılarla əvəzləndi. Tolstoy haqqında deyirdilər ki: “Onun polad əzələləri, amma zəif əsəbləri var”. Revmatizmdən əziyyət çəkirdi, bağırsaq pozğunluğu, diş ağrıları, malyariya, ürəktutması, tromboflebit[2] və yatalaq qızdırması ona rahatlıq vermirdi. Həm də bir neçə mikroiflic keçirmişdi.

Yazıçı açıq-aşkar orta yaş həddinin böhran dövrünü yaşayır və bu böhran onun mənəvi transformasiyasına çevrilirdi. Tolstoy birmənalı şəkildə seksdən, içkidən, tütündən, ətdən uzaq durdu və həyatını “xristian anarxizminə” həsr etdi. Provaslav kilsəsini qəbul etmədən (bu səbəbdən provaslav keşişləri arasında kifayət qədər tərəfdar toplaya bilməməyi o qədər də təəccüb doğurmur) İsa Məsihin təlimlərinə uyğun bir həyat yaşamağa başladı. 1901-ci ildə kilsə onun adını lənətlənmişlər sırasına yazdı. Eyni zamanda, keçmiş təhkimçiləri arasında da onu sevməyən çox adam vardı və Tolstoy bunun ciddiliyini anlayaraq onlara yardım etmək məcburiyyətində qaldı. Nəticədə, yazıçının həyat yoldaşı bu alturizm[3] hallarına tab gətirə bilmirdi.

Sonunda Tolstoy xəstəliyinin və bəlalarının kökünü tapdı. “Xəstəliyimin adı – Sonyadır”[4] deyərək, arvadını nəzərdə tutduğunu bildirdi. Lakin o vaxta qədər arvadı onun bu şıltaqlıqlarına dözmüş, çoxlu övlad dünyaya gətirib onlara tərbiyə vermiş, “Hərb və sülh”ü yeddi dəfə üzündən köçürmüşdü. Yeni peyda olmuş “müqəddəs” isə onu öz ideyaları ilə bezdirən əsəbilik mənbəyi kimi qəbul edirdi. Özünü kübar dişi aslan kimi təsəvvür edən Sofiya Andreyevna ərinin qəfildən ruhi-mənəvi təmizlik axtarışına düşməyindən qorxur, bunu “xəstəlik” adlandırırdı. Şəhər kənarındakı mülkə zəvvarlar axışmağa başlamışdı və bu, vəziyyəti yalnız gərginləşdirirdi. Üstəlik, Tostoy bütün mülkiyyət və vərəsəlik hüququndan, kitablarının gəlirindən imtina etmişdi və qadının bundan doğan narahatlığı tamamilə məntiqə uyğun idi. Yazıçı pullarını kisə ilə səpələyəndə qadın qəzəbindən alışıb yanırdı.

Son nöqtəni Tolstoyu əmlakının yarısını ona vəsiyyət etməyə razı salan Çertkov qoydu. Bütün bunlar Sofiya Andreyevnanı boğaza yığdığından, qadın hər şeyi öz nəzarətinə götürdü. Ərinin ardınca qarabaqara gəzir, onu izləyir, teatr binokulu ilə arxasınca baxırdı. Tolstoy ayrılmağı təklif edəndə Sofiya Andreyevna onu intihar edəcəyi ilə hədələdi. Arvadının onun gündəliklərini eşlədiyindən xəbər tutanda, qərara aldı ki, artıq hər şeyi bitirmək zamanıdır. Uzun gecələrin birində arvadına məktub yazaraq qırx səkkiz illik birgə ailə həyatına görə ona minnətdarlığını bildirən yazıçı evi tərk etdi. “Bütün mən yaşda olan qocaların etdiyi hərəkəti edirəm, – səksən iki yaşlı dahi məktubda yazmışdı. – Mənim kimilər həyatın son günlərini sakit və tənha keçirmək üçün fani dünyadan uzaqlaşmağa çalışırlar”.

Təəssüf ki, arzuladığı son günlər onu şaxtalı dəmiryol stansiyasında haqladı, yazıçı ağciyər iltihabından huşunu itirdi. Sayıqlayan, uzun ağ saqqalı sırsıra bağlayan böyük yazıçı stansiya rəisinin iş otağındakı döşəmədə dünyasını dəyişdi. Bu hadisə 1910-cu ilin 20 noyabrında baş verdi.

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ 

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru